Məhkəmə qərarları › İş №e-2(004)-3869/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3869/2025

22.08.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3869/2025 22.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehlərin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Cavabdeh2nə qȧrşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qȧrşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli əmrin ləğv edilərək onun yenidən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininin tabeliyində Sosial Xidmətlər Agentliyində xadiməçi vəzifəsinə geri qaytarılmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, orta təhsillidir. Ailəsinin təlabatlarını ödəmək üçün o, 2008-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininin tabeliyində Sosial Xidmətlər Agentliyində DSMF-də xadiməçi vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində hər zaman özünü nizam-intizamlı, bacarıqlı, təcrübəli, işgüzar və tələbkar bir işçi kimi göstərmişdir. Vəzifəsini layiqincə tam qüsursuz, keyfiyyətlə, yüksək səviyyədə etmişdir. Lakin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən işinə xitam verilmişdir. Halbuki həmin maddə qanunsuz qeyd edilərək o, qanunsuz işdən çıxarılmışdır. Belə ki, işdən çıxmağına dair heç bir söz-söhbət olmadığı zamanda müdriyyət tərəfindən işdən çıxarılacağını öyrənmişdir. İşdən çıxma səbəbinin isə təhsilinin olmamasını əsas gətirirlər. İşdən azad olunmamışdan öncə müdriyyət tərəfindən onlara müsahibə olunmuş və onlar sorğu sual olunmuşlar. Orada onun suallara cavab verməyi bəyənilməmişdir. İşdən çıxarıldıqdan sonra 21 noyabr 2024-cü il tarixdə Mediasiya şurasına müraciət etmişdir. Mediasiyada cavabdeh iştirak edərək onun işinə bərpa olunmadığı üçün heç bir köməklik etmədikləri üçün məhkəməyə müraciət etməli olmuşdur. Yuxarıda qeyd etdiyi bütün faktlardan açıq aydın görünürki onu işdən çıxarmaq üçün onu etmiş olduqları oyunlarının qurbanı etmişlər. Bu isə onun qanunla qorunan hüquqlarının pozulmasıdır. Hal-hazırda işdən azad edilməyini qanunsuz hesab etdiyi üçün yenidən işə geri qayıtmaq istəyir. Daha sonra İddiaçı 07 avqust 2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh2 iş üzrə ikinci cavabdeh qismində işə cəlb olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3869/2025 saylı, 07 avqust 2025ci il tarixli protokolu ilə Cavabdeh2 iş üzrə cavabdeh qismində işə əlavə edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi 14 avqust 2025-ci il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə məhkəməyə təqdim edərək bildirmişdir ki, icraatda 2(004)- 3869/2025 nömrəli mülki iş üzrə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “işə bərpa” tələbinə dair dair mülki iş vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296cı maddəsinin 7-ci hissəsinə əsasən Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi "Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Mediasiya haqqında Qanunun 35-ci maddəsinin 1-ci hissəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya haqqında Qanunun 35-ci maddəsinin 2-ci hissəsinə əsasən isə mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən (həmin Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2- ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən) bərpa olunmuş hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 8-ci maddəsinin 2-ci hissəsinə əsasən müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 368-ci maddəsinə əsasən vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 369-cu maddəsinin 3-cü hissəsinə əsasən aylarla hesablanan müddət müddətin sonuncu ayının müvafiq günündə qurtarır. Aylarla hesablanan müddətin qurtarması müvafiq günü olmayan aya düşdükdə müddət həmin ayın sonuncu günü qurtarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.1.6-cı maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Həmin Məcəllənin 379.4-1-ci maddəsinə əsasən isə mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Belə ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixində əmək müqaviləsinə xitam verilmişdir. Həmin tarixdə Sosial Xidmətlər Agentliyinin Qarabağ regional filialında İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin surəti təqdim edilmiş, daha sonra 15 noyabr 2024-cü il tarixində iddiaçıya əmək kitabçasını götürməsi ilə bağlı Sosial Xidmətlər Agentliyi tərəfindən məktub ünvanlanmışdır. İddiaçı xx.xx.2024-cü il tarixində 304.48 manat məbləğində son haqqhesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli olan əmək haqqı və digər ödəmələr) ödənilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixində İddiaçı mediasiyaya müraciət etmiş və həmin tarixdə iddia müddətinin axımı dayandırılmışdır. xx.xx.2025-ci il tarixində isə Bakı 2 saylı Mediasiya təşkilatı tərəfindən tərəflərə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə tərəflərə arayış təqdim edildikdən sonra iddia müddətinin axımı davam etdirilmişdir. Bundan sonra İddiaçı xx.xx.2025-ci il tarixində Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(114)-3031/2025 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (xx.xx.2025-ci il tarixində qərardad tərəflərin “elektron məhkəmə” informasiya sisteminə yüklənmişdir). xx.xx.2025-ci il tarixində Bərdə Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli 2(021)-2260/2025 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. (xx.xx.2025-ci il tarixində qərardad tərəflərin “elektron məhkəmə” informasiya sisteminə yüklənmişdir). Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş məhkəmə tərəfindən iddia ərizəsi geri qaytarılması ilə bağlı xx.xx.2025-ci il tarixli 2(006)-3612/2025 saylı qərardad qəbul edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixində qeyd edilən qanunvericiliklərdə nəzərdə tutulan iddia müddəti ilə (1 təqvim ayı) bağlı tələbləri pozaraq Bakı şəhər Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü yarımbəndinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 135.6-cı bəndinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinetlərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinin rəhbər tutaraq, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsinin iddia müddətinin tətbiqi ilə əlaqədar rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi 21 avqust 2025-ci il tarixdə iddia tələbinə etiraz məhkəməyə təqdim edərək bildirmişdir ki, mülki iş üzrə iddia tələbi qanunvericilik baxımından tam əsassızdır və təmin olunmamalıdır. Belə ki, İddiaçı xx.xx.2008-ci ildə Bərdə Rayon Əhalinin Sosial Müdafiəsi SMK-də sosial işçi vəzifəsinə qəbul edilmiş, xx.xx.2016-cı ildə struktur dəyişikliyi ilə əlaqədar Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu Bərdə Rayon şöbəsində Sosial Xidmət sektorunun baş-mütəxəssis sosial işçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci il tarixində fəaliyyət göstərdiyi dövlət qulluğu vəzifəsindən xx.xx.2019-cu il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən (dövlət qulluqçusunun öz arzusu ilə) azad edilmiş, daha sonra xx.xx.2020-ci il tarixində Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi X3 10 saylı Filialında sosial xidmətçi vəzifəsinə qəbul edilmiş, xx.xx.2022-ci ildə X1 Filialına sosial xidmətçi vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən iddiaçıya əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam veriləcəyi ilə bağlı yazılı xəbərdarlıq edildikdən sonra xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra işçiyə son-haqq hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli olan əmək haqqı və digər ödəmələr) ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Həmin Məcəllənin 43-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 45-ci maddənin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdırıldığı müddətə bağlanılır. Tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin şərtləri, müddətli xarakter daşıması iddiaçıya aydın olmuş və müqavilə onun tərəfindən imzalanmışdır. Bu isə iddiaçının iddia ərizəsində qeyd etdiyi halların əksini sübut etmiş olur. Belə ki, işçi ilə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı işəgötürən tərəfindən qanuni əsası olmayan hərəkət mövcud olmamış, işçi ilə əmək münasibətlərinə qanunun yol verdiyi əsaslarla və qaydada xitam verilmişdir. Bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi X6 yaranmış və Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanın 1 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs yaranmış və Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanının 5.1-ci bəndinə əsasən həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun hüquqi varisidir. Həmin Fərmanın 5.2-ci bəndində qeyd edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət göstərilməsi ilə bağlı hüquq və öhdəliklərinin, habelə tabeliyindəki sosial xidmət müəssisələrinin bütün əmlakı ilə birlikdə həmin Fərmanın 4-cü hissəsində nəzərdə tutulan Sosial Xidmətlər Agentliyinə keçməsi ifadəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Xidmətlər Agentliyinin hüquqi varisi olması qeyd edilməmişdir. Hüquqi varislik məsələsi müvafiq Fərmanın 5.1-ci bəndində öz əksini tapmışdır. Buradan da görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun hüquqi varisi deyildir. Göründüyü kimi, nə qədər ki tərəflər (iddiaçı ilə cavabdeh) arasında daha əvvəl müddətsiz əmək münasibətləri olmamışdır, iddiaçı ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən müddətli əmək müqaviləsinin bağlanmasında hər hansı qanun pozuntusuna yol verilmədiyindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun olaraq xitam verilməsi də qanuni hesab edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı iddia tələbinin qanunvericilik baxımından əsaslı olmadığını nəzərə alaraq, onun cavabdeh Nazirlik və onun tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, həyat yoldaşı Cavabdeh2 tabeliyində olan qurumda çalışmış, daha sonra onun işdən çıxarılması ilə bağlı əmr verilmişdir. Himayələrində 3 uşaqları var, onlardan biri ödənişli əsaslarla təhsil alır, digəri isə 44 günlük Vətən müharibəsində xəsarət almışdır. Ailədə tək işləyən həyat yoldaşı olub. O, həmin iş yerində fasiləsiz olaraq 17 il işləmişdir. Ailələrinin başqa heç bir gəlir mənbəyi yoxdur. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək etirazın və iddia müddətinin tətbiq edilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin əsassız olduğundan və iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - 074234 saylı əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.2008-ci il tarixdə Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi SMKS-na sosial işçi vəzifəsinə qəbul edilmiş, xx.xx.2016-cı il tarixdə struktur dəyişikliyi ilə əlaqədar Nazirlik yanında DSMF Bərdə rayon şöbəsində sosial xidmət sektrounun baş mütəxəssis – sosial işçisi vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə tutduğu vəzifədən azad edilmiş, xx.xx.2020-ci il tarixdə 10 saylı filiala sosial xidmətçi vəzifəsinə qəbul olunmuş, xx.xx.2022-ci il tarixdə Qarabağ regional filialına sosial xidmətçi vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müqavilənin müddətinin bitməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında 14 noyabr 2024-cü il tarixli əmrinə əsasən Sosial Xidmətlər Agentliyinin Qarabağ regional filialında sosial xidmətçi vəzifəsində çalışan İddiaçı ilə 11 avqust 2020-ci il tarixində bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən 14 noyabr 2024-cü il tarixindən xitam verilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı 14 noyabr 2024-cü il tarixinə son haqq hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilməli olan əmək haqqı və digər ödəmələr) ödənilməsi əmr edilmişdir. - Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-3031/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddiası mümkün sayılmamışdır. - Bərdə Rayon Məhkəməsinin 2(021)-2260/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3612/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci hissəsinə görə isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.5-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər – müvəqqəti məşğulluğun təmin edilməsi məqsədi ilə bu Qanuna uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 1.2-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilən ilin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.6-cı bəndinə əsasən isə ictimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Zəruri hallarda müəssisə və yerli qurumun və ya mərkəzin birgə razılığı ilə bu müddət artırıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı İddiaçı xx.xx.2008-ci ildə Bərdə Rayon Əhalinin Sosial Müdafiəsi SMK-də sosial işçi vəzifəsinə qəbul edilmiş, xx.xx.2016-cı ildə struktur dəyişikliyi ilə əlaqədar Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu Bərdə Rayon şöbəsində Sosial Xidmət sektorunun baş-mütəxəssis sosial işçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci il tarixində fəaliyyət göstərdiyi dövlət qulluğu vəzifəsindən xx.xx.2019-cu il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən (dövlət qulluqçusunun öz arzusu ilə) azad edilmiş, daha sonra xx.xx.2020-ci il tarixində Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi X3 10 saylı Filialında sosial xidmətçi vəzifəsinə qəbul edilmiş, xx.xx.2022-ci ildə X1 Filialına sosial xidmətçi vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən iddiaçıya əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam veriləcəyi ilə bağlı yazılı xəbərdarlıq edildikdən sonra xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı 14 noyabr 2024-cü il tarixinə son haqq hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilməli olan əmək haqqı və digər ödəmələr) ödənilməsi əmr edilmişdir. İddiaçı mübahisənin məhkəməyədək həll edilməsi üçün ilk öncə mediasiya prosesinin tətbiqi barədə xx.xx.2024-cü il tarixli təkliflə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət etmiş, daha sonra İddiaçı Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Mediasiya prosesi xx.xx.2025-ci il tarixində tərəflərin iştirakı ilə keçirilmiş və həmin tarixdə ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Məhkəmə İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən xeyli müddət keçməsinə baxmayaraq, o, hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür. Belə ki, ilk növbədə məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində ona işdən azad olunacağını bildirdiklərini qeyd etmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasında 15 noyabr 2024-cü il tarixində iddiaçıya əmək kitabçasını götürməsi ilə bağlı Sosial Xidmətlər Agentliyi tərəfindən məktub ünvanlanmışdır. Belə ki, ona işdən çıxarıldığı bildirilmiş və əmək kitabçası təqdim edilmişdir. Son-haqq hesab 14 noyabr 2024-cü il tarixdə iddiaçının hesabına köçürülmüşdür. Göründüyü kimi iddiaçı işdən əmək müqaviləsinin müddətinin qurtarması ilə çıxarılması ilə bağlı əmrdən hər bir halda məlumatlı olmuş, (məhkəmədə verdiyi izahatları ilə, istər son haqq-hesabın köçürülməsi bunu sübut edir) Mediasiya Şurasına 21 noyabr 2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi ilə bağlı təkliflə müraciət etmiş, Mediasiya arayışı 23 yanvar 2025-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, Yasamal Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə, yəni 5 ay sonra müraciət etmişdir. Belə ki, iddiaçı mediasiya arayışı alındıqdan 19 gün sonra iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə, həmin məhkəmənin qərarını elektron kabinetlə əldə etdikdən (xx.xx.2025) sonra 28 gün sonra Bərdə Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin qərarını elektron kabinetlə əldə etdikdən 38 gün sonra Nəsimi Rayon Məhkəməsinə, həmin məhkəmənin qərarını elektron kabinetlə əldə etdikdən 6 gün sonra Yasamal Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Beləliklə, məhkəmə İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən xeyli müddət keçməsinə baxmayaraq, o, hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin müddəaya əsaslanaraq, cavabdehlərin nümayəndəsi Nümayəndə2 yazılı ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Cavabdeh2nə qarşı xx.xx.2024-cü il tarixli əmrin ləğv edilərək onun Sosial Xidmətlər Agentliyində xadiməçi vəzifəsinə bərpa olunması tələbinə dair iddiası qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən (buraxıldığından), iddia müddəti tətbiq olunmaqla rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Azərbaycan Respublikasının Müki Prosessual Məcəllənin: - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Cavabdeh2nə qarşı xx.xx.2024-cü il tarixli əmrin ləğv edilərək onun Sosial Xidmətlər Agentliyində xadiməçi vəzifəsinə bərpa olunması barədə iddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar