Məhkəmə qərarları › İş №e-2(004)-3876/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3876/2025

24.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3876/2025 24.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qarşı “mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyəti olan ünvan 1-ə Cavabdeh1 oğlunun, Cavabdeh2 və Cavabdeh3 oğlunun istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 13/448 hissədə mənim xüsusi mülkiyyətindir. DƏDRX-də xüsusi mülkiyyət kimi onun adına qeydiyyatdan keçmişdir. Həmin ünvanda o və qızı Cavabdeh2 Vaqif qızı qeydiyyatdadır, yaşamışlar və yaşayırlar. Həmin ünvana onun razılığı və xəbəri olmadan Cavabdeh1 oğlu, Cavabdeh2 və Cavabdeh3 oğlu qeydiyyata düşmüş, lakin yaşamırlar. Onlar Bakı şəhəri, Mircəlal küçəsi, ev 72 mənzil 22-də yaşayırlar. Cavabdehlərin onun evində yaşamamalarını qonşular da təsdiq edə bilərlər. Cavabdehlər iddiaçıya məxsus evdə yaşamamış və yaşamırlar da. Onların daimi yaşayış yeri vardır. Buna görə də, həmin şəxslərin istifadə hüquqlarının olmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etmiş, məhkəmədən iddia tələbini təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, oğlu Cavabdeh1 uzun müddət əvvəl ailə qurmuş, mübahisəli mənzildən köçüb getmişdir. Onun kiminlə evləndiyindən, harada olmasından xəbəri olmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, cavabdeh uzun müddət əvvəl köçüb başqa ölkəyə yaşayamağa getmişdir. Hazırda qayıtmış, ailəsi ilə birgə başqa ünvanda yaşayır. Onun mübahisəli mənzildə yaşamasına şərait heç bir zaman yaradılmamışdır, ola bilsin ki, şərait yaradılsaydı yaşayardı. Cavabdehin başqa yerə qeydiyyata düşməyə imkanı olmadığından iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 5-21-3-302-26588/2025 saylı məktubu ilə müəyyən edilir ki, ünvan 1 ünvanda yerləşən yaşayış evinin 13/448 hissəsi İddiaçı adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Cavabdeh2 adına xx.xx.2011-ci il tarixdə ünvan 2 ünvan qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Cavabdeh1 adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Cavabdeh1 ümumbirgə adlarına Daşkəsən rayonu, Qabaqtəpə kəndində yerləşən 0,18 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə dair JN-120-A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənilmişdir. İş materiallarında olan Binəqədi-5 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin 26 may 2025-ci il tarixli, 36 saylı məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 3 ünvanda yaşayırlar. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2025-ci il tarixli 114 saylı məktubu ilə müəyyən edilir ki, ünvan 1 ünvanda daimi qeydiyyatda olan şəxslər – İddiaçı 2000-ci ildən, Cavabdeh2 Vaqif qızı 2000-ci ildən, Cavabdeh1 2001-ci ildən, Cavabdeh2 2001-ci ildən, Cavabdeh3 2002-ci ildən həmin mənzildə qeydiyyatdadırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, iddiaçı əmisinin gəlinidir. Cavabdeh1 uzun müddətdir ki, anasına baş çəkmir, mübahisəli mənzildə yaşamır. Hazırda həmin şəxslə ünsiyyəti yoxdur, ancaq mikrorayon ərazisində başqa ünvanda ailəsi ilə birlikdə yaşadığını bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əli-zadə Sadiq Pərviz oğlu ifadəsində göstərmişdir ki, İddiaçı qonşuluğunda yaşayır. Cavabdeh1 sonuncu dəfə təxminən 10 il əvvəl görmüş, ondan qabaq da 6-7 il əvvəl görmüşdür. Cavabdeh və onun ailəsinin ünvan 1 ünvanda yerləşən mənzildə yaşadığını görməmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, ünvan 1 ünvanında olan mənzil İddiaçı mülkiyyətindədir. Cavabdeh, iddiaçının oğlu Cavabdeh1 qeyd olunan yaşayış sahəsindən könüllü olaraq köçməklə orada yaşamır. Cvabdehin bu evdən getməsi daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. İşin materialları ilə həmçinin şahidlərin və cavabdehin məhkəməyə verdiyi izahatları ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, Cavabdeh1 mübahisəli evdən köçüb getmiş və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli evlə əlaqələrini kəsmişdir. O, 1999-cu ildə mübahisəli mənzildən köçməklə, xaricdə ailə həyatı qurmuş, daha sonra qayıtmış, başqa şəxslə ailə qurmuşdur. Cavabdehin digər ailə üzvləri (arvadı və oğlu) ümumiyyətlə həmin mənzildə yaşamamışdır. Cavabdehlər uzun müddətdir iddiaçıya məxsus mənzildə yaşamasa da, orada pasport qeydiyyatında formal olaraq qalmışdır ki, bu da iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun tam həyata keçirməsinə mane olur. Məhkəmə tərəflər arasında yaranan hüquq münasibətlərinə nəzər salaraq hesab edir ki, tərəflər arasında hüquq münasibətləri 2000-cu ilin sentyabr ayının 1-dən qabaq yaranmışdır. Cavabdeh1 mübahisəli mənzildə istifadə hüququ yarandığı vaxt və hal hazırda mübahisəli mənzilin hüquqi rejimi 1982-ci il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin normaları ilə müəyyən edilir və bu səbəbdən qüvvədə olan Mülki Məcəllənin normalarını bu mübahisəyə tətbiq edilməsi mümkün deyil. Belə ki, tərəflər arasında yaranmış münasibətlər 2000-ci ilin sentyabr ayından əvvəlki dövrə təsadüf edir. Sadalananları rəhbər tutaraq, məhkəmə hesab edir ki,tərəflər arasında olan münasibətlər 1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin hüquq normasının əsasında qurulmuşdur və həmin Məcəllənin normaları əsasında tənzimlənməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 2001-ci il 27 iyul tarixli qərarında müəyyənləşdirilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Qeyd edilən Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Mənzil Məcəllənin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müdətə həqiqi hərbi xidmətə çağırıldıqda –həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzinqdə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Sadalanan qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildə yaşamaması və bu müddət ərzində mübahisəli mənzilə daimi yaşamaq üçün gəlməməsi, yalnız onun başqa yaşayış sahəsinə köçmələri ilə izah oluna bilər. Buna görə də cavabdehin mübahisəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh1 1999-cu ildən sonra mübahisəli mənzildə yaşamır, cavabdeh sonradan qayıtmış, həmin mənzilə qeydiyyata düşmüş, lakin yenə də həmin mənzildə yaşamamışdır. Cavabdeh müvəqqəti deyil, məhz daimi yaşamaq üçün özünə başqa yaşayış yeri seçmişdir. Belə ki, 1999-cu ildən hazıra kimi, yəni 26 il müddətində mənzilə köçürülmə barədə iddia qaldırmamış və ya istifadəyə maneə törədilməsi ilə bağlı hər-hansı orqana şikayət etməmişdir. Başqa sözlə, bu müddət ərzində cavabdeh mübahisəli mənzildə yaşamağa cəhd göstərməmiş və ya həmin mənzilə köçməklə bağlı məhkəməyə müraciət etməmişlər, deməli, onun həmin yaşayış evinə yaşamaları üçün ehtiyacları olmamışdır. Yaşayış sahəsindən istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin maddəyə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, istifadə hüququ olan şəxsin digər yaşayış sahəsinə könüllü surətdə daimi olaraq köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ərarvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 262.2-ci maddəsinin mənasına görə, yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun həyata keçirilməməsi özözlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlər daimi yaşamaq üçün başqa yerə getdiyindən və iddiaçıya məxsus yaşayış evində uzun müddətdir yaşamaması müəyyən edildiyindən, onların həmin yaşayış evindən əvvəllər mövcud olan istifadə hüququ itirilmişdir. Məhkəmə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə qeyd edir ki, həmin şəxslər ümumiyyətlə həmin mənzildə yaşamamışlar. Onların mübahisəli mənzildə qeydiyyatı formal xarakter daşıyır. Yaranmış vəziyyətdə cavabdehlərin mənzildə yaşamadıqlarına baxmayaraq, onların mənzilə formal qeydiyyatının və istifadə hüquqlarının saxlanılması birinci iddia ərizəsi üzrə iddiaçının mənzil üzərində qanuni sahiblikdən irəli gələn hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdırır. Buna görə də, cavabdehlərin iddiaçıya məxsus yaşayış evindən istifadə hüquqlarının olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda ona itirilməsindən söhbət gedə bilməz. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onunla İddiaçı arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud deyil. Cavabdehlər sadəcə olaraq 2000-2003-cü illərdə həmin mənzilə qeydiyyata alınmışdır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, cavabdehlərin iddiaçıya məxsus mənzildən istifadə hüququ olmadığından, həmin hüquqa xitam verilməsi barədə verilmiş iddia tələbi təmin oluna bilməz. Məhkəmə həmçinin hesab edir ki, cavabdehlərin qeydiyyatda qalması iddiaçıya, yəni hazırki mülkiyyətçiyə mülkiyyət hüququnun tam həyata keçirilməsinə, o cümlədən həmin əmlakdan istədiyi kimi istifadə etməsinə imkan vermir və maneə yaradır. Bu səbəbdən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mübahisəli mənzildə qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması baxımından qanunsuz hal kimi qiymətləndirilməli və onun həmin mənzildən istifadə hüququnun olmaması qeydiyyatdan çıxarılmaları üçün əsas olmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququnun yaranmaması müəyyən olunduğuna görə, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlərin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsi, Dalan 1 ünvanında yerləşən 1 saylı fərdi yaşayış evinə istifadə hüquqlarının olmaması müəyyən edilsin. Bu Qətnamə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsi, Dalan 1 ünvanında yerləşən 1 saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar