Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4067/2024 01.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh hüquqi şəxs Cavabdeh MMC ilə xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və mediasiya haqqı olaraq ödənilmiş 60 manatın onun xeyrinə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh olan vergi ödəyicisi olan hüquqi şəxs Cavabdeh MMC ilə əmək müqaviləsinə əsasən baş operator vəzifəsinə işə götürülmüş və elektron höhümət portalına əlavə edilmişdir. xx.xx.2019-cu il tarixdə cavabdehlə aralarında əmək müqaviləsi bağlanmışdır. 2023-cü ilin noyabr ayının 8-nə kimi orada işləmiş və 2024-cü ilin yanvarın 8-də cavabdeh şirkətin rəhbəri barəsində cinayət işi başlanaraq barəsində həbs qətiimkan tədbiei seçilmişdir Hal-hazırda da həbsdədir. Bundan sonra işləməsə də və aralarında olan əmək müqaviləsi qüvvədən düşsə də elektron hökümət portalında cavabdeh tərəfindən əmək müqaviləsi qüvvədən salınmamışdır. O da, uzun zamandır ki, faktiki olaraq işdən uzaqlaşmağına baxmayaraq, aralarında olan əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilməmişdir. O da faktiki olaraq işləmədiyi halda əmək müqaviləsi hökumət portalında qüvvədən düşmədiyinə görə başqa yerə işə düzələ bilmir. Cavabdeh tərəf isə hal-hazırda həbsdə olduğundan xahişi yerinə yetirilməsi mümükün deyildir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, xx.xx.2019-cu il tarixli bağlanılmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və bu əmək müqaviləsinə dair bildirişin sistemdən silinməsi dair müraciət edilməsi öhdəliyinin maraqlı şəxsə həvalə edilməsi və 60 manat ödənilmiş mediasiya xərcinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Məhkəmə cavabdeh və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Abbaszadə Rəhim izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Azemis” X1 çıxarışdan görünür ki, İddiaçı Cavabdeh MMC-də operator vəzifəsində çalışır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin İddiaçı ünvanladığı 19 fevral 2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, “...Tərəfimizdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin “Əmək və Məşğulluq” alstsistemınə baxış keçirilərkən Sizinlə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixində bağlanmış əmək müqaviləsinə dair bildirişin qüvvədə olduğu məlum olmuşdur. Məlumat üçün bildiririk ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Bildiririk ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxıl edilməsi X4 Xidmətinin səlahiyyətləri xaricindədir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin "Əmək və məşğulluq” altsıstemmə daxıl edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əməl müqaviləsi məhkəmə tərəfindən qüvvədən salınmış hesab edilməli və əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların "Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququ X4 Xidmətinə həvalə edilməlidir”. Mediasiya Sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinin ləğv edilməsi tələbi ilə xx.xx.2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmiş, xx.xx.2024-cü il tarixdə Bakı 2 saylı Mediasiya təşkilatı tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 29.2-ci maddəsinə əsasən “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayış verilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanılmışdır. Hal-hazırda İddiaçı Cavabdeh MMC-də heç bir əmək fəaliyyəti ilə məşğul olmur və həmin müəssisədən heç bir əmək haqqı almır. Hazırki vaxtadək elektron portalda xx.xx.2019-cu il tarixli əmək müqaviləsi qüvvədədir. İddiaçının tələbinin əsasını formal olaraq, operator vəzifəsinə təyin edilməsi, orada faktiki olaraq işləməməsi, hər hansı formada əmək haqqı almaması, onun adına əmək müqaviləsinin hələ də elektron informasiya sistemində aktiv olması təşkil etmişdir. İddiaçı əmək müqaviəsinə xitam verilməsi ilə bağlı işəgötürənə müraciət etmiş, lakin müraciəti nəticəsiz qalmışdır. Pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı müvafiq qurumlara müraciət etsə də, əmək müqaviləsinin xitam verilməsindən imtina edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən hüquq münasibətlərini tənzim etdiyindən məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün əmək qanunvericiliyinin normaları tətbiq olunmalıdır. Həmin Məcəllənin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir. Həmin Məcəllənin 69-cu maddəsinin 1, 2 və 3-cü bəndlərin əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa İşəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, işçi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə, günü ərizəsində konkret göstərdiyi halda, işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Əmək müqaviləsinə həmin gün xitam verilmədiyi halda, işəgötürən bunu ən geci bir təqvim ayı ərzində etməlidir. Məhkəmə həmçinin hesab edir ki, əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi barədə tələb əsaslı olduğu üçün, həmin müqaviləyə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi barədə tələb də əsaslıdır və təmin edilməlidir. Belə ki, AR Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Qanunvericiliyin göstərilən tələbinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi barədə məlumatlar elektron informasiya sistemində qeydiyyata alınmalıdır və həmin qeydiyyat müvafiq icra hakimiyyət orqanı olan X4 Xidməti tərəfindən aparılır. Belə olan halda məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin qeydiyyata alınması X4 Xidmətinin üzərinə qoyulmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2019-cu il tarixli əmək müqaviləsi xitam verilmiş hesab edilməli və buna dair (xitam verilməsinə dair) müvafiq qeydlərin elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanılmış əmək müqaviləsinə xitam verilmiş hesab edilsin və buna dair (xitam verilməsinə dair) müvafiq qeydlərin elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinə həvalə edilsin. Mediasiya xərci olaraq ödənilmiş 60 (altmış) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq, İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-4067/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4067/2024
01.10.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver