Məhkəmə qərarları › İş №e-2(004)-3917/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3917/2024

17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3917/2024 17.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi və tutmanın mallara yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borcun ödənilməsi və tutmanın mallara yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixinə hesablanmış 910 (doqquz yüz on) manat məbləğində əsas borcun, 208,80 (iki yüz manat 80 qəpik) manat cərimə məbləğinin, qətnamə icra olunan günə kimi hər ay 130 (bir yüz otuz) manat məbləğində saxlama haqqının və ödənilmiş 31,19 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borcun Cavabdeh tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Saxlayıcı” İddiaçı MMC ilə “Tapşıran” Cavabdeh arasında xx.xx.2023-cü il tarixli “Malların anbarda saxlama” müqaviləsi imzalanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən “Saxlayıcı” sifariş əsasında “Tapşıran”ın ona verdiyi daşınar əşyaları (malları) özünə məxsus anbarda saxlamağı, “Tapşıran” isə bunun müqabilində müqavilə ilə müəyyən edilmiş qaydada, müddətdə və məbləğdə (130 manat) saxlama haqqını ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, İddiaçı MMC bu günə qədər müqavilə və qanunvericilik üzrə öhdəliklərini tam, keyfiyyətli və vicdanlılığın tələb etdiyi tərzdə yerinə yetirmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən saxlanc anbarına vaxtaşırı mallar daxil edilərək bu günədək anbarda saxlanılsa da, cavabdeh öhdəliklərini pozaraq saxlama haqqının ödənişindən yayınmışdır. Qoşmaya əlavə edilmiş fotoşəkillərdən də aşkar görünür ki, cavabdeh iddiaçının qanuni sahibliyində olan sahənin böyük bir hissəsini uzun müddətdir ki, saxlama haqqını ödəməməklə qanunsuz olaraq zəbt etmişdir və beləliklə, iddiaçıya maddi zərər vurmuşdur. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin saxlama haqqı üzrə bu günə olan qalıq borcu 910 (doqquz yüz on) manat təşkil etməkdədir. Tərəfindən Cavabdeh dəfələrlə saxlama haqqının ödənilməsinə dair şifahi, mobil nömrəsinə, “WhatsApp” tətbiqi vasitəsi ilə və xx.xx.2024-cü il tarixində yazılı qaydada pretenziya məktubu ilə müraciətlər olunsa da, cavabdeh bu günə qədər saxlama haqlarını ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmaqdadır. Əlavə olaraq bildirmişdir ki, xx.xx.2023-ci il tarixli müqavilənin 5.4-cü bəndinə əsasən saxlama haqqının ödənilməsinin gecikdirildiyi hər gün üçün “Tapşıran” “Saxlayıcı”ya aylıq saxlama haqqının 1%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Bu əsasla gecikdirilmiş müddət üzrə cavabdehin ödəməli olduğu cərimə məbləği ümumilikdə 696 (altı yüz doxsan altı) manat təşkil etsə də, tərəfindən güzəşt faizi tətbiq edilərək əsas borc məbləğinin 30 %-i həcmində, yəni cəmi 208,80 manat dəbbə pulu tələb edilməkdədir. Hesab edir ki, Cavabdeh qanunsuz hərəkətlərinin qarşısı alınmalı və şirkətə vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməlidir. Tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilənin 7.2-ci bəndində göstərilmişdir ki, “Danışıqlarla həll edilməyən məsələlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq “Saxlayıcı”nın hüquqi ünvanının olduğu yerin məhkəmələri vasitəsi ilə həll olunacaq”. Odur ki, mübahisəyə iddiaçının – “Saxlayıcı”nın hüquqi ünvanının olduğu yerin məhkəməsində, yəni Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Bundan əlavə bildirmişdir ki, tərəflər arasında bağlanmış saxlama müqaviləsinin “Tərəflərin ünvanları və rekvizitləri” bölməsində tapşıran Cavabdeh VÖEN-nin göstərilməməsi, eləcə də müqavilədə həmin müqavilənin Cavabdeh həyata keçirdiyi sahibkarlıq fəaliyyəti ilə əlaqədar bağlanmasına dəlalət edən hər hansı şərtin yer almaması, həmçinin Ali Məhkəmənin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən qanunvericinin məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb etməsi şərhi işin ümumi məhkəmələr tərəfindən baxılmasını tələb edir. İşə məhkəmədə baxılan zaman iddiaçının nümayəndəsi X2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh xx.xx.2024-cü il tarixinə hesablanmış 910 (doqquz yüz on) manat məbləğində əsas borcun, 208,80 (iki yüz manat 80 qəpik) manat cərimə məbləğinin, mallar anbardan çıxarılan günə kimi cavabdehdən saxlama haqqının və ödənilmiş 31,19 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borcun Cavabdeh tutulması və anbarın tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli malların anbarda saxlama müqaviləsinə əsasən Saxlayıcı (anbar sahibi) İddiaçı MMC sifariş əsasında Tapşıran Cavabdeh ona verdiyi daşınar əşyaları (bundan sonra “Mallar”ı) özünə məxsus anbarda saxlamağı, Tapşıran isə bunun müqabilində bu Müqavilə müəyyən olunmuş qayda və müddətdə saxlama haqqı ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə bağlandığı andan qüvvədədir və xx.xx.2023-cü il tarixinədək qüvvədədir. Müqavilənin bitməsinə ən azı 10 gün qalmış ona xitam vermək haqqında hər hansı tərəfin yazılı müraciəti olmadıqda, müqavilənin müddəti hər dəfə eyni müddətə uzadılmış hesab olunur. Müqavilənin 5.1-ci bəndinə əsasən bu Müqaviləyə əsasən malların anbarda saxlama haqqı aylıq 130 manat məbləğində müəyyən edilir və öncədən ödənilir. Müqavilənin 5.3-cü bəndinə əsasən saxlama haqqı malların anbar aktı üzrə anbara daxil edildiyi gündən etibarən son malın anbardan çıxarıldığı günə kimi hesablanır. Müqavilənin 5.4-cü bəndinə əsasən “Tapşıran” saxlama haqqının gecikdirilməsinə görə “Saxlayıcı”ya hər gecikdirilmiş gün üçün aylıq saxlama haqqının 1%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.5-ci bəndinə əsasən saxlama haqqının gecikdirildiyi gündən etibarən 2 (iki) ay ərzində Tapşıran saxlama haqqını və cərimə məbləğini ödəməzsə Saxlayıcı Tapşıranı yazılı qaydada xəbərdar etməklə yaranmış borc məbləğini saxlanc mallarına yönəltmək barədə müvafiq tədbirləri həyata keçirə bilər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli “Malların anbarda saxlama” Müqaviləsinə əsasən malların saxlanılması üçün İddiaçı MMC saxlanc anbarını Cavabdeh istifadəsinə vermişdir. Bu müddət ərzində Cavabdeh tərəfindən saxlama haqqı olaraq ümumilikdə 130 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh ödəniş üzrə xx.xx.2024-cü il tarixinədək 165 gün gecikməsi müşahidə edilir. Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixinə əsas borcu 910 manat, cərimə borcu 950 manat təşkil edir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubuna əsasən pretenziya məktubu rəsmi qaydada təqdim edildikdən sonra Cavabdeh 3 iş günü müddətində gecikmiş anbarda saxlama haqqı məbləği olaraq 814 manat ödənilməsi, əks təqdirdə məhkəmə və hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, belə olan halda isə əlavə olaraq cərimə borcu kimi hesablanmış 642 manat pulun alınaraq anbarda saxlanılmış malların boşaldılmasına, açıq hərracda satılmasına dair müvafif icra tədbirlərinə başlanacağı qeyd edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 822-ci maddəsinə əsasən saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. 823.1-ci maddəsinə əsasən tapşıran saxlama müqaviləsinin icrası ilə bağlı saxlayıcının çəkdiyi zəruri xərclərin əvəzini ödəməlidir. 823.2-ci maddəsinə əsasən tapşıran saxlama üçün muzdu yalnız o halda ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya şərait nəzərə alınmaqla saxlama üçün muzd ödənilməsi qəbul edilmiş olsun. Zərurət olduqda muzd saxlamanın sonunda ödənilir. Müəyyən zaman hissələri üçün muzd ödənilməsi barədə razılaşma olduqda həmin muzd müvafiq olaraq ayrı-ayrı zaman hissələrinin sonunda hissələr şəklində ödənilir. 830.1-ci maddəsinə əsasən əgər müəyyən muzd (saxlama haqqı) şərtləşdirilməyibsə, anbar sahibinin anbarda saxlama üçün adi haqq almaq hüququ vardır. Əgər tapşıran malı tamamilə və ya qismən geri qəbul edərsə, saxlama haqqını hər bir halda ödəməlidir. Əgər saxlama müddəti üç aydan çoxdursa, anbarda saxlama haqqı müvafiq olaraq hər üç ayın sonunda ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, saxlayıcı Yük Taksisi.Az” MMC ilə tapşıran Cavabdeh arasında xx.xx.2023-cü il tarixli malların anbarda saxlama müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “Saxlayıcı” sifariş əsasında “Tapşıran”a məxsus malları özünə məxsus anbarda saxlamağı, “Tapşıran” isə bunun müqabilində müqavilədə müəyyən edilmiş qaydada və müddətdə saxlama haqqını ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, malları iddiaçı Yük Taksisi.Az” MMC-nin saxlanc anbarında saxlamasına baxmayaraq 130 manat məbləğində saxlama haqqını müqavilədə müəyyən edilmiş qaydada və müddətdə ödəməyərək, müqavilənin şərtlərini pozmuş, öhdəliklərini lazımınca icra etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə hesablanmış 910 manat məbləğində əsas borcun tutulması hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə malların anbardan çıxarılan günə kimi cavabdehdən saxlama haqqının tutulması hissəsində də iddia tələbini əsaslı hesab edir. Belə ki, müqavilənin şərtlərinə əsasən saxlama haqqı malların anbar aktı üzrə anbara daxil edildiyi gündən etibarən son malın anbardan çıxarıldığı günə kimi hesablanır. Yuxarıda qeyd olunanlar əsas götürülməklə, məhkəmə iddia tələbini borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini ödəməzsə, qalıq borcun Cavabdeh tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi hissəsində də əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan 208,80 manat məbləğində dəbbə pulu (cərimə) azaldılaraq 64 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin saxlama müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixinə hesablanmış 910 manat əsas, 64 manat cərimə borcu, mallar anbardan çıxarılan günə kimi hər ay 130 manat məbləğində saxlama haqqı tutularaq İddiaçı MMC-yə ödənilməli, borc məbləği anbarda saxlanılan mallara yönəldilməli, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borc Cavabdeh tutulmalı, borc tam ödənildikdən sonra anbar sahəsi tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 31.19 manat məbləğində dövlət rüsumunun 30 manat məbləği cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixinə hesablanmış 910 (doqquz yüz on) manat əsas, 64 (altmış dörd) manat cərimə borcu, mallar anbardan çıxarılan günə kimi hər ay 130 (yüz otuz) manat məbləğində saxlama haqqı və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Borc məbləği Cavabdeh anbarda saxlanılan mallarına yönəldilsin. Malların satışından əldə edilən pul vəsaiti borc məbləğini ödəməzsə, qalıq borc Cavabdeh tutulsun. Borc tam ödənildikdən sonra anbar sahəsi tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar