Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-414/2024 06.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi, eyni zamanda İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçılar "xxxx" MMC və İddiaçı2 Cavabdeh qarşı "yaşayış sahəsindən çıxarılma, yaşayış sahəsinin boşaldılması və sökülməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar "xxxx" MMC və İddiaçı2 Cavabdeh qarşı "yaşayış sahəsindən çıxarılma, yaşayış sahəsinin boşaldılması və sökülməsi" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən öz əşyaları ilə birlikdə çıxarılması, həmin evin tam olaraq boşaldılması və sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 02 dekabr 2022-ci il tarixli, 265 saylı Sərəncamına əsasən Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktublarını və “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnsitutunun rəyini nəzərə alaraq Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,32 ha torpaq sahəsini icarə əsasında İddiaçı1 MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi İddiaçı1 MMC-yə həvalə edilmişdir. Fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 350-550 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 200-ə yaxın ailə köçürülmüşdür. Həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Bununla bağlı iş üzrə birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 arasında xx.xx.2023-cü il tarixdə K/148 saylı müqavilə bağlanılmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən İddiaçı1 MMC ünvan 2 ünvanında yerləşən İddiaçı2 və onun ailə üzvlərinə məxsus 1 otaqlı mənzilin 24 ay ərzində söküntüsünü və həmin sahədə yeni yaşayış binasının tikintisini həyata keçirəcəkdir. İddiaçı1 MMC söküləcək mənzilinin faktiki sahəsi olan 34.1 kv.m sahənin əvəzinə cəmi 50 kv.m. olmaqla 2 ədəd 25 kv.m sahəli mənzillər və bu tikinti başa çatıdırılaraq yeni mənzil təhvil verilənədək başqa yerdə kirayədə yaşamaq üçün aylıq ümumi 400 manat kirayə haqqı ödənilməklə tərəflərin qarşılıqlı razılaşmasına əsasən əvvəlcədən müəyyən edilmiş mərtəbədə və binada yerləşən mənzili bütün kommunal xətlərlə və sayğaclarla təchiz edilmiş və tam təmirli vəziyyətdə İddiaçı2 və onun ailə üzvlərinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Qeyd edilmişdir ki sözügedən mənzil, İddiaçı2 əri X15 məxsus olmuş və 2003-cü ildə o vəfat etdikdən sonra onun qanun üzrə vərəsələri: arvadı X10 və uşaqları X19, X20 və X3 mülkiyyətinə keçmişdir. Lakin, hazırda qeyd olunan mənzildə əsassız olaraq İddiaçı2 qaynı Cavabdeh yaşayır və o, tərəflər arasında bağlanılmış müqavilənin icra edilməsinə maneçilik törədir. Belə ki, cavabdeh İddiaçı1 MMC-yə qeyd olunan mənzilin sökülməsində maneə yaradır, bu da öz növbəsində müqavilə bağlamış mülkiyyətçilərin öz əmlaklarına dair sərəncam vermək hüququndan, öz yaşayış sahələrini yaxşılaşdırmaq hüququndan məhrum edir. Bundan başqa qeyd edilmişdir ki, İddiaçı1 MMC tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmişdir. Fərdi yaşayış evləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barədə öhdəlik götürmüşdür. Evlərinin sökülməsi ilə razılıq əldə edilmiş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin cavabdehin bu cür qanunsuz hərəkətləri sakinlərin haqlı mənafeyi və mülkiyyət hüquqlarını kobud surətdə pozur. İllərdir ki, öz yaşayış sahələrinin yaxşılaşdırılmasını gözləyən və artıq şirkətlə müqavilə bağlamış şəxslər cavabdeh kimi bir neçə sakinlərin hüquqdan sui-istifadə hallarına görə öz arzularına çata bilmirlər. Binanın tikilməsi barəsində Bakı şəhər İcra Hakimiyyətinin 02 dekabr 2022-ci il tarixli 265 saylı Sərəncamının 1.1-ci bəndində göstərilən tələbə əsasən ərazidəki yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi və sakinlərin köçürülməsi və onlara vəsaitlərinin ödənilməsi "xxxx" MMC-nə həvalə edilmişdir. "xxxx" MMC Bakı şəhərinin görkəminə uyğun olmayan tikililərin sökülərək yerində müasir tələblərə cavab verən yüksək mərtəbəli binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barədə sərəncama uyğun olaraq tələbləri yerinə yetirir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanın işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlətə birbaşa milyonlara vergi ödənilməsi deməkdir. Göründüyü kimi sərəncamın icra edilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı həm də insanların müasir tələblərinə cavab verən evlərlə təmin olunması və eyni zamanda Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi deməkdir. "xxxx" MMC İddiaçı2 və onun digər ailə üzvlərinin mülkiyyətinin ədalətli qaydada mütənasib olaraq mənzilin sahəsindən artıq olmaqla əvəzinə müasir tələblərə cavab verən yeni tikilən binada mənzilləri onların mülkiyyətinə verir və sonuncular da buna razı olur lakin cavabdeh qeyd olunan müqavilə üzrə tərəflərin arasında yaranmış öhdəliyin yerinə yetirilməsinə maneəçilik yaradır və bununla da nəinki mülkiyyətçinin ümumilikdə bütün sakinlərin gözlənti hüququnu pozmuş olur. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi, eyni zamanda İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, qeyd olunan ərazidə "xxxx" MMC tikinti işləri ilə məşğuldur. Ərazidə yaşayan sakinlərin əksər hissəsi ilə razılıqlar əldə edilmiş və müqavilələr bağlanmışdır. Həmçinin ərazidə yerləşən, yəni Yasamal rayonu, Ə.Abdullayev küçəsi 16 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçilərindən biri olan İddiaçı2 (birgə iddiaçı) və digər paylı mülkiyyətçiləri ilə xx.xx.2023-cü il tarixli əvəzləşmə müqaviləsi bağlanmışdır. Müqaviləyə görə "xxxx" MMC faktiki ümumi sahəsi 34,1 m2 təşkil edən İddiaçı2 və digər paylı mülkiyyətçilərə məxsus evin müqabilində bütün mülkiyyətçilərə birlikdə gələcəkdə orada inşa ediləcək binadan hər birinin ümumi sahəsi 25 m2 olmaqla 2 ədəd mənzilin verilməsi; həmçinin tikinti başa çatdırılaraq yeni mənzil təhvil verilənədək onlara başqa yerdə kirayədə yaşamaq üçün aylıq ümumi 400 manat kirayə haqqı ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Lakin cavabdeh həmin evdə məskunlaşmış və evi təhvil verməkdən imtina etmişdir. Belə ki, Cavabdeh İddiaçı2 qaynıdır. Mübahisəli ev isə İddiaçı2 ərinin mülkiyyətində olmuş, əri vəfat etdikdən sonra vərəsəlik qaydasında onun və övladlarının mülkiyyətinə keçmiş, onların mülkiyyət hüququ qanunla müəyyən edilmiş qaydada dövlət reyestrində qeydiyyata alınmışdır. Mübahisəli ev cavabdehin mülkiyyətində heç vaxt olmamışdır. İddiaçı2 mübahisəli evdə bir müddət ailə üzvləri ilə birlikdə yaşayıb, əri vəfat etdikdən sonra məcbur qalaraq evdən çıxmışdır. Hazırda mülkiyyətçi olaraq İddiaçı2 hüquqları pozulur, belə ki, o, öz mülkiyyətinin müqəddəratını müəyyən edib köhnə yaşayış sahəsini yenisi ilə əvəz edilməsi üçün müqavilə bağlasa da, hazırda əmlakı barədə sərbəst şəkildə sərəncam verə və faydalana bilmir. Birgə mülkiyyətçilərlə bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən irəli gələrək tikilinin təhvil verilməməsi iddiaçı "xxxx" MMC-nin də mənafeyinə və maraqlarına toxunduğundan hazırkı tələblə birgə iddiaçı olaraq məhkəməyə müraciət etmişdir. Verilmiş suallara əsasən əlavə olaraq bildirir ki, məhkəmə tərəfindən verilmiş sorğulara əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən təqdim edilmiş sənədlərdən göründüyü kimi mübahisəli ev xx.xx.1995-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı2 mərhum əri X11 mülkiyyətinə keçmişdir. MKİS-nin arayışından göründüyü kimi Cavabdeh mənzildə 1997-ci ildən qeydiyyata düşmüşdür. Buna baxmayaraq hesab edir ki, cavabdeh mülkiyyətçi olmuş X15 münasibətdə ailə üzvü statusunda olmadığından onun mübahisəli mənzildən istifadə hüququ yoxdur, buna görə də ona kompensasiya verilməsi mümkün deyildir. Beləliklə, göstərilənlərə əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı2 onun mərhum qardaşı Fərhad Kazımovun arvadı olmuşdur. Belə ki, o, 1995-ci ildə atasından miras qalmış Bakı şəhəri, Hüseyn Cavid prospektində yerləşən evini satmış, əldə edilmiş pula qardaşı üçün “Sovetski” adlandırılan ərazidən, özü üçün isə “Kubinka” adlandırılan ərazidən fərdi yaşayış evi almışdır. Ümumi ailə daxilində şifahi razılaşmaya görə qardaşı Fərhada atası İnqilab küçəsində yerləşən ayrıca ev alıb verdiyindən, Hüseyn Cavid prospektindəki “ata yurdu” olan evi hər hansı rəsmiləşdirmə işləri aparmadan ona vermişdir. Lakin həmin vaxt qardaşı müflisləşərək evini satıb kirayədə yaşamaq məcburiyyətində qaldığından o, miras qalmış evi satıb iki ev almışdır. Qeyd etdiyi kimi evlərdən biri “Sovetski” adlanan ərazidə yerləşməklə qardaşına vermiş, özü üçün isə “Kubinka” adanan ərazidən, yəni hazırkı mübahisəli fərdi yaşayış evini almışdır. Həmçinin həmin vaxt o, xarici ölkəyə köçmək niyyətində olduğundan aldığı evin birini qardaşı Fərhadın, digərini isə qardaşı arvadının (hazırkı iddiaçı) adına rəsmiləşdirmişdir. Çünki düşünmüşdür ki, ölkəyə qayıtmayacaq. Bundan sonra anası infarkt olduğu üçün onu tək qoymamaq qərarına gəlmiş, xarici ölkəyə getməmiş və anası ilə birlikdə hazırkı mübahisəli evdə yaşamağa davam etmiş, 1999-cu ildə qardaşı, 2005-ci ildə isə anası vəfat etmişdir. Həmin vaxtdan 30 ilə yaxın müddətdir mübahisəli evdə davamlı olaraq yaşayır, heç vaxt evi tərk etməmiş və hər hansı şəxs tərəfindən evə dair tələb irəli sürülməmiş, onun evdən çıxarılması iddia edilməmişdir. Həmçinin mübahisəli ev heç vaxt sənəd üzərində onun mülkiyyətində olmamışdır. Qardaşının övladları və həyat yoldaşı isə bu müddət ərzində orada ümumiyyətlə yaşamamışlar və bununla bağlı ona müraciət etməmişlər. Yalnız 2000ci ildə onu polis orqanına çağırmışlar və qardaşının övladları həmin evə qeydiyyata düşmək istədiyini bildirmişlər. O isə icazə verməmişdir. Bundan sonra onların evə hansı qaydada qeydiyyata düşməsi və evə dair çıxarış almaları barədə məlumatı olmamışdır. Verilmiş suallara əsasən bildirmişdir ki, 1995-ci ildən mübahisəli mənzildə yaşayır, kommunal xərcləri özü ödəmiş, qonşular yalnız onu tanımış, iddiaçı və onun ailə üzvləri mübahisəli evdə ümumiyyətlə yaşamamışdır. Qeyd olunan fərdi yaşayış evindən başqa digər yaşayır yeri yoxdur. Təqaüdçüdür, ailəsi və övladları yoxdur. İddiaçı və onun övladlarının isə kifayət qədər maddi imkanı olmaqla bir neçə yaşayış evləri vardır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2022-ci il tarixli, 265 nömrəli sərəncamına əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvanı və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4.32 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “RR Constructions" MMC tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün İddiaçı1 MMC-nin icarə əsasında istifadəsinə verilmişdir. Sərəncamın 2.5-ci bəndinə əsasən tikinti işlərinə başlamazdan əvvəl obyektin tikinti layihəsinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 X1 Ekspertiza Baş İdarəsinin müsbət rəyinin, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tikinti işlərinə başlanılması üçün əsas olan obyektin tikintisinə icazənin alınmasının təmin edilməsi qərara alınmışdır. - Məhkəmənin sorğusuna əsasən AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilkin olaraq Almas Əlixas qızının, İlyas Əlixas oğlunun, Yavər Əlixas oğlunun, Ağa Əlixas oğlunun, X26, Xanbacı Əlixan oğlunun, X7, X24 adlarına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin X21 məxsus hissəsi Bakı şəhəri 1 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1983-cü il tarixli 2KN”N” 1684 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1983-cü il tarixdə Umxanım Dadaş qızının adına qeydiyyatdan keçmişdir. Sözügedən əmlakın Umxanım Dadaş qızına məxsus hissəsi Bakı şəhəri 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1985-ci il tarixli 2kn“N”-1948 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1985-ci il tarixdə X8 adına qeydiyyatdan keçmişdir. Sözügedən əmlakın X12 məxsus hissəsi Bakı şəhəri 5 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1995-ci il tarixli 3M-3A-758 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1996-cı il tarixdə X11 adına qeydiyyatdan keçmişdir. Daha sonra əmlakın X15 məxsus hissəsi Bakı şəhəri 5 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2003-cü il tarixli 2V-1-122 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2003-cü il tarixdə İddiaçı2, X9, X13, X3 adlarına qeydiyyatdan keçmişdir. Həmçinin əmlakın X15 məxsus hissəsi Bakı şəhəri 5 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2003-cü il tarixli 2V-1-121 reyestr nömrəli ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış ərı (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2003-cü il tarixdə İddiaçı2 adına qeydiyyatdan keçmişdir. Məktuba əlavə edilmiş xx.xx.1995-ci il tarixli 3M-3A-758 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən müəyyən edilir ki, X22 28 kv.m torpaq sahəsində yerləşən bir otaqlı fərdi yaşayış evini X4 almışdır. Məktuba əlavə edilmiş xx.xx.2003-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, xx.xx.1999-cu il tarixdə vəfat etmiş X11 vərəsələri 1/8 hissəsi mərhumun mülkiyyətində olmuş Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə oğlu X19, oğlu X20, qızı X3 hər biri 1/80 hissədə və arvadı İddiaçı2 6/80 hissədə pay hüququ əldə etmişlər. - AR ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, ümumi sahəsi 129,50 kv.m olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/32 hissəsi X14, hər birinin 4/32 hissədə payı müəyyən edilməklə Almaz Əlixas qızı, Yavər Əlixas oğlu, Ağa Əlixas oğlu, X16, X37, X24, hər birinin 1/80 hissədə payı olmaqla X19, X20, X3, 6/80 hissədə İddiaçı2, 1/32 hissədə X2, 1/48 hissədə X23, 2/48 hissədə X5 adına mülkiyyət hüququ ilə reyestrdə qeydiyyata alınmışdır. Beləliklə, AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan və digər sadalanan sübutlardan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 6/80 hissəsi İddiaçı2 mülkiyyətindədir. - İddiaçı1 MMC və ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı2, X17, X19, X20 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, K/148 nömrəli əvəzləşmə müqaviləsinə əsasən müəyyən olunur ki, İddiaçı1 MMC Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 274 nömrəli və xx.xx.2021-ci il tarixli, 150 nömrəli sərəncamlarına əsasən ünvan 1 ünvanında yerləşən birgə mülkiyyətçilərə məxsus 1 otaqlı mənzilin 24 ay ərzində söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək ümumi sahəsi 34,1 m2 olan mənzilin əvəzinə 50 m2 sahədən ibarət iki ədəd tam təmirli 25 m2 sahədən ibarət mənzil verməyi, həmçinin həmin müddət ərzində kirayədə yaşamaq üçün onlara ümumi 400 manat məbləğində kirayə haqqı verməyi öhdəsinə götürmüşdür. - Məhkəmənin sorğusuna əsasən AR DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh xx.xx.2005-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyata alınmasına əsas olan sənədlərin saxlanma müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən məhkəməyə tələb olunmuş sənədlərin təqdim edilməsi mümkün olmamışdır. - AR Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti MKTB 60 saylı MKİS tərəfindən verilmiş 153 nömrəli, xx.xx.2023-cü il tarixli arayışa əsasən müəyyən edilir ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində xx.xx.1997-ci il tarixdən qeydiyyatdadır. Lakin onun həmin ünvanda faktiki olaraq hansı tarixdən yaşamasına dair məlumat aşkar edilməmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş mübahisəsiz halları ondan ibarətdir ki, mübahisəli fərdi yaşayış evi paylı mülkiyyətdə olmaqla 6/80 hissəsi birgə iddiaçılardan olan İddiaçı2 mülkiyyətindədir. Həmin fərdi yaşayış evi İddiaçı2 mərhum əri X22 tərəfindən xx.xx.1995-ci il tarixli 3M-3A-758 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş və onun mülkiyyət hüququ xx.xx.1996-cı il tarixdə reyestrdə qeydiyyata alınmışdır. Daha sonra mülkiyyətçi olmuş X11 vəfatından sonra miras əmlakına daxil olan mübahisəli fərdi yaşayış evi xx.xx.2003-cü il tarixdə qanun üzrə vərəsəlik qaydasında şəhadətnaməyə və xx.xx.2003-cü il tarixli 2V-1-121 reyestr nömrəli ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış əri (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən 6/80 hissədə onun arvadı İddiaçı2 mülkiyyətinə keçmişdir. Cavabdeh isə İddiaçı2 məhrum ərinin qardaşıdır. Paylı mülkiyyətçi olan İddiaçı2 və digər paylı mülkiyyətçilər olan onun övladları ilə digər İddiaçı1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, K/148 nömrəli əvəzləşmə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə İddiaçı1 MMC Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən birgə mülkiyyətçilərə məxsus 1 otaqlı mənzilin 24 ay ərzində söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək ümumi sahəsi 34,1 m2 olan mənzilin əvəzinə 50 m2 sahədən ibarət iki ədəd tam təmirli 25 m2 sahədən ibarət mənzil verməyi, həmçinin həmin müddət ərzində kirayədə yaşamaq üçün onlara ümumi 400 manat məbləğində kirayə haqqı verməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçılar cavabdehin mübahisəli fərdi yaşayış evindən öz əşyaları ilə birlikdə çıxarılmasını, həmin evin tam olaraq boşaldılaraq sökülməsini tələb edir. Cavadbeh isə mübahisə predmeti olan fərdi yaşayış evinin onun aldığını, evin faktiki olaraq onun sahibliyində olmasını, həmin evdə mübahisəsiz olaraq 1995-1996-cı ildən başlayaraq davamlı olaraq yaşamasını, digər yaşayış yerinin olmamasını, İddiaçı2 və onun ailə üzvlərinin həmin evə ümumiyyətlə yaşamadıqlarını, onların mübahisəli evə dair iddialarının əsassız olmasını bildirərək iddianın rədd olunmasını xahiş edir. Məhkəmə əvvəla qeyd edir ki, paylı mülkiyyətçi olaraq İddiaçı2 cavabdehə qarşı hazırkı tələbi irəli sürməsi üçün subyektin hüququnun olması işin mübahisəsiz halıdır. Digər birgə İddiaçı1 MMC-yə münasibətdə məhkəmə qeyd edir ki, hazırda işin faktiki hallarından müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısının sərəncamına əsasən yaşayış və qeyri-yaşayış binalarının tikintisinin aparılması İddiaçı1 MMC-yə həvalə edilmişdir. Sərəncamla həmçinin ərazidə yerləşən daşınmaz əmlakların istifadəçiləri və ya mülkiyyətçiləri ilə mülki münasibətlərin qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında tənzimlənməsi İddiaçı1 MMC-yə həvalə edilmişdir. Hazırda İddiaçı1 MMC ilə digər İddiaçı2 arasında yaşayış sahəsinin sökülməsi müqabilində həmin ünvanda gələcəkdə tikiləcək çoxmənzilli yaşayış binasından mənzil, həmçinin mənzil onlara təhvil verilənədək aylıq kirayə haqqının ödənilməsi haqqında əvəzləşmə müqaviləsi bağlanaraq qarşılıqlı öhdəlik götürülmüşdür. Buna baxmayaraq cavabdehin həmin fərdi yaşayış evində yaşaması müqavilənin icrasına maneçilik yaradır və qeyd olunan hal İddiaçı1 MMC-nin maraqlarına toxunduğundan məhkəmə hesab edir ki, hazırkı tələblə bağlı məhkəməyə müraciət etməyə İddiaçı1 MMCnin subyektiv hüququ vardır. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli fərdi yaşayış evindən istifadəsi ilə bağlı münasibətlər 01 sentyabr 2000-ci il tarixədək yarandığından Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən həmin evdən istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinin tələblərinə uyğun həll edilməlidir. Belə ki, 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. ... İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına görə 01 sentyabr 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə “...mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır...” Mülki Məcəllənin 11.1-ci maddəsini nəzərə almaqla yaşayış sahəsindən istifadə hüququnun kompensasiya verilməklə xitamına dair bu Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş normanın əvvəllər yaranmış və uzanan xarakter daşıyan münasibətlərə tətbiqinin mümkünlüyü Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarında əks olunmuş mövqelərinə zidd olmamaqla onları tamamlayır. Belə ki, bu qərarda Mülki Məcəllənin 7.1-ci maddəsinin müddəalarını nəzərə alaraq Konstitusiya Məhkəməsi öz mövqeyini aşağıdakı kimi ifadə etmişdir: «Göstərilənləri nəzərə alaraq 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir». Göründüyü kimi Konstitusiya Məhkəməsi mübahisələrin həlli üçün məhz müvafiq maddələrin qaydalarının əsas götürülməsini zəruri hesab etmişdir. Bununla bağlı isə bir daha qeyd etmək lazımdır ki, yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən istifadə qaydası, o cümlədən belə istifadəyə xitam verilməsi Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsində müəyyən olunmamışdır. Nəticədə həmin məsələlərlə bağlı mülkiyyətçi ilə bu şəxslər arasında münasibətlər tənzimlənməmış və hər iki tərəfin hüquqları üçün qeyri-müəyyənlik yaranmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna-xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.....” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Bu Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, Mülki Məcəllənin 262.2ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar... Buna görə də, məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərabycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərin mübahisə predmeti olan evdən istifadə hüququnun olması işin mübahisəsiz halıdır. Belə ki, cavabdehlərin 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 123-cü maddəsinin tələblərinə əsasən həmin evə istifadə hüququnun yaranmasından ötrü evin mülkiyyətçisi olan şəxslərin ailə üzvü, yəni əri, uşaqları və valideynləri qrupuna aid olmalı yaxud mülkiyyətçi ilə birlikdə mübahisəli evdə yaşayıb birgə təsərrüfat aparmalı idi. Cavabdein mübahisəli evdə 2000-ci ildən qabaq qeyd şərtsiz və mübahisəsiz yaşaması, eləcə İddiaçı2 və onun digər ailə üzvlərinin həmin evdə faktiki olaraq yaşamamaları işin halları ilə təsdiq olunur. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarında cavabdehin 2005-ci ildən qeydiyyatda olması göstərilməsinə baxmayaraq məhkəmə tərəfindən aidiyyəti orqanlara verilmiş sorğulara əsasən müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2005-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyata alınmasına əsas olan sənədlərin saxlanma müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən AR DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə tələb olunmuş sənədlərin təqdim edilməsi mümkün olmamışdır. AR Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti MKTB 60 saylı MKİS tərəfindən verilmiş 153 nömrəli, xx.xx.2023-cü il tarixli arayışa əsasən müəyyən edilir ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində xx.xx.1997ci il tarixdən qeydiyyatdadır. Qeyd olunan xüsusatla bağlı birgə iddiaçılar tərəfindən hər hansı sübut təqdim edilməmiş və onların vəkili MKİS-nin müvafiq arayışını, yəni Cavabdeh mübahisəli evdə 1997-ci ildən faktiki olaraq fasiləsiz yaşamasını mübahisələndirməmişlər. Odur ki məhkəmə MKİS tərəfindən verilmiş 153 nömrəli, xx.xx.2023-cü il tarixli arayışı mötəbər sübut olaraq qəbul edərək hesab edir ki, Cavabdeh mübahisəli evdə xx.xx.1997ci il tarixdən faktiki olaraq yaşamağa başlamışdır. Beləliklə cavabdehin həmin fərdi yaşayış evindən istifadə hüququ xx.xx.1997-ci il tarixdən yaranmışdır. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı vərəsəlik qaydasında mübahisəli ünvandakı tikililərə paylı mülkiyyət hüququ əldə etməmişdən əvvəl, orada yaşamış, əsas isə əvvəlki paylı mülkiyyətçi olan ərinin qohumluq münasibətlərində olduğu cavabdehin orada daimi yaşaması barədə məlumatı olmuşdur. İddiaçı bu faktları, yəni cavabdehin mübahisəli evdə əvvəlcədən istifadə hüququ əldə edərək yaşamasını, hətta mülkiyyət hüququna qanuni gözləntilərinin olduğunu bilməmiş deyildir. Dolayısı ilə cavabdeh iddiaçının iddia etdiyi kimi, yəni kənar şəxslər kimi iddiaçının mülkiyyətində olan evi zəbt edərək orada yaşamamış, həmin tikilidə daimi və maneəsiz yaşamış, İddiaçı2 isə isə ümumiyyətlə həmin evdə yaşamasına dair sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan 29 mart 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqenin hazırkı iş üzrə də tətbiqinin mümkünlüyünü nəzərə alır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, cavabdehin mübahisəli fərdi yaşayış evindən ən azından istifadə hüququ olduğuna görə müvafiq kompensasiya ödənilmədən çıxarılması həmin hüququn əldə edilməsini zəruri edən əsas, yəni yaşayış sahəsinə ehtiyac aradan qalxdıqda mümkün ola bilərdi. Çünki, cavabdehin sahiblik etdiyi və istifadə hüququ olduğu mübahisəli fərdi yaşayış evindən başqa, adına hər hansı bir yaşayış sahəsi (ev, mənzil) olması da müəyyən edilməmiş, həmçinin mübahisəli evdən istifadə hüququna ehtiyacı aradan qalxmamışdır. Göründüyü kimi, cavabdehin fərdi yaşayış evini əşyaları ilə birlikdə boşaldılması iddiası təmin oluna bilməz. Çünki, iddiaçı mülkiyyətində olan evdən yalnız kompensasiya vermə yolu ilə cavabdehin istifadə hüququna xitam verilməsi və çıxarılması barədə iddia ilə müraciət edə bilərdi. İddiaçıların fərdi yaşayış evinin sökülməsi ilə bağlı tələbi evin əşyalarla birlikdə boşaldılmasına dair birinci tələbə münasibətdə törəmə tələb sayılır. Çünki, cavabdehin mübahisəli tikililərdən çıxarılması təmin olunmursa, həmin hissədə iddia tələbi də təmin oluna bilməz. Bununla yanaşı, iddiaçının məhz cavabdehin yaşadığı evdən çıxarılması tələbinin təmin olunmaması qətiyyən onun mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Çünki, iddiaçı onsuzda mülkiyyətçi olaraq fərdi yaşayış evindən hazıradək istifadə etmək imkanın olmasına baxmayaraq buna etməmiş, maneə mövcud olmuş olsa idi cavabdehə qarşı indiyədək etiraz etmiş olardı. Gələcəkdə cavabdehin mübahisəli evə dair istifadə və digər hüquqları ilə bağlı məsələlər həll ediləcəyi təqdirdə onsuzda iddiaçının mülkiyyətində olan əmlakdan maneəsiz istifadə etməsi, yəni mülkiyyət hüququnun toxunulmazlığı təmin ediləcəkdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar "xxxx" MMC və İddiaçı2 Cavabdeh qarşı "yaşayış sahəsindən çıxarılma, yaşayış sahəsinin boşaldılması və sökülməsi" tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-414/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-414/2024
06.03.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver