Məhkəmə qərarları › İş №e-2(004)-3825/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3825/2025

26.09.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3825/2025 26.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 Oqtay oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən istifadə hüququnun olmaması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 sonuncu dəfə xx.xx.2025-ci il tarixdə həm də formal olaraq tələbini iddia tələbini dəqiqləşdirmiş və cavabdehlər Cavabdeh1 və Cavabdeh2h qızının ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh1 13 aprel 2022-ci ildə Bakı şəhəri Yasamal Rayon Qeydiyyat şöbəsində 490266 N-li qeydi ilə rəsmiləşən nikahla ailə həyatı qurublar. Tərəflər arasında olan nikah münasibətlərinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e2(004)-433/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnamə ilə pozulmuşdur. Hal-hazırda iddiaçı həmin mənzildə yaşayır, lakin cavabdehlər nikaha xitam verilməmişdən əvvəl belə ünvan 1-də yerləşən evdə yaşamamışlar. Buna baxmayaraq cavabdeh 2010-cu ildən ünvan 1-də qeydiyyatdadır. Digər cavabdeh olan Mehdiyeva X1 Elxan Nazim oğlunun anasıdır və o da həmçinin iddiaçının mülkiyyətində olan mənzildə yaşamır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş 31 may 2022-ci il tarixli çıxarışından aşkar olaraq görünür ki, ünvan 1 xüsusi mülkiyyət kimi iddiaçının adına qeydiyyata alınmışdır və iddiaçının tam mülkiyyətindədir. Əslində cavabdehlərin sözügedən mənzildə olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda da iddiaçının hüquqlarını pozur. Əvvəla, iddiaçı onların əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. İkincisi, onlarla heç bir çox yaxın qohumluq əlaqəsi yoxdur ki, iddiaçı cavabdehlərin onun xüsusi mülkiyyətində olan mənzilində qeydiyyatda qalmasına razılaşsın. Üçüncüsü isə onların iddiaçının mənzilində qeydiyyatda qalması iddiaçının həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Məsələn, həmin mənzili özgəninkiləşdirmək istədikdə, onun razılığın alınması iddiaçı üçün əlavə problemlər yarada bilər. Şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki, şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehin isə faktiki olaraq, başqa yerdə yaşaması, amma iddiaçının mənzilində qeydiyyatda olması onun dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. Göstərilənlər nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 Oqtay oğlu məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Digər cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara və iş materiallarında olan Çıxarışa əsasən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən müəyyən edilir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, Cavabdeh1 mülkiyyətində 2 (iki) torpaq sahəsi, 1 (bir) qeyri-yaşayış binası, 1 (bir) mənzil, 1 (bir) bağ evi və 1 (bir) ədəd Toyota LC200 markalı avtomobil vardır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(004)-433/2025 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, Cavabdeh1 ilə İddiaçı arasında 13 aprel 2022- ci il tarixdə Yasamal Rayon Qeydiyyat şöbəsində 46 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi əsas götürülməklə mübahisəyə münasibətlərin yarandığı tarixdə qüvvədə olmuş maddi hüquq norması qismində Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri tətbiq edilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ilə İddiaçı 2000ci ildə nikaha daxil olmuşlar, tərəflərin birgə nikahından xx.xx.2001-ci il təvəllüdlü X3 və xx.xx.2006-cı il təvəllüdlü X2 anadan olmuşdur. 2019-cu il tarixdə tərəflər arasındakı nikaha xitam verilmişdir. İddiaçının tələbi əsasında Cavabdeh1 özünə məxsus olan ünvan 2 ünvanında yerləşən mənzili iddiaçıya bağışlamaq istəyərkən notariat orqanından bildirilmişdir ki, qeyri-rəsmi hal kimi bağışlama müqaviləsi praktiki olaraq yalnız yaxın qohumlar arasında bağlana bilər. Tərəflər həmin bağışlama müqaviləsini bağlamaq üçün 2022-ci il tarixdə formal nikaha daxil olmuşlar və nikahdan dərhal sonra mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh1 tərəfindən İddiaçı bağışlanılmışdır. Həmin mənzil hazırda iddiaçının mülkiyyətindədir. Digər Cavabdeh2 iddiaçının keçmiş qaynanası, Cavabdeh1 isə anasıdır. Tərəflər arasındakı nikaha Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(004)-433/2025 nömrəli qətnaməsi əsasında yenidən xitam verilmişdir. Göstərilənlər mülki işin mübahisəsiz hallarıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş tərəflərin övladları xx.xx.2001-ci il təvəllüdlü X3 və xx.xx.2006-cı il təvəllüdlü X2 bildirmişlər ki, onlar dərk etdikləri andan etibarən ataları Cavabdeh1 ilə eyni ünvanda yaşamamışlar. Sözügedən mənzildə ana İddiaçı ilə birlikdə yaşamışlar. İddiaçı və cavabdeh uzun illər faktiki olaraq ayrı yaşamışlar. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən, Cavabdeh1 mülkiyyətində 2 (iki) torpaq sahəsi, 1 (bir) qeyri-yaşayış binası, 1 (bir) mənzil, 1 (bir) bağ evi vardır. Yəni, cavabdehin yaşamaq üçün yaşayış sahələri mövcuddur. Cavabdeh özü də məhkəmə iclaslarında bildirmişdir ki, 2022-ci il tarixdə o, iddiaçıya 65000 manat dəyərində Toyota markalı avtomobil də hədiyyə etmişdir. Yəni, buradan aydın olur ki, cavabdehin maliyyə durumu özünü yaşayış yeri ilə tam təmin etməyə imkan verir. Cavabdeh mənzili iddiaçıya bağışlayarkən mülkiyyət hüququnun komponentləri olan sahiblik, istifadə və sərəncam hüququnun hər üçünü yeni mülkiyyətçiyə ötürmüşdür. Odur ki, cavabdehin sözügedən mənzil üzrə istifadə hüququ mövcud deyildir, həmin hüququn saxlanılması üçün nə faktiki əsas var, nə də hüquqi əsas. Həmin bağışlama müqaviləsinin ləğvi və ya etibarsızlığı xüsusatı hazırda mübahisə predmeti deyildir. Həmin bağışlama müqaviləsinin etibarsızlığı əsasları hazırki mülki iş üzrə müəyyən edilmir. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Hazırki mübahisə üzrə göstərilən 4 (dörd) elementin heç biri müəyyən edilmir. Digər Cavabdeh2 isə həmin mənzildə hazırda formal qeydiyyatdadır, istifadə hüququ məhkəmədən kənar itirilmişdir. Cavabdeh1 mübahisə predmeti olan mənzildə daimi yaşadığını bildirsə də, bu barədə əsaslı sübutlar məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş övladları ilə birlikdə çəkdirdiyi fotoşəkillər isə valideyn-övlad münasibətlərinə dair xüsusatları təsdiq etsə də, hazırki mübahisə üzrə hər hansı hüquqi əhəmiyyət kəsb etmir. Cavabdehin ata olaraq övladları ilə münasibətlərinin yaxşı olması, onlarla ünsiyyətdə olması, görüşməsi normal haldır. Bu hal, özözlüyündə cavabdehin mübahisə predmeti olan mənzildə daimi əsaslarla yaşamasını, mənzilə istifadə hüquqlarının olmasını təsdiq edə biləcək mötəbər əsas deyildir. Məhkəmə müəyyən edir ki, cavabdehlər uzun müddətdir ki, faktiki olaraq mübahisə predmeti olan mənzildə yaşamırlar, sadəcə mənzildə formal qeydiyyatdadırlar. Odur ki, sözügedən mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi hüquqi faktının müəyyən edilməklə tanınması yolveriləndir. Mənzilə formal qeydiyyat isə özü-özlüyündə istifadə hüquqlarının mövcud olmasına əsas deyildir. Bundan əlavə, cavabdehlərin iradəsinə zidd şəkildə mənzildən istifadə hüquqlarının məhdudlaşdırılması xüsusatları müəyyən edilmir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Nəticə etibarilə, mülkiyyətçi olan iddiaçının iddia tələbi əsaslıdır. Məhkəmə qərarı qanuni və əsaslı olmalıdır. Hüquqi müəyyən, aydın, anlaşılan hüquq norması digər formada təfsir edilə bilməz. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları üçün hüquqi əsas təşkil etsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar