Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3828/2024 19.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul və s.” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixinə hesablanmış 1200 manat məbləğində əsas borcun, 420 manat məbləğində cərimə məbləğinin, qətnamə icra olunan günə kimi hər ay 200 manat məbləğində saxlama haqqının və ödənilmiş 36,2 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borcun Cavabdeh tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il maliyyə arayışına əsasən 1200 manat məbləğində əsas borcun, 420 manat məbləğində cərimə məbləğinin, 36,2 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borcun Cavabdeh tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam şəkildə boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Saxlayıcı” İddiaçı MMC ilə “Tapşıran” Cavabdeh arasında xx.xx.2023-cü il tarixli “Malların anbarda saxlama” Müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin şərtlərinə əsasən “Saxlayıcı” sifariş əsasında “Tapşıran”ın ona verdiyi daşınar əşyaları (malları) özünə məxsus anbarda saxlamağı, “Tapşıran” isə bunun müqabilində Müqavilə ilə müəyyən edilmiş qaydada, müddətdə və məbləğdə (200 manat) saxlama haqqını ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, İddiaçı MMC bu günə qədər Müqavilə və qanunvericilik üzrə öhdəliklərini tam, keyfiyyətli və vicdanlılığın tələb etdiyi tərzdə yerinə yetirmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən saxlanc anbarına vaxtaşırı mallar daxil edilərək bu günədək anbarda saxlanılsa da, cavabdeh öhdəliklərini pozaraq saxlama haqqının ödənişindən yayınmışdır. Qoşmaya əlavə edilmiş fotoşəkillərdən də aşkar görünür ki, cavabdeh iddiaçının qanuni sahibliyində olan sahənin böyük bir hissəsini uzun müddətdir ki, saxlama haqqını ödəməməklə qanunsuz olaraq zəbt etmişdir və beləliklə, iddiaçıya maddi zərər vurmuşdur. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin saxlama haqqı üzrə bu günə olan qalıq borcu 1200 manat təşkil etməkdədir. Tərəflərindən Cavabdeh dəfələrlə saxlama haqqının ödənilməsinə dair şifahi, whatsapp və xx.xx.2024-cü il tarixlərində yazılı qaydada pretenziya məktubu ilə müraciətlər olunsa da, cavabdeh bu günə qədər saxlama haqlarını ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmaqdadır. xx.xx.2022-ci il tarixli Müqavilənin 5.4-cü bəndinə əsasən “Tapşıran” saxlama haqqının gecikdirilməsinə görə “Saxlayıcı”ya hər gecikdirilmiş gün üçün aylıq saxlama haqqının 1%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Bu əsasla gecikdirilmiş müddət üzrə cavabdehin ödəməli olduğu cərimə məbləği ümumilikdə 1402 manat məbləğinin 30 %-i həcmində, yəni cəmi 420 manat dəbbə pulu tələb edilməkdədir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialalrında olan “Saxlayıcı” İddiaçı MMC ilə “Tapşıran” Cavabdeh arasında xx.xx.2023-cü il tarixli “Malların anbarda saxlama” Müqaviləsinə əsasən “Saxlayıcı” sifariş əsasında “Tapşıran”ın ona verdiyi daşınar əşyaları (malları) özünə məxsus anbarda saxlamağı, “Tapşıran” isə bunun müqabilində Müqavilə ilə müəyyən edilmiş qaydada, müddətdə və məbləğdə (200 manat) saxlama haqqını ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixinə əsas borcu 1200 manat, cərimə borcu isə 1402 manat təşkil edir. İş materiallarında olan İddiaçı MMC-nin Cavabdeh ünvanladığı pretenziya məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC ilə “Tapşıran” Cavabdeh arasında xx.xx.2023-cü il tarixli “Malların anbarda saxlama” Müqaviləsi üzrə yaranmış 1200 manat borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 822-ci maddəsinə əsasən saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 823-cü maddəsinə əsasən: 823.1. Tapşıran saxlama müqaviləsinin icrası ilə bağlı saxlayıcının çəkdiyi zəruri xərclərin əvəzini ödəməlidir. 823.2. Tapşıran saxlama üçün muzdu yalnız o halda ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya şərait nəzərə alınmaqla saxlama üçün muzd ödənilməsi qəbul edilmiş olsun. Zərurət olduqda muzd saxlamanın sonunda ödənilir. Müəyyən zaman hissələri üçün muzd ödənilməsi barədə razılaşma olduqda həmin muzd müvafiq olaraq ayrı-ayrı zaman hissələrinin sonunda hissələr şəklində ödənilir. 823.3. Tapşıran saxlamaya götürülmüş əşyanın xarakteri ilə əlaqədar saxlayıcının düşdüyü zərərin əvəzini ödəməlidir, amma əşyanı saxlamaya verərkən onun təhlükəli xassələrini bilmədiyi və ya bilməli olmadığı və ya bu barədə saxlayıcıya bildiriş verdiyi və ya saxlayıcının bildirişsiz də bunu bildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 824.1-ci maddəsinə əsasən əgər saxlama əvəzsiz həyata keçirilirsə, saxlama dövründə saxlayıcı yalnız qəsd və/və ya kobud ehtiyatsızlığa görə məsuliyyət daşıyır. Əgər saxlama haqq müqabilində həyata keçirilirsə, saxlayıcı şərtləşdirilmiş vicdanlılığa riayət edilməsi üçün, qalan hallarda isə bu cür əşyaların saxlanması zamanı adi olan vicdanlılıq üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 827-ci maddəsinə əsasən anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şərt qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir. Həmin Məcəllənin 830.1-ci maddəsinə əsasən əgər müəyyən muzd (saxlama haqqı) şərtləşdirilməyibsə, anbar sahibinin anbarda saxlama üçün adi haqq almaq hüququ vardır. Əgər tapşıran malı tamamilə və ya qismən geri qəbul edərsə, saxlama haqqını hər bir halda ödəməlidir. Əgər saxlama müddəti üç aydan çoxdursa, anbarda saxlama haqqı müvafiq olaraq hər üç ayın sonunda ödənilir. Həmin Məcəllənin 830.3-cü maddsinə əsasən saxlama müqaviləsindən irəli gələn bütün tələblər üzrə anbar sahibi saxladığı mallara - tapşıranın mallarına komisyonçu kimi girov hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “Saxlayıcı” İddiaçı MMC ilə “Tapşıran” Cavabdeh arasında xx.xx.2023-cü il tarixli “Malların anbarda saxlama” Müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin şərtlərinə əsasən “Saxlayıcı” sifariş əsasında “Tapşıran”ın ona verdiyi daşınar əşyaları (malları) özünə məxsus anbarda saxlamağı, “Tapşıran” isə bunun müqabilində Müqavilə ilə müəyyən edilmiş qaydada, müddətdə və məbləğdə (200 manat) saxlama haqqını ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, İddiaçı MMC bu günə qədər Müqavilə və qanunvericilik üzrə öhdəliklərini tam, keyfiyyətli və vicdanlılığın tələb etdiyi tərzdə yerinə yetirmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən saxlanc anbarına vaxtaşırı mallar daxil edilərək bu günədək anbarda saxlanılsa da, cavabdeh öhdəliklərini pozaraq saxlama haqqı ödənişindən yayınmışdır. İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixinə əsas borcu 1200 manat, cərimə borcu isə 1402 manat təşkil etməkdədir. İddiaçı tərəfindən Cavabdeh dəfələrlə saxlama haqqının ödənilməsinə dair şifahi, whatsapp və yazılı qaydada pretenziya məktubu ilə müraciətlər olunsa da, cavabdeh bu günə qədər saxlama haqlarını ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmış, müqavilə üzrə öhdəliyini pozmuşdur. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış öhdəliklərin icrasını tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Buna görə də, o onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Çünki, müqavilədə dəbbə pulu əldə ediləcək gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 420 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 120 manat məbləğində müəyyən edilməlidir. Həmçinin tərəflər arasında bağlanmış müqavilənin 5.5-ci maddəsinə əsasən, saxlama haqqının gecikdirildiyi gündən etibarən 3 (üç) ay ərzində Tapşıran saxlama haqqını və cərimə məbləğini ödəməzsə saxlayıcı - iddiaçı tapşıranı - cavabdehi yazılı qaydada xəbərdar etməklə yaranmış borc məbləğini saxlanc mallarına yönəltmək barədə müvafiq tədbirləri həyata keçirə bilər. Müqavilənin göstərilən şərtinə əsasən, məhkəmə hesab edir ki, borc məbləği anbarda saxlanılan mallara yönəldilməli, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borc Cavabdeh tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 29,49 (iyirmi doqquz manat qırx doqquz qəpik) manat pul Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 6,71 (altı manat yetmiş bir qəpik) manat (36,20-29,49=6,71) iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1200 (bir min iki yüz) manat əsas borc, 120 (bir yüz iyirmi) manat cərimə borcu olmaqla, cəmi 1320 (bir min üç yüz iyirmi) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 29,49 (iyirmi doqquz manat qırx doqquz qəpik) manat pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 6,71 (altı manat yetmiş bir qəpik) manat (36,20- 29,49=6,71) iddiaçıya aid edilməli, borc məbləği İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli “malların anbarda saxlanması” müqaviləsi üzrə saxlanca verilmiş Cavabdeh məxsus olan mallara yönəldilməli, malların satışından əldə olunmuş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan hissəsi ümumi qaydada icra edilməli, borc tam ödənildikdən sonra anbar sahəsi tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1200 (bir min iki yüz) manat əsas borc, 120 (bir yüz iyirmi) manat cərimə borcu olmaqla, cəmi 1320 (bir min üç yüz iyirmi) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 29,49 (iyirmi doqquz manat qırx doqquz qəpik) manat pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 6,71 (altı manat yetmiş bir qəpik) manat (36,20-29,49=6,71) iddiaçıya aid edilsin. Borc məbləği İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli “malların anbarda saxlanması” müqaviləsi üzrə saxlanca verilmiş Cavabdeh məxsus olan mallara yönəldilsin. Malların satışından əldə olunmuş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan hissəsi ümumi qaydada icra edilsin. Borc tam ödənildikdən sonra anbar sahəsi tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-3828/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3828/2024
19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver