Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3846/2024 26.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı “X2” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X2” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan xx.xx.2023-cü il tarixli, 2324-117 saylı Təhsil xidmətləri müqaviləsi üzrə 6739 manat əsas borcun, ödənişlərin gecikdirilməsinə görə 6591,20 manat pul vəsaitinin, 320 manat hüquqi xidmət üçün çəkilmiş xərcin və dövlət rüsumunun əvəzi olaraq 130 manatın tutularaq, İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MM bir qayda olaraq, mülki dövriyyədə ümumi təhsil pilləsi üzrə təhsil xidmətlərinin göstərilməsi üzrə fəaliyyət göstərir. Azərbaycan Beynəlxalq Maarif Məktəbləri adlı məktəb İddiaçıya məxsusdur. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 2324-117 saylı Təhsil xidmətləri müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən cavabdehin uşağı X1 təhsil pilləsi üzrə Məktəbin 4-cü sinfinə qəbul edilmişdir və 2023-2024 təhsil ilində dərslərdə iştirak etmişdir. Lakin cavabdeh tərəfindən təhsil haqqı tam şəkildə ödənilməmişdir. Belə ki, Müqavilədə qidalanma daxil təhsil haqqı 7739 manat məbləğində razılaşdırılmışdır və Müqavilənin 4cü maddəsinin c) bəndinə əsasən Cavabdeh Müqavilə bağlandığı gün 1000 manat, xx.xx.2023-cü il tarixə qədər 1000 manat, xx.xx.2023-cü il tarixə qədər 1000 manat, xx.xx.2024-cü il tarixə qədər 1000 manat, xx.xx.2024-cü il tarixə qədər isə 3739 manat pul vəsaiti ödənilməli idi. Lakin Cavabdeh ancaq xx.xx.2023-cü il tarixdə 1000 manat pul vəsaiti ödənilmiş, digər ödənişlər isə həyata keçirilməmişdir. Bu barədə cavabdehə pretenziya məktubu göndərilmişdir, amma heç bir nəticə əldə edilməmişdir. Hazırda Cavabdehin İddiaçıya təhsil haqqı üzrə 6739 manat borcu mövcuddur. Bununla belə Müqavilənin 4-cü maddəsinin g) bəndinə əsasən hissəli ödənişlər qeyd olunan tarixlərdən sonra ən geci 10 gün ərzində icra edilməyən ödənişlər üçün məktəbin hər 15 gecikmə gününə görə ödənişi gecikdirilən məbləğin 10 faizi həcmində dəbbə pulu tətbiq etmək hüququ vardır. Cavabdeh xx.xx.2023-cü il tarixə qədər ödənilməli olan 1000 manat məbləğində pul vəsaitini iddia ərizəsi verilən tarixə, yəni xx.xx.2024-cü il tarixə 223 gün gecikdirmişdir. 223 gündən 10 günü çıxsaq, yerdə 213 gün qalır və həmin müddətin içərisində 14 ədəd 15 günlük zaman diliminin olduğunu müəyyən edir və beləliklə, 1000 manatın 10 faizi olan 100 manatı 14-ə vuraraq gecikdirilən günlər üçün məbləği əldə edilir (1000/100x10x14=1400). Göründüyü kimi, xx.xx.2023-cü il tarixdə ödənilməli olan 1000 manat pul vəsaitinin gecikdirilməsinə görə Cavabdeh 1400 manat ödəməlidir. Bununla belə xx.xx.2023-cü il tarixdə ödənilməli olan 1000 manat 194 gündür ki, ödənilmir. 10 günü çıxmaqla yuxarıdakı kimi hesablama aparsaq, 184 günün içərisində 12 ədəd 15 günlük zaman dilimi var (1000/100x10x12=1200). Göründüyü kimi, xx.xx.2023-cü il tarixdə ödənilməli olan 1000 manat pul vəsaitinin gecikdirilməsinə görə cavabdeh 1200 manat ödəməlidir. xx.xx.2024-cü il tarixdə ödənilməli olan 1000 manat 162 gündür ki, ödənilmir. 10 günü çıxmaqla yuxarıdakı kimi hesablama aparsalar, 152 günün içərisində 10 ədəd 15 günlük zaman dilini var (1000/100x10x10=1000). Göründüyü kimi, xx.xx.2024-cü il tarixdə ödənilməli olan 1000 manat pul vəsaitinin gecikdirilməsinə görə cavabdeh 1000 manat ödəməlidir. xx.xx.2024-cü il tarixdə ödənilməli olan 3739 manat 132 gündür ki, ödənilmir. 10 günü çıxmaqla yuxarıdakı kimi hesablama aparsalar, 122 günün içərisində 8 ədəd 15 günlük zaman dilini var (3739/100x10x8=2991,20). Göründüyü kimi, xx.xx.2024-cü il tarixdə ödənilməli olan 3739 manat pul vəsaitinin gecikdirilməsinə görə Cavabdeh 2991,20 manat ödəməlidir. Beləliklə, cavabdeh xx.xx.2024-cü il tarixə gecikdirilən müddətə görə iddiaçıya cəmi 6591,20 manat məbləğində pul vəsaiti ödəməlidir. Digər tərəfdən İddiaçı hüquqlarının müdafiəsi üçün məhkəmədə onu təmsil edən nümayəndəyə 320 manat məbləğində ödəniş etmişdir. Bundan əlavə iddia ərizəsinin verilməsi üçün 130 manat məbləğdə dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: İddiaçı MM ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2324-117 saylı Təhsil xidmətləri müqaviləsinə görə şagird X3 təhsil pilləsi üzrə Məktəbin 4-cü sinfinə qəbul edilmişdir. Həmin müqavilənin 4-cü maddəsinin “a” bəndinə görə Müqavilə qiyməti- 6795 təhsil haqqı AZN, qidalanma 944 AZN olmaqla, cəmi 7739 AZN təşkil edir. Həmin müqavilənin 4-cü maddəsinin c) bəndinə əsasən müqavilə qiyməti nağdsız şəkildə və aşağıdakı qaydada ödənilir: Müqavilə bağlandığı gün 1000 manat, xx.xx.2023-cü il tarixə qədər 1000 manat, xx.xx.2023-cü il tarixə qədər 1000 manat, xx.xx.2024-cü il tarixə qədər 1000 manat, xx.xx.2024-cü il tarixə qədər isə 3739 manat pul vəsaiti ödənməlidir. Həmin müqavilənin 4-cü maddəsinin “g” bəndinə əsasən hissəli ödənişlər qeyd olunan tarixlərdən sonra ən geci 10 gün ərzində icra edilməyən ödənişlər üçün məktəbin hər 15 gecikmə gününə görə ödənişi gecikdirilən məbləğin 10 faizi həcmində dəbbə pulu tətbiq etmək hüququ vardır. 03 noyabr 2023-cü il tarixli Mədaxil qəbzindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MM-ın hesabına 1000 manat ödəniş edilmişdir. İş materiallarından görünür ki, pretenziya tələbinə riayət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı, müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023cü il tarixdə Təhsil xidmətləri müqaviləsi bağlanmış və nəticə etibarilə cavabdehin qızı X3 təhsil pilləsi üzrə Məktəbin 4-cü sinfinə qəbul edilmişdir. Müqavilənin qiymətini illik 7739 manat pul təşkil edir, cavabdeh xx.xx.2023-cü il tarixdə 1000 manat məbləğində təhsil haqqı ödəmiş, qalan məbləğin ödənilməsindən yayınmışdır. İddiaçı hazırki tələblə əsas borc, yəni 6639 manat məbləğdən əlavə, həm də gecikdirilmiş ödənişlərə görə 6591,20 manat pul vəsaitinin tutulmasında da iddialıdır. Məhkəmə hesab edir ki, tələb əsas borc hissəsində əsaslıdır. Gecikdirilmiş borcla əlaqadar isə məhkəmə qeyd edir ki, Mülki qanunvericiliyə görə pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə borclu tərəfindən ödənilməli məbləğ gecikdirilmiş vaxt üçün illik 5 faizdir. Hazırki müqavilə ilə hər 15 gecikmə gününə görə ödənişi gecikdirilən məbləğin 10 faizi həcmində dəbbə pulu müəyyən edilmişdir. Bir sözlə, qanunvericilik illik 5 faiz müəyyən etdiyi halda, iddiaçı cavabdehdən tənasübsüz surətdə yüksək dəbbə pulunu, yəni gecikdirməyə görə hər 15 gündən bir interval ilə 10 faiz tələb edir. AR Mülki Məcəlləsinin 420.1.5-ci maddəsinə əsasən təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində təklif etmiş tərəfə müqavilənin digər tərəfindən çəkilmiş xərclər üçün tənasübsüz surətdə yüksək əvəz (çəkilmiş xərclərin tənasübsüz surətdə yüksək əvəzi) tələb etmək hüququ verən müddəalar etibarsız sayılır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göründüyü kimi, mülki qanunvercilik müqavilənin bir tərəfinin vəziyyətini ağırlaşdıran, əlverişsiz edən şərtlərin əleyhinə olub, müqavilə tərəfinə həmin müqaviləni mübahisələndirmək hüququ, habelə məhkəməyə tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti verib. Odur ki, məhkəmə gecikdirilmiş təhsil haqqı üçün illik 5 faiz məbləğində dəbbə pulunun tutulmasını daha məqsədəuyğun olduğunu hesab edir. Beləliklə, müvafiq müqavilə üzrə Cavabdeh gecikdirilmiş təhsil haqqına görə ödəməli olduğu dəbbə pulu məbləği, xx.xx.2023-cü il tarixə qədər ödənilməli olan (ikinci ödəniş) 1000 manat pul vəsaitinin gecikdirilməsinə görə (illik 5 faiz 50 manat olmaqla gecikdirilən 10 ay üzrə) 42 manat; xx.xx.2023-cü il tarixə qədər ödənilməli olan (üçüncü ödəniş) 1000 manat pul vəsaitinin gecikdirilməsinə görə (gecikdirilən aylar 9 ay üzrə) 37,5 manat; xx.xx.2024-cü il tarixə qədər ödənilməli olan (dördüncü ödəniş) 1000 manat pul vəsaitinin gecikdirilməsinə görə (gecikdirilən 8 ay üzrə) 33 manat; xx.xx.2024-cü il tarixə qədər ödənilməli olan (beşinci ödəniş) 3739 manat pul vəsaitinin gecikdirilməsinə görə (illik 5 faiz 187 manat olmaqla, gecikdirilən 7 ay üzrə) 109 manat olmaqla, cəmi 221,5 manat dəbbə pulu təşkil edir. Belə olduğu halda, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, 2324-117 saylı Təhsil xidmətləri müqaviləsi üzrə 6739 (altı min yeddi yüz otuz doqquz) manat əsas borc, ödənişlərin gecikdirilməsinə görə 221,5 manat (iki yüz iyirmi bir manat əlli qəpik) dəbbə pulu və hüquqi xidmətə görə ödənilmiş 320 (üç yüz iyirmi) manat pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun 89,6 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 2324-117 saylı Təhsil xidmətləri müqaviləsi üzrə 6739 (altı min yeddi yüz otuz doqquz) manat əsas borc, ödənişlərin gecikdirilməsinə görə 221,5 manat (iki yüz iyirmi bir manat əlli qəpik) dəbbə pulu, hüquqi xidmətə görə ödənilmiş 320 (üç yüz iyirmi) manat pul və ödənilmiş dövlət rüsumunun 89,6 (səksən doqquz manat altmış qəpik) manat hissəsi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-3846/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3846/2024
26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver