Məhkəmə qərarları › İş №e-2(004)-4080/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4080/2024

20.09.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4080/2024 20.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb edilməklə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb edilməklə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 29 noyabr 2011-ci il tarixdən etibarən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4in 16 saylı Ucar Ərazi İdarəsində fasiləsiz olaraq(müvafiq dövrlərdə struktur dəyişiklikləri nəzərə alınmaqla) baş mühasib kimi çalışır. İddiaçıya 20 may 2024-cü il tarixli İ-34 nömrəli əmrlə cavabdeh tərəfindən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Əmrin məzmununda səbəb olaraq işçinin əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifələri lazımi səviyyədə yerinə yetirməməyi və etik davranış qaydalarına riayət etməməyi göstərilmişdir. İddiaçı barəsində tərtib edilmiş əmr onun verilməsinə səbəb olan halların qanuni şəkildə sübuta yetirilməməsi və düzgün şəkildə inzibati icraat aparılmamasına, əvvəl tərtib olunmağa cəhd edilmiş akt layihəsinin ziddiyyətli məqamlar yaratmaqla inzibati araşdırmanın obyektivliyinə ciddi təsir göstərdiyinə, əmrin verilməsinə ehtimal edilən hadisənin iş vaxtından sonra baş verməsi və hansı vəzifənin pozulmasının əmrdə konkret göstərilməməsinə, əmrdə iddia olunduğu kimi hər hansı etik davranış qaydalarının iddiaçı tərəfindən pozulmadığıma, həmçinin əmrin məzmununun qisas motivi daşımasına görə qanunsuz və əsassızdır. Belə ki, iddiaçının işlədiyi müəssisənin “WhatsAPP” qrupuna xx.xx.2024-cü il tarixdə “rəisin göstərişinə əsasən bu gündən (yəni xx.xx.2024-cü il) etibarən kişi işçilər saat 20:00-da tabeli imzalayaraq işdən gedə bilərlər, əlavə olaraq sizləri məlumatlandırım ki, sabah (yəni xx.xx.2024 – şənbə günü) iş günüdür” məzmunda yazı göndərilmişdir. Bir çox işçilər həmin yazıya münasibət bildirsə də, iddiaçı telefonunda internet olmaması səbəbindən yazıya münasibət bildirməmişdir. “WhatsAPP” qrupuna xx.xx.2024-cü il tarixdə göndərilən yazıya münasibət bildirməyən işçilərlə idarə rəisi iclas keçirmiş və həmin tapşırığa münasibət bildirməyən əməkdaşlardan hansı səbəbdən münasibət bildirilməməsini soruşmuşdur. İclasa ilkin olaraq iddiaçı dəvət olunmamış, iclas başladıqdan sonra iş vaxtından kənar vaxtda təxminən 18:30 radələrinə yaxın bir vaxtda iclasa çağırılmışdır. Rəisin otağına iclasa daxil olanda rəis digər əməkdaşların yanında iddiaçıdan çox sərt, kobud və aqressiv tərzdə niyə WhatsApp qrupundakı yazıya münasibət bildirmədiyini soruşmuşdur. İddiaçı isə, həmin vaxt telefonunda internet olmadığını, ona görə mesajı görmədiyini, ancaq digər əməkdaşlar bu barədə məlumat verdikləri üçün bundan xəbərdar olduğunu bildirmişdir. Bu zaman rəis hiddətlənərək daha sərt və aqressiv tonda danışmağa başlamışdır. İddiaçı bu dərəcədə aqressivləşməyə səbəb olacaq bir məsələ olmadığını, üzrlü səbəbdən, yəni interneti olmadığı üçün münasibət bildirə bilmədiyini demişdir. Bu sözləri rəisi daha da hiddətləndirmiş, sərt və aqressiv tərzini davam etdirərək iddiaçıya digər əməkdaşların yanında “rədd ol, çıx otaqdan” deyərək qovmuşdur. Bu hadisədən bir müddət sonra iddiaçı cavabdeh quruma dəvət oluaraq izahat yazmışdır. İzahat verdiyi gündən bir müddət sonra “sonuncu xəbərdarlıqla şiddət töhmət verilməsi haqqında” barəsində cavabdeh qurum tərəfindən əmr tərtib olunmuş və xx.xx.2024-cü il tarixində mail vasitəsilə əmrin surəti ona göndərilmişdir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X4 nümayəndəsi Nümayəndə izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli akta əsasən müəyyən olunur ki, DƏDKR PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinin rəisi tərəfindən ərazi idarəsində yaranmış gecikmələrin, mövcud çatışmazlıqların aradan qaldırılması, eləcə də cari məsələlərin həllindən ötrü aidiyyəti şöbələrin iştirakı ilə görülən işlərin sürətləndirilməsini həyata keçirmək məqsədilə müvafiq tədbirlərin görülməsi barədə idarənin rəhbərliyi tərəfindən ümumi şöbə vasitəsilə aidiyyəti şöbələrə tapşırığın çatdırılması nəzərdə tutulmuş, lakin idarənin bir neçə nəfər əməkdaşı vertilən göstərişi aldıqları təqdirdə məlumatlı olduqlarını cavablandırmayaraq biganə yanaşmışlar. Bununla bağlı idarə rəisinin iş otağında həmin əməkdaşlarla iclas keçirilməsi nəzərdə tutulmuşdur. İclasda iştirak edən tərkibdə ərazi İdarəsinin Maliyyə və Təsərrüfat şöbəsinin müdiri, baş mühasib İddiaçı iştirak etməsi nəzərinə çatdırılsa da iclasa qatılmadığı müşahidə olunmuş, rəhbərliyin iclas zamanı ümumi şöbənin əməkdaşı vasitəsilə təkrar dəvətilə həmin əməkdaş iclasa qatılmışdır. İclas zamanı İdarə rəisi tərəfindən əməkdaşlara eləcə də sözü edən əməkdaşa göstərişə laqeyid yanaşmaları barədə iradlar bildirilərkən İddiaçı rəhbərliyin sözünü aqressiv formada kəsərək, sərt şəkildə cavab qaytarmış və mübahisə yaratmışdır. İdarə rəisi tərəfindən iş otağını tərk etməsi nəzərinə çatdırılsada o buna məhəl qoymayaraq daha da səs tonunu qaldıraraq subardinasiya qaydalarını kobud şəkildə pozmuşdur. Həmin akt idarənin 4 (dörd) əməkdaşı tərəfindən imzalanaraq təsdiq olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X4 tərəfindən qəbul edilmiş 20 may 2024-cü il tarixli, İ-34 nömrəli əmrə əsasən müəyyən edilir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4in 16 saylı Ucar Ərazi İdarəsinin Maliyyə və maddi-texniki təminat şöbəsinin müdiri İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini lazımi səviyyədə yerinə yetirmədiyinə və etik davranış qaydalarına riayət etmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.1-ci maddəsinə əsasən işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehlərindən birini verə bilər. Həmin Məcəllənin 186.3-cü maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Həmin Məcəllənin 187.1. maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Həmin Məcəllənin 187.3-cü maddəsinə əsasən intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam xətası verilə bilməz. Həmin Məcəllənin 189.3-cü maddəsinə əsasən intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Həmin Məcəllənin 190.3-cü maddəsinə əsasən işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4in 16 saylı Ucar Ərazi İdarəsində baş mühasib vəzifəsində çalışan İddiaçı 20 may 2024-cü il tarixli, İ-34 nömrəli əmrə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini lazımi səviyyədə yerinə yetirmədiyinə və etik davranış qaydalarına riayət etmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Şiddətli töhmət verilməsinə əsas kimi, işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini lazımi səviyyədə yerinə yetirməməsi və etik davranış qaydalarına riayət etməməsi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehi verə bilər. İşəgötürən tərəfindən işçinin əmək funksiyalarını yerinə yetirməməsi, yaxud keyfiyyətsiz yerinə yetirməsi halları sübuta yetirilməmiş, işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş hansı vəzifələrini pozması əsaslandırılmamışdır. İş materiallarına əlavə edilmiş əmrin verilməsi əsası kimi təqdim edilən xx.xx.2024-cü il tarixli akt ilə iddiaçının baş idarədə verdiyi izahat ziddiyyət təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış hüquqi mövqeyini əsas götürərək hesab edir ki, həmin aktı imza edən işçilər işlərini itirmək və s. təhlükə qarşısında aktı imzalamaq məcburiyyəti qarşısında qala bilərlər. Həmçinin akt iddiaçının özünün iştirakı olmadan tərtib edilmişdir və aktın surəti ona təqdim edilməmişdir. Odur ki, sözügedən akt məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. İşəgötürən tərəfindən digər əsaslı sübut(lar) məhkəməyə təqdim edilməmişdir. Hətta sözügedən akta imza atmış şəxslərin şahid qismində dindirilməsi barədə vəsatət verilməmiş, bu istiqamətdə heç bir prosessual fəaliyyət görülməmişdir. Məhkəmə hesab edir ki, şiddətli töhmət verilməsi barədə əmrin iddiaçı ilə cavabdeh qurumun rəhbər şəxsi arasında mövcud olan şəxsi münasibətlər zəmnində, işəgötürənin səlahiyyətlərindən sui istifadə etməsi ilə qəbul edilməsi ağlabatandır. İşçinin əmək funksiyalarında hər hansı bir nöqsan aşkar edilmədiyi halda, yalnız şəxsi münasibətlər zəmnində işçi barəsində şiddətli töhmət verilməsi barədə əmr verilməsi yolverilməzdir. Tərəflər arasında olan münasibətlərin müqaviləyə əsaslanmaqla xüsusi hüquq münasibətləri olması nəzərə alınmaqla “müqavilə azadlığı”, subyektlərin “iradə sərbəstliyi” prinsipləri əmək müqaviləsi üzrə tərəflərin bərabərliyini formal olması xüsusatını nəzərə alır və hesab edir ki, əmək münasibətləri üzrə faktiki olaraq işəgötürən tərəf üstün mövqedədir. Belə ki, işəgötürənin maddi və inzibati resursları, hüquqi-texniki imkanları, işçi üzərində sərəncam vermək, intizam tənbehi tətbiq etmək imkanları vardır. Hazırki mülki iş üzrə isə işəgötürən faktiki olaraq publik hüquqi şəxs olmaqla hakimiyyət imkanları vardır. Dövlətin əmək siyasəti üzrə işəgötürənlər (vəzifəli şəxslər) öz şəxsi ambisiyalarına görə işçilərə münasibətdə əsassız intizam tədbirləri tətbiq etməkdən çəkinməlidirlər. Bu hallar baş verdikdə məhkəmələr hakimiyyət qolu qismində dövlətin adından pozulmuş hüquqların bərpasını operativ şəkildə təmin etməlidirlər. İşçilərin hüquqlarının pozulması ilə bağlı səlahiyyətli dövlət orqanına (Əmək Müfəttişliyi) müraciət edilə və işəgötürənlər barədə sanksiya tədbirlərinin görülməsinə nail oluna bilər. Məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 əmək mübahisələri üzrə mülki işlərə cəlb edilməsinin məqsədi budur. İşəgötürənin əmri formal əsaslarla qəbul edilməməli, hüquqi və faktiki baxımdan əsaslandırılmalıdır. Bu edilməsə belə, məhkəmə araşdırması çərçivəsində əmrin əsaslılığı sübuta yetirilməlidir. Lakin, hazırki mülki iş üzrə işəgötürən tərəfindən əmrin əsaslılığı sübuta yetirilməmiş, formal mülahizələr əsasında müdafiə taktikası seçilmişdir. Məhkəmə qərarı qanuni və əsaslı (sübutlara əsaslanmalı) olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmaqla, sosial münasibətlərin mahiyyəti gərəyi ədalətli olmayan məhkəmə qərarı qanuni hesab oluna bilməz. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Mülki icraatda “formal həqiqət”in müəyyən edilməsi prinsipi nəzərə alınmaqla Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Nəzərə alınır ki, münasibətlərin xarakteri nəzərə alınmaqla, hazırki iddia tələbi üzrə sübutetmə yükü cavabdeh tərəfin üzərindədir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən İddiaçı “sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi haqqında” xx.xx.2024-cü il tarixli, İ-34 nömrəli əmri qanunsuz hesab edilərək ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb edilməklə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilsin. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən İddiaçı “sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi haqqında” xx.xx.2024-cü il tarixli, İ-34 nömrəli əmri qanunsuz hesab edilərək ləğv edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar