Məhkəmə qərarları › İş №e-2(004)-3897/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3897/2025

23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3897/2025 23.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş (açar sözlər: alqı-satqı müqaviləsi) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xəlil Ülkər Abdurahman qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 23 mart 2025-ci il tarixli, BY010206 nömrəli nisyə satış müqaviləsi üzrə ödənilməmiş 3299 (üç min iki yüz doxsan doqquz) manat məbləğində borcun və 53 (əlli üç) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış 23 mart 2025-ci il tarixli, BY010206 nömrəli nisyə satış müqaviləsi və ona əlavələrə əsasən, satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh dəyəri 3299 manat olan "Samsung QE65 Q60DAUXRU//09E83K6X800023" markalı televizorun satılması, cavabdeh tərəfindən 3299 manatın müqaviləyə 1 saylı əlavəyə uyğun olaraq 18 ay müddətinə hissəhissə ödənilməsi razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış 23 mart 2025-ci il tarixli, BY010206 nömrəli müqaviləyə 2 saylı əlavədən görünür ki, alıcı Cavabdeh 23 mart 2025ci il tarixdə 1 ədəd "Samsung QE65 Q60DAUXRU//09E83K6X800023" markalı televizoru təhvil-təslim aktına imza etməklə qəbul etmişdir. Lakin cavabdeh müqavilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, indiyə kimi heç bir ödəniş etməmiş, 23 mart 2025-ci il tarixli, BY010206 saylı müqavilə üzrə 04 iyun 2025-ci il tarixinə 3299 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdehə qalıq borcun ödənilməsi, əks halda məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq göndərilmiş, lakin cavabdeh yenə də öz üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməyərək, borcunu ödəməmişdir. II. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, BY010206 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı (İddiaçı MMC) müqaviləyə əsasən 3299 manat dəyərində olan Samsung televizoru nisyə satır, alıcı isə həmin malı 2 saylı əlavəyə uyğun qəbul edir, malın dəyərini ilkin ödəniş etmədən aylıq 185 manat, sonuncu ay isə 154 manat olmaqla 18 ay müddətinə ödəməyi öhdəsinə götürür.

5. Müqaviləyə 1 saylı əlavə ödəniş cədvəlində cavabdeh tərəfindən aylar üzrə ödənilməli məbləğlər öz əksini tapmışdır.

6. Təhvil-təslim aktından görünür ki, məhsul iddiaçı tərəfindən cavabdehə tam qüsursuz halda təhvil verilmişdir.

7. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən xx.xx.2025-ci il tarixinə yaranmış 3299 manat borcun 3 təqvim günü ərzində qaytarılmasını tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.

8. İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2025-ci il tarixli, BY010206 saylı alqı-satqı müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə 3299 manat borcu vardır.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

10. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

12. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

14. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

15. Həmin Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

16. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında nisyə alqısatqı müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

17. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 3299 manat borc tutularaq iddiaçıya ödənilməlidir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 53 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

IV. Nəticə:

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 3299 manat borc və ödənilmiş 53 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3352 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar