Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3852/2023 05.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı Əmirağa qızı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Aydin qızının iştirakları ilə, İddiaçı Əmirağa qızının Cavabdeh Aydin qızına qarşı "mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əmirağa qızı Cavabdeh Aydin qızına qarşı "mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 26 ünvanında yerləşən fərdi yaşayış evi faktiki olaraq ona məxsusdur. Həmin fərdi yaşayış evinə dair xx.xx.1967-ci il tarixdə Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən təsdiq edilən müqaviləyə əsasən xx.xx.1981-ci il tarixdə vəfat etmiş qaynı – həyat yoldaşının qardaşı X2 oğlu ilə kirayə müqaviləsi bağlanmışdır. Qaynı 1981ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra 1981-ci ildə xx.xx.1999-cu il tarixdə vəfat etmiş həyat yoldaşı Mirzəyev Nağı Arzuman oğlu və onunla birgə nikahdan anadan olan uşaqları ilə birlikdə qaynına məxsus olan mənzilə köçmüşlər. 1981-ci il tarixdən o və ailəsi həmin mənzildə yaşayır. Həyat yoldaşı 1999-cu il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra da o uşaqları ilə birlikdə həmin mənzildə yaşamışdır. Mənzili təmir etdirmişdir. 2003cü il tarixdə həmin mənzilə qeydiyyata düşmüşdür. Cavabdeh X1 onun oğlu Mirzəyev Azər Nağı oğlu ilə qeyri-rəsmi nikaha daxil olmuşdur. Onlar qeyri-rəsmi nikaha girdiyi o onları öz yaşadığı mənzilə qəbul etməmişdir. Oğlu xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. 3-4 il bundan öncə o infarkt keçirtmişdir, xəstəliyinin müalicəsi ilə əlaqədar Rusiya Federasiyasına getmişdir. Azərbaycana qayıdıb evinə gələn zaman görmüşdür ki, vəfat etmiş oğlunun qeyri-rəsmi nikahdan olan arvadı Cavabdeh onun evinə girmiş və evinə artırma edərək əlavə tikili tikmişdir. O öz mənzilinə dəfələrlə girməyə cəhd etsə də cavabdeh onu mənzilə buraxmır. Özü də ora qeyri-qanuni yolla qeydiyyata alınmışdır. Onun həmin mənzilə dair heç bir sənədi yoxdur. Bununla əlaqədar olaraq o mənzildən qeyri-qanuni yaşayan şəxsin çıxarılması üçün cavabdehdən 26-cı Polis Bölməsinə şikayət etdi. Onlar ona ərizədə göstərilən xüsusatların mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etməyi tövsiyə etdilər. Bildirir ki, o 1981-ci il tarixdən göstərilən mənzildə yaşayır, həmin mənzildən istifadə edir. Onun mülkiyyətində, faktiki istifadəsində başqa mənzil yoxdur. 70 yaşlı ağbirçək qadındır, lakin cavabdehin qanunsuz əməllərinə görə o faktiki istifadəsində olmuş mənzildən istifadə hüququndan məhrum edilmişdir. Cavabdeh Aydin qızı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 26 ünvanında yerləşən sahəsi 9 kv.m olan 1 otaqlı mənzilə köçürülməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən İddiaçı Əmirağa qızı və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Aydin qızı iddia tələbinin qismən təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Yasamal rayon Mənzil-kommunal Təsərrüfat Birliyi 64 saylı Mənzil- Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixdə göndərilən 24 nömrəli məktubundan görünür ki, xx.xx.1953-cü il təvəllüdlü İddiaçı xx.xx.1999-cu il tarixindən İ.Qutqaşınlı küçəsi, ev 26 ünvanında qeydiyyatdadır, əvvəllər həmin ünvanda yaşayıb, lakin halhazırda yaşamır. xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh xx.xx.2014-cü il tarixdən İ.Qutqaşınlı küçəsi, ev 26 ünvanında qeydiyyatdadır və hal-hazırda həmin ünvanda yaşayır. İş materiallarında olan xx.xx.1967-ci il tarixdə Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən təsdiq edilən müqaviləyə əsasən X2 oğlu ilə bağlanmış kirayə müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən mənzilin 9 kv.m hissəsi ilə bağlı razılığa gəlmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin l hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İşin hallarından görünür ki, xx.xx.1967-ci il tarixdə Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən təsdiq edilən müqaviləyə əsasən X2 oğlu ilə bağlanmış kirayə müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən mənzilin 9 kv.m hissəsi ilə bağlı razılığa gəlmişlər.İddiaçı Əmirağa qızının ünvan 2 ünvanında yerləşən mənzilin 9 kv.m hissəsinə sahiblik və istifadə hüququ yaranmışdır. Həmçinin Cavabdeh Aydin qızı tərəfindən 9 kv.m sahəsi olan mənzilə köçürülməsinə etiraz etmədiyindən iddia tələbi bu hissədə təmin edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Əmirağa qızı Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 26 ünvanında yerləşən 9 kv.m sahəsi olan mənzilə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Əmirağa qızı Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 26 ünvanında yerləşən 9 kv.m sahəsi olan bir otağa köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-3852/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3852/2023
05.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver