Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3864/2025 04.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: xidmət müqaviləsi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xeyrinə 25.740 (iyirmi beş min yeddi yüz qırx dollar) USA və 1530,35 (min beş yüz otuz manat, otuz beş qəpik) AZN vəsaitin tutularaq Elm və Təhsil Nazirliyinin müvafiq hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli, 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019- 2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Bu Proqram çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsini tənzimləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 noyabr tarixli, 445 nömrəli Qərarı ilə təsdiq edilmiş “2019-2023-ci illər Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı” cərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən, xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsili maliyyələşdirən Azərbaycan Respublikası vətəndaşlarının seçimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi seçim meyarları və prosedurları əsasında həyata keçirilir. Proqramın əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımı şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəlilyinin artırılmasını təmin etməkdən ibarət olmuşdur. Qaydaların 1.3-cü bəndinə əsasən, Proqram iştirakçılarının xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun, beynəlxalq təşkilatların (fondların), mülkiyyət formasından asılı olmayaraq, xarici və ya yerli hüquqi və fiziki şəxslərin vəsaitləri hesabına bu Qaydalarla məyyən edilmiş hallarda və qaydada maliyyələşdirilir. Qeyd edilən Qaydaların 1.4-cü bəndinə əsasən, Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, proqram iştirakçısı və təhsili başa çatdıqdan sonra proqram iştirakçısı ilə əmək müqaviləsi bağlamağa razılıq vermiş Azərbaycan Respublikasının ali təhsil müəssisəsi arasında bağlanılan müqavilə (bundan sonra - müqavilə) əsasında həyata keçirilir. Müqavilənin forması Nazirlik tərəfindən müəyyən edilir. Bu Qaydaların 1.5-ci yarımbəndinə görə, Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Nazirliyin nəzdində X1 Qrupu tərəfindən idarə olunur. Qeyd edilən Qaydaların 1.4-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində doktoranturada təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı, təhsili başa çatdıqdan sonra vətəndaşla əmək müqaviləsi bağlamağa razılıq vermiş Azərbaycan Respublikasının ali təhsil müəssisəsi “ADA” Universiteti, Təhsil Nazirliyi və Cavabdeh arasında 22 iyun 2021-ci il tarixli, 65 saylı üçtərəfli müqavilə bağlanılmışdır. Müqavilə şərtinə uyğun olaraq, cavabdeh 2021-ci ilin 24 fevralından 2024-cü ilin 31 yanvarına kimi Türkiyənin İstanbul Universitetində (“Humanitar və sosial ixtisas istiqaməti”) doktorantura səviyyəsi üzrə təhsil almalı və Nazirlik isə bu təhsili maliyyələşdirməli idi. Müqavilənin 3.2.2-ci yarımbəndində qeyd edilir ki, Proqram iştirakçısı tərəfindən bu Müqavilənin şərtləri pozulduqda Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını ondan tələb etmək Nazirliyin hüququdur. Müqavilənin 3.5.20-ci bəndinə əsasən, tədris müddəti bitdikdən sonra ən azı 2 ay ərzində Azərbaycan Respublikasına qayıtmaq, qayıtdıqdan sonra 10 təqvim günü müddətində Nazirliyə və yerli ATM-ə məlumat vermək və bağlanmış əmək müqaviləsinə əsasən aldığı ixtisas üzrə yerli ATM-də 5 il (öhdəlik müddəti) fasiləsiz pedaqoji fəaliyyət göstərmək cavabdehin öhdəliyi kimi nəzərdə tutulmuşdur. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq ölkəyə qayıtmaqdan imtina etmişdir. Müqavilənin 6.2-ci yarımbəndində nəzərdə tutulmuşdur ki, proqram iştirakçısının adı Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından çıxarıldıqda Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 aydan gec olmayaraq qaytarılmalıdır. Lakin, cavabdehə bu barədə xəbərdarlıq edilməsinə baxmayaraq, o bu günə qədər həmin vəsaitin geri qaytarılması ilə bağlı heç bir hərəkət etməmişdir.
İİ. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
5. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.
İİİ Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında Ali Təhsil Sisteminin Beynəlxalq Rəqabətliliyinin Artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun xx.xx.2025-ci il tarixli, 3-29-64/2-58/2025 nömrəli məktubuna əsasən müəyyən olunur ki, “2019-2023-cü illər üçün Azərbaycan Repsublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində təhsil nazirinin xx.xx.2021-ci il tarixli F-232 nömrəli əmri ilə Türkiyə Respublikasının “İstanbul Üniversitesi” ali təhsil müəssisəsində Cavabdeh doktorantura təhsilinin maliyyələşdirilməsi nəzərdə tutulmuşdur. Onunla bağlanmış üçtərəfli müqaviləyə əsasən təhsil müddətinin 2021-ci il fevral ayından 2024-cü il yanvar ayınadək olan dövrü əhatə edir. Üçtərəfli müqavilənin 3.5.20-ci yarımbəndinə əsasən təhsilini başa vurduqdan sonra ən geci 2 ay müddətində ölkəyə qayıtmadığı və yerli ali təhsil müəssisəsində 5 illik pedaqoji fəaliyyətə bağlamadığını nəzərə alaraq, Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 aydan gec olmayaraq qaytarmağı tələb olunur.
8. Azərbaycan Respublikasının Elm və Təhsil naziri Azərbaycan Respublikası Elm və Təhsil nazirinin xx.xx.2021-ci il tarixli F-232 nömrəli “2019-2023-cü illər üçün Azərbaycan Repsublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq proqram iştirakçılarının siyahısının təsdiq edilməsi barədə əmrə əsasən “2019-2023-cü illər üçün Azərbaycan Repsublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq proqram iştirakçılarının siyahısı təsdiq edilmişdir. Siyahıya əsasən Cavabdeh Türkiyədə “İstanbul Universiteti”də doktorantura səviyyəsi üzrə təhsil alması nəzərdə tutulmuşdur.
9. Azərbaycan Respublikasının Təhsil nazirinin xx.xx.2019-cu il tarixli F-745 №li əmri ilə təsdiq edilmiş Azərbaycan Repsublikası Təhsil Nazirliyi, “2019-2023-cü illər üçün Azərbaycan Repsublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində doktorantura səviyyəsində təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 65 nömrəli müqaviləyə əsasən Proqram iştirakçısının Türkiyənin “İstanbul Universiteti” ali təhsil müəssisəsində “Humanitar və sosial ixtisaslar” ixtisası üzrə 2021-ci il 24 fevral tarixindən 2024-cü il 31 yanvar tarixinədək doktorantura səviyyəsi üzrə 2 il / 11 ay müddətinə təhsilin maliyyələşdirilməsi və təhsilini başa vurduqdan sonra isə əmək müqaviləsi ilə yerli ali təhsil müəssisəsində fəaliyyətə cəlb edilməsinə dair tərəflərin öhdəlikləri müəyyən edilmişdir.
10. Həmin Müqavilənin 3.2.2-ci yarımbəndinə əsasən proqram iştirakçısı tərəfindən bu Müqavilənin şərtləri pozulduqda Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qayrarılmasını ondan tələb etmək Nazirliyin hüquqlarından biridir.
11. Həmin Müqavilənin 6.2-ci yarımbəndinə əsasən proqram iştirakçısının adı Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından çıxarıldıqda və ya o, təhsilini başa vurduqdan sonra ən geci 2 ay müddətində ölkəyə qayıtmadıqda və ya təhsilini xaricdə davam etdirməkdən imtina etdikdə, Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 aydan gec olmayaraq qaytarılmalıdır.
12. 23.01.2024-ci il tarixli proqram iştirakçısının xaric edilməsi barədə əmrə əsasən X3 Qrupu, Hüquq şöbəsi və Maliyyə şöbəsi Cavabdeh, onunla əmək müqaviləsi bağlamağa razılıq vermiş ADA Universiteti və Təhsil Nazirliyi arasında bağlanmış üçtərəfli müvafiq müqavilənin 6.2-ci maddəsinə uyğun olaraq onun təhsilinin maliyyələşdirilməsi üçün istifadə edilmiş vəsaitin geri qaytarılması məqsədi ilə müvafiq tədbirlər görməsi əmr edilmişdir.
13. xx.xx.2021-ci il tarixli 32 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən “2019-2023-cü illər üçün Azərbaycan Repsublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alanların xərclərindən Cavabdeh şəxsi bank hesabına 669,87 manat məbləğində pul köçürülmüşdür.
14. 01.06.2022-ci il tarixli 15 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən “2019-2023-cü illər üçün Azərbaycan Repsublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alanların xərclərindən Cavabdeh şəxsi bank hesabına 860,48 manat məbləğində pul köçürülmüşdür.
15. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabərliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupu tərəfindən vəsait alanların plastik kartlarına vəsaitlərin "xxxx" ASC-nin Mərkəzi filialı tərəfindən mədaxil edilməsi barədə xx.xx.2021-ci il tarixli, 31 nömrəli reyestrə əsasən müəyyən olunur ki, Cavabdeh üçün 10140 USD məbləğində pul ödənilmişdir.
16. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabərliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupu tərəfindən vəsait alanların plastik kartlarına vəsaitlərin "xxxx" ASC-nin Mərkəzi filialı tərəfindən mədaxil edilməsi barədə xx.xx.2021-ci il tarixli, 15 nömrəli reyestrə əsasən müəyyən olunur ki, Cavabdeh üçün 15600 USD məbləğində pul ödənilmişdir.
17. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır.
18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
21. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
22. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
23. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
24. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
25. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
26. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
27. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Repsublikası Təhsil Nazirliyi, “2019-2023-cü illər üçün Azərbaycan Repsublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində doktorantura səviyyəsində təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 65 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh Türkiyənin “İstanbul Universiteti” ali təhsil müəssisəsində “Humanitar və sosial ixtisaslar” ixtisası üzrə 2021-ci il 24 fevral tarixindən 2024-cü il 31 yanvar tarixinədək doktorantura səviyyəsi üzrə 2 il / 11 ay müddətinə təhsil alması və təhsilin iddiaçı tərəfindən maliyyələşdirilməsinə dair tərəflərin öhdəlikləri müəyyən edilmişdir. Həmin Müqavilənin 6.2-ci yarımbəndinə əsasən əsasən proqram iştirakçısının adı Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından çıxarıldıqda və ya o, təhsilini başa vurduqdan sonra ən geci 2 ay müddətində ölkəyə qayıtmadıqda və ya təhsilini xaricdə davam etdirməkdən imtina etdikdə, Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 aydan gec olmayaraq qaytarılmalıdır. Cavabdeh tərəfindən müvafiq ixtisas üzrə təhsilin davam etdirilməməsinə baxmayaraq, müqavilə üzrə yaranmış borc tərəfindən ödənilməmişdir.
28. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 25740 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata nisbətən məzənnəsi nəzərə alınmaqla) və 1530,35 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ödənilməlidir.
V Nəticə:
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 25740 (iyirmi beş min yeddi yüz qırx) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata nisbətən məzənnəsi nəzərə alınmaqla) və 1530,35 (bir min beş yüz otuz manat otuz beş qəpik) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil