Məhkəmə qərarları › İş №e-2(004)-3940/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3940/2023

12.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3940/2023 12.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pay hüququnun tanınması və mənzilə köçürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pay hüququnun tanınması və mənzilə köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ünvan 1 ünvan üzrə ½ hissədə pay hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı 10 dekabr 2004-cü il tarixdə AZ-T 053211 saylı nikah haqqında şəhadətnaməyə əsasən birgə nikaha daxil olmuşdurlar. Qeyd etmək istəyir ki, nikah bağlanarkən müdafiə etdiyi şəxs İddiaçı 10 dekabr 2004-cü il tarixdə ünvan 2 ünvanına gəlin gəlmişdir və həmin vaxtdan həmin mənzilin qeydiyyatına düşmüşdür. Birgə nikahdan iki yetkinlik yaşına çatmayan övladları - 07 noyabr 2005-ci il təvəllüdlü X6 və 23 dekabr 2012-ci il təvəllüdlü X3 həmin mənzildə anadan olmuşdurlar və hal-hazıradək həmin ünvanda qeydiyyatdadırlar. Lakin 2023-cü il tarixdə müdafiə etdiyi şəxs İddiaçı ilə Cavabdeh arasında ailə münasibətləri soyuduqları ilə əlaqədar, İddiaçı tərəfindən nikahın pozulmasına dair iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət olunubdur. Beləliklə müdafiə etdiyi şəxs İddiaçı 19 ildir ki, Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi ev 15/17, mənzil 48-də yaşayıbdır. 19 il ərzində cavabdehlə birgə təsərrüfat apararkən evin təmirinə müəyyən qədər xərc buraxmışdır. Hal bu ki, Cavabdeh ailə münasibəti qurulan vaxtdan başlayaraq, Cavabdeh müdafiə etdiyi şəxs İddiaçı rəhbər etdiyi şirkətdə işləyərkən 440 manat əmək haqqı alırdı. Qeyd etmək istəyir ki, İddiaçı rəhbərlik etdiyi şirkət, həmin ünvanın qeydiyyatındadır. Bunu da bildirmək istəyir ki, İddiaçı gəlin cehizləri hal-hazırda yuxarıda qeyd olunan ünvanda yerləşir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 oğlu etirazla məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Yasamal rayon məhkəməsində "pay hüququnun tanınması və mənzilə köçürülməsinə dair iddia qaldıraraq məhkəmədən Bakı şəhəri,Mikayıl Müşfiq küçəsində yerləşən ev 15/17, 48 saylı mənzilin A hissəsinə pay hüququnun tanınması və həmin mənzilə köçürülməsi haqda qətnamə qəbul etməyi xahiş edir. İddianı qəbul etmir və hesab edir ki, iddia aşağıda istinad edilmiş əsaslara görə rədd edilməlidir. İddiaçı iddia tələblərini onunla əsaslandırır ki,o, Cavabdeh ilə xx.xx.2004-cü il tarixdə rəsmi nikaha girməklə evlənmiş,həmin tarixdə də cavabdehə məxsus Bakı şəhəri,Mikayıl Müşfiq küçəsində yerləşən ev 15/17,48 saylı mənzilə gəlin köçmüş, qeyd edilmiş ünvanda da onların xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X4 adında iki övladları anadan olmuş, bu günədək həmin evdə qeydiyyatdadır və ona məxsus cəhiz əşyaları həmin mənzildə olmasını əsas olaraq göstərmişdir. Hesab edir ki, iddiaçının qeyd edilmiş dəlilləri aşağıda göstərilmiş əsaslarla tam təkzib olunur. İlk növbədə məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, hazırki mübahisə ilə bağlı tərəflər xx.xx.2004-cü il tarixdə rəsmi nikaha girməklə ailə həyatı qurarkən onların özlərinə aid yaşayış sahələri olmamış, bu səbəbdən də özlərinə münasib yaşayış sahəsi alanadək iddiaçı cavabdehin anasına məxsus olan Bakı şəhəri, Mikayıl Müşfiq küçəsində yerləşən ev 15/17,48 saylı mənzilə gəlin köçmüş, həmin mənzildə yaşamış və qeyd edilmiş mənzildə də onların birgə nikah münasibətlərindən iki övladları anadan olmuşdur. xx.xx.2015-ci ildə mənzilin mülkiyyətçisi X5 vəfat etmiş, axırıncının vəfatından sonra həmin mənzil vərəsəlik qaydasında cavabdehin mülkiyyətinə keçmiş olsa da, tərəflər nikahda olduğu dövrdə xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə iddiaçının adına ümümi sahəsi 135,90 kv.m olan Bakı şəhəri, Yasamal rayonu, M.Rahim küçəsi, 539-540-cı məhəllə, ev 4A, 47 saylı, yeni qaydalarla - Bakı şəhəri Yasamal rayonu, M.Rahim küçəsi, 16, M8, 3 saylı mənzil almış və alan gündən də ailə üzvüləri ilə birlikdə həyat yoldaşı və iki övladı) köçüb həmin mənzildə bu günədək yaşayırlar. 2023-cü ilin may ayından onların ailə münasibətləri pozulmuş, iddiaçı Bakı şəhəri Yasamal rayon məhkəməsində cavabdehə qarşı nikahın ləğv edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlaklarda payların müəyyən edilməsinə dair iddia qaldırmış, hal-hazırda iddiaçı özünə məxsus Bakı şəhəri Yasamal rayonu, M.Rahim küçəsi, 16, M8, 3 saylı mənzildə yaşamağa davam edir, cavabdeh isə əvəllər anasına məxsus olmuş, hazırda isə ona məxsus olan mübahisə edilən mənzildə yaşayır. İddiaçı öz adına aldığı Bakı şəhəri Yasamal rayonu, M.Rahim küçəsi, 16, M8, 3 saylı mənzilə köçərkən cəhiz əmlaklarını da özü ilə götürmüşdür. Göründüyü kimi iddiaçı artıq 2020-ci ildən özünə məxsus Bakı şəhəri Yasamal rayonu, M.Rahim küçəsi, 16, M8, 3 saylı mənzildə yaşadığı halda mərhum qaynanası Leyla Əliyeva məxsus olmuş mənzildə qeydiyyatda qalmasından istifadə edərək həmin mənzilə pay hüququnun tanınması və köçürülməsinə dair tələb irəli sürür. Məlum məsələdir ki, Bakı şəhəri Yasamal rayonu, M.Rahim küçəsi, 16, M8, 3 saylı mənzil birgə nikah dövründə əldə edilmiş mənzil olmadığından həmin mənzilə iddiaçının pay hüququnun tanınmasına dair tələb əsaslı sayıla bilməz. Digər tərəfdən iddiaçı qeydiyyatda olan mənzilə o halda köçürülə bilərdi ki, o, həmin mənzildə yaşasın və yeganı yaşayış yeri olmuş olsun. İş materiallarından görünür ki,iddiaçı 2020-ci ildən özünə məxsus Bakı şəhəri Yasamal rayonu, M.Rahim küçəsi, 16, M8, 3 saylı mənzildə yaşayır, ona məxsus heç bir əmlak həmin mənzildə qalmamış və qeydiyyat yaşamadığı yaşayış sahəsinə köçürülməsi üçün əsas kimi qəbul edilə bilməz. Həqiqət isə ondan ibarətdir ki, iddiaçı hazırda yaşadığı Bakı şəhəri Yasamal rayonu, M.Rahim küçəsi, 16, M8, 3 saylı mənzil mülkiyyətində olduğu halda həmin mənzilə qeydiyyata düşmək istəmir, müxtəlif bəhanələrlə mübahisə edilən mənzilə əlində saxlamaq istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir və izahatında bildirmişdir ki, cavabdeh tərəfindən verilən etiraz qəbul edilməməlidir. Həmin mənzildə iddiaçı qaynanası ilə birlikdə yaşamış və cehiz əşyalarını həmin mənzilə aparmışdır. Odur ki, mənzil birgə nikah dövründə əldə olunduğundan iddiaçının payı müəyyən edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 etirazı müdafiə edərək izahatında bildirmişdir ki, mənzil cavabdehə anasından vərəsəlik yolu ilə keçmişdir və birgə nikah dövründə əldə olunan əmlak sayıla bilməz. Odur ki, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X1, X6 və İddiaçı 14 may 2011-ci il tarixdən olmaqla ünvan 1 ünvanına qeydiyyatdadırlar. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 14 fevral 2015-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyət ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdən Cavabdeh adına qeydə alınmışdır. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Rahim küçəsi, 539-540-cı məhəllə, 4A, mənzil 67, giriş 2, yeni qaydalarla - Bakı şəhəri Yasamal rayonu, M.Rahim küçəsi, 16, M8, 3 saylı mənzil xx.xx.2020-ci il tarixdən ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı onların sazışı əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlaka ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin l hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2004-cü il tarixdə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra tərəflər və nikahdan olan uşaqları ilə birlikdə cavabdehin anası X2 mülkiyyətində olan ünvan 1 ünvanında yaşamışlar. Həmin mənzil X5 öldükdən sonra onun oğlu Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdən qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Göstərilən maddələrə əsasən iddiaçının mənzilə istifadə hüququnun yaranması üçün mənzilin birinci mülkiyyətiçisinin notariat qayasında təsdiq edilmiş razılığı olmalı idi, həmçinin həmin razılaşma dövlət reyestrində qeydə alındıqdan sonra iddiaçı mənzildən istifadə hüququna malik ola bilərdi. Bundan əlavə iddiaçının mübahisəli mənzildə qeydiyyatda olması formaldır, yəni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Rahim küçəsi, 539-540-cı məhəllə, 4A, mənzil 67, giriş 2, yeni qaydalarla - Bakı şəhəri Yasamal rayonu, M.Rahim küçəsi, 16, M8, 3 saylı mənzil xx.xx.2020-ci il tarixdən ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydə alınmış və iddiaçı artıq 2020-ci ildən həmin mənzildə qeydiyyatdadır. Odur ki, məhkəmə hesab edir ki, Bakı şəhəri, Yasamal Rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən ev 15/17, 48 nömrəli mənzilə mülkiyyətçi tərəfindən notariat qaydasında təsdiqlənən razılığı əsasında iddiaçının mənzildən istifadə hüququ olmadığından və bu dövlət reyestrində qeydə alınmadığından iddiaçının həmin mənzildən istifadə hüququ yoxdur. Həmçinin 2020-ci il tarixdən Bakı şəhəri, Yasamal rayonu, M.Rahim küçəsi, 539-540-cı məhəllə, 4A, mənzil 67, giriş 2, yeni qaydalarla - Bakı şəhəri Yasamal rayonu, M.Rahim küçəsi, 16, M8, 3 saylı mənzilin iddiaçının adına qeydə alınması və 2020-ci il tarixdən həmin mənzildə qeydiyyatda olması artıq mübahisəli mənzildə, yəni ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olması formal olduğunu göstərir. Bununla da, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Bakı şəhəri, Yasamal Rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən ev 15/17, 48 saylı mənzilə pay hüququnun tanınması və mənzilə köçürülməsi tələbi əsassız və qanunsuz olduğundan iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "pay hüququnun tanınması və mənzilə köçürülməsi” tələbinə dair iddiası təmin edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar