Məhkəmə qərarları › İş №e-2(004)-3932/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3932/2025

22.08.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3932/2025 22.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pasport qeydiyyatında olduğu ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində doğulmuşdur və hazırda pasport qeydiyyatındadır, lakin atası Cavabdeh tərəfindən ona maneələr yaradılır və qeyd edilən fərdi yaşayış evində yaşamağına imkan vermir. Dəfələrlə ata və oğul münasibətlərini qorumağa çalışmışdır, lakin atası əsassız olaraq maneələr törədir və evdə yaşamağına imkan vermir. Hesab edir ki, bu münasibətlər onun iradəsindən aslı olmayaraq davam edir, atası tərəfindən hüquqlarının məhdudlaşdırılması əsassız olaraq davam edir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisə predmeti olan evdə 1 yaşına çatanadək yaşamışdır. Anası vəfat etdikdən sonra 13-14 yaşına kimi ana nənə-babası ilə yaşamışdır. Nənəsi 2008-ci il tarixdə, babası isə 2013-cü ildə vəfat etmişdir. Ondan sonra nənəsigilin evində təkbaşına yaşamışdır. Xalası ona uzaqdan köməklik edirdi. Bu müddət ərzində atası ona köməklik etməmişdir. Pandemiyadan sonra xalası da vəfat etdi. Atası bir dəfə onu əsgərliyə gedəndə gəlib görmüşdü. Əsgərlikdən sonra evlənməyə hazırlaşdığından atasına onun evində qalmaq istədiyini bildirmiş, atası ilk başda razı olsa da, sonra etiraz edərək, evdə həyat yoldaşının və qızlarının olduğunu bildirmişdir. 2025-ci ilin may ayında atası ona zəng edərək, evlərin söküləcəyini, bu səbəbdən onu qeydiyyatdan çıxartmaq istədiyini bildirmişdir. Qeyd edir ki, nənəbabası vəfat etdikdən torpaq sahəsi almışdır. Belə ki, ailə qurmaq üçün xalasından köməklik istəmiş, nənə-babasından qalan miras əmlakdan bölünən payı xalası ilə dəyişdirmiş, əldə etdiyi pulla ev almışdır. Bundan başqa atası maddi imkanının olamadığını bildirsə də, ikinci dəfə evlənərək, ailə qurmuşdur, uşaqlarına da baxır. Əgər bütün bunlara imkanı çatırsa, ona az da olsa maddi köməklik edə bilərdi. Verilən suallara cavab olaraq bildirmişdir ki, evdə yaşamaq niyyəti yoxdur, hazırda evi var, ailəsi ilə birlikdə orada yaşayır, borcu çoxdur, ona düşən payı istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı oğlunun nümayəndəsi və vəkili Vəkil1 iddianın məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisə olunan mənzil cavabdehə, yəni iddiaçının atasına məxsusdur. İddiaçı orada 1994-cü ildən qeydiyyatdadır. Cavabdeh ikini dəfə ailə qurub, iddiaçı isə nənə-babasının yanında qalıb, ona nənəsi baxıb. Cavabdehin iddiaçıya qarşı yaşamaq hüququ və ya qeydiyyatdan çıxarılma ilə bağlı tələbi olmayıb. Atası iddiaçıya maddi köməklik də etməyib. Cavabdehə məxsus ev söküntü zonasına düşür. İddiaçı evdən pay götürmək istəyir. Cavabdehə barışıq sazişi bağlamaq təklif olunsa da baş tutmamışdır. Tərəflər arasındakı hüquq münasibətləri 1994-cü ildən yaranıb. Köhnə məcəllənin təsiri altına düşmür. 1999-cu ilin yeni Mənzil Məcəlləsi ilə tənzimlənməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, onun rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, iddiaçının anası intihar edib, o öldükdən sonra iddiaçının nənə-babası atasının uşağa baxa bilməyəcəyini deyərək, onu yanlarına götürüblər. Cavabdeh fəhlə olduğundan uşağına maddi köməklik edə bilməyib. Lakin iddiaçının həyat şəraiti yaxşı olub. Onun cavabdehə məxsus evə köçürülməsinə ehtiyac yoxdur. Belə ki, həmin evdə cavabdeh öz həyat yoldaşı, anası, bibisi və iki qızı ilə yaşayır. Mənzil sökülmə ərəfəsindədir. 7 nəfər yaşayır, başqa şəxsin köçürülməsi mümkün deyil. İddiaçı evlidir, evi də var. Məqsədi evdən pay almaqdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, onun rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, əsgərliyinə qədər oğluna bacardığı qədər baxmışdır. Ona evə gəlib-getməsini bildirsə də gəlməyib. Ona heç vaxt gəlib qalmamasını bildirməyib. Evdə 7 nəfər yaşayır, hətta anası və bibisi də onlarla qalır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 082724 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən 28 kv.m yaşayış sahəsindən ibarət olan 2 otaqlı ev Cavabdeh Məmmədkərim oğlunun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə 1167 saylı reyestr kitabında 175331 nömrə ilə xx.xx.2001-ci il tarixdə qeydiyyat aparılmışdır. 3 saylı Bakı "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: Cavabdeh arvadı X5 (xx.xx.1973) oğlu İddiaçı (xx.xx.1994, evlidir), qızları X12 (xx.xx.1999, evlidir) və X4r (xx.xx.2001). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2024-cü il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh Kərim oğlu 29 noyabr 2004-cü il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər X12 (xx.xx.1999), İddiaçı (xx.xx.1994), X8 (xx.xx.2001), X15 (xx.xx.2024), X5 (xx.xx.1973), X9 (xx.xx.1951), X2 (xx.xx.1944). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2025-ci il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı 10 iyul 2010-cu il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər X12 (xx.xx.1999), Quliyev X16 (xx.xx.1971), X8 (xx.xx.2001), X15 (xx.xx.2024), X5 (xx.xx.1973), X9 (xx.xx.1951), X2 (xx.xx.1944). Bakı şəhəri, Yasamal rayonu, S.Tağızadə küçəsi ünvanda yaşayan X13, X11, X1, X6 tərəfindən tərtib olunmuş qonşuluq aktından görünür ki, İddiaçı qeydiyyatda olduğu və ya adına sənədləşdirilmiş ünvan 3 ünvanda yaşamır. Aktın düzgünlüyünü və həqiqiliyini öz imzaları ilə təsdiq etmişdirlər. Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X24 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna 3-21-3-30/2-37408/2025 nömrəli, 19 avqust 2025-ci il tarixli məktubla cavab ünvanlayaraq bildirmişdir ki, İddiaçı adına (xx.xx.1994- cü il təvəllüdlü) Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsi, 79D saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0.0113 ha torpaq sahəsi; Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsi, ev 5, 22a saylı mənzil qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sorğu ilə əlaqədar olaraq müvafiq sənədlərin təsdiq edilmiş surətini təqdim edirlər. Həmin məktuba əlavə edilmiş: Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xitməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********46-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsi, 79D saylı, sahəsi 55,30 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi 0.0113 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xitməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********66-05101-093025 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən sahəsi 42,60 kv.m olan mənzil xx.xx.2023-cü il tarixdə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının atası Cavabdeh xüsusi mülkiyyətindədir. İddiaçı doğulanda sonra bir yaşına kimi həmin evdə yaşamış, 1995-ci ildə anası vəfat etdikdən sonra nənə-babası iddiaçını götürüb öz evlərində baxıb böyütmüşdürlər. Cavabdeh isə ikinci dəfə ailə qurmuşdur və hazırda mübahisəli yaşayış evində həyat yoldaşı, iki qız övladı, anası və bibisi ilə birlikdə yaşayır. İddiaçı atasına məxsus olan həmin yaşayış evinə köçürülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi, iddiaçının mübahisəli mənzillə bağlı hüquqları 1995-ci ilə qədər yarandığından hazırki mübahisəyə hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan (2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan) Mənzil Məcəlləsinin müddəaları qanunun analogiyası üzrə tətbiq edilməlidir. Belə ki, köhnə Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin maddənin 3-cü bəndinə əsasən, Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə—onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə saxlanır. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi). Bu maddənin 1-7-ci və 10-cu bəndlərində göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Həmin Məcəllənin 118-ci maddəsinə əsasən, Xüsusi mülkiyyətində yaşayış evi (evin bir hissəsi) olan vətəndaşlar ondan şəxsən yaşamaq üçün və ailə üzvlərinin yaşaması üçün istifadə edirlər. Onlar həmin evə (evin bir hissəsinə), başqa vətəndaşları köçürmək, habelə onu icarəyə vermək hüququna malikdirlər. Həmin Məcəllənin 126-cı maddəsinə əsasən, Xüsusi mülkiyyət hüququ ilə vətəndaşa məxsus evdə yaşayış sahəsinin icarədarı ona icarəyə verilmiş sahəyə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdir. İcarədar təcrid edilmiş sahə tutursa, o özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini) və əmək qabiliyyəti olmayan valideynlərini də oraya köçürmək ixtiyarına malikdir. Başqa şəxslərin köçürülməsinə yalnız ev mülkiyyətçisinin və icarədar ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə yol verilir. Qanunvericiliyin tələblərinə görə iddiaçının mübahisəli mənzilə istifadə hüquqları 1994-cü ildə yaranmışdır. Belə ki, o, valideynləri ilə həmin evdə yaşamış, onlarla bərabər hüquqlar, o cümlədən istifadə hüquqları əldə etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında qeyd olunur: “Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir.” Bununla əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı 1 yaşında olanda, yəni 1995ci ildə nənə-babası onu yanlarına götürərək, öz evlərində böyütmüşlər, nənə və babası müvafiq olaraq 2008 və 2013-cü illərdə vəfat etmiş, lakin iddiaçı onlara məxsus evdə yaşamağa davam etmiş və yetkinlik yaşına çatdıqdan sonra da ata evinə qayıtmamış, daha sonra isə ailə qurmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X24 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış 3-21-3-30/2-37408/2025 nömrəli, 19 avqust 2025-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən də müəyyən edilmişdir ki, İddiaçı adına Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsi, 79D saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0.0113 ha torpaq sahəsi; Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsi, ev 5, 22a saylı mənzil qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Göründüyü kimi iddiaçının yaşayış də ehtiyacı yoxdur. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı mübahisəli mənzildə uzun illərdir yaşamadığından həmin fərdi yaşayış evinə dair istifadə hüquqlarını itirmişdir. Göründüyü kimi iddiaçı mübahisə olunan evdə 1 yaşına, yəni 1995-ci ilədək yaşamış, həmin ildə anasının vəfatından sonra nənə və babasının evində yaşamağa başlamış, onların vəfatından sonrada həmin mənzildə yaşamağa davam etmiş, yetkinlik yaşına çatdıqdan sonra da mübahisəli mənzilə köçürülmə barədə atasına qarşı iddia irəli sürməmişdir. Hazırda onun adına fərdi yaşayış evi (torpaq sahəsi ilə birlikdə) və mənzil vardır. Beləliklə, qanunvericiliyin tələbinə əsaslanaraq qeyd edilməlidir ki, iddiaçının atasına məxsus mübahisəli mənzildən istifadə hüququ itirildiyindən onun həmin mənzilə köçürülməsinə hər hansı bir hüquqi əsası yoxdur. İddiaçı, uzun illərdir orada yaşamır, iddiaçının formal qeydiyyatı mübahisəli mənzilə köçürülməsinin qanuni əsası kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, hazırki iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77,216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar