Məhkəmə qərarları › İş №e-2(004)-3913/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3913/2024

26.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3913/2024 26.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi Almasova Aytən Asəf qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xüsusi mülkiyyətlərində olan Bakı şəhəri, Yasamal rayonu, 523-cü məhəllə, 7-ci Xrebtovaya küçəsində yerləşən 12 nömrəli evin 24 saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 177525 №-li, xx.xx.2004-cü il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 523-cü məhəllə, 7-ci Xrebtovaya küçəsində yerləşən 12 nömrəli evin 24 saylı mənzilin ½ hissəsi İddiaçı1, ½ hissəsi isə İddiaçı2 xüsusi mülkiyyətindədir. Cavabdeh İddiaçı1 keçmiş həyat yoldaşır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-3489/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı1 arasında Bakı Nikah Evi tərəfindən xx.xx.2010-cu il tarixdə 332 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Cavabdeh həmin mənzildə yaşamır, anasının mənzilində yaşayır. Məhkəmə iclasında iştirak edən İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, İddiaçı1 və Cavabdeh 2010-cu ildə rəsmi nikaha daxil olmuş, 2021-ci ildə onlar arasında nikah pozulmuşdur. Həmin mənzil iddiaçıların mülkiyyətinə İddiaçı1 vəfatından sonra 2004-cü ildə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında keçmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəfin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin ÖM seriyalı 177525 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən xx.xx.2004-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilin ½ hissəsi İddiaçı1, ½ hissəsi isə İddiaçı2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3489/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddianın təmin edilməsi, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı1 arasında Bakı Nikah Evi tərəfindən xx.xx.2010-cu il tarixdə 332 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 anası Cavabdeh yanında qalması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-535/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 Cavabdeh himayəsindən alınaraq atası İddiaçı1 himayəsinə verilməsi, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 miqdarında alimentin tutularaq İddiaçı1 verilməsi qət edilmişdir. İş materiallarında olan 158 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli Aktından görünür ki, Cavabdeh 2021-ci ilin avqust ayından ünvan 1 ünvanında yerləşən 24 saylı mənzildə yaşamır. Mənzil İddiaçı1 və İddiaçı2 mülkiyyətində və sahibliyindədir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı1 və Cavabdeh xx.xx.2010cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Daha sonra tərəflər arasındakı nikah Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3489/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 anası Cavabdeh yanında qalması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 535/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X1 Səbinə Nurəddin qızının himayəsindən alınaraq ataları İddiaçı1 himayəsinə verilmişdir. xx.xx.2004-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilin ½ hissəsi İddiaçı1, ½ hissəsi isə İddiaçı2 adına qeydiyyata alınmışdır. Hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2, İddiaçı1 və Cavabdeh arasında nikah pozulmasına, cavabdehin qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilin İddiaçı1 və Cavabdeh birgə nikahda olduqları müddətdə deyil, 2004-cü il tarixdə iddiaçıların mülkiyyətinə vərəsəlik qaydasında keçdiyinə istinad edərək, Cavabdeh onların xüsusi mülkiyyətlərində olan Bakı şəhəri, Yasamal rayonu, 523-cü məhəllə, 7-ci Xrebtovaya küçəsində yerləşən 12 nömrəli evin 24 saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirlər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə cavabdehin mübahisəli mənzil üzərində istifadə hüququnun olub olmamasına münasibət bildirməzdən əvvəl qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan Azərbaycan Respublikasının Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin ÖM seriyalı 177525 nömrəli Qeydiyyat Vəsiqəsindən də müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən 24 saylı mənzil İddiaçı1 və Cavabdeh birgə nikahda olduqları dövrdə (xx.xx.2010-cu il-xx.xx.2021-ci il) deyil, xx.xx.2004-cü il tarixdə hər birinin payı ½ olmaqla iddiaçıların adına qeydiyyata alınmışdır. ½ hissədə ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilə mülkiyyət hüququ olan İddiaçı1 Cavabdeh ilə nikah bağladıqdan sonra Cavabdeh İddiaçı1 ailə üzvü kimi (həyat yoldaşı) istifadə hüququ yaranmışdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, cavabdehin elə nikah bağladıqdan sonra həmin mənzilə köçməsi qəbul edilsə, onun mənzil üzərində istifadə hüququ xx.xx.2010-cu il tarixdə yarandığından istifadə hüququna xitam verilib-verilməməsinin müəyyən edilməsi zamanı 1 oktyabr 2009-cu ildən etibarən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri ilə bağlı müddəaları nəzərə alınacaqdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsində qeyd edilmişdir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Həmin normanın məzmunundan çıxış edərək məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında nikah pozulduqda, Cavabdeh həmin mübahisəli mənzilə istifadə hüququna da xitam verilmişdir. Belə ki, tərəflər arasında nikah 2021-ci il tarixdə pozulmuşdur. Cavabdeh uzun müddətdir ki, həmin mənzildə yaşamır. İşin materialları ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, cavabdeh mübahisəli evdən köçüb getmiş və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli evlə əlaqəsini kəsmişdir. Onun mübahisəli mənzildə qeydiyyatı formal xarakter daşıyır. Yaranmış vəziyyətdə cavabdehin mənzildə yaşamadığına baxmayaraq, onun mənzilə formal qeydiyyatının və istifadə hüququnun saxlanılması iddiaçıların mənzil üzərində qanuni sahiblikdən irəli gələn hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdırır. Buna görə də, cavabdehin iddiaçıların mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən 24 saylı mənzildən istifadə hüququna xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən 24 saylı mənzildən istifadə hüququna xitam verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar