Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-407/2024 11.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı “Yük Taksisi.AZ" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı saxlama müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın əmlaklara yönəldilməsi tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixinə hesablanmış 1550 manat məbləğində əsas borcun, 585 manat məbləğində cərimə borcu, qətnamə icra olunan günə kimi hər ay 150 manat məbləğində saxlama haqqının və ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun tutularaq “Yük Taksisi.AZ" MMC-yə ödənilməsi, borc məbləğinin anbarda saxlanılan çanta, divan, masa, mətbəx stolu, stol kreslo, mətbəx oturacağı, şkaf, tumbuçka. yolka (şam ağacı və stollar), ramka, rəsmlər, elektrik soba, tefal, çaynik, stul, qantel, paralel qol., ofis masası, jurnalnıy stol əşyalara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borcun Cavabdeh tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq “Yük Taksisi.AZ" MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “saxlayıcı” İddiaçı MMC ilə “tapşıran” Cavabdeh arasında xx.xx.2022-ci il tarixli “Malların anbarda saxlama” müqaviləsi imzalanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən “saxlayıcı” sifariş əsasında “tapşıran”ın ona verdiyi daşınar əşyaları (malları) özünə məxsus anbarda saxlamağı, “tapşıran” isə bunun müqabilində müqavilə ilə müəyyən edilmiş qaydada, müddətdə və məbləğdə (300 manat) saxlama haqqını ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixdə “tapşıran” Cavabdeh tərəfindən malların bir hissəsi saxlanc anbarından çıxarılmış, buna görə də saxlama haqqı müvafiq qaydada azaldılaraq növbəti aydan etibarən 150 manat müəyyən olunmuşdur. İddiaçı MMC bu günə qədər müqavilə və qanunvericilik üzrə öhdəliklərini tam, keyfiyyətli və vicdanlılığın tələb etdiyi tərzdə yerinə yetirmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən saxlanc anbarına vaxtaşırı mallar daxil edilərək bu günədək anbarda saxlanılsa da, cavabdeh öhdəliklərini pozaraq saxlama haqqının ödənişindən yayınmışdır. Cavabdeh iddiaçının qanuni sahibliyində olan sahənin böyük bir hissəsini uzun müddətdir ki, saxlama haqqını ödəməməklə qanunsuz olaraq zəbt etmişdir və beləliklə, iddiaçıya maddi zərər vurmuşdur. İddiaçı tərəfindən Cavabdeh dəfələrlə saxlama haqqının ödənilməsinə dair şifahi və xx.xx.2023-cü il tarixlərində yazılı qaydada pretenziya məktubu ilə müraciətlər olunsa da, cavabdeh bu günə qədər saxlama haqlarını ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmaqdadır. xx.xx.2022-ci il tarixli müqavilənin 5.4-cü bəndinə əsasən “tapşıran” saxlama haqqının gecikdirilməsinə görə “saxlayıcı”ya hər gecikdirilmiş gün üçün aylıq saxlama haqqının 1%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Bu əsasla gecikdirilmiş müddət üzrə cavabdehin ödəməli olduğu cərimə məbləği ümumilikdə 1950 manat təşkil etsə də, iddiaçı tərəfindən güzəşt faizi tətbiq edilərək məbləğin 30 %-i həcmində, yəni cəmi 585 manat dəbbə pulu tələb edilməkdədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 822. Saxlama müqaviləsi Saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. Maddə 823. Yük verənin (tapşıranın) vəzifələri 823.1. Tapşıran saxlama müqaviləsinin icrası ilə bağlı saxlayıcının çəkdiyi zəruri xərclərin əvəzini ödəməlidir. 823.2. Tapşıran saxlama üçün muzdu yalnız o halda ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya şərait nəzərə alınmaqla saxlama üçün muzd ödənilməsi qəbul edilmiş olsun. Zərurət olduqda muzd saxlamanın sonunda ödənilir. Məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış saxlama müqaviləsinin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən, yəni müqavilənin müddəti bitməsinə baxmayaraq özünə məxsus əşyaları iddiaçıya məxsus anbardan çıxarmadığından və saxlama haqqını ödəmədiyindən iddiaçı haqlı olaraq ona qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. İddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizəyə əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin həmin tarixə saxlama müqaviləsi üzrə əsas borcu 1550 manat təşkil etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia 1550 manat əsas borc tələbi hissəsində təmin edilməlidir. Məhkəmə iddiaçının qətnamə icra olunan günə kimi 150 manat məbləğində saxlama haqqının tutulması tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin «Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə» adlanan 222-ci maddəsinin 2-ci hissəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göründüyü kimi, istinad olunan maddəyə əsasən məhkəmə tərəfindən pul vəsaitlərinin tutulması haqqında qətnamədə cavabdehdən tutulan pul vəsaitlərinin məbləği göstərilməlidir. Məhkəmə tərəfindən qeyri-müəyyən müddətə borc tutula bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddia qətnamə icra olunan günə kimi 150 manat məbləğində saxlama haqqının tutulması tələbi hissəsində təmin edilə bilməz. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmçinin həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə, hesablanmış dəbbə pulunun yüksək olmasını, həmçinin tərəflərin əmlak və digər əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq dəbbə pulu azaldılaraq 108,50 manat məbləğində müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, iddia qalan tələblər hissəsində, yəni borc məbləğinin iddiaçıya məxsus anbarda saxlanılan cavabdehə məxsus əşyalara yönəldilməsi, həmin əmlakların satışından əldə edilmiş pul vəsaiti borc məbləğinin tam həcmdə ödəməzsə, qalıq borcun cavabdehdən tutulması və anbar sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində də əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən,ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq cavabdehdən 31,07 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Beləliklə , iddiaçı tərəfindən 42,85 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda, 41,35 manat dövlət rüsumu ödənildiyindən, əlavə olaraq 1,50 manat dövlət rüsumu da dövlət nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1550 (min beş yüz əlli manat) manat əsas borc, 108,50 (yüz cəkkiz manat əlli qəpik) manat cərimə borcu və 31,07 (otuz bir manat yeddi qəpik) manat dövlət rüsumu tutularaq “Yük Taksisi.AZ" MMC-yə ödənilsin. “Yük Taksisi.AZ" MMC-dən 1,50 manat (bir manat əlli qəpik) dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Tutma “Yük Taksisi.AZ" MMC-nin anbarında saxlanılan Cavabdeh məxsus aşagıda ğöstərilən əmlaklara yönəldilsin: çanta, divan, masa, mətbəx stolu, stol kreslo, mətbəx oturacağı, şkaf, tumbuçka, yolka (şam ağacı və stollar), ramka, rəsmlər, elektrik soba, tefal, çaynik, stul, qantel, paralel qol., ofis masası, jurnalnıy stol əşyalara yönəldilsin. Əmlakların satışından əldə olunan vəsait borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh tutulsun. Borc tam ödənildikdən sonra anbar sahəsi tam boşaldılaraq “Yük Taksisi.AZ" MMCyə təhvil verilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-407/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-407/2024
11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver