Məhkəmə qərarları › İş №e-2(004)-3952/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3952/2025

21.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3952/2025 21.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “X10" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz hesab edilməsi, məcburi iş buraxmaya görə əmək haqqı, işə bərpa və mənəvi zərərə görə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” X7 və "xxxx" ASC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz hesab edilməsi, məcburi iş buraxmaya görə əmək haqqı, işə bərpa və mənəvi zərərə görə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin əsassız və qanunsuz hesab edilməsi; əvvəlki vəzifəsi – ictimai işlər üzrə köməkçi vəzifəsinə işə bərpa olunmağının təmin edilməsi; işsiz qaldığı dövr (xx.xx.2025-ci ildən bu günədək) üçün orta aylıq əmək haqqının ödənilməsi; ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədilə 1500 (min beş yüz) manat kompensasiya verilməsinin qərara alınması; işsiz şəxs kimi qeydiyyatda olduğu üçün, hüquqlarının daha dolğun müdafiəsi məqsədilə Azərbaycan Respublikasının “Hüquqi yardım haqqında” Qanununun 20 və 21-ci maddələrinə əsasən, ona dövlət hesabına vəkilin təyin olunmasının təmin edilməsi; məhkəmə xərcləri və digər hüquqi məsrəflərin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixindən etibarən Cavabdeh MMC ilə bağlanmış əmək müqaviləsi əsasında "xxxx" ASC-nin Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsində ictimai işlər üzrə köməkçi vəzifəsində çalışmışdır. Əmək fəaliyyəti dövründə ona qarşı hər hansı intizam tənbeh tədbiri tətbiq edilməmiş, iş rejimi və daxili intizam qaydalarına əməl etmiş, vəzifə borcunu məsuliyyətlə yerinə yetirmişdir. Buna baxmayaraq, xx.xx.2025-ci il tarixində əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin başa çatması) əsasən birtərəfli şəkildə, xəbərdarlıq edilmədən və şəffaflıqdan uzaq şəkildə xitam verilib. Ona bildirildiyinə görə, bu xitam bildirişi xx.xx.2024-cü il tarixində “Əmək və məşğulluq” altsistemi vasitəsilə göndərilmişdir. Lakin o, bu barədə nə yazılı, nə də elektron formada məlumat almamışdır. Əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı onunla əvvəlcədən danışılmayıb, izahatı alınmayıb, yeni iş yeri ilə təmin olunmamışdır. Bu isə əmək qanunvericiliyinin – xüsusən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin (əmək müqaviləsinin ləğvi zamanı işçinin maraqlarının qorunması) pozulması deməkdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə və DOST Mərkəzlərinə xx.xx.2025-ci il tarixində etdiyi yazılı müraciətinə cavab olaraq bildirilib ki, izahat verdiyi halda, sadəcə Regional Məşğulluq filialına müraciət etməyi tövsiyə edilib. Faktiki olaraq bu qurumlar bir-biri ilə eyni struktur çərçivəsində fəaliyyət göstərdiyindən, onun müraciəti obyektiv araşdırılmamış, hüquqlarının bərpası üçün real tədbirlər görülməmişdir. Nəticə olaraq, ona əmək müqaviləsinə əsasən ödənilməli olan işsizlik sığortası üzrə müavinət də bu günədək verilməmişdir. Bu isə onun sosial rifahının və həyat şəraitinin pisləşməsinə səbəb olmuşdur. Əmək münasibətlərinə birtərəfli və qanunsuz müdaxilənin nəticəsində həm mənəvi zərərə məruz qalmış, həm də faktiki olaraq gəlir mənbəyindən məhrum olmuşdur. Daha sonra İddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdehlər “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” X6 və "xxxx" ASC-nin əsl cavabdeh “X10" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3952/2025 saylı, 04 iyul 2025-ci il tarixli protokolu ilə cavabdehlər “Dayanıqlı və Dperativ Sosial Təminat Agentliyi” X8 və "xxxx" ASC əsl cavabdeh “X10" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi X10 24 iyul 2025-ci il tarixdə iddia tələbinə etiraz məhkəməyə təqdim edərək bildirmişdir ki, İddiaçı (Babayevanın) iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 30 oktyabr tarixli 602 nömrəli Sərəncamı ilə 2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası təsdiq edilmişdir. “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prenzidentinin Sərəncamı sosial cəhətdən həssas əhali qruplarının əmək bazarında iştirakının artırılmasına yönəldiyindən “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” məşğulluğun inkişafına dair işçi qüvvəsinin bacarıqlarının yüksəldilməsi, əmək məhsuldarlığının artırılması, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi təmin edilir. Sözügedən sərəncamın 4.4.5-ci maddəsinə əsasən işsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunun çevik və səmərəli təşkili məqsədilə əmək birjalarının və haqqı ödənilən ictimai işlərin təşkili mexanizminin yeniləşdirilməsi əsas prioritetlərdən biridir. Bu dövlət proqramı 2019-2030-cu illəri əhatə etdiyindən, həmçinin sosial layihə olduğundan müvəqqəti xarakter daşıyır. Bu proqramdan irəli gələn məsələrin həll edilməsi və ən əsas da proqramdan hər bir vətəndaşın yararlanması əsas prioritetlərdən biridir. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən 2019-cu ilin əvvəlindən ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan “İşsizin DOSTu” proqramına başlanılmışdır. Həmin proqram Cavabdeh MMC tərəfindən icra olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 84 nömrəli Qərarı ilə təsdiqlənmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 1.2-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.6-cı bəndinə əsasən isə ictimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin "e” bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Yuxarıda qeyd olunan Qanunların tələbləri nəzərə alınaraq tərəflərin qarşılıqlı razılığı ilə İddiaçı (Babayeva) ilə Cavabdeh MMC arasında xx.xx.2021ci il tarixində əmək müqaviləsi bağlanılaraq "xxxx" ASC-nin Xəzər RETSİ üzrə Xəzər rayonu ərazisinə ictimai işlər üzrə köməkçi vəzifəsinə təhkim edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) 1 -ci bəndinə əsasən əmək müqaviləsinə xitam veriləcəyinə dair “Xidmət üçün müraciətlə bağlı” bildiriş xx.xx.2024-cü il tarixində Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemi vasitəsilə İddiaçı (Babayevaya) göndərilmiş, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə uyğun olaraq İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam verilmiş və son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) ödənilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqavilələri sərbəst bağlanılır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Qeyd edilən əmək müqaviləsi ölkə miqyasında icra olunan, əhalinin sosial rifahının yüksəldilməsi və dayanıqlı məşğulluğunun təmin edilməsini nəzərdə tutan müddətli layihənin həyata keçirilməsindən irəli gəlmiş, vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək və bir çox vətəndaşın həmin layihədən yaralanması layihənin əsas prioritetlərindən hesab edilmişdir. Sözügedən əmək müqaviləsi müddətli əmək müqaviləsi olmuşdur. Qanunvericiliyin tələbinə əsasən bu hal, yəni şəxsin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi əmək müqaviləsinin müddətli bağlanılmasına yol verilən hallar siyahısına daxil edilmişdir. Əmək müqaviləsi 1 ay müddətə nəzərdə tutulmuş, 1 aylıq müddət başa çatdıqdan sonra tərəflər əmək müqaviləsinə xitam verilməsini tələb etmədikləri halda müqavilənin eyni şərtlərlə il sonunadək uzadılması şərti qeyd edilmişdir. Tərəflər arasında bağlanılmış müqavilənin qeyd edilən bəndindən açıq-aydın görünür ki, müqavilə üzrə müəyyən edilmiş 1 (bir) aylıq müddət başa çatdıqda onun uzadılması eyni şərtlərlə, yəni 1 (bir) ay müddətinə uzadıla bilər. Məlumat üçün bildirilmişdir ki, hazırki mübahisə üzrə cavabdeh MMC olsa da, həmin MMC-nin fəaliyyət sosial yönümlü olmaqla dövlət layihəsidir (MMC-nin idarəretməsi dövlətə məxsusdur) və işçilərin təminatı vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi məqsədilə məhz dövlət tərəfindən həyata keçirilir. Belə olan halda məhkəmə hazırki hüquq münasibətlərinə formal olaraq deyil, mahiyyəti üzrə baxmaqla qiymətləndirməyi zəruri hesab etməlidir. Dövlətin müvafiq sosial layihəsi üzrə işçi uzun müddət işləmiş və məşğulluğunu, maddi təminatını qarşılamışdır, lakin müvafiq sosial layihədən təkcə eyni vətəndaşlar deyil, müxtəlif digər vətəndaşlar da faydalanmalı, dövlət məhdudiyyətsiz formada qeyri-müəyyən müddətə əmək münasibətlərini davam etdirməkdə yüklənməməlidir. Nəzərə alınmalıdır ki, sözügedən sosial layihələr müvafiq dövrə tətbiq edilməklə məhdud (müvəqqəti) xarakterlidir və vətəndaşları işləməyə, əməyə təşviq edir, maddi təminatlarına dəstək verir. Dövləti daimi əsaslarla əmək müqaviləsi bağlamaqla mükəlləf etmək həmin layihənin sosial mahiyyətinə və işçilərin pozulmuş əmək hüquqlarının müdafiəsinin fəlsəfəsinə uyğun gəlmir. Nəzərə alınmalıdır ki, müddətli, xüsusən 1, 2, 3 aylıq qısa müddətli əmək müqavilələrinə məhkəmələrin yanaşması təcrübi olaraq fərqlidir və bu münasibətlərdən işçilərin müdafiəsinin maksimal təminatı qorunur. Yəni, məlumdur ki, heç kim 1-2-3 aylıq müqavilə bağlamaqda maraqlı deyil, hər kəs istəyər ki, (istisnalar xaric) əmək müqavilələri təminatlı, daimi və uzun müddətli olsun. Bununla da, işəgötürənlərin işçilər üzərindəki hüquqlarından sui-istifadə etmək imkanları qanunla və məhkəmə vasitəsilə məhdudlaşdırılır, lakin hazırki mübahisədə yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, bir tərəfdə (işəgötürən) dövlət və dövlətin sosial layihəsi dayanır. Dövlətin sosial siyasətinə uyğun olaraq büdcəsinin sosial yönümlə xərcləri müvafiq məbləğlərlə məhdudlaşır, xərclərin həddləri büdcə imkanları həddində dəyərləndirilir. Hazırda həmin layihənin getdikcə məhdudlaşdırılması, analoji digər layihələrin tətbiq edilməsi, özünü məşğulluğun təmin edilməsi müvafiq dövlət orqanları tərəfindən planlaşdırılır. Həmçinin İddiaçı (Babayeva) qanunvericiliyin tələblərinə uyğun olaraq işə bərpa olunmaq üçün məhkəməyə iddia qaldırmaq müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı Daşdəmirova (Babayeva) Şəmsiyyə Sahib qızının əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam verilsə də, o mediasiya prosesinin tədbiqi barədə xx.xx.2025-ci il tarixində təkliflə Cavabdeh MMC-yə müraciət etmiş, təklif X10 MMC tərəfindən müvafiq olaraq cavablandırılmış, daha sonra İddiaçı (Babayeva) Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Mediasiya prosesi xx.xx.2025-ci il tarixində tərəflərin iştirakı ilə keçirilmiş və həmin tarixdə ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən “Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər”. Hesab edir ki, yuxarıda qeyd edilənlərə və edilmiş qanunvericiliyin tələblərinə əsasən iddiaçı Daşdəmirova (Babayeva) Şəmsiyyə Sahib qızının Cavabdeh MMC- yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz hesab edilməsi, mənəvi zərərə görə kompensasiya ödənilməsi və işə bərpa” edilməsinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı Daşdəmirova (Babayeva) Şəmsiyyə Sahib qızının Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz hesab edilməsi, mənəvi zərərə görə kompensasiya ödənilməsi və işə bərpa” edilməsinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi X10 25 iyul 2025-ci il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçı Daşdəmirova (Babayeva) Şəmsiyyə Sahib qızı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz hesab edilməsi, mənəvi zərərə görə kompensasiya ödənilməsi və işə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən “Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər”. Hesab edir ki, İddiaçı (Babayeva) iddia müddətini buraxmış, həmçinin iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, İddiaçı (Babayeva) ilə Cavabdeh MMC arasında bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə əsasən xx.xx.2025-ci il tarixində xitam verilmiş və son haqq-hesabı ödənilmişdir. İddiaçı (Babayeva) mübahisənin məhkəməyədək həll edilməsi üçün ilk öncə mediasiya prosesinin tətbiqi barədə xx.xx.2025-ci il tarixli təkliflə Cavabdeh MMC-yə müraciət etmiş, təklif Cavabdeh MMC tərəfindən müvafiq olaraq cavablandırılmış, daha sonra İddiaçı (Babayeva) Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Mediasiya prosesi xx.xx.2025-ci il tarixində tərəflərin iştirakı ilə keçirilmiş və həmin tarixdə ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Göründüyü kimi İddiaçı (Babayeva) qanunvericiliyin tələblərinə uyğun olaraq işə bərpa olunmaq üçün iddia qaldırmaq müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Hesab edir ki, yuxarıda qeyd edilən Qanunların tələblərinə əsasən İddiaçı (Babayeva) məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürdüyündən iddia tələbi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. İddia müddəti tətbiq edərək, iddiaçı Daşdəmirova (Babayeva) Şəmsiyyə Sahib qızının Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz hesab edilməsi, mənəvi zərərə görə kompensasiya ödənilməsi və işə bərpa edilməsi” tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, iddiaçı xx.xx.2021-ci il tarixindən etibarən Cavabdeh MMC ilə bağlanmış əmək müqaviləsi əsasında "xxxx" ASC-nin Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsində ictimai işlər üzrə köməkçi işləmişdir. xx.xx.2025-ci il tarixində əmək müqaviləsinə birtərəfli şəkildə, xəbərdarlıq edilmədən xitam verilib. Müəssisəyə yaxınlaşdıqda isə ona bildiriblər ki, müəssisə ləğv edillib, özünə yeni iş tapsın. Bu səbəbdən, məhkəməyə müraciət etmək qərarına gəlib. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Ona verilən suallara cavab olaraq bildirdi ki, həmin gün işdən çıxdığını bilmişdi. Son haqqhesab olub. 07 yanvar tarixində əmək kitabçasını almışdır. O, bu müddət ərzində cavabdeh quruma dəfələrlə müraciət etmişdir. Sonuncu dəfə 1 avqust tarixində müraciət etmişdir. Ona işdən çıxarılmağı ilə bağlı rəsmi məlumat verilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək etirazın və iddia müddətinin tətbiq edilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin əsassız olduğundan və iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2025-ci il tarixli, 4CVTCX5250008 saylı Müraciət vərəqəsinin məzmunundan görünür ki, X3 Cavabdeh MMC-nin Mərdəkan qəsəbəsi filialındakı əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam verilib. Vətəndaş Əmək Məcəlləsində nəzərdə tutulan müddətlə bağlı ona xəbərdarlıq edilmədiyindən şikayətçidir, əsas istəyi isə işə bərpa olunmaqdır. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, X5 xx.xx.2021-ci il tarixində Cavabdeh MMC-də işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixində AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi (əmək müqaviləsinin müddətinin qurtarması) üzrə əmək müqaviləsinə xitam verilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 2 saylı Bakı DOST Mərkəzinin 10 yanvar 2025-ci il tarixli arayışından görünür ki, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə əsasən xx.xx.2025-ci il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzinin 03 aprel 2025-ci il tarixli arayışından görünür ki, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əldə edilmiş məlumata əsasən işsiz kimi qeydiyyatdadır. - İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı haqqı ödənilən ictimai işlərə cəlb olunmaqla təmizlik işləri və sosial xidmətlərinn göstərilməsi üzrə köməkçi vəzifəsinə işə qəbul olunmuşdur. Müqavilənin 2.1-ci bəndinə əsasən bu əmək müqaviləsi 1 ay müddətinə bağlanmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən 2.1-ci bənddə müəyyən edilmiş müddət başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, onun qüvvədə olma müddəti avtomatik olaraq eyni şərtlərlə 30 dekabr 2021-ci il tarixinədək uzadıla bilər. Müqavilənin 2.3-cü bəndinə əsasən işçi 05 yanvar 2021-ci il tarixdən işə başlayır. Müqavilənin 3.1-ci bəndinə əsasən işçinin əmək funksiyaları – şəhər, rayon ərazisinin, küçə, park və meydanların abadlaşdırılması; yaşayış əraziləri, xəstəxana, məktəb, təhsil müəssisələri, yataqxana və pansionatlar, qocalar və əlillər üçün intenar evləri, habelə sosial sferanın digər obyektlərində cari təmiri; yol və körpülərin, istilik və qazanxana sistemlərinin cari təmiri; kənd təsərrüfatı müəssisələrinə köməklik göstərilməsi ilə əlaqədar işlər; təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması işləri; qocalara, əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara qulluq; digər sosial əhəmiyyətli işlərdən ibarətdir. Müqavilənin 4.1-ci bəndinə əsasən işçiyə hər ay 250 (iki yüz əlli) manat məbləğində əmək haqqı ödənilir. - Xidmət üçün müraciətlə bağlı bildirişə əsasən xx.xx.2024-cü il tarixdə X2 göndərilmiş məlumatda görünür ki, tərəfə onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitməsinə qısa vaxt qalmışdır. Bu səbəbdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən xəbərdar edilir ki, onunla bağlanmış əmək müqaviləsinin müddəti bitdikdə xitam veriləcəkdir. Əmək kitabçasını təhvil alınması üçün o və ya etibarnamə əsasında nümayəndəsi X9 gələrk təhvil götürə bilməsi və ya rəsmi müraciəti əsasında əmək kitabçası poçt vasitəsi ilə ona göndərilməsi qeyd edilmişdir. - “DOST” İş Mərkəzi” MMC-nin 06 yanvar 2025-ci il tarixli, 3-17-7/3-4-12/2025 saylı əmrindən çıxarışa əsasən Cavabdeh MMC-də müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş Azərişıq” ASC nəzdində Xəzər RETSİ üzrə Xəzər rayonu ərazisində ictimai işlər üzrə köməkçi vəzifəsində çalışan X1 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə əsasən xx.xx.2025-ci il tarixindən xitam verilməsi, X1 xx.xx.2025-ci il tarixinə qədər olan son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli olan əmək haqqı və digər ödəmələr) ödənilməsi əmr edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin Maddə 11.“b”. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə 47.”e” Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən müddətli əmək müqaviləsi bağlana bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə görə Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci hissəsinə görə isə, Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.5-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər – müvəqqəti məşğulluğun təmin edilməsi məqsədi ilə bu Qanuna uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli Qərarı: 2.6. İctimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Zəruri hallarda müəssisə və məşğulluq mərkəzinin birgə razılığı ilə bu müddət artırıla bilər. 2.7. İctimai işlərdə iştirak etmək istəyən işsiz şəxslərlə işəgötürənlər arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanılır. İşsizlikdən sığorta ödənişi almayan işsiz şəxslər belə müqavilələrin bağlanmasında üstün hüquqa malikdirlər İşdən görünür ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə əsasən iddiaçı cavabdeh MMC tərəfindən "xxxx" ASC-nin Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsində ictimai işlər üzrə köməkçi kimi işə qəbul edilmiş, əmək müqaviləsi 1 ay müddətinə bağlanmış, sonradan əmək münasibətləri davam etdiyinə görə hər dəfə müqavilə müddəti 1 ay uzadılmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə iddiaçını elektron informasiya sistemi vasitəsilə xəbərdarlıq etməklə xx.xx.2025-ci il tarixindən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam vermişdir. Əmək qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Bununla belə, Əmək Məcəlləsinin 47-ci maddəsində istisnalar müəyyən edilmiş, həmin istisnalardan biri isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülməsidir. Belə olan halda əmək müqaviləsi cavabdeh tərəfindən müddətli bağlana bilər. İşdən də görünür ki, cavabdeh ictimai işlərin görülməsi üçün iddiaçı tərəfindən müqavilə əsasında 1 aylıq müddətə işlə təmin edilmiş, tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə azı bir həftə qalmış müqaviləyə xitam verilməsi barədə xəbərdar etmədiyindən həmin müddət bir neçə dəfə uzadılmış, cavabdeh xx.xx.2024-cü il tarixdə (müddətinin bitməsinə azı bir həftə qalmış) iddiaçını elektron informasiya sistemi vasitəsilə xəbərdarlıq etməklə xx.xx.2025-ci il tarixindən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam vermişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən və müqavilənin müddəti qurtardığına görə ona xitam verilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş, hər hansı qanun pozuntusuna yol verilməmişdir. Eyni zamanda məhkəmə bildirir ki, iddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən xeyli müddət keçməsinə baxmayaraq, o, hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür. Belə ki, ilk növbədə məhkəmə qeyd edir ki, iddiaçının özünün məhkəmə iclasında bildirdiyi kimi, əmək kitabçasını 07 yanvar 2025-ci il tarixində almışdır. Belə ki, ona işdən çıxarıldığı bildirilmiş və əmək kitabçası təqdim edilmişdir. Son-haqq hesab 06 yanvar 2025-ci il tarixdə iddiaçının hesabına köçürülmüşdür. Göründüyü kimi iddiaçı işdən əmək müqaviləsinin müddətinin qurtarması ilə çıxarılması ilə bağlı əmrdən hər bir halda məlumatlı olmasına (məhkəmədə verdiyi izahatları ilə, istər son haqq-hesabın köçürülməsi bunu sübut edir) baxmayaraq Mediasiya Şurasına 07 may 2025-ci il tarixdə mediasiya prosesinin tətbiqi ilə bağlı təkliflə müraciət etmişdir. Göründüyü kimi işdən azad edilməsi barədə məlumatı olmasından təxminən 04 ay sonra mediasiya şurasına müraciət etmişdir. Beləliklə, məhkəmə İddiaçı əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən xeyli müddət keçməsinə baxmayaraq, o, hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin müddəaya əsaslanaraq, cavabdeh tərəf yazılı ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı xx.xx.2025ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin əsassız və qanunsuz hesab edilməsi, əvvəlki vəzifəsi olan ictimai işlər üzrə köməkçi vəzifəsinə işə bərpa olunması, işsiz qaldığı dövr üçün orta aylıq əmək haqqının ödənilməsi, ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədilə 1500 (min beş yüz) manat kompensasiya verilməsi, məhkəmə xərcləri və digər hüquqi məsrəflərin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası əsassız olduğundan və qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən (buraxıldığından), rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Azərbaycan Respublikasının Müki Prosessual Məcəllənin: QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin əsassız və qanunsuz hesab edilməsi, əvvəlki vəzifəsi olan ictimai işlər üzrə köməkçi vəzifəsinə işə bərpa olunması, işsiz qaldığı dövr üçün orta aylıq əmək haqqının ödənilməsi, ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədilə 1500 (min beş yüz) manat kompensasiya verilməsi, məhkəmə xərcləri və digər hüquqi məsrəflərin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar