Məhkəmə qərarları › İş №e-2(004)-4128/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4128/2022

26.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4128/2022 26.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı1, iddiaçıların nümayəndəsi və vəkili Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC və Abşeron rayon İcra və probasiya şöbəsi cəlb olunmaqla cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın nəticələri barədə protokolun, həmin protokol əsasında bağlanmış müqavilənin və hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın nəticələri barədə protokolun, həmin protokol əsasında bağlanmış müqavilənin və hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 552/21 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair hərrac protokolunun, həmin protokol əsasında xx.xx.2021-ci il tarixli “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” müqavilənin və hərrac nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, e-2(006)- 2964/2021 saylı qətnaməsinə əsasən "xxxx" ASC-nin iddia tələbi qismən təmin edilərək Cəmiyyətlə İddiaçı1 arasında bağlanmış müqavilənin ləğv edilməsi, həmin mülki iş üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 əsas borc üzrə 7500,20 manat, 951,22 manat faiz borcu, 100 manat dəbbə pulu olmaqla, cəmi 8551,42 (səkkiz min beş yüz əlli bir manat qırx iki qəpik) manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ünvan 1 ünvanında yerləşən 188 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 115.000 manat müəyyən olunmaqla açıq hərracdan satılması və borcun mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçı "xxxx" ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi qət edilmişdir. Həmin qətnamə əsasında xx.xx.2021-ci il tarixdə verilmiş icra sənədi Nərimanov rayon İcra şöbəsinə yönəldilmiş, daha sonra həmin şöbəsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən aidiyyəti üzrə Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi üzrə xx.xx.2021-ci il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsində icraat başlanmışdır. İş icra şöbəsinin icraatında olduğu müddətdə İddiaçı1 tərəfindən Nəsimi Rayon Məhkəməsinin müvafiq qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Lakin buna baxmayaraq icra məmuru tərəfindən icraat dayandırılmadan icra hərəkətləri davam etdirilmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4462/2022 saylı, 05 iyul 2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin qətnaməsi qismən (tələbdən çıxan hissədə), yəni cavabdeh İddiaçı2 borcun tutulması hissəsində ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsindən kassasiya şikayəti verilmədiyindən qanuni qüvvəsini almış və yeni icra vərəqəsi verilmişdir. Lakin sonradan onlara məlum olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsində işə baxılıb yekunlaşanadək Abşeron rayon İcra və probasiya şöbəsi tərəfindən hərrac təşkilatı olan "xxxx" MMC-yə verilmiş sifariş məktubu əsasında iddiaçıların birgə mülkiyyətində olan və ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 188 saylı mənzil onların xəbəri olmadan açıq hərracdan satılmış və mənzil ipoteka saxlayan "xxxx" ASC tərəfindən əldə edilmişdir. Həmçinin mənzil dəyərindən çox aşağı qiymətə, yəni 73.312,50 (yetmiş üç min üç yüz on iki manat əlli qəpik) manata "xxxx" ASC-yə satılmışdır. Hesab edir ki, hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmədiyindən protokol, bağlanmış müqavilə və onun nəticələri etibarsızdır. Belə ki, əvvəla məhkəməyə təqdim etdiyi arayışlardan göründüyü kimi, hazırki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 uzun müddətdir ki, yaşayış yeri üzrə qeydiyyatda olduqları ünvanda deyil, faktiki olaraq ipoteka predmeti olan mənzildə yaşamışlar. Lakin hərracın keçirilməsinə dair hərrac təşkilatının bildirişləri iddiaçılara ümumiyyətlə çatdırılmamışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin guya hərrac barədə bildirişlərin iddiaçılara çatdırılmasına dair sübut olaraq məhkəməyə təqdim etdiyi poçt qəbzlərinə münasibətdə isə qeyd edir ki, həmin qəbzlər sübut olaraq qəbul edilə bilməz, çünki, həmin qəbzlərdən hansı poçt göndərişinə aid olması görünmür. İddiaçılar hərrac barədə icra şöbəsinin xx.xx.2022-ci il tarixli 17/75-704 saylı məktubunu əldə etdikdən sonra məlumatı olmuşdur. Göstərilən səbəbdən iddiaçılar hərracda iştirak edə bilməmişlər. Nəticədə iddiaçılar “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.3-cü maddəsində nəzərdə tutulmuş hərracda iştirak hüququndan məhrum olmuşlar. Eyni zamanda, cavabdeh hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi ilə bağlı özünün rəsmi internet saytında elan verilməmişdir. Nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsində hərracın keçirilməsinin etibarlı hesab oluna bilməsi üçün əsas şərtlər toplusuna hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elanın dərc edilməsi, bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi ilə bildirişin göndərilməsi əks olunmuşdur. Həmçinin hərrac təşkilatı tərəfindən elan verilməsi və bildiriş göndərilməsi üçün qanunvericiliyə əsasən 5 iş günü nəzərdə tutulsa da, faktiki olaraq bildiriş günü keçdikdən sonra göndərilmişdir. Nəzərə alınmalıdır ki, hərrac təşkilatına icra məmurunun sifarişi xx.xx.2021-ci il tarixdə göndərmiş, elan verilməsi və bildirişin göndərilməsi isə xx.xx.2021-ci il tarixdə olmuşdur ki, həmin tarixlər arasındakı iş günlərinin ümumi müddəti 6 gün təşkil etmişdir. Göründüyü kimi hərrac təşkilatı tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmamışdır. Bundan başqa, iddiaçının vəkili bildirmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.2-ci maddəsinə əsasən həmin Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc edilir. Həmin Qanunun 43.3cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiyməti ilə ala bilər. Lakin hazırki iş üzrə cavabdeh tərəf xx.xx.2021-ci il tarixdə keçirilmiş hərracdan sonra 43.2-ci maddənin tələblərini pozmuş, hərracın baş tutmuş elan edilməsindən sonra müvafiq olaraq 3 gün içərisində “hərracın baş tutmamış elan edilməsinə dair” elan kütləvi informasiya vasitələrində, habelə özünün rəsmi internet səhifəsində elan edilməmiş, eyni zamanda Qanunun 43.3-cü maddəsinə əsasən ipoteka saxlayan hərracın baş tutmamış elan edilməsindən sonra 10 təqvim günü müddətində həmin əmlakın satılmasına dair özünün razılıq və ya etirazını bildirməmişdir ki, qeyd edilən hallar da hərracın keçirilməsi zamanı qanunvericiliyin normalarının pozulması ilə xarakterizə olunur. Göstərilənlərlə yanaşı, vəkil diqqətə çatdırmışdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 46.1-ci maddəsinin tələbləri pozulmuşdur. Çünki, hərracın keçirilməsi barədə iddiaçılar məlumatlı olsaydılar, habelə bu barədə bildirişi qəbul etsəydilər hərracın keçirilməsinə səbəb olmuş icra sənədi üzrə borcunu tam ödəyərək icraata xitam verilməsinə nail olmaqla, mülkiyyətində olan mənzilin hərracda dəyərindən həddən artıq aşağı qiymətə satışını dayandırardı. Halbuki hərrac təşkilatı ilkin olaraq mənzilin alınmasını ona təklif etməli olduğu halda, bu qaydaya əməl etməmişdir. Halbuki, borclu icra sənədi üzrə tələbi tam şəkildə könüllü olaraq ödəmək niyyətində olmuşdur. Belə ki, icra işində toplanmış materiallardan da görünür ki, icra məmuru tərəfindən tələbin könüllü icrasına dair bildiriş icra sənədi üzrə borclu İddiaçı2 xx.xx.2021-ci il tarixdə rəsmi qaydada təqdim edilməsinə baxmayaraq qanunla nəzərdə tutulan 10 günlük müddət gözləmədən hərracın keçirilməsinə dair sifariş verilmişdir. Lakin borclu bu müddət ərzində icra sənədinin verilməsinə əsas olmuş birinci instansiya məhkəməsinin qətnaməsini Bakı Apellyasiya Məhkəməsində mübahisələndirmiş, iddia tələbi İddiaçı2 aid olan hissədə ləğv edilib yeni icra vərəqəsi verilmişdir. Yəni artıq qüvvədə olmayan birinci instansiya məhkəməsinin qətnamə üzrə verilmiş icra vərəqəsi əsasında hərrac keçirilib mənzilə tutma yönəldilmişdir. İcra işi materialları öyrənildikdə həmçinin bir sıra ziddiyyətlər, yəni hüquqi əhəmiyyət kəsb edən bəzi sənədlərin fərqli icra məmurları tərəfindən imzalanması və s. kimi hallar da aşkar edilmişdir. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən sonra iddiaçılar tam borc məbləğini real olaraq tələbkar "xxxx" ASC-yə ödəyib icra işinə xitam verilməsini istədikdə tələbkar qanunsuz olaraq keçirilmiş hərrac nəticəsində mənzilin onun mülkiyyətinə keçməsini əsas gətirərək 8500 manat borc məbləğini qəbul etməkdən imtina etmiş, bunun üçün iddiaçılardan borcun iki qat məbləğinin, yəni 16.000 manat pul vəsaitinin onlara ödənilməsini tələb etmişdir. Hətta məhkəmə baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi 8500 manat borc məbləğini qəbul etməkdən imtinaya dair niyyətlərini açıq şəkildə ifadə etmişdir. Ötən məhkəmə iclasından sonra tərəflər barışığa gəlməsi üçün danışıqlar aparmış, hətta iddiaçı krediti ödəməyə hazır olduğunu bildirərək pulu da özü ilə götürməsinə baxmayaraq "xxxx" ASCnin nümayəndəsi bir daha imtina edərək 16.000 manat ödənilməsini iddiaçıdan tələb etmişdir. Verilmiş suallara əsasən iddiaçının vəkili əlavə olaraq bildirmişdir ki, keçirilmiş hərrac nəticəsində mənzilin satış dəyəri olan 73.312,50 (yetmiş üç min üç yüz on iki manat əlli qəpik) manat pul vəsaitindən borc çıxıldıqdan sonra qalan məbləğ "xxxx" ASC tərəfindən iddiaçının hesabına köçürülməsinə baxmayaraq, iddiaçılar hərracın nəticələrini qanunsuz hesab etdiyindən, həmin vəsaiti qəbul etməmişlər. Hazırda həmin pul vəsaiti bank hesabındadır və heç bir şəkildə istifadə olunmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 izahatında nümayəndəsi və vəkilinin göstərdiyi xüsusatları təsdiq edərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onun səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin, xx.xx.2022-ci il tarixli məktubla hərraca dair zəruri sənədlər məhkəməyə göndərməklə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iştirakları olmadan qətnamə qəbul edilməsi xahiş edilmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hazırki mülki iş üzrə mübahisə predmeti "xxxx" ASC-nin və Abşeron rayon İcra və probasiya şöbəsinin hüquqlarına toxunduğundan onlar məhkəmənin təşəbbüsü ilə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə yazılı etiraz təqdim edərək izahatında bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, e-2(006)- 2964/2021 saylı qətnaməsi yalnız İddiaçı2 münasibətdə ləğv olunmuş, digər hissələrdə isə dəyişdirilmədən saxlanılmışdır. Belə ki, Nəsimi Rayon Məhkəməsinin qətnaməsi 28 avqust 2021-ci il tarixdə qanuni qüvvəsini aldıqdan sonra icra vərəqəsi verilərək icraya yönəldilmişdir. İcra vərəqəsi də icra məmuru tərəfindən icra olunmuşdur. İcra sənədi üzrə keçirilmiş ilkin hərrac zamanı mənzilin alıcısı olmadığı üçün hərrac baş tutmamış və mənzil “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq təkrar hərracın satış qiymətindən 25% aşağı qiymətə "xxxx" ASC tərəfindən əldə edilmişdir. Bundan sonra Cəmiyyətin mənzilə dair mülkiyyət hüququ reyestrdə qeydə alınmışdır. Qeyd edir ki, əgər iddiaçı aparılmış icra hərəkətlərinin qanunsuz olduğunu hesab edirsə, o, icra məmurunun hərəkətləri ilə bağlı inzibati məhkəməyə müraciət edə bilərdi. Həmçinin icra məmurunun işə laqeyd yanaşması və ya onun icranı qanunsuz aparması hərracın nəticələrinin ləğvinə gətirib çıxara bilməz. Eyni zamanda Nəsimi Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin daxil olması və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə icra şöbəsinə məlumat verilməli idi. Yəni bu hallar Cəmiyyətin birbaşa olaraq mənafeyinə toxunaraq mülkiyyət hüququnu pozur. Eyni zamanda xx.xx.2021-ci il tarixli ilkin və xx.xx.2021-ci il tarixli təkrar hərracın keçirilməsinə dair məktublar onlar tərəfindən də mülkiyyətçi İddiaçı2 həm qeydiyyatda olduğu, həm də faktiki yaşadığı ünvana göndərilmişdir. Həmin məktubun göndərilməsi barədə poçt qaiməsi xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə İddiaçı2 tərəfindən imzalanıb təhvil alınmışdır. Göründüyü kimi iddiaçı həm ilkin, həm də təkrar hərracın keçirilməsindən xəbərdar olmuşdur. Bundan başqa iddiaçı hərracın nəticələri ilə razı olmadığını bildirdiyi halda icra şöbəsinə ərizə ilə müraciət edərək, Cəmiyyət tərəfindən depozit hesabına ödənilmiş və ona çatası məbləğin hesabına köçürülməsini xahiş etmişdir. Hesab edir ki, icra hərəkətləri aparılarkən qətnamədən şikayət verilməsi barədə icra məmuru məlumatlandırılmadığından onun sifarişi əsasında həyata keçirilmiş hərracın nəticələri etibarsız hesab edilə bilməz. O, həmçinin qeyd etmişdir ki, hazırda Cəmiyyət mənzilin mülkiyyətçisi olduğundan borcun əvəzi olaraq 16.000 manatın ona ödənilməsini tələb etmək hüququdur. Odur ki, göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 izahatında bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(006)-2964/2021 saylı qətnaməsinə dair verilmiş icra sənədi Nərimanov rayon İcra şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli qərarla icra olunması üçün aidiyyəti üzrə Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. xx.xx.2021-ci il tarixdə qeyd olunan icra sənədi şöbənin icraatına daxil olmuşdur. İcra ilə bağlı ilk öncə xx.xx.2021-ci il tarixdə borclu İddiaçı2 ilə telefon vasitəsilə əlaqə saxlayıb onu icra şöbəsinə dəvət etmişdir. Borclu xx.xx.2021-ci il tarixdə icra şöbəsinə gəlmiş, həmin vaxt ona icraata başlama haqqında qərarın surəti və tələbin qanunla müəyyən edilmiş vaxtda könüllü icra edilməsinə dair bildiriş təqdim edilmişdir. Lakin borclunun izahatı alınmamış, ona qanuni qüvvəyə minmiş qətnamənin üzrsüz səbəbdən icra edilməməsinə dair məsuliyyət barədə ayrıca xəbərdarlıq verilməmişdir. O, borclu İddiaçı2 ilə xx.xx.2021-ci il tarixdə telefon vasitəsilə əlaqə saxlamasını və onun həmin vaxtdan icra sənədi barədə məlumatlı olmasını nəzərə alaraq, xx.xx.2021-ci il tarixdə məcburi icra tədbiri olaraq tələbin ipoteka predmeti olan mənzilə yönəldilməsi məqsədilə açıq hərracdan satılması üçün "xxxx" MMC-yə sifariş məktubu göndərmişdir. Bundan sonra "xxxx" MMC tərəfindən ayrı-ayrı vaxtlarda təşkil edilmiş hərracların vaxtı və yeri barədə bildirişlər borclulara göndərilmişdir. İpoteka predmetini təşkil edən mənzilin hərracdan satışı baş tutmadığı üçün tələbkara təklif edilmiş və yekunda xx.xx.2021-ci il tarixdə protokol tərtib olunaraq mənzil "xxxx" ASC-yə satılmışdır. Satışdan əldə edilmiş vəsait hesabına tələb təmin edilmiş, vəsaitin qalan hissəsi şöbənin depozit hesabına köçürülmüşdür ki, həmin məbləğdən də icra xərcləri tutulmuşdur. Bundan sonra borclular ərizə ilə müraciət edərək şöbənin depozitində olan pulun qalan hissəsinin onların hesabına köçürülməsinə icazə verilməsini xahiş etmişdir. Tələbkar "xxxx" ASC isə xx.xx.2022-ci il tarixdə icra şöbəsinə ərizə ünvanlayaraq icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İcra məmuru verilmiş suallara əsasən izahatında əlavə olaraq bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə borclu ilə telefon əlaqəsi saxlamasına dair və ya borclunun həmin tarixdə icra sənədi üzrə icraata başlanılması, tələbin könüllü icra müddəti barədə məlumatlandırılmasına dair hər hansı rəsmi sənəd, telefonoqram, akt və s tərtib edilməmişdir. O, məcburi icra hərəkətləri apardığı müddət ərzində icra şöbəsinə Nəsimi Rayon Məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında mübahisələndirilməsi ilə bağlı nə məhkəmə tərəfindən, nədə tərəflərdən hər hansı məlumat daxil olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin yeni icra sənədi isə xx.xx.2022-ci il tarixdə şöbəyə daxil olmuşdur ki, həmin sənədin icra vəziyyəti hazırki mülki işdən asılıdır. İcra məmuru V.Əliyev iddia tələbi əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, icra işi materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Nəsimi Rayon Məhkəməsinin 2(006)-2964/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, iddia qismən təmin edilərək iddiaçı "xxxx" ASC ilə cavabdeh İddiaçı1 arasında bağlanmış 30 iyun 2020-ci il tarixli 2020/00158-EY saylı kredit müqaviləsi ləğv edilmiş; cavabdehlər İddiaçı1 və İddiaçı2 7500,2 manat əsas borc, 951,22 manat məbləğində faiz borcu, 100 manat dəbbə pulu olmaqla, cəmi 8551,42 (səkkiz min beş yüz əlli bir manat qırx iki qəpik) manat borc və dövlət rüsumu kimi ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ünvan 2 ünvanında yerləşən 188 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 115.000 manat müəyyən olunmaqla açıq hərracdan satılması və borcun ünvan 2 ünvanında yerləşən 188 saylı mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)4462/2022 saylı, qətnaməsindən müəyyən edilir ki, cavabdeh İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, e-2(006)- 2964/2021 saylı qətnaməsi qismən (tələbdən kənara çıxan hissədə), yəni “cavabdeh İddiaçı2 7500,20 manat əsas borc, 951,22 manat faiz borcu, 100 manat dəbbə pulu olmaqla, cəmi 8551,42 (səkkiz min beş yüz əlli bir manat qırx iki qəpik) manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması hissəsində ləğv olunmuşdur. Qətnamədən görünür ki, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tələbdən kənara çıxaraq kredit borcunu, həmçinin İddiaçı2 tutmaqda haqlı olmamışdır. Çünki iddiaçının kredit borcunun həmin cavabdehdən tutulması barədə tələbi olmamışdır. İddiaçı2 icraatda yalnız ipoteka qoyan kimi iştirak etməklə o, kredit borcunun qaytarılması üzrə öhdəliyə malik olmamışdır. - "xxxx" MMC-nin məhkəməyə xx.xx.2022-ci il tarixli 552/21 saylı məktubla təqdim etdiyi keçirilən hərraclarla bağlı sənədlərin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, borclu İddiaçı2 münasibətdə icra sənədinin icrasını təmin etmək məqsədilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən 188 saylı mənzilə dair Abşeron rayon İcra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən açıq hərrac keçirilmişdir. Dolayısı ilə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hərrac borclu İddiaçı1 münasibətdə icra sənədinin icrası ilə bağlı olmamışdır. xx.xx.2021-ci il tarixli 552/21 saylı və xx.xx.2021-ci il tarixli, 552/21 saylı “hərrac bildiriş”lərinin surətindən müəyyən olunur ki, mənzilin ilkin satış qiyməti xx.xx.2021-ci il tarixə saat 11:00-a təyin edilmiş hərracda 115.000 manat və xx.xx.2021-ci il tarixə saat 11:00-a təyin edilmiş hərracda 97.750 manat müəyyən edilməklə hərracın keçirilməsi barədə Abşeron rayon İcra və probasiya şöbəsinə, eyni zamanda icra sənədi üzrə tərəflər İddiaçı2 və "xxxx" ASC-yə məlumat göndərilmişdir. Poçt göndərişlərinə dair xəbərnamələrdən müəyyən edilir ki, borclu İddiaçı2 qeydiyyat ünvanına göndərilmiş bildirişlər çatdırılmışdır. Lakin onun faktiki yaşadığı ünvana göndərilmiş bildirişlər “evdə yoxdur” qeydi ilə geri qaytarılmışdır. “Market reklam və elanlar” qəzetinin xx.xx.2021-xx.xx.2021-ci il, xx.xx.2021xx.xx.2021-ci il, xx.xx.2021-xx.xx.2021-ci il tarixli saylarından müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 55, 188 saylı mənzil üzrə müvafiq tarixlərdə hərracların keçirilməsi barədə məlumatlar dərc olunmuşdur. “Market Hərrac” qəzetinin xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli saylarından müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 55, 188 saylı mənzil üzrə hərracın keçirilməsi barədə məlumatlar dərc olunmuşdur. "xxxx" MMC-nin “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması haqqında” xx.xx.2021-ci il tarixli, 552/21 nömrəli protokolun və "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2021-ci il tarixli müqavilənin surətindən müəyyən edilir ki, Abşeron rayon İcra və probasiya şöbəsinin sifarişinə əsasən İddiaçı2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 55 ünvanında yerləşən 188 saylı mənzilin 115.000 manat olan ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və 43.7-ci maddəsinə əsasən 25% enməklə açıq hərracda satılması baş tutmadığına görə 73.312,5 (yetmiş üç min üç yüz on iki manat əlli qəpik) manata ipoteka saxlayan "xxxx" BOKT ASC-yə satılmışdır. Həmçinin həmin Qanunun 42.4-cü maddəsinə əsasən ipoteka saxlayan "xxxx" ASC tələb məbləği həcmində alış qiymətini ödəməkdən azad olmuşdur. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 552/21 nömrəli protokolu və onun əsasında bağlanmış müqavilə məhkəmə tərəfindən tədqiq edilərkən müəyyən edilmişdir ki, tərtibatında yanlışlığa yol verilmiş və hərracın keçirilməsinə əsas olaraq Nəsimi Rayon Məhkəməsi əvəzinə “Nizami Rayon Məhkəməsinin” 2(006)-2964/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsi kimi göstərilmişdir. - Müstəqil tələb irəli sürməyən "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixə saat 11:00-a təyin edilmiş hərraca dair xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixə saat 11:00-a təyin edilmiş hərraca dair xx.xx.2021-ci il tarixli bildirişlərdən, onlara əlavə edilmiş “Azariexpress” sürətli poçt şirkətinin 393922, 393921, 395098, 395097, 430684 nömrəli qəbzlərindən müəyyən edilir ki, göndərişlər ya təqdim edilməsi üçün komendanta verilmiş, ya da soyadı dəqiq müəyyən edilməyən şəxs tərəfindən qəbul edilmişdir. Həmçinin həmin qəbzlərin bildirişlərlə birbaşa bağlılığı və ya imzalayan şəxsin borclularla əlaqəsi müəyyən edilməmişdir. - İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 115 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan müəyyən edilir ki, İddiaçı2 Aşıq Alı küçəsi ev 3 mənzil 90 ünvanında qeydiyyatda olmasına baxmayaraq 2017-ci ildən həmin ünvanda yaşamır. 14 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan müəyyən edilir ki, İddiaçı1 S.Rüstəm küçəsi 85 saylı mənzildə qeydiyyatda olmasına baxmayaraq 2000-ci ildən həmin ünvanda yaşamır. "xxxx" MMMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan müəyyən edilir ki, iddiaçılar ailə üzvləri ilə birlikdə xx.xx.2017-ci il tarixdən ünvan 5 ünvanında qeydiyyatsız yaşayırlar. - Azərbaycan Respublikası DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən müəyyən edilir ki, ünvan 5 tam pay hüququ ilə xx.xx.2017-ci il tarixdən İddiaçı2 mülkiyyətində olmuş və reyestrdə ********** nömrə ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən müəyyən edilir ki, ünvan 5 tam pay hüququ ilə xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin mülkiyyətinə keçmiş və reyestrdə ********** nömrə ilə qeydiyyata alınmışdır. - Məhkəməyə təqdim edilmiş Abşeron rayon İcra və probasiya şöbəsinin icraatında olan e211500/2021-27-23-002 nömrəli icra işində toplanmış sənədlərdən müəyyən edilir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(006)-2964/2021 saylı icra sənədi xx.xx.2021-ci il tarixdə icraya yönəldilmişdir. İcra sənədinin icrası borclu İddiaçı2 münasibətdə Nərimanov rayon İcra şöbəsinə, digər borclu İddiaçı1 münasibətdə isə Nəsimi rayon İcra şöbəsinə həvalə edilmişdir. Borclu İddiaçı2 münasibətdə onun mülkiyyətində olan və ipoteka predmetini təşkil edən mənzil Abşeron rayon ərazisində yerləşdiyindən Nərimanov rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən icra sənədi aidiyyəti üzrə Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmiş və həmin şöbədə xx.xx.2021-ci il tarixli qərarla icraata başlanılmışdır. xx.xx.2021-ci il tarixli tələbin könüllü icrasına dair bildiriş xx.xx.2021-ci il tarixdə borclu İddiaçı2 imza etdirməklə təqdim edilmiş, xx.xx.2021-ci il tarixli xx/xx-18472V nömrəli məktubla borclunun mülkiyyətində olan mənzilin açıq hərracdan satılmasına "xxxx" MMC-yə sifariş verilmişdir. "xxxx" MMC-nin "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli 552/556/21 nömrəli məktubdan müəyyən edilir ki, hərracı baş tutmamış borclu İddiaçı2 məxsus sözügedən mənzilin təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə, yəni 73.312,5 manata əldə edilməsi ipoteka saxlayan olaraq "xxxx" ASC-yə təklif edilmişdir. "xxxx" ASC-nin "xxxx" MMC-yə və Abşeron rayon İcra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan müəyyən edilir ki, hərrac təşkilatının ona ünvanlanan xx.xx.2021-ci il tarixli məktubuna cavab olaraq, hərracı baş tutmamış sözügedən mənzilin 73.312,5 manata əldə edilməsinə razılıq vermişdir. xx.xx.2022-ci il tarixli 2007 saylı ödəniş tapşırığından müəyyən edilir ki, "xxxx" ASC tərəfindən qətnamə ilə müəyyən edilmiş borcla auksion satış dəyəri arasında olan fərq, yəni 64.730,68 manat pul vəsaiti Abşeron rayon İcra və probasiya şöbəsinin depozit hesabına köçürülmüşdür. İddiaçı2 Abşeron rayon İcra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən edilir ki, icra şöbəsinin depozit hesabına köçürülmüş və ona çatası 64.730,68 manat pul vəsaitindən icra ödənişləri çıxılmaqla qalan məbləğin onun adına olan "xxxx" ASC-dəki müvafiq hesaba köçürülməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli 28 saylı ödəniş tapşırığından müəyyən edilir ki, icra xərcləri çıxıldıqdan sonra qalan hissə, yəni 64.129,95 (altmış dörd min yüz iyirmi doqquz manat doxsan beş qəpik) manat pul vəsaiti borclu İddiaçı2 Kapital Bank” ASC-dəki hesabına köçürülmüşdür. Nəsimi rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən borclu İddiaçı1 barəsində olan icra sənədi aidiyyəti üzrə Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmiş və xx.xx.2021-ci il tarixdə icraata daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4462/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən müəyyən edilir ki, qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almış və xx.xx.2022-ci il tarixdə Nəsimi rayon icra şöbəsinə icraya yönəldilmişdir. Həmin şöbənin xx.xx.2022-ci il tarixli qərarına əsasən icra sənədi aidiyyəti üzrə Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə icraata daxil olmuşdur. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan müəyyən edilir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2964/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata tələbin təmin olunması əsası ilə xitam verilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilir ki, Abşeron rayon İcra və probasiya şöbəsi onun icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4462/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi barədə məlumatlı olmasına baxmayaraq hər hansı tədbir görmədən icra işi üzrə icraata əsasız olaraq xitam vermişdir. İcra işinin materiallarından həmçinin müəyyən edilir ki, hazırda borclu İddiaçı1 münasibətdə qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4462/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icrasına dair bildirişin ona təqdim edilməsinə dair hər hansı rəsmi sənəd mövcud deyildir. Göstərilənlərin məntiqi nəticəsi olaraq müəyyən edilir ki, mübahisələndirilən hərrac borclu İddiaçı2 münasibətdə Nəsimi rayon Məhkəməsinin artıq qüvvədə olmayan icra sənədi üzrə keçirilmişdir. Hansı ki, borclu İddiaçı1 münasibətdə Bakı Apellyasiya Məhkəməsi tərəfindən yeni icra vərəqəsi verilmişdir, həmin icra vərəqəsi isə icrasız vəziyyətdə saxlanılaraq icra işi üzrə icraata xitam verilmişdir. -Nəsimi Rayon Məhkəməsinə verilmiş sorğuya cavab olaraq daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli e-2(006)- 2964/2021 saylı qətnamə apelyasiya şikayəti verildiyindən qanuni qüvvəsini almamışdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, məhkəmə qətnaməsi ilə tutma ipoteka predmetinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Qətnamə icraya yönəldilmişdir. Hərracın keçirilməsi barədə iki dəfə vaxt müəyyən edilərək tərəflərə məlumat verilmiş, iki dəfə hərracın keçirilməsi baş tutmadığından ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi barədə oferta verilmişdir. Nəticədə əmlak xx.xx.2021-ci il tarixdə ipoteka saxlayan – "xxxx" ASC-yə satılmışdır və hazırda əmlak hələ də ASC-nin adına qeydiyyatdadır. Lakin Nəsimi rayon Məhkəməsinin 2(006)-2964/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən şikayət verilmiş və Apellyasiya Məhkəməsinin 2(103)4462/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin edilərək qətnamə qismən - cavabdeh İddiaçı2 borcun tutulması hissəsində ləğv olunmuşdur. Hazırda iddiaçılar hərracın qanunvericiliyin normalarının pozulması ilə keçirilldiyini iddia edərək hərracın yekun protokolunun, onun əsasında bağlanmış müqavilənin və hərracın nəticələrinin etibarsız hesab olunmasını xahiş edir. Məhkəmə iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə sübut olunur ki, Abşeron rayon İcra və probasiya şöbəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(006)-2964/2021 saylı icra sənədi üzrə borclu İddiaçı2 münasibətdə xx.xx.2021-ci il tarixdə icraata başladıqdan sonra tələbin könüllü icrasına dair bildirişi borcluya xx.xx.2021-ci il tarixdə təqdim etdikdən sonra Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci və 44.1-ci maddələrinin tələblərini pozaraq könüllü icrası ilə bağlı 10 günlük müddəti gözələmədən məcburi icra hərəkətlərinə başlayaraq xx.xx.2021-ci il tarixli məktubla borclunun mülkiyyətində olan mənzilin açıq hərracdan satılması üçün "xxxx" MMC-yə sifariş vermişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir.Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 44.1-ci maddəsinə görə məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Bundan başqa, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hərracın təşkilatçısı olan cavabdeh "xxxx" MMC, eləcə də sifarişçi Abşeron rayon İcra və probasiya şöbəsi tərəfindən borclu İddiaçı2 hərracla bağlı məlumatlandırmaq məqsədilə mümkün olan zəruri tədbirlər həyata keçirilməmiş, bildirişlərin ona faktiki olaraq çatdırılması təmin edilməmişdir. İşin faktiki hallarından isə görünür ki, borclu tələbi könüllü olaraq tam icra etmək iqtidarında olmasına baxmayaraq ona bunun üçün lazımı şərait yaradılmamışdır. Eyni zamanda, iş materiallarında olan sübutlarla təsdiq olunur ki, cavabdeh "xxxx" MMC tərəfindən mənzilin satılması məqsədilə keçirilən hərrac borclu İddiaçı2 münasibətdə artıq qüvvədə olmayan Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında icra edilmişdir. Odur ki, göstərilən əsaslara görə məhkəmə hesab edir ki, qüvvədə olmayan Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin icra olunması nəticəsində keçirilmiş hərrac və onun nəticələri (hərracın protokolu, ipoteka predmetinin əldə edilməsi barədə müqavilə və çıxarış) etibarsız hesab edilməlidir. Məhkəmə iddianın digər dəlilinə münasibətdə qeyd edir ki, iddiaçılar “B+Ş Audit” Konsaltinq MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyini təqdim edərək əmlakın dəyərindən ucuz satıldığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, əmlakın dəyərinin müəyyən edilməsi ilə bağlı hissədə məhkəmə qətnaməsi mübahisələndirilməmiş və qanuni qüvvəsini almışdır. Bu halda qeyd olunan mübahisə hərracın nəticələrinin ləğv edilməsi əsası ola bilməz. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi etiraza dəlil olaraq bildirmişdir ki, iddiaçılar əmlakın açıq hərracdan satışından əldə edilmiş məbləğin borc ödənildikdən sonra qalan hissəsinin verilməsi ilə bağlı İcra şöbəsinə müraciət etmiş və həmin məbləğ onun hesabına köçürülmüşdür. Məhkəmə bununla bağlı qeyd edir ki, borcluların əmlakın açıq hərracda satışından əldə olunan dəyərindən borc ödənildikdən sonra qalıq məbləği alması onun hərracın nəticələri ilə razı olması kimi qiymətləndirilə bilməz. “İpoteka haqqında” AR Qanununun 41.2-ci maddəsiən əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Həmin qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. AR Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, İddiaçı2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 55, 188 saylı mənzilin ipoteka saxlayan "xxxx" ASC tərəfindən əldə olunmasına dair "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 552/21 nömrəli protokol, həmin protokol əsasında "xxxx" BOKT ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilə və hərracın nəticələri etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 55 ünvanında yerləşən 188 saylı mənzilin ipoteka saxlayan "xxxx" ASC tərəfindən əldə olunmasına dair "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 552/21 nömrəli protokol və həmin protokol əsasında "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” müqavilə və hərracın nəticələri etibarsız hesab edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar