Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-385/2023 02.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə borclu Cavabdeh arasında bağlanmış GSM müqaviləsinə əsasən sonuncu ********** GSM nömrəsi üzrə cəmiyyətin rabitə xidmətlərindən istifadə edərək danışıqlar aparmış və nəticədə cəmi 56069,60 (əlli altı min sıfır altmış doqquz manat altmış qəpik) manat məbləğində borcu yaranmışdır. Müqavilənin şərtlərinə əsasən abonent ona göstərilən rabitə xidmətlərinə görə xidmət haqqını "xxxx" MMC-nin müəyyən etdiyi son ödəmə tarixinədək ödəməlidir. Hesabfakturada göstərilən ödəniş şərtləri abonent tərəfindən pozularsa, "xxxx" MMC gecikdirilən hər gün üçün gecikmə faizi tətbiq edir. Beləliklə, borcluya aid GSM fakturalarından göründüyü kimi borclu müqavilənin şərtlərini pozaraq, göstərilən borcun ödənilməsini təmin etməmişdir. Göstərilənlərə əsasən Cavabdeh İddiaçı MMC-nin xeyrinə GSM müqaviləsinə əsasən ********** GSM nömrəsi üzrə 56069,60 (əlli altı min sıfır altmış doqquz manat altmış qəpik) manat əsas borcun, 258,21 (iki yüz əlli səkkiz manat iyirmi bir qəpik) ödənilmiş dövlət rüsumunun və nəticədə cəmi 56327,81 (əlli altı min üç yüz iyirmi yeddi manat səksən bir) manat məbləğində borcun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-385/2023 saylı, xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsi ilə iddia tələbinin təmin olunması qət edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 385/2023 saylı qərardadı ilə Cavabdeh ərizəsi təmin edilərək, qeyd edilən qiyabi qətnamə ləğv edilmiş və iş üzrə icraatın təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq göstərmişdir ki, İddiaçı MMC Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək GSM müqaviləsinə əsasən ********** GSM nömrəsi üzrə 56069.60 (əlli altı min altmış doqquz manat 60 qəpik) manat məbləğində pul vəsaitinin ondan tutularaq iddiaçınin xeyrinə ödəməli xahiş etmişdir. Elektron Kabinetdə əlavə edilmiş sənədlər ilə tanış olarkən GSM müqaviləsinə rast gəlinmədi. Buna əsasən qeyd edilən müqavilənin əslini məhkəməyə təqdim etməyi və elektron kabinetə əlavə edilməsini xahiş edir. Bundan əlavə iddia ərizəsinə xx.xx.2012-ci il tarixli 2 manat ödəniş edilərək xx.xx.2012-ci ildə alınmış nömrənin istifadə zamanı yaranmış qüsura əsasən dəyişdirilməsi haqqında X1 blankı əlavə edilmişdir. Həmin blankda onun ad soyadı qeyd edilsə də imza qrafasında kı imza ona məxsus deyildir. Digər bir məsələ isə iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü maliyyə arayışına baxan zaman iddia müddətinin ötürülməsidir. Çünki maliyyə arayışı ilə tanış olarkən məlum olur ki, əsas borc 2012-2019-cu il tarixinədək yaranmış və iddiaçı xx.xx.2022-ci il tarixində məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Qeyd edilənlərə əsasən iddia müddətinin ötürüldüyünü nəzərə alaraq iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə etdi və əlavə olaraq bildirdi ki, tərəflər arasında faktiki abunə münasibətləri olmuş, müvafiq sim-kart dəyişiklik forması barədə sənəd, maliyyə arayışı da məhkəməyə təqdim olunmuşdur. İdiaçıda, hazırda tərəflər arasında bağlanılmış hər-hasısa müqavilə və digər sənədlər saxlanılmadığından, onların məhkəməyə təqdim edilməsi mümkün deyil. Buna baxmayaraq qeyd olunan mobil nömrə cavabdehin isdifadəsində olduğundan, ödənilməmiş borc məbləği də, onun tərəfndən ödənilməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2012-ci il tarixli sim-kart dəyişikliyi formunun surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ********** nömrəsinin istifadəyə verilməsi, rabitə xəttinin açılması və xidmət göstərilməsi, abunəçinin də öz növbəsində istifadəsində olan nömrədən İddiaçı MMC-nin göstərdiyi xidmətlərin müqabilində bu müqaviləyə uyğun olaraq xidmət haqqı və digər ödənişləri həyata keçirməsi nəzərdə tutulmuşdur. Abunəçi şərtləri qəbul etmiş və imzası ilə təsdiq etmişdir. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın GSM müqaviləsinə əsasən sonuncu ********** GSM nömrəsi üzrə İddiaçı MMC-yə 56069,60 manat borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən və Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmiş, cavabdeh tərəfindən onun hüquqlarını pozulmasına dair irəli sürdüyü dəlilləri isə mülahizə xarakterli olmaqla əsassız olmuşdur. Məhkəmə iddiaçının iddia tələbi üzrə irəli sürdüyü dəlillərə hüquqi qiymət verərək onları əsassız sayır və hesab edir ki, əksinə, cavabdeh tərəfin iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallar, iş materiallarına uyğundur. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı MMC Cavabdeh "xxxx" MMC-nin xeyrinə GSM müqaviləsinə əsasən ********** GSM nömrəsi üzrə 56069,60 (əlli altı min sıfır altmış doqquz manat altmış qəpik) manat əsas borcun, 258,21 (iki yüz əlli səkkiz manat iyirmi bir qəpik) ödənilmiş dövlət rüsumunun və nəticədə cəmi 56327,81 (əlli altı min üç yüz iyirmi yeddi manat səksən bir) manat məbləğində borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etsə də, məhkəməyə iddia etdiyi hallarla bağlı heç bir sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 89-cu maddəsinə yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Məhkəmə cavabdehin, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2012-ci il tarixli simkart dəyişikliyi formundakı imzanın da ona aid olmaması barədə iddiaya etirazına münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə mübahisəli sənədin də, əsli təqdim edilmədiyindən və təqdim etmək imkanlarının da, olmamasını, eləcə də, tərəflər arasında mövcud olmuş müqavilə öhdəliklərinə dair sübutların da, təqdim edilməməsini nəzərə alaraq, məhkəmə həmin sənəd (ksero-surətin) üzərində xətşünaslıq ekspertizasının keçirilməsini məqsədəmüvafiq hesab etməmişdir. Məhkəmə eyni zamanda iddia tələbi rədd edildiyindən, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinin də müzakirə edilməsini məqsədə müvafiq hesab etmir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 258,21 (iki yüz əlli səkkiz manat 21 qəpik) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş 258,21 (iki yüz əlli səkkiz manat 21 qəpik) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-385/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-385/2023
02.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver