Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4009/2024 30.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Fərhat qızının Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair mülki iş (açar sözlər: əmək müqaviləsi, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi Kamranlı Mahsun Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Fərhat qızının Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı Fərhat qızı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, 007 nömrəli əmrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli 19 nömrəli əmrlə cavabdeh hüquqi şəxsdə əmək müqaviləsi əsasında işə başladı. xx.xx.2024-cü il tarixli əmrlə layihə meneceri vəzifəsində işini davam etdirdi. İşlədiyi müddətdə tərəfindən hər hansı intizam pozuntusuna yol verilməmiş, haqqında hər hansı intizam tənbehi tətbiq edilməmişdir. Hər şəxsin fərdi inkişafı, əmək münasibətləri bazarında daha yaxşı, daha perspektivli, gördüyü işə münasibətdə adekvat əmək haqqında işlərdə çalışması onun təbii haqqıdır. Əlbəttə bu konstitusion hüquq qanunauyğun və digər əmək münasibətləri bazarının iştirakçılarının maraq və nənafelərinə uyğun həyata keçirilməlidir. Belə ki, iddiaçıya gəlmiş yeni iş təklifi əsasında iddiaçı xx.xx.2024-cü il tarixində cavabdehə ərizə ilə müraciət edərək başqa işəgötürənlə əmək müqaviləsi bağlanmasını əsas götürərək onunla aralarında olan əmək müqaviləsinə vaxtından əvvəl 15 may tarixində xitam verilməsini xahiş etmişdir. Cavabdeh isə cavab məktubu ilə iddiaçının ərizəsində qeyd eidlən halın, təsdiq edilməsi üçün bağladığı əmək müqaviləsinin surətini təqdim etməsini, əks halda 1 ay sonra əmək müqaviləsiniə xitam veriləcəyini bildirmişdir. Yeni işəgötürənlə Əmək müqaviləsi xx.xx.2024-cü il tarixində imzalandığından, o cümlədən yeni işə götürən müqavilənin konfidensial saxlanılmalı olduğunu bildirdiyindən yeni əmək müqaviləsini cavabdehə təqdim etmək dediyi tarixdə mümkün olmamışdır, lakin işə qəbulla bağlı aidiyyatı qurumun rəsmi internet səhifəsindən bildirişin təqdim edəcəyini bildirmişdir. Cavabdeh isə bununla razılaşmamış və hər hansı bir hüquqi əsas olmadan iddiaçı ilə aralarında olan əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsi faktiki və Əmək Məcəlləsinin 69.3-cü bəndində qeyd edilən əsas olduğundan onunla cavabdeh arasında olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndini əsas götürərək xitam verilməli qanuni əsaslı və ədalətli deyil.
3. Cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə etiraz verərək iddianın rədd edilməsi, həmçinin hüquqi yardımın göstərilməsi ilə bağlı çəkilmiş 2000 manat məbləğində xərcin iddiaçıdan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 05 aprel 2022-ci il tarixdə cavabdeh müəssisəyə satış üzrə menecer vəzifəsinə işə qəbul edilmişdir. O, 06 may 2024-cü il tarixdə cavabdehə müraciət edərək 14 may 2024-cü il tarixdən etibarən işdən azad olunmasını xahiş etmişdir. Ərizədə başqa hər hansı bir əsas, məsələn başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması göstərilməmişdir. Cavabdeh iddiaçının ərizəsinə cavab olaraq, qanunvericiliyin tələbi baxımından ərizəsində göstərdiyi tarixdə deyil, 1 təqvim ayı sonra işdən azad edilə biləcəyini ona bildirmişdir. Əmək Məcəlləsinin 69-cu maddəsi əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasını müəyyən edir. Ümumi qayda belədir ki, işçi bir təqdim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son-haqq hesabının aparılmasını tələb etmək hüququna malikdir. Yəni işçi istədiyi vaxt işdən çıxa bilməz. Bir aylıq xəbərdarlıq müddəti bu məqsədlə müəyyən edilir ki, işəgötürən həmin işçinin yerinə yeni işçi tapmaq imkanına malik olsun, işəgötürənin iş ahəngi pozulmasın və işəgötürənin fəaliyyətinə xələl gəlməsin. Digər tərəfdən işçi ilə bağlanmış əmək müqaviləsinə onun ərizəsində göstərdiyi gün o hallarda xitam verilə bilər ki, işçi başqa işəgötürən ilə əmək müqaviləsi bağlasın və ya digər əsaslar mövcud olsun. İşçi başqa işəgötürənlə müqavilə bağlamışsa, yaxud digər əsaslar varsa, o, işdən çıxmaq istədiyi müəssisəyə bu barədə müvafiq sübutlar təqdim etməlidir (məs.: başqa işəgötürənlə bağladığı əmək müqaviləsinin surətini/əmək müqaviləsi bildirişini və s.). İddiaçı Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinin tələblərinə uyğun olaraqcavabdehə bu barədə hər hansı sübut təqdim etməmiş, lakin 15 may 2024-cü il tarixdə və ondan sonrakı müddətdə heç bir üzrlü səbəb olmadan işə gəlməmişdir. Cavabdehin 007 nömrəli 22 may 2024-cü il tarixli əmrinə əsasən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Beləliklə cavabdehin 007 nömrəli 22 may 2024-cü il tarixli əmri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi əmək müqaviləsinə dəyişiklik edilməsi barədə bildirişdən görünür ki, iddiaçının başqa işəgötürənlə - "xxxx" MMC ilə bağladığı əmək müqaviləsi 15 may 2024-cü il tarixdən deyil, 24 may 2024-cü il tarixdən qüvvəyə minmişdir. Belə ki, müvafiq əmək müqaviləsi bildirişi sistemə 24 may 2024-cü il tarixdə daxil edilmiş və bildiriş həmin tarixdə imzalanmışdır. Deməli, iddiaçı ilə başqa işəgötürən arasında əmək münasibətləri məhz 24 may 2024-cü il tarixdən yaranmışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək iddianın təmin edilməməsini barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
III.Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. X2 məxsus olan xx.xx.2024-cü il tarixli, ******* saylı əmək kitabçasına əsasən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə həmin tarixli, 19 saylı əmrinə əsasən Cavabdeh MMC-də satış üzrə menecer vəzifəsinə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə həmin tarixli əmrlə şöbənin layihə meneceri vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixdə həmin tarixli, 007 saylı əmrə əsasən AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində sadalanan hal) heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə tutduğu vəzifədən azad edilmişdir.
9. İddiaçı Fərhad qızı xx.xx.2024-cü il tarixli ərizəyə əsasən xx.xx.2024-cü il tarixindən etibarən öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir.
10. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən 6 may 2024-cü il tarixli məktubu ilə X1 cəmi 8 gün sonra, yəni 14 may 2024-cü ildə işdən azad edilmək istədiyi qeyd olunub. Qanunvericiliyin tələbini nəzərə alaraq ərizəni təqdim etdiyi gündən 1 təqvim ayı sonra işdən ayrıla bilməsi qeyd olunmuşdur.
11. İddiaçı Fərhad qızı tərəfindən ünvanlanmış məktubda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən işçinin başqa işəgötürənlə əmək müqaviləsi bağladığı təqdirdə ərizəsində qeyd etdiyi gündə işdən çıxa biləcəyi qeyd olunmuşdur. Qeyd olunan halın nəzərə alınaraq 15 may 2024-cü il tarixindən onunla bağlanmış əmək müqaviləsinin ləğv olunması xahiş olunmuşdur.
12. Cavabdeh MMC tərəfindən İddiaçı Fərhad qızına ünvanlanmış xx.xx.2024cü il tarixli 002/24 nömrəli məktubdan görünür ki, istinad olunan Əmək Məcəlləsinin 69.1-ci maddəsində qeyd olunduğu kimi bir hal olarsa, yeni işəgötürənlə bağlanmış hüquqi qüvvəsi olan əmək müqaviləsinin surətinin təqdim olunması tələb edilmiş, əks təqdirdə ərizə təqdim olunan gündən 1 təqvim ayı sonra işdən ayrıla bilməsi qeyd olunmuşdur.
13. Cavabdeh MMC tərəfindən İddiaçı Fərhad qızına ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba əsasən bildirilmişdir ki, 15 may 2024-cü il, 16 may 2024 və 17 may 2024-cü il tarixlərində işdə olmamışdır. Təcili işə çıxması və işə gəlmədiyi tarixlər üçün İnsan Resursları şöbəsinə yaxınlaşıb izahat yazmağı xahiş olunmuşdur.
14. İşçinin iş vaxtı iş yerində olmaması haqqında xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, müvafiq tarixlərdə, saat 09:00-da işçilər tərəfindən daxili nizam-inzitam qaydalarına əmək olunmasına nəzarət məqsədilə aparılmış yoxlama nəticəsində layihə meneceri İddiaçı Fərhad qızının iş yerində olmaması müəyyən edilmişdir.
15. İddiaçı və "xxxx" MMC arasında bağlanmış 15 may 2024-cü il tarixli əmək müqaviləsinə əsasən iddiaçı sərgi xidmətinin meneceri vəzifəsinə işə qəbul edilmişdir.
16. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdən "xxxx" MMC-də işə başlamışdır.
17. Əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli, X/007/24 nömrəli əmrə əsasən Cavabdeh MMC-nin layihə meneceri vəzifəsində çalışan İddiaçı Fərhad qızı 06 may 2024-cü il tarixində işdən azad olunma barədə ərizə verərək 14 may 2024-cü il tarixindən etibarən işdən azad olunmasını xahiş etmişdir. İşçinin ərizəsinə 07 may 2024-cü iltarixli 001/24 nömrəli məktubla cavab verilmiş, bu cavab məktubunda ona izah edilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. İddiaçı Fərhad qızı isə 06 may 2024-cü il tarixli ərizəsində əmək müqaviləsini ləğv etmək istədiyi tarix olaraq 14 may 2024-cü il tarixini qeyd edib – yəni cəmi 8 gün sonra. Bu baxımından ona bildirilmişdir ki, ərizəni təqdim etdiyi gündən bir təqvim ayı ərzində işdən ayrıla bilər. Cavab məktublarına qarşılıq olaraq işçi tərəfindən 10 may 2024-cü il tarixində yazılı şəkildə onlara bildirilmişdir ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığı təqdirdə ərizəsində qeyd etdiyi gündən işdən çıxa bilər. Lakin işçidən bununla bağlı yeni işəgötürənlə bağladığı və hüquqi qüvvəsi olan əmək müqaviləsinin surətini təqdim etməsi istənildikdə işçi bu məktubu qəbul etməkdən imtina etmişdir – bu barədə kuryer xidməti tərəfindən 15 may 2024-cü il tarixli akt tərtib edilmişdir. İşçi yeni əmək müqaviləsi bağladığını əsas gətirsə də, bununla bağlı heç bir sənədi cəmiyyətə təqdim etməmişdir. Bu hal artıq işçinin öz əmək funksiyalarını yerinə yetirməkdən həm əmək müqaviləsi şərtlərinə, həm də əmək qanunvericiliyinə zidd olaraq imtina etməsidir – onlar bunun ciddi intizam pozuntusu olaraq qəbul edirlər. Bundan əlavə 15, 16, 17, 20, 21 may 2024-cü il tarixlərində işçi heç bir üzrlü səbəb bildirmədən bütün iş günü ərzində işə gəlməmişdir. Bu qədər müddət ərzində heç bir üzrlü səbəb olmadan işə gəlməmək artıq müəssisənin normal iş ahənginin pozulmasına gətirib çıxarır. Qeyd edilmiş hal ilə bağlı tərəflərindən 20 may 2024-cü il tarixli, 003/24 saylı məktubla işçiyə bildirilmişdir ki, işə gəlsin və işə gəlmədiyi tarixlər üçün yazılı izahat təqdim etsin. Lakin işçi tərəfindən bu bildirişin qəbul edilməsindən də imtina edilmişdir – bu barədə kuryer xidməti tərəfindən 21 may 2024-cü il tarixli akt tərtib edilmişdir. Cəmiyyətin layihə meneceri vəzifəsində çalışan İddiaçı Fərhad qızının başqa işəgötürənlə bağladığı əmək müqaviləsi barədə onlara heç bir sənəd təqdim etməməsi, tərəflərindən verilmiş bildirişlərə cavabverilməsindən imtina etməsi, o cümlədən heç bir üzrlü səbəb olmadan 15,16,17,20,21 may 2024-cü il tarixlərində işə gəlməməsini əsas götürərək və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, 72-ci maddəsinin “a” bəndini (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla, heç bir üzrlü səbəb olmadan bütün günü işə gəlməməsi) nəzərə almaqla cəmiyyətin layihə meneceri vəzifəsində işləyən İddiaçı Fərhat qızı ilə bağlanmış 05 aprel 2022-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xx.xx.2024-cü il tarixdən xitam verilsin və o, həmin tarixdən etibarən tutduğu vəzifədən azad edilməsi, işçiyə son haqqhesabın ödənilməsi və istifadə etmədiyi əmək məzuniyyətinə görə 4,43 təqvim günü üçün pul əvəzinin verilməsi əmr edilmişdir.
18. Məhkəmə tərəflərin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
19. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin üçüncü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi prinsipinə əsaslanır.
20. Əmək Məcəlləsinin 12-ci maddəsinin “h” bəndinə əsasən əmək münasibətləri sahəsində əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifəsidir.
21. Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2- 1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
22. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında Nazirlər Kabinentinin 06 iyun 2014-cü il tarixli 183 nömrəli qərarının 1-ci bəndindən müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir.
23. Həmin qərarın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir.
24. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
25. Həmin Məcəllənin 69-cu maddəsinin 3-cü maddəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
26. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən müəssisə ləğv edildikdə; işçilərin sayı və ya ştatları ixtisar edildikdə; peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda ləğv edilə bilər.
27. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
28. Həmin Məcəllənin 72-ci maddəsinin a bəndi isə özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
29. Məhkəmə tərəflərin izahatların dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır.
30. Belə ki, iddiaçının xx.xx.2024-cü il tarixdən etibarən işə çıxmaması işin mübahisəsiz halıdır.
31. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə ərizə ünvanlayaraq xx.xx.2024-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, cavabdeh onunla bağlanmış əmək müqaviləsinə 1 təqvim ayı sonra xitam verilə biləcəyini, digər işəgötürənlə əmək müqaviləsi bağladığı halda təqdim olunması tələb etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdən işə çıxmamış, cavabdeh iddiaçıya bir neçə dəfə məktub ünvanlayaraq işə gəlməsini və izahat yazmasını tələb etmiş, xx.xx.2024-cü il tarixli əmrlə isə xx.xx.2024xx.xx.2024-cü il tarixədək iddiaçının işə gəlməməsini əsas götürərək onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad edərək xitam vermişdir. İddiaçı cavabdehlə bağlanmış hüquqi qüvvəsi olan əmək müqaviləsi olduğundan digər işəgötürənlə yazılı formada kağız daşıyıcıda tərtib edilməklə xx.xx.2024cü il tarixdə əmək müqaviləsi bağlamış, cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş xx.xx.2024-cü il tarixdə sistemə daxil edildikdən 1 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildiriş daxil edilərək xx.xx.2024-cü il tarixdən digər işəgötürənlə işə başlamışdır.
32. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi imperativ xarakter daşımır. Belə ki, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır. İddiaçının başqa işəgötürənlə əmək müqaviləsi bağladığını bildiyi halda onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verməsi iddiaçıya qarşı cavabdehin qərəzli mövqeyinin olduğunu əks etdirir. Belə ki, iddiaçı cavabdehdən əvvəl onunla əmək münasibətlərini davam etdirmək niyyətində olmaması ilə bağlı iradəsini ifadə etmişdir. xx.xx.2024-cü il tarixdən isə digər işəgötürənlə bağlanmış əmək müqaviləsinə əsasən işə başlamışdır. Əmək Məcəlləsinin 69-cu maddənin 3-cü hissəsi isə daha çox işçinin mənafeyinə xidmət edən norma olub, ümumi qaydadan istisnalar müəyyən edir.
33. Digər bir tərəfdən işin faktiki hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2024-cü il tarixdən işə gəlməməsi ilə əmək funksiyasını pozması müəyyən edilsə də, bu pozuntunun xarakteri və ağırlıq dərəcəsi onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin "a" bəndinin tələblərini pozması səbəbi ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə mütənasib deyildir. İşəgötürən olan cavabdeh iddiaçının 2022-ci ildən Cəmiyyətdə qüsursuz işləməsini, peşəkarlıq səviyyəsini nəzərə almadan onun barəsində ən ağır intizam tənbeh tədbirini tətbiq etmişdir. Habuki, qanunvericilik işəgötürənə imkan verir ki, əmək intizamının pozulmasına görə işçi barəsində qanunvericiliklə nəzərdə tutulmuş alternativ intizam tənbeh tədbirlərindən birini tətbiq etsin. Bundan əlavə iddiaçının xx.xx.2024-cü il tarixdən digər işəgötürənlə əmək müqaviləsi bağlaması iddiaçı tərəfindən sübut edilmişdir.
34. Məhkəmə sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, xx.xx.2024-cü il tarixli əmr ləğv edilməlidir.
V. Nəticə:
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı Fərhat qızı barəsində Cavabdeh MMC tərəfindən verilmiş “əmək müqaviləsinə xitam verilməsi” haqqında xx.xx.2024-cü il tarixli, X/007/24 nömrəli əmr ləğv edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Ülkər Xəlil