Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3886/2025 12.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi cəlb edilməklə Cavabdehnə qarşı “direktor vəzifəsindən çıxarılmağının rəsmiləşdirilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi cəlb edilməklə Cavabdehnə qarşı “direktor vəzifəsindən çıxarılmağının rəsmiləşdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh MMC və təsisçi LUOSTARİNEN İGOR tərəfindən ona 5915,60 manat (beş min doqquz yüz on beş manat altmış qəpik) məbləğində ödənilməmiş əməkhaqqı və son haqqhesabla yanaşı, yaranmış əmək mübahisəsinin həlli məqsədilə çəkilmiş 60 (altmış) manat məbləğində mediator xidmətləri və kargüzarlıq üzrə xərcin də ödənilməsi; direktor vəzifəsindən çıxmağına dair faktın tanınması və onun Cavabdeh MMC-nin direktoru kimi dövlət reyestrindən çıxarılmağının təmin olunması; Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə Cavabdeh MMC-nin dövlət reyestrində direktor kimi qeydinin silinməsi üçün müvafiq dəyişikliklərin aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası vətəndaşı olaraq Cavabdehndə xx.xx.2024-cü il tarixindən etibarən direktor vəzifəsində çalışmışdır. Cəmiyyət Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmışdır və onun faktiki idarə olunması yalnız onun tərəfindən həyata keçirilmişdir. Сəmiyyətdə fəaliyyət göstərdiyi dövrdə əmək funksiyalarını tam şəkildə yerinə yetirmişdir. Lakin bir müddətdən sonra təsisçi ilə hər hansı bir ünsiyyət qurmaq mümkün olmamış, ona göndərilən mesajlara və müraciətlərə cavab alınmamışdır. Bu müddət ərzində cavabdeh tərəfindən əməkhaqqının ödənilməsi də dayandırılmışdır. O, qanunvericiliyin tələblərinə uyğun olaraq, xx.xx.2025-ci il tarixində direktor vəzifəsindən azad olunmağı məqsədilə ərizə tərtib etmiş və həmin ərizəni Cavabdeh MMC-nin hüquqi ünvanına göndərmişdir. Qeyd etmişdir ki, göstərilən hüquqi ünvan onun qeydiyyatda olduğu ünvandır və direktor vəzifəsini icra etdiyi müddət ərzində Cəmiyyətin faktiki fəaliyyəti də məhz bu ünvanda həyata keçirilmişdir. Bununla yanaşı, xx.xx.2025-ci il tarixində “Əmək və məşğulluq” altsistemi (ƏMAS) vasitəsilə elektron qaydada, Əmək Məcəlləsinin 68.2 (a) bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə), xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verdiyini rəsmiləşdirmişdir. Lakin bu günə qədər vergi orqanlarında və digər müvafiq dövlət qurumlarında müvafiq dəyişikliklər aparılmamış və o, hələ də hüquqi sənədlərdə Cəmiyyətin direktoru kimi qeyd olunur. Cəmiyyət tərəfindən vəzifə borcları yerinə yetirilmir, onun vəzifədən çıxarılmağı üçün zəruri sənədlər təqdim olunmur. Bu, onu hüquqi cəhətdən məsuliyyət altında saxlayır və gələcək risklərə səbəb ola bilər. Bundan əlavə, 2024-cü ilin noyabr ayından 2025-ci ilin aprel ayına qədər dövrü üzrə əməkhaqqısı ödənilməmişdir. İşdən çıxdığı zaman da ona hər hansı bir kompensasiya - istifadə olunmamış məzuniyyət günlərinə görə ödəniş, son haqq-hesab və s. verilməmişdir. Tələb etdiyi əməkhaqqı və kompensasiya ödənişlərinin ümumi məbləği 5915,60 manat təşkil edir. Bununla yanaşı, qarşı tərəflə yaranmış mübahisənin həlli məqsədilə tətbiq edilən mediator xidmətləri üzrə əlavə 60 manat məbləğində xərc yaranmışdır. Beləliklə, ümumi tələb edilən məbləğ 5975,60 manat təşkil edir. Məhkəməyə müraciət etməzdən əvvəl, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq, tərəfindən mediasiya prosesində iştirak edilməsinə cəhd göstərilmişdir. Bu məqsədlə, xx.xx.2025-ci il tarixində Cavabdeh MMC-nə “Mediasiya prosesinin tətbiqi barədə” məktubla müraciət edilsə də, həmin müraciət cavabsız qalmışdır. Daha sonra, mediasiya sessiyasının təşkili üçün 28 aprel 2025- ci iltarixində 3 saylı Mediasiya Təşkilatına “Mediasiya üçün müraciət” məktubu ünvanlanmış və ilkin mediasiya sessiyası 06 may 2025-ci il tarixinə təyin olunmuşdur. Cavabdeh sessiyanın keçirilməsi barədə əvvəlcədən məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. Bu səbəbdən, 3 saylı Mediasiya Təşkilatı tərəfindən ona “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış təqdim edilmişdir. Qeyd etmişdir ki, direktor vəzifəsindən azad olunmağı barədə Azəbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə ayrıca ərizə təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin əməkdaşları ilə telefon vasitəsilə aparılan danışıqlarda ona bildirildi ki, Cəmiyyətin təsisçisinin müvafiq qərarı və ya məhkəmə qərarı olmadığı halda, dövlət reyestrində direktorun dəyişdirilməsi mümkün deyil. Bu səbəbdən, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Daha sonra iddiaçının nümayəndəsi Qanuni nümayəndə iddia tələbinin həcminin azaldılması barədə xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının cavabdeh şirkətin direktor vəzifəsindən azad olunması barədə məlumatın vergi idarəsində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Qanuni nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Sədrlik edənin sualına cavb olaraq bildirdi ki, cavabdeh xarici şirkətdir və təsisçiləri Azərbaycan Respublikasına gəlmir, onlarla əlaqə saxlamaq mümkün olmur. Dövlət Vergi Xidmətindən də onlara bildirmişlər ki, İdarə tərəfindən təsisçilər müraciət etmədən və bu barədə müvafiq sənədlər verilmədən direktor vəzifəsindən çıxarılması mümkün deyildir. Məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Cavabdeh MMC-nin hüquqi ünvanı üzrə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC-nin 01 saylı, xx.xx.2024-cü il tarixli işə qəbul barəsində əmrinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixindən əmək haqqı əmək müqaviləsinə uyğun ödənilməklə cəmiyyətə direktor vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan direktor İddiaçı Cavabdeh MMC-nin təsisçisi Luostarinen İqora ünvanladığı ərizəyə əsasən onun xx.xx.2025-ci il tarixindən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin 01/25 X saylı, xx.xx.2025-ci il tarixli işdən azad olunma barəsində əmrinə əsasən İddiaçı xx.xx.2025-ci il tarixdən cəmiyyətin direktoru, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İstifadə edilməmiş əmək məzuniyyətinə görə 30 gün pul əvəzi ödənilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin 01/25 X saylı, xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinə əsasən direktor vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2025-ci il tarixindən xitam verilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar haqq-hesab vərəqinə əsasən İddiaçı 947,58 manat ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 9-cu maddəsinin b) bəndinə əsasən əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək işçinin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 68-ci maddəsinin tələbinə görə:
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 iyun 2014-cü tarixli № 183 qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12 dekabr 2003-cü il tarixli 560- İİQ nömrəli Azərbaycan Respublikasının Qanununun 2.0.14-cü bəndinə əsasən, qanuni təmsilçi – nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslərdir. Həmin Qanunun 9.1-ci bəndinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci bəndinə əsasən, dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. 9.2-1. Bu Qanunun 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş hərəkətlərin edilməsi tələb olunmadan kommersiya qurumları və publik hüquqi şəxslər üzrə aşağıdakı məlumatlar birbaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilərək qeydiyyata alınır: 9.2-1.1 müvafiq icra hakimiyyəti orqanının aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda edilmiş dəyişikliklər; 9.2- 1.2. qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, direktor vəzifəsinə işə qəbul olmuşdur. Daha sonra, İddiaçı Cavabdeh MMC ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə AR Əmək Məcəlləsinin 68.2 maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. X1 Xidmətində İddiaçı adı və soyadı sözügedən müəssisənin qanuni təmsilçi, direktoru kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin qeydiyyatı İdarəsində elektron vergi sistemində qalmaqdadır. Bu isə iddiaçının hüquqlarının pozulması ilə nəticələnir. Müvafiq dəyişikliklərin edilməsi üçün müəssisəyə müraciət olunsa da, bugünədək iddiaçıya cavab verilməmişdir. Məhkəmə hesab edir ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə İddiaçı Cavabdeh MMC-nin qanuni təmsilçisi və direktoru vəzifəsindən azad edilməsi haqqında dəyişiklik barədə məlumatın qeydə alınması üçün müraciət etməmək barədə hərəkətsizlik etməklə iddiaçının hüquqlarını pozmuş və iddiaçı haqlı olaraq hazırki halda məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, iddiaçı ilə sözügedən Cavabdeh MMC arasında hər hansı əmək münasibətləri və bağlılıq qalmamışdır. Belə olan halda “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12 dekabr 2003-cü il tarixli 560-İİQ nömrəli Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən cavabdeh müvafiq dəyişiklik barədə məlumatın qeydə alınması üçün Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə mürcaiət etməli idi. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə iddiaçının hüququnu müdafiə etmək məqsədi ilə iddia tələbi təmin edilməli, iddiaçının pozulmuş hüquqları bərpa edilməli, İddiaçı Cavabdeh MMC-nin direktoru vəzifəsindən azad olunması haqqında dəyişiklik barədə məlumatın Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində qeydə alınması öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı Cavabdeh MMC-nin direktoru vəzifəsindən azad olunması haqqında dəyişiklik barədə məlumatın Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində qeydə alınması öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Gülnar Babazadə