Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3870/2025 29.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında olan nikahın etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında 07 dekabr 2024-cü ildə 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində № 653725 nikahları rəsmi formada qeydə alınmışdır. Cavabdehlə aralarında heç bir ciddi münasibət olmamış, yalnız tanışlıq/dostluq münasibəti olmuşdur. Nikahın etibarsız sayılması barədə müraciət etməyinin səbəbi, aralarında bağlanmış nikaha ailə qurmaq niyyəti olmadan daxil olmaqlarıdır. İddiaçı bildirmək istəyir ki, bağlanmış nikahları formal xarakter daşıyır və bu nikahın bünövrəsi saxta təməl üzərində qurulmuşdur. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah formal xarakter daşıyır, yəni tərəflər arasında həqiqi ailə münasibətləri mövcud olmamışdır. Nikahın bağlanmasının yeganə məqsədi iddiaçının Polşa Respublikasına köçməsi və nikah əsasında gələcəkdə yaşayış icazəsi əldə etməsi olmuşdur. Tərəflər birgə yaşamamış, ailə təsərrüfatı qurmamış və sosial-psixoloji münasibətlər yaratmamışdırlar. Daha sonra iddiaçının Polşaya səfəri baş tutmamış, tərəflərin bir-biri ilə münasibətləri tamamilə dayandırmışdır. Nəticə etibari ilə tərəflərin faktiki heç bir münasibətləri və ümumiyyətlə ailə qurmaq niyyətləri olmadığı üçün bu nikah bağlandığı andan etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Tərəflərin ailə qurmaq məqsədi olmamışdır. Tərəfin məqsədi Polşa Respublikasında işlə təmin olunmaq olmuşdur. Müəyyən səbəblərdən həmin iş alınmamışdır. İddiaçı ilə cavabdeh sentyabr ayında tanış olmuşlar. İddiaçı dekabr ayında nikaha girmək məqsədi ilə Azərbaycana gəlmiş və geri qayıtmışdır. Tərəflər arasında nikah 07 dekabr 2024-cü ildə bağlanmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir. İddianın təmin edilməsinə etiraz etmir. Şahid qardaşının Polşada yaşayıb işlədiyini bildirdi. Polşada işləmək, oturum almaq məqsədi ilə iddiaçı ilə rəsmi nikaha girmişlər. Şahid ilə birlikdə “Təmiz Xalı” şirkətində operator işləmişlər. Hal-hazırda həmin şirkətdə işləmir. Sentyabrda iddiaçı ilə üzbəüz danışmışlar. Dekabr ayında rəsmi nikaha girmişlər. İddiaçı ilə bir yerdə yaşamamışlar. İddiaçı ilə rəsmi nikaha girdiyini ailəsi bilirdi. İddiaçı ilə aralarında bağlanmış nikah iş, karyera qurmaq məqsədi ilə bağlanmışdır. İddiaçının bacısı ilə eyni yerdə işləmişlər. İddiaçının bacısı iddiaçının Polşa Respublikasında işlədiyini bildirmişdi. İşləmək, oturum almaq məqsədi ilə iddiaçı ilə nikaha girməyi təklif etmişdir. Bu ilin iyun ayının əvvəllərindən etibarən X2-da işləyir. Bundan əvvəl iddiaçının bacısı ilə birlikdə çağrı mərkəzində işləyirdi. Həmin işdən keçən ilin avqust ayından çıxmışdır. İddiaçının sənədi ilə bağlı problem olmuşdur. Maştağa qəsəbəsinə getməmiş və iddiaçının ailəsinə məxsus olan, Maştağa qəsəbəsində yerləşən evi görməmişdir. İddiaçının bacısı ilə rəfiqə olduğundan anasını şəkillərdə görmüş, tanımışdır. İddiaçının anası ilə heç vaxt görüşməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı, 653725 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X1 arasında xx.xx.2024-cü il tarixdə 4 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində 1934 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə “Əsgərov”, arvada “Əsgərova” soyadı verilmişdir. Əvvəlki məhkəmə iclasında dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, iddiaçı qadaşıdır. Cavabdehlə rəfiqədirlər. Cavabdehi qardaşı ilə tanış etmişdir. Cavabdeh həmişə xarici ölkəyə getmək istədiyini bildirirdi. Ailə üzvlərimin çoxu xarici ölkədədir. Tərəflər instaqram vasitəsi ilə tanış oldular. Daha sonra whatsapp-da danışdılar. Qanunvericiliyə dəyişiklik ediləndən sonra viza məsələsi alınmırdı. Tərəflər sentyabr ayında görüşdülər. Daha sonra qardaşı nikaha girmək məqsədi ilə dekabr ayında yenidən Azərbaycana gəldi. İddiaçı ilə cavabdeh arasında faktiki olaraq nikah münasibətləri olmamışdır. Tərəflərin nişan, toy mərasimləri olmamışdır. Nikah mərasimində o və cavabdehin bacısı iştirak etmişdir. Cavabdehin iddiaçıya gələcəkdə müəyyən məbləğdə pul verməsi nəzərdə tutulurdu. Tərəflər birlikdə yaşamamışlar. İddiaçı Azərbaycana gələndə Maştağa qəsəbəsində yaşamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən ailə cəmiyyətin əsas özəyi olmaqla dövlətin xüsusi himayəsindədir. Dövlətin ailə və nikah siyasətinin əsas məqsədi ailə həyatının keyfiyyətinin yüksəldilməsi, onun əsas funksiyalarının həyata keçirilməsi üçün zəruri şəraitin təmin edilməsi və bütün vasitələrlə ailənin müdafiəsindən ibarətdir. Bu baxımdan, nikah hüququ fərdin ayrılmaz və təbii hüququ kimi Konstitusiyada əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında yer almışdır. Belə ki, Konstitusiyanın 34-cü maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Nikah və ailə dövlətin himayəsindədir. Göründüyü kimi, həmin maddəyə əsasən nikah hüququ yalnız Azərbaycan Respublikası vətəndaşlarına deyil, hər kəsə məxsus olan konstitusion hüquq kimi müəyyən olunmuşdur. Nikah hüququ “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 29-cu maddəsində, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 21-ci maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 12-ci maddəsində təsbit olunmuşdur. Sözügedən beynəlxalq normalara uyğun olaraq nikah yaşına çatmış kişi və qadınların irqi, milli və dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq, ailə qurmaq hüquqları var və nikah, nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı əsasında bağlana bilər. Azərbaycan Respublikası Konstitusiyasında və beynəlxalq hüquqi aktlarda əks olunmuş nikah və ailə münasibətləri Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra – Ailə Məcəlləsi) ilə tənzimlənir. Ailə Məcəlləsi Konstitusiyada nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranması və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətləri iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edir. Ailə Məcəlləsinin 1.2 və 1.3-cü maddələrinə görə ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailə işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Bununla yanaşı, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.2-ci maddəsində qeyd olunur ki, ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ərarvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir. Kişi və qadının nikah ittifaqının konüllülük və iradə sərbəstliyi prinsipləri ilə yanaşı nikah və ailə münasibətlərinin hüquqi tənziminin yalnız dövlət tərəfindən həyata keçirilməsi, yalnız dövlət orqanlarında bağlanmış nikahın tanınması prinsipi də mühüm əhəmiyyət kəsb edir. Bu prinsipə görə yalnız müvafiq icra hakimiyyəti orqanında qeydə alınan nikah dövlət tərəfindən tanınır. Bu prinsip onu ifadə edir ki, nikah rəsmi qeydə alındıqdan sonra belə münasibətlərdən törənən hüquqi və sosial nəticələr dövlət üçün hüquqi fakt kimi qəbul olunur. Belə ki, Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Ailə qanunvericiliyində təsbit olunan bu prinsiplərin təmin edilməsi məqsədilə Ailə Məcəlləsi nikahın bağlanmasına mane olan bir sıra halları, nikahın etibarsız sayılmasının şərtlərini və nikahın etibarsız sayılmasının nəticələrini müəyyən etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə görə bu Məcəllənin 10- 12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 10.1 və 10.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Həmin Məcəllənin 11.1. və 11.2-ci maddələrinə əsasən nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. Bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); övladlığa götürənlər və övladlığa götürülənlər; ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər; ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Həmin Məcəllənin 13.7-ci maddəsinə əsasən nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə X1 arasında xx.xx.2024-cü il tarixdə 4 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində 1934 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. İddiaçı hazırda cavabdehə qarşı nikahın etibarsız hesab edilməsi barədə iddia tələbi irəli məhkəməyə müraciət edərək, nikah bağlayarkən həqiqətən nikah bağlamaq niyyətində olmadıqlarını, məqsədlərinin ailə qurmaq yox, yalnızca nikahın onlara verdiyi imtiyazlardan istifadə etmək olduğunu, iddiaçının Polşa Respublikasına köçməsi, nikah əsasında gələcəkdə yaşayış icazəsi əldə etməsi, işlə təmin olunması məqsədi ilə, yəni ailə qurmaq niyyəti olmadan saxta nikah bağladıqlarını bildirmiş və qeyd edilənləri nəzərə alaraq nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddia tələbinin əsasını tərəflərin ailə qurmaq niyyəti olmadan aralarında nikah bağlanması təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilən odur ki, hazırki işdə qanunvericliklə nikahın etibarsız hesab edilməsi üçün nəzərdə tutulan əsaslardan heç biri mövcud deyildir. Hər iki tərəf nikah bağlayarkən tam fəaliyyət qabiliyyətli olmaqla yetkinlik yaşına çatmış, heç bir təzyiq altında qalmadan etibarsız hesab edilməsini qeyd etdikləri nikahı bağlamışlar. Bununla yanaşı nə iddiaçı tərəf, nə də iddianı etiraf edən cavabdeh tərəf qeyd edilən iddianın əsaslılığı barədə sübutu (ailə qurmaq niyyəti olmadan saxta nikah bağlanmasını təsdiq edən faktı) məhkəməyə təqdim edə bilməmişlər. Qanunvericiliyin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, iddianın əsaslılığı ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşsə də, iddiaçı iddiasını əsaslandıra bilməmişdir. İddiaçı Polşa Respublikasına köçmək, orada işlə təmin olunmaq və yaşayış icazəsi əldə etmək niyyəti olduğunu bildirmişdir. Eləcə də iddiaçının nümayəndəsi və vəkili öz izahatında bildirmişdir ki, iddiaçı dekabr ayında nikaha girmək məqsədi ilə Azərbaycana gəlmiş və geri qayıtmışdır. Cavabdeh də öz növbəsində qeyd etmişdir ki, onlar bir yerdə yaşamamışlar. Lakin iş materiallarından görünür ki, tərəflər arasında nikah 07 dekabr 2024-cü ildə bağlanmışdır. “AZEMİS”-dən əldə olunmuş sərhədkeçmə məlumatına əsasən İddiaçı 17 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası hüdudlarını tərk edərək Budapeştə getmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı nikah bağlandıqdan 10 gün sonra xaricə getmişdir. Beləliklə tərəflər bir yerdə yaşamadıqlarını bildirsələr də, 10 gün müddətində tərəflərin birgə yaşayıb-yaşamadıqları ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Həmçinin məhkəmə iclasında dindirilmiş iddiaçının bacısı Şahid ifadəsində bildirmişdir ki, o cavabdehlə rəfiqə olmuşdur və qardaşı ilə cavabdehi tanış etmişdir. Qeyd edilən ifadə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının bacısı tərəflərin nikaha daxil olmalarına və ailə qurmalarına vəsilə olmuşdur. Bu da nikahın formal olaraq bağlandığı iddiasını şübhə altına alır və hesab etməyə əsas verir ki, tərəflərin nikah bağlanarkən ailə qurmaq niyyəti olmuşdur. Həmçinin o ifadəsində qeyd etmişdir ki, cavabdehin iddiaçıya gələcəkdə müəyyən məbləğdə pul verməsi nəzərdə tutulurdu. Lakin cavabdehin iddiaçıya gələcəkdə pul verib-verməyəcəyi məsələsi yalnız bir ehtimal olaraq qalmaqdadır və hal-hazırda iddiaçıya hər hansı ödəniş etməmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd olunanlar və tərəflərin gətirdiyi arqumentlər inandırıcı deyil. Bu da nəticədə tərəflərin izahatlarında əsas göstərdiyi halların yalan olduğunu güman etməyə əsas verir. Göründüyü kimi, tərəflər arasında nikah bağlanarkən nikahın etibarlılığını şübhə altına alan, qanunvericilikdə nəzərdə tutulan şərtlərin pozulması halı olmamış, nikah ailə qurmaq niyyəti ilə bağlanmışdır. Belə ki, qanunverici, nikahın etibarsızlığını məhz ilk andan tərəflərin ailə qurmaq niyyətinin olmaması ilə əlaqələndirmişdir, hazırkı işin hallarından isə nikaha daxil olarkən hər iki tərəfin ailə qurmaq niyyətinin olduğu aydın olur. Bundan əlavə, məhkəmə eyni zamanda qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbi cavabdeh tərəfindən etiraf edilsə belə, bu məhkəmə tərəfindən qəbul edilmir. Belə ki, bu dövlətin ailə siyasətinə uyğun deyildir. Nikahın etibarsızlığı ilə bağlı iddialarda iddiaçı tərəfindən iddianın əsaslandırılmaması, cavabdeh tərəfindən isə iddianın etiraf edilməsi halında iddianın təmin ediləcəyi təqdirdə ailə münasibətləri ilə bağlı mövcud sabitlik pozulacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbi barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-3870/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3870/2025
29.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver