Məhkəmə qərarları › İş №e-2(004)-4040/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4040/2022

13.10.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4040/2022 13.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X2 oğlunun katibliyi İddiaçı İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “işə bərpa və əmək haqqı” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsinin **********3 saylı, 12 may 2022-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi, 30 may 2022-ci il tarixində gecikdirilməklə ödənilmiş son haqq-hesabın gecikdirildiyi hər gün üçün 1 faiz olmaqla, ümumilikdə 18 gün üçün 18 faiz hesablanmaqla cavabdehdən tutulması, iş vaxtından artıq işlənilmiş vaxtın hesablanaraq ödənilməsi və mediasiya təşkilatında mediasiya keçmək üçün ödənilmiş 50 manat pulun cavabdehdən tututlaraq iddiaçıya ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsinin **********3 saylı, 12 may 2022-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, qətnamə icra olunan (işə bərpa olunan) günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi və mediasiya təşkilatında mediasiya keçmək üçün ödənilmiş 50 manat pulun cavabdehdən tututlaraq iddiaçıya ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində xx.xx.2020-ci il tarixindən müvafiq əmrlə Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə mərkəzi filialında baş mütəxəssis vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixli əmrlə 3 ay müddətinə bağlanmış əmək müqaviləsinə müddətin qurtarması əsası ilə xitam verildiyini qeyd etmişdir. Cavabdeh olaraq hesab edir ki, hazırki mülki iş üzrə iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Prezidentinin "Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2019-cu il 30 dekabr tarixli 912 nömrəli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsi yaradılmış və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə Fondun Nizamnaməsi təsdiq edilmişdir. İstinad olunan Nizamnamənin 1.1-ci bəndində qeyd olunur ki, Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən, əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. Həmin Məcəllənin 11-ci maddəsində işəgötürənin əsas hüquqlarının arasında Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ təsbit olunmuşdur. Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Qeyd edilən Məcəllənin 73-cü maddəsinin 1-ci bəndində vurğulanır ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İstinad olunan maddənin təhlilindən müəyyən etmək mümkündür ki, müddətli əmək müqaviləsinə həmin müqavilədə nəzərdə tutulmuş müddət qurtardıqda xitam verilir. Müddət qurtardıqdan sonra müqavilə 2 şərt mövcud olduqda uzadılmış hesab olunur: Müddət qurtardıqdan sonra işçi və işəgötürən arasında əmək münasibətləri davam etdirilməli; Müddət bitdikdən sonrakı 1 həftə ərzində tərəflərdən heç biri əmək müqaviləsinə xitam verilməsini tələb etməməlidir. Maddənin təhlilindən məlum olur ki, hər 2 şərt eyni vaxtda mövcud olmalıdır. Sözügedən maddəyə əsasən müddət bitdikdə tərəflərdən hər hansı biri müqaviləyə xitam verilməsini tələb etməlidir. Lakin, qanunverici maddədə konkret olaraq tərəflərin müqaviləyə xitam verilməsi tələbini, yəni öz iradəsini hansı formada ifadə etməsini göstərməmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş xxxxxxx000300 nömrəli əmək müqaviləsindən də göründüyü kimi İddiaçı ilə Fond arasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən xx.xx.2020-ci il tarixdən 3 (üç) ay müdddətinə əmək müqaviləsi bağlanılmışdır. Həmçinin, həmin müqavilədə işçininin xx.xx.2020-ci il tarixdən işə başlamalı olduğu, əməkhaqqının məbləği, qəbul edildiyi vəzifənin adı qeyd olunmuşdur. İstinad olunan müqavilə həm işçi, həm də işəgötürən tərəfindən imzalanmışdır. Bundan sonra işəgötürən tərəfindən iddiaçının müvafiq vəzifəyə təyin olunması ilə baqlı 06 avqust 2020-cı il tarixli, **********3 nömrəli əmr verilmişdir. İddiaçı ilə bağlanılmış müddətli əmək müqaviləsinin müddəti hər dəfə 3 aydan aydan az olmayan müddətə uzadılmış, lakin İddiaçı xx.xx.2022-ci il tarixli **********3 nömrəl əmrlə tutduğu vəzifədən azad edilmişdir Göründüyü kimi iddaçının əmək müqaviləsim xitam verilməsinin səbəbi müddətli əmək müqaviləsinin müddətinin bitməsi olmuşdur. Yuxanda qeyd edilənlərə əsasən və isin faktiki hallarından da göründüyü kimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətinin bitməsi əsası ilə, qanunvericiliyin tələblərinə riayət edilməklə xitam verilmişdir. Bu səbəbdən də iddia tələbi tamamilə əsassızdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, pandemiya dövrü evdən işləyirdi. Vətəndaş məmnunluğu üçün ona bildiriblər ki, evdən işlədiyinizə görə şənbə və bazar günləri də işləmişdir. O, həmin qurumda müddətli müqavilə ilə işləyirdi. Aprelin 7-si səhhəti ilə əlaqədar daimi əsaslarla yüngül işə keçməyini xahiş etdikdən 1 ay sonra onu işdən çıxardılar. İşlədiyi idarənin statusu dəyişib publik hüquqi şəxs olmuşdur. Bundan sonra o, dövlət qulluqçusu statusundan azad edilmişdir. Onun vəzifəsi və işi eyni olaraq qalmış, heç bir dəyişiklik olmamışdır. Eyni işi gördüyü üçün heç bir 3 ay sınaq müddəti də ona tətbiq olunmamışdır. Onun müqaviləsi 3 aylıq müddətə imzalanmışdır. Müqaviləni imzalayanda heç oxumağa da icazə verməyiblər. Orada 160 işçi var. Lakin müqaviləsinə xitam verilən tək odur. Rəhbərlik hər zaman ona yaxşı işçi olduğunu bildirmişdir. 300 manat maaşla işlədiyi zaman ona çox təkliflər gəlmiş, lakin rəhbərlik maaş qalxacaq deyib onu iş yerini dəyişməyə qoymamışdır. Əmək haqqı artıqdan sonra 1600 manat, daha sonra isə 2300 manat oldu. Onun aylıq əmək haqqı gəliri 2300 manat olduqda tez-tez xəstələnirsən deyib işdən çıxardılar. Hesab edir ki, onu işdən çıxarmaqları tam qanunsuzdur. Bu səbəbdən də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, İddiaçı qanunsuz olaraq işdən çıxarılmışdır. 18 illik dövlət qulluqçusu olmuşdur. 3 aylıq müddətli müqavilənin imzalanması tamamilə qanunsuzdur. Əmək Məcəlləsinin 47-ci maddəinin “f” bəndi işçinin ziyanına deyil, tam əksinə onun xeyiri üçün nəzərdə tutulmuşdur. İddiaçı səhhəti ilə əlaqədar olaraq daha yüngül işə keçirilməsini istədikdə onun əmək müqaviləsinə xitam verilmişdir. İddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə etiraza uyğun izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. İddia tamamilə əsassızdır. İddiaçı 2 il ərzinə 3 aylıq müddətə bağlanmış əmək müqaviləsi ilə fəaliyyət göstərib, öz imzası ilə müqaviləni təsdiq edib. Lakin heç bir zaman bu hala qarşı etiraz etməyib. Sadacə olaraq hazırda işə bərpa olmaq üçün bundan istifadə edir. İradə ifadəsi olmadığını bildirsə də onun iradə ifadəsi olmuşdur, müqaviləyə etiraz etməmişdir. Müqavilələrin 3 aylıq müddətə bağlanmasının səbəbi odur ki, qanun və ya etik davranış qaydaları pozuntusu edən işçilərin əmək müqaviləsinə tez xitam verilsin. Müddətli müqavilə ilə bağlı Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi mövcuddur və sözügdən müqavilənin bağlanmasında qanunsuz heç bir hala rast gəlinmir. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə əlaqədar Ali Məhkəmənin bir sıra qərarları mövcuddur. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş edir. İş materiallarında olan işəgötürən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsi ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli xxxxxxx000300 saylı əmək müqaviləsindən görünür ki, işçi İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının Sosial Sığorta ödəmələri departamentinin Birdəfəlik və tənzimlənən müavinət sənədlərinin emalı şöbəsinin baş mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin 2.1-ci bəndinə görə bu müqavilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 3 ay müddətinə bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2020-ci il tarixli **********3 nömrəli əmrindən Çıxarışa əsasən müəyyən olunur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə, 47-ci maddəsinin “f” bəndinə və 51-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq bu əmrə əlavə olunan 1 nömrəli siyahıda adları qeyd edilən şəxslər 2020-ci il 6 avqust tarixindən tərəflərin razılığı ilə 1 ay sınaq müddəti müəyyən edilməklə 3 ay müddətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin ixtisaslaşdırılmış mərkəzi filiallarında müvafiq vəzifələrə təyin edilmələri əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2020-ci il tarixli **********3 nömrəli əmrindən Çıxarışa əlavəyə əsasən müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının baş mütəxəssisi vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının **********5 saylı əmrindən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının Sosial Sığorta ödəmələri departamentinin Birdəfəlik və tənzimlənən müavinət sənədlərinin emalı şöbəsinin baş mütəxəssisi İddiaçı əmək intizamını və etik davranış qaydalarını pozaraq xidməti vəzifəsində yol verdiyi nöqsana görə ciddi xəbardarlıq edilmiş, 3 ay müddətində təkrar belə hallara və digər xidməti nöqsanlara yol verdiyi təqdirdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən intizam tənbeh tədbirlərindən birinin görüləcəyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********3 nömrəli əmrdən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının Sosial Sığorta ödəmələri departamentinin Birdəfəlik və tənzimlənən müavinət sənədlərinin emalı şöbəsinin baş mütəxəssisi İddiaçı xx.xx.2022-ci il tarixdən müddətli əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xidməti məktubundan müəyyən olunur ki, İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-c i il tarixli **********3 nömrəli əmrə əsasən xitam verilmiş, ona işdən azad edilən zaman 7 istifadə etmədiyi məzuniyyət gününə görə xx.xx.2022-ci il tarixdə 471,52 manat son haqq-hesab hesablanaraq ödənilmişdir. İş materiallarında olan DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 2022-ci il may tarixli hesablaşma vərəqəsindən müəyyən olunur ki, İddiaçı qalıq məzuniyyət kompensasiyası üzrə 471,52 manat və ödənilən iş günlərinin sayı üzrə 766,67 manat məbləğində son haqq-hesab hesablanmış, tutulmalar üzrə hesablamadan sonra kartına 1012,36 manat pul köçürülmüşdür. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, işəgötürən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsi ilə işçi İddiaçı arasında xx.xx.2020-ci il tarixli xxxxxxx000300 saylı Əmək müqaviləsi bağlanmış və iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının Sosial Sığorta ödəmələri departamentinin Birdəfəlik və tənzimlənən müavinət sənədlərinin emalı şöbəsinin baş mütəxəssisi vəzifəsinə təyin olunmuşdur. Əmək müqaviləsinin 2.1-ci bəndinə görə bu müqavilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 3 ay müddətinə bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə görə müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Belə olan halda işəgötürən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu xx.xx.2022-ci il tarixli **********3 nömrəli əmr ilə İddiaçı müddətli əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə tutduğu vəzifədən azad etmiş və Əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, müddətin uzadılması üçün müddət qurtardıqdan sonra işçi və işəgötürən arasında əmək münasibətləri davam etdirilməli, müddət bitdikdən sonrakı 1 həftə ərzində tərəflərdən heç biri əmək müqaviləsinə xitam verilməsini tələb etməməlidir. Lakin hazırki halda işəgötürən müddət bitdikdə müqaviləyə xitam verilməsini tələb etmişdir. Eyni zamanda DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 2022ci il may tarixli hesablaşma vərəqəsinə əsasən İddiaçı qalıq məzuniyyət kompensasiyası üzrə 471,52 manat və ödənilən iş günlərinin sayı üzrə 766,67 manat məbləğində son haqq-hesab pulu hesablanmış, tutulmalar üzrə hesablamadan sonra kartına 1012,36 manat pul köçürülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, işəgötürənin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq İddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verməsi qanuni və əsaslıdır. İşəgötürənin əmri qanuni olduğundan əmrin ləğv edilməsi, işə bərpa edilməsi, qətnamə icra olunan (işə bərpa olunan) günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi və mediasiya təşkilatında mediasiya keçmək üçün ödənilmiş 50 manat pulun cavabdehdən tututlaraq iddiaçıya ödənilməsi ilə bağlı tələb iddiaçının iddia tələbində əsaslandığı hallarla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etmədiyindən və qeyd olunan hallar iş materialları ilə müəyyən edilmədiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndində əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsinin **********3 saylı, 12 may 2022-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilmə, qətnamə icra olunan (işə bərpa olunan) günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi və mediasiya təşkilatında mediasiya keçmək üçün ödənilmiş 50 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar