Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-407/2025 20.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqaviləyə əsasən Cavabdeh MTK-a ödənilmiş 233112 manat məbləğində puldan 25872 manat ödənişin Cavabdeh MTK-dan alınaraq İddiaçı geri qaytarılması və dövlət rüsumu üçün ödənilmiş 167,62 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MTK arasında 12 mart 2024-cü il tarixli, 001016 saylı müqaviləyə əsasən, Cavabdeh MTK Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, giriş 202B, M6, m3 ünvanında yerləşən mənzili tikib İddiaçı verməyi öhdəsinə götürüb. Bağlanmış müqaviləyə əsasən ümumi dəyər 233112 manat təşkil edib. Müqavilədə mənzilin ümumi sahəsi 88.3 kv/m olaraq qeyd edilmiş və bunun müqabilində iddiaçı cavabdehə 233112 manat ödəmişdir. Lakin ƏMDK-in yanında DƏDRX-ın Bakı Şəhər Ərazi Dairəsi tərəfindən 16 aprel 2024 -cü il tarixdə İddiaçı verilmiş **********62-05301-093138 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mənzilin faktiki sahəsi 78.5 kv/m müəyyən edilmişdir. Belə ki, Cavabdeh MTK tərəfindən mənzilin sahəsi hesablanarkən bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr də ümumi sahəyə daxil edilmişdir. Halbuki, bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr mənzilin ümumi sahəsi hesablanarkən sahəyə daxil edilmir. Bununla da tikinti şirkəti mənzilin sahəsini 88.3 kv/m qeyd edərək məbləği şişirtmiş, iddiaçıdan qanunsuz olaraq əlavə pul almışdır. Bununla əlaqədar MTK-ya ərizə ilə müraciət edilsə də, müraciətlərinə baxılmamışdır. Cavabdeh iddiaya etirazını elektron kabinet vasitəsilə məhkəməyə təqdim edərək, İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair iddiası əsassız olduğundan iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair Yasamal rayon məhkəməsində iddia qaldırmışdır. Hesab edir ki, iddia əsassızdır və buna görə də iddia təmin edilməməlidir. 12 mart 2024-cü ildə iş üzrə iddiaçı MTK-nın sədrinə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr., 3166-cı məhəllə ünvanında inşa etdiyi yaşayış binasında 2 otaqlı, 88.3 kv.m ümumi sahəsi olan mənzilin pulunu hissə-hissə və ya tam şəkildə ödəmək şərti ilə ona satılması barədə ərizə ilə müraciət etmişdir. Ərizəyə baxılmış və İddiaçı ilə Cavabdeh MTK arasında 12 mart 2024-cü ildə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr., 3166-cı məhəllə ünvanında yerləşən yaşayış kompleksində inşa olunan В binası, 7-ci bloku, 6-cı mərtəbə, 2 otaqlı, 3 nömrəli mənzilin tikintisinə dair 001016 saylı “Payçı” müqaviləsi bağlanmışdır. Müqaviənin ümumi dəyəri 233.112 manat təşkil etmişdir. Müqavilə imzalanarkən “Payçı” müqavilənin ümumi dəyərinin 42%-ni, yəni 97.907 manatını ödəmiş, qalan 58%-nin dəyəri isə, yəni 135.205 manat hissəsini isə bankla arasında 120 ay müddətinə bağlanılan kredit müqaviləsinə əsasən, ona veriləcək kreditin hesabına tam şəkildə ödənilməsi ilə həyata keçirilmişdir. İddiaçı mənzilinə mülkiyyət hüququnun təsdiq edilməsi üçün müraciət etmiş və aidiyyatl qurum ona xx.xx.2024-cü il tarixli, reystrdən çıxarış təqdim etmişdir. Çıxarışa əsasən mənzilin sahəsi 78.5 kv.m müəyyən olunmuşdur. Hesab edir ki, mənzilin qanunvericiliyə uyğun əmsallar tətbiq etməklə hesablanması və faktiki sahəsi müqavilədə göstərilən sahə eynilik təşkil etdiyindən iddia əsassızdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə elektron kabinet vasitəsilə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, müqaviləyə əsasən Cavabdeh MTK-a ödənilmiş 233112 manat məbləğində puldan 32419 manat ödənişin Cavabdeh MTK-dan alnaraq İddiaçı qızma geri qaytarılması və dövlət rüsumu üçün ödənilmiş 189,22 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MTK arasında 12 mart 2024-cü il tarixli, 001016 saylı müqaviləyə əsasən, Cavabdeh MTK Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, giriş 202B, M6, m3 ünvanında yerləşən mənzili tikib İddiaçı verməyi öhdəsinə götürüb. Bağlanmış müqaviləyə əsasən ümumi dəyər 233112 manat təşkil edib. Müqavilədə mənzilin ümumi sahəsi 88.3 kv/m olaraq qeyd edilmiş və bunun müqabilində iddiaçı cavabdehə 233112 manat ödəmişdir. Lakin ƏMDK-in yanında DƏDRX-ın Bakı Şəhər Ərazi Dairəsi tərəfindən 16 aprel 2024 -cü il tarixdə İddiaçı verilmiş **********62-05301-093138 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mənzilin faktiki sahəsi 78.5 kv/m müəyyən edilmişdir. Belə ki, Cavabdeh MTK tərəfindən mənzilin sahəsi hesablanarkən bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr də ümumi sahəyə daxil edilmişdir. Halbuki, bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr mənzilin ümumi sahəsi hesablanarkən sahəyə daxil edilmir. Bununla da tikinti şirkəti mənzilin sahəsini 88.3 kv/m qeyd edərək məbləği şişirtmiş, iddiaçıdan qanunsuz olaraq əlavə pul almışdır. Bununla əlaqədar MTK-ya ərizə ilə müraciət edilsə də, müraciətlərinə baxılmamışdır. Beləliklə iddiaçı müqaviləyə əsasən Cavabdeh MTK-a ödənilmiş 233112 manat məbləğində puldan 25872 manat ödənişin Cavabdeh MTK-dan alnaraq İddiaçı geri qaytarılması və dövlət rüsumu üçün ödənilmiş 167,62 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra keçirilmiş ekspertizaya əsasən, Məhkəmə Ekspertiza Mərkəzinin 21 aprel 2025-ci il tarixli, 10/10170 saylı ekspertiza rəyində müəyyən edilib ki, mənzilin sahəsi 76,2 kv/metrdir və Cavabdeh MTK tərəfindən tərtib olunmuş müqavilədə göstərildiyi sahə ilə (88.3 kv/m) faktiki sahə arasında 12,28 kv/m fərq var. Bu sahə üzrə isə aydındır ki, iddiaçı 32419 manat (kv/m üçün 2640 manat) əlavə pul ödəmişdir. Bununla da Cavabdeh MTK-a ödənilmiş 233112 manat məbləğində puldan 32419 manat ödəniş Cavabdeh MTK-dan alnaraq İddiaçı geri qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, cavabdehin nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə məhəkəməyə ərizə verərək, iş üzrə məhkəmənin ekspert qarşısında qoyduğu 5 fərqli suallardan (mənzilin sahəsinin hesablanması qaydalarının üsulları) 3-cü sual və müvafiq olaraq aparılmış tədqiqatın cavabı mtk-nin satış şərtlərinə və müqavilədə əks olunmuş 8.11 bəndinə və müqaviləyə əlavə olunmuş eskiz-layihədə göstərilən qırmızı rənglə əhatələnmiş hissəyə uyğundur. Hətta nəticə olaraq müqavilədə göstərilən 88.3 kv.m sahədən 0.7 kv.m artıq olaraq 89 kv.m nəticə alınmışdır. Bu isə o deməkdir ki, iddiaçı artıq pul ödəməmiş, mənzilin ölçüsü faktiki və qanunvericiliklə müəyyən olunmuş qaydaya riayət olunmaqla hesablanıb. Odur ki, iddiaçının iddia tələbi əsassızdır. Göstərilənləri nəzərə alaraq, xx.xx.2025-ci il tarixli saat 12:15-ə təyin olunmuş məhkəmə baxış iclasını iştirakı olmadan keçirtməklə, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 001016 nömrəli payçı müqaviləsinə əsasən “MTK” Bakı şəhəri, Yasamal r-nu, H.Zərdabi pr., 3166 məhəllə ünvanında yerləşən yaşayış kompleksində inşa olunan В binası, 7 bloku, 6-cı mərtəbə, 3 saylı, 2 otaqlı mənzili tikib və İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürür. "Payçı" bu müqaviləyə əsasən 1.1-ci bənddə göstərilən ünvanda В binası, 7 bloku, 6-cı mərtəbə, 3 saylı, 2 otaqlı mənzili qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri ödənilməsini və həmçinin yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürür. Həmin müqavilənin 2-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri 233 112 manat məbləğində vəsait təşkil edir. Müqavilə dəyərinin ilkin ödənişi 42%, yəni 97907 manat məbləğində vəsait təşkil edir. Müqavilə dəyərinin qalan 58%, yəni 135205 manat məbləğində hissəsi "Payçı" ilə "xxxx" ASC arasında 120 ay müddətinə bağlanacaq kredit müqaviləsinə əsasən "Payçı"ya veriləcək kreditin hesabına tam şəkildə ödənilməsi ilə həyata keçiriləcək. Mənzilin planı və cizgidə əhatə olunan sahəsi bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə № 1-də göstərilmişdir. Həmin müqavilənin 8.11-ci bəndinə əsasən cizgidə əhatə olunmuş sahəyə daxili divaraltı sahə, şaxtaların sahəsi,sütünaltı sahələr, qonşu ilə ortaq divarların alt sahəsinin yarısı, xarici divarların altının tam sahəsi, eyvan və lociyaların tam sahəsi daxil edilir. Azəebaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrində qeydiyyata alındıqda, daxili və qonşu divaraltı sahə, şaxtaların sahəsi, beton sütunların alt sahələri qeyd edilmədiyindən və eyvan, lociyaların sahəsi isə müvafiq əmsallarla nəzərə alındığı üçün çıxarışda verilən sahəsi mənzilin cizgi ilə əhatə olunan sahəsindən fərqli göstərilə bilər bu bununla bağlı yaranan fərqə görə tikinti şirkəti heç bir məsuliyyət daşımır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavəyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti В binası, 7-ci blok, 6-cı mərtəbə, 3 nömrəli mənzilin ümumi sahəsi cizgidə əhatə olunmuş sahə, yəni çöl divarların ortasından hesablanmaqla 88,3 kv.metr təşkil edir. İş materiallarında olan "xxxx" ASC və İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını xx.xx.2024-cü il tarixli Mİ-1001138 saylı kredit müqaviləsinə və xx.xx.2024-cü il tarixli 01 nömrəli əlavə sazişə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. İpoteka predmetinin təsviri və olduğu yer: Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 202B, mənzil 228 Yeni qaydalarla: AZ 1122, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, giriş 202В, M6, m3 ünvanında yerləşən, ümumi sahəsi 78.5 kv/m olan mənzil təşkil edir. Öhdəliyin ölçüsü (məbləği): illik 9 faiz dərəcəsi ilə verilmiş 135205 manat 00 qəpik (yüz otuz beş min iki yüz beş manat sıfır qəpik) təşkil edir. İş materiallarında olan Cavabdeh MTK-nın xx.xx.2024-cü il tarixli, 004723/001016/1 nömrəli arayışa əsasən ünvan 4 ünvanında yaşayan İddiaçı ondan ötrü ki, həqiqətən o, Bakı şəhəri ,Yasamal r-nu ,H.Zərdabi pr. 3166 məhəllə ünvanında tikilən 20 mərtəbəli В yaşayış binasının 7 blokunda 6 mərtəbədəki 3 saylı mənzilin dəyərinin bu göstərilən hissəsini ödəmişdir: ilkin dəyəri: 88,3 x 2 640 = 233 112 manat, ödənilmişdir: 97 907 manat, qalıq borc: 135 205 manat. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayоnu, Həsənbəy Zərdabi prospekti, ev 202B, mənzil 228 (Yeni qaydalarla: AZ 1122, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, giriş 202B, M6, m3) ünvanında yerləşən ümumi sahəsi 78.50 kv.m olan mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/10170/2024 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 202B ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən 3 nömrəli mənzilin ümumi shəsinin 72,85 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 202B ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən 3 nömrəli mənzilin ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı, şaxtalar nəzərə alınmadan sahəsinin 76,02 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 202B ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən 3 nömrəli mənzilin ümumi sahəsi bayır və ara divarlarının, arakəsmələrin, dəhliz və eyvanların sahəsi, şaxtalar, habelə yardımçı sahə nəzərə alınmaqla sahəsinin 89,0 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 202B ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən 3 nömrəli mənzilin ümumi sahəsi çöl divarların ortasından hesablanmaqla 84,6 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 202B ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən 3 nömrəli mənzilin faktiki sahəsi (76,02 kv.metr) ilə müqavilə şərtləri nəzərə alınmaqla müqavilədə nəzərdə tutulmuş sahəsi (88,3 kv.metr) arasında 12,28 kv.metr fərq olduğu müəyyən edilmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 577.1-ci maddəsinə əsasən alıcıya verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər; 578.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2-ci maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır; 59.3-cü maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarının: 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 3.1-ci bəndinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və tikinti obyektlərinin, o cümlədən yaşayış, ictimai, istehsalat binalarının sahəsinin və həcmlərinin hesablanması qaydalarını müəyyən edir. 1.2-ci bəndinə əsasən bu Qaydaların tələbləri mülkiyyət formasından asılı olmayaraq dövlət orqanları, sifarişçilər, layihəçilər, podratçılar və şəhərsalma və tikinti fəaliyyətinin digər subyektləri üçün məcburidir. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3 azaltma əmsallarına vurulmaqla hesablanır. 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 001016 nömrəli payçı müqaviləsinə əsasən “MTK” Bakı şəhəri, Yasamal r-nu, H.Zərdabi pr., 3166 məhəllə ünvanında yerləşən yaşayış kompleksində inşa olunan В binası, 7 bloku, 6-cı mərtəbə, 3 saylı, 2 otaqlı mənzili İddiaçı mülkiyyətinə verməyi, İddiaçı isə ümumi dəyəri 233112 manat olan mənzili qəbul etməyi, 97907 manat ilkin ödəniş etməklə, qalan 135205 manat məbləğində hissəsini "xxxx" ASC ilə arasında 120 ay müddətinə bağlanacaq kredit müqaviləsinə əsasən veriləcək kreditin hesabına tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavəyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti В binası, 7-ci blok, 6-cı mərtəbə, 3 nömrəli mənzilin ümumi sahəsi cizgidə əhatə olunmuş sahə, yəni çöl divarların ortasından hesablanmaqla 88,3 kv.metr təşkil edir. İddiaçı müqavilə şərtlərinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmiş, mənzilin dəyərini Cavabdeh MTK-ya ödəmişdir. Mənzilə çıxarış aldıqdan sonra çıxarışda mənzilin ümumi sahəsinin 78.5 kv.m qeyd olunduğunu görmüş və müqavilədə göstərilən mənzilin ümumi sahəsi ilə (88.3 kv.m) çıxarışda göstərilən ümumi sahəsi (78.5 kv.m) arasında olan fərq (9.8 kv.m) üçün artıq ödədiyi 25872 manatın Cavabdeh MTK-dan tutularaq ona geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən sözügedən mənzilin ümumi sahəsinin müqavilə şərtlərinə uyğun olub-olmamasını yoxlamaq məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 202B ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən 3 nömrəli mənzilin ümumi sahəsi çöl divarların ortasından hesablanmaqla 84,6 kv.metr təşkil etdiyi, mənzilin faktiki sahəsi (76,02 kv.metr) ilə müqavilə şərtləri nəzərə alınmaqla müqavilədə nəzərdə tutulmuş sahəsi (88,3 kv.metr) arasında 12,28 kv.metr fərq olduğu müəyyən edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, müqaviləyə əsasən Cavabdeh MTK-a ödənilmiş 233112 manat məbləğində puldan 32419 manat (12.28 kv.m x 2640 manat) ödənişin Cavabdeh MTK-dan alnaraq iddiaçıya geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış payçı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavədə mənzilin çöl divarların ortasından hesablanmaqla ümumi sahəsi 88.3 kv.m göstərildiyi halda, ekspert rəyinə əsasən mənzilin çöl divarların ortasından hesablanmaqla ümumi sahəsi 84.6 kv.m təşkil etdiyi müəyyən edildiyindən, iddiaçı tərəfindən mənzilin ümumi sahəsinə münasibətdə müqavilə ilə müəyyən olunmuş ümumi sahəsi arasında fərqə uyğun olaraq artıq ödənilmiş məbləğ ona geri qaytarılmalıdır. Belə ki, müqaviləyə əsasən mənzilin ümumi sahəsi 88.3 kv.m, satış qiyməti 233112 manat müəyyən olunduğu üçün, 1 kv.m-in qiyməti (233112/88.3) 2640 manat təşkil edir. Göründüyü kimi, İddiaçı Cavabdehnə mənzilin müqavilə ilə müəyyən edilmiş 88.3 kv.m ümumi sahəsi ilə mənzilin çöl divarların ortasından hesablanmaqla ümumi sahəsi 84.6 kv.m arasında olan 3.7 kv.m fərq üçün 9768 manat (3.7 kv.m x 2640 manat) məbləğində artıq pul ödəmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarını rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayоnu, Həsənbəy Zərdabi prospekti, ev 202B, mənzil 228 (Yeni qaydalarla: AZ 1122, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, giriş 202B, M6, m3) ünvanında yerləşən mənzil üçün artıq ödənilmiş 9768 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 187,26 manat məbləğində dövlət rüsumunun 117.68 manat məbləği və 100 manat məbləğində məhkəmə tikinti-texniki ekspertizası xərci cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayоnu, Həsənbəy Zərdabi prospekti, ev 202B, mənzil 228 (Yeni qaydalarla: AZ 1122, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, giriş 202B, M6, m3) ünvanında yerləşən mənzil üçün artıq ödənilmiş 9768 (doqquz min yeddi yüz altmış səkkiz) manat və dövlət rüsumu olaraq ödənilmiş 117,68 (bir yüz on yeddi manat altmış səkkiz qəpik) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO********************44, S.W.İ.F.T. BİK: CTREAZ22, MEM VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-407/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-407/2025
20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver