Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4171/2024 29.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 nümayəndəsi, eyni zamanda Cavabdeh2 direktoru Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində qismində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2ə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2024-cü il tarixli, 37 №-li əmrinin ləğv edilməsi və İddiaçı Cavabdeh2ə sinif müəllimi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmağa görə kompensasiyanın hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1995-ci ildə 112 saylı Ağdam köçkün orta məktəbinə “Məktəb psixoloqu və müəllimi” vəzifəsinə təyin edilmiş, sonradan 112 saylı Ağdam köçkün orta məktəbindəki (Bakı şəhərinə köçdüyü üçün) tutduğu vəzifəsindən xx.xx.1997-ci ildə azad edilmişdir. Sonradan yəni xx.xx.1998-ci ildə 71 saylı Ağdam köçkün orta məktəbinə ixtisası üzrə “Məktəb psixoloqu və müəllimi” vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2011-ci ildə 71 nömrəli tam orta məktəbin psixoloqu vəzifəsindən azad edilib, ixtisası üzrə sinif müəllimi vəzifəsinə təyin edilmişdir. xx.xx.2024-cü ildə təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə xx.xx.2024-cü ildə keçirilmiş təkrar sertifikatlaşdırmada müəyyən olunmuş keçid balını toplaya bilməməsi səbəbindən sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə 37 №-li əmrlə Əmək Məcəlləsinin 70ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. İddiaçı mübahisənin məhkəmədən kənar mediasiya yolu ilə həllinə nail olmağa çalışsa da, cavabdeh müdiasiya prosesində iştirak etmədiyindən mübahisənin həllinə nail oluna bilməmişdir. Buna görə də, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli, 37 №-li əmrini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli, 155 №-li Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndinə istinad etmişdir. Hesab edir ki, cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2024-cü il tarixli, 37 №-li əmri qanunsuz və əsassız olduğundan ləğv ediməli və iddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli, 155 №-li Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndinə iddiaçıya mübnasibətdə tətbiq edilə bilməz. Çünki iddiaçının himayəsində iki uşağı var və həmin uşaqlardan xx.xx.1999-cu il təvəllüdlü X4 birinci dərəcə əlil, xx.xx.2008-ci il təvəllüdlü Səlimova Fidan Fariz qızı isə sağlamlıq imkanları məhdud uşaqdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 elektron kabinet vasitəsilə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, icraatda olan mülki iş üzrə iddia tələbinin həcminin artırılması zərurəti yarandığını, ilkin hazırlıq iclasında cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən mübahisə predmeti olan əmrin qəbul edilməsinə əsas kimi AR ETN Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 3- 29-69/3-2-13F/2024 №-li xx.xx.2024-cü il tarixli əmrinin olduğunun göründüyünü, qeyd olunanlara əsasən AR ETN Məkətəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 3- 29-69/3-2-13F/2024 №-li xx.xx.2024-cü il tarixli Əmrinin, Cavabdeh1 xx.xx.2024-cü il tarixli 37 №-li əmrinin ləğv edilməsi, iddiaçının Cavabdeh2ə sinif müəllimi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmağa görə əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi elektron kabinet vasitəsilə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, İddiaçı “işdənçıxartma əmrinin ləğv edilməsi, işə bərpа və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi bаrədə” iddia tələbi əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişlər. Etiraz onunla əsaslandırılmışdır ki, idddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpа və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi qeyd olunanlara əsasən İddiaçı iddia ərizəsinə etiraz edir: 1. İddiaçı təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə xx.xx.2024-cü ildə keçirilmiş təkrar sertifikatlaşdırmada müəyyən olunmuş keçid balını toplaya bilməməsi səbəbindən sertifikatlaşdırmadan keçəməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi Ağdam rayon 71 nömrəli tam orta məktəbin xx.xx.2024- cü il tarixli 37 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. 2. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36- 2.1-ci maddəsinin və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq, dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər məcburi sertifikatlaşdırmadan keçməlidir və sertifikatlaşdırmadan keçməyən şəxslərin pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ yoxdur. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2.1-ci maddəsinə əsasən dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2.4-cü maddəsinə əsasən sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir. Həmin Qanunun 36-2.5-ci maddəsinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Həmin Qanunun 36-2.6-cı maddəsinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 4-cü hissəsinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. 2. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2.2-ci maddəsində, və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 2-ci və 3-cü hissələrində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4-cü bəndində sertifikatlaşdırmadan keçirilməyən şəxslərin siyahısı müəyyən olunmuşdur. Həmin normalarda sertifikatlaşdırmaya cəlb edilməyən şəxslərin siyahısı müəyyən edilərkən müvəqqəti hallar nəzərə alınmışdır. Məsələn hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər və s. müvəqqəti üzrlu hallar aradan qalxdıqdan sonra sertifikatlaşdırmada iştirak etməlidirlər. Yəni hamiləlik sona çatdıqdan (hamiləliyə və doğuşa görə məzuniyyətdən qurtardıqdan) sonra, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan təhsilverən işə çıxdıqdan bir il sonra sertifikatlaşdırmada iştirak etməlidirlər. Lakin Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulan və iddia ərizəsində qeyd olunan hal (işçinin öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvünün olması) mahiyyəti etibari ilə daimi xarakter daşıyır və bu işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılmasının qarşısının alınması təhsilalanların hüquqlarının pozulması ilə nəticələnir, təhsil sahəsində aparılan islahatlarla və Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasəti ilə uyğunsuzluq yaradır. Ona görə də bu şəxslər sertifikatlaşdırmadan keçirilməyən şəxslərin siyahısına daxil edilməmişdir. 3. Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi Məcəllənin 67-2-ci maddəsinin 4-cü hissəsi və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2.4-cü maddəsi ilə qarşılıqlı təhlil edildikdə aydın olur ki, bu əsas (təkrar sertifikatlaşdırmadan keçməyən işçilərə münasibətdə) imperativ xarakter daşıyır. Əmək Məcəlləsinin 70-ci maddəsinin digər bəndlərindən (“a” və “e” bəndləri istisna olmaqla) fərqli olaraq “c” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsini (təkrar sertifikatlaşdırmadan keçməyən işçilərə münasibətdə) işəgötürənin səlahiyyətinə buraxmır. 4. Qeyd edilənlərdən göründüyü kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsi ilə həmin Məcəllənin 67-2-ci maddəsinin 4-cü hissəsi və 70-ci maddəsinin «c» bəndi arasında ziddiyyətlər var. Bu ziddiyyətlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsi ilə həmin Məcəllənin 10-1-ci maddəsi və 70-ci maddəsinin «e» bəndləri arasında ziddiyyətlər var. Məsələn, Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda onların əmək müqavilələri işəgötürən tərəfindən ləğv edilir. Əmək Məcəlləsinin 10- 1.2-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddi ən çoxu 70 yaş ola bilər. Bu zaman Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulan halda (işçinin öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvünün olması) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisinin əmək müqaviləsi Əmək Məcəlləsinin 70ci maddəsinin “e” bəndinə əsasən ləğv edilməsi mümkünsüz olur. İşçi 100 yaşına çatsa da, öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvünün olması səbəbindən onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilməməlidir. Göründüyü kimi, Əmək Məcəlləsinin maddələri arasında ziddiyyət var. Bu ziddiyyətlər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 11.0.2-ci maddəsində nəzərdə tutulmuş qaydanın tətbiqi ilə həll edilə bilər. 5. Agentlikdə tətbiq edilmiş yanaşmaya görə Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər təkrar sertifikatlaşdırmadan keçmədikdə və bununla əlaqədar pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olmadığı halda, onlar pedaqoji fəaliyyətlə bağlı olmayan vəzifəyə keçirilməlidir. Bu mümkün olmadıqda, yəni pedaqoji fəaliyyətlə bağlı olmayan vəzifə üzrə vakant yerlər olmadıqda və ya işçilər həmin vəzifəyə keçirilməsinə razı olmadıqda, onların əmək müqaviləsi Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməlidir. Bildirir ki, Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə yaradılmış komissiyalar tərəfindən təkrar sertifikatlaşdırmadan keçməyən və Əmək Məcəlləsinin 79cu maddəsinin 1- ci hissəsində nəzərdə tutulan işçilərin pedaqoji fəaliyyətlə bağlı olmayan digər işlərlə təmin olunması prosesi həyata keçirilmiş və İddiaçı pedaqoji fəaliyyətlə bağlı olmayan digər işlərdən imtina etmişdir. Qeyd olunan səbəblərə görə, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi, eyni zamanda Cavabdeh2 direktoru Nümayəndə2 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan ИТ-İ ******* nömrəli əmək kitabçasının notariat qaydasında təsdiq olunmuş surətinə əsasən İddiaçı xx.xx.2011-ci il tarixində Cavabdeh2 psixoloqu vəzifəsindən azad edilib, ixtisası üzrə sinif müəllimi təyin edilmiş, xx.xx.2024-cü il tarixində Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 8 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada müəyyən olunmuş keçid balını toplaya bilməməsi səbəbindən sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-29-69/3- 2-13F/2024 nömrəli təkrar sertifikatlaşdırmadan keçməyənlər barədə əmrə əsasən Bakı Şəhəri üzrə Təhsil İdarəsi (Nərminə Hüseynova), Abşeron-Xızı Regional Təhsil İdarəsi (lihamə Abdullayevə), X7 Təhsil İdarəsi (Rövşən Əliyev), Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi (Anar Qədiməliyev), Qazax-Tovuz Regional Təhsil İdarəsi (Arslan Hacıyev), Cavabdeh1 (Anar Məcidov), Quba-Xaçmaz Regional Təhsil İdarəsi (Coşqun Əliyev), Lənkəran-Astara Regional Təhsil İdarəsi (Bəhruz Mehdiyev), X8 Təhsil İdarəsi (Elçin Kərimov), Mil-Muğan Regional Təhsil İdarəsi (Rəşad Musayev), Şəki-Zaqatala Regional Təhsil İdarəsi (Günay Mahmudova), X6 Təhsil İdarəsi (Fuad Bədəlov) və Şirvan-Salyan Regional Təhsil İdarəsinə (Sənan Mənsimli) tapşırılsın ki, 08 iyun 2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin (siyahı əlavə olunur) əmək müqavilələri 2024-cü ilin 27-28 iyun tarixlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən ləğv edilməsini və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsini təmin etmələri əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Cavabdeh1 Ağdam rayon 71 nömrəli tam orta məktəbin xx.xx.2024-cü il tarixli, 37 nömrəli əmrinə əsasən Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 8 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Ağdam rayon 71 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdən ləğv edilməsi əmr edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən xx.xx.2024-cü il tarixində İddiaçı əmək müqaviləsinə 70.c, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əsası ilə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ağdam Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli, 65 nömrəli sərəncamına əsasən İddiaçı xx.xx.1999-cu ildə Ağdam rayonunun Ayaqqərvənd kəndində anadan olmuş, həmin rayonun Şıxlar kəndində qeydiyyatda olan oğlu X2 üzərində qəyyum təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron arayışa əsasən xx.xx.1999-cu il təvəllüdlü X4 ağır dərəcəli əqli gerilik, oliqofreniya kəsgin nəzərə çarpan inbesill formada, nitq inkişafının ləngiməsi diqanozu ilə birinci dərəcəli əlildir, anadangəlmə xəstədir, kənar şəxslərin daimi qulluğuna ehtiyacı var. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron arayışa əsasən xx.xx.2008-ci il təvəllüdlü Səlimova Fidan Fariz qızı sağlamlıq imkanları məhdud uşaqdır. İş materiallarında olan DSMF Ağdam şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 000364 nömrəli vəsiqəyə əsasən xx.xx.1999-cu il təvəllüdlü X4 birinci qrup əlildir. (müddətsiz) İş materiallarında olan Azərbaycan Respublikası Ağdam rayonu Qərvənd ərazi nümayəndəliyi tərəfindən xx.xx.1999-cu il tarixdə verilmiş ХХ-ЖГ 477514 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X4 xx.xx.1999-cu il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 17 nömrə ilə qeyd edilmişdir. X1, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ağdam rayonu Qərvənd ərazi nümayəndəliyi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İİ 093323 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən Səlimova Fidan fariz qızı xx.xx.2008-ci il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 38 nömrə ilə qeyd edilmişdir. X1, anası İddiaçıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 9-cu maddəsinin “q” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq hüququ vardır. 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 289-cu maddəsinə əsasən fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir. 292-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. 292-ci maddəsinin 2-ci hissəsinə əsasən pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. 292-ci maddəsinin 3-cü hissəsinə əsasən pozulmuş hüquqlarının bərpası üçün işçi onun müvəkkil etdiyi nümayəndəsi vasitəsi ilə də əmək mübahisəsini həll edən orqana müraciət edə bilər. Hüquqlarının müdafiəsini həyata keçirmək üçün işçi nümayəndəsinə qanunvericilikdə nəzərdə tutulan qaydada tərtib edilmiş etibarnamə verməlidir. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 300-cü maddəsinin 1-ci hissəsinə dair qeydə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. “Təhsil haqqında” Qanunun 36-2.3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4-cü bəndinə əsasən hamilə qadınlar; uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində; azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmadan keçmirlər. “Təhsil haqqında” Qanunun 36-2.6-cı maddəsinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 noyabr 2024-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 36-2.3-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4-cü bəndi Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsi ilə ziddiyyət yaratmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hazırkı Qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqelər əmək münasibətlərinin tənzimlənməsində nəzərə alınsın. Qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən əsas normativ hüquqi akt Əmək Məcəlləsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.Qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 79-cu maddəsində göstərilən işçilərlə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə qoyulmuş qadağa əmək münasibətlərində yüksək sosial və hüquqi müdafiəyə ehtiyacı olan şəxslərə dövlətin qayğısını əks etdirir. O da qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi konstitusiya hüquqi mahiyyəti və təyinatı baxımından işəgötürən tərəfindən işçilərin, o cümlədən təhsilverənlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada peşəkarlıq səviyyəsini və peşə yararlılığını müəyyənləşdirmək imkanını aradan qaldırmır.Həmçinin sertifikatlaşdırmadan keçmiş təhsilverənlərin nəticələrinə müvafiq olaraq onların əmək haqlarının diferensiallaşdırması da həyata keçirilir. İşəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv edilərkən isə həmin Məcəllənin 79-cu maddəsi ilə müəyyənləşdirilmiş məhdudiyyətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2011-ci il tarixdə Ağdam rayon 71 nömrəli tam orta məktəbin psixoloqu vəzifəsindən azad edilib, ixtisası üzrə sinif müəllimi vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixində təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 8 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada müəyyən olunmuş keçid balını toplaya bilməməsi səbəbindən sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) əsasən xitam verilmiş və tutduğu vəzifədən azad edilmişdir. Hazırda iddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilərkən AR Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin nəzərə alınmadığını qeyd etmişdir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı öhdəsində birinci dərəcəli əlil oğlu X4 var və İddiaçı xx.xx.1999-cu il təvəllüdlü oğlu X2 üzərində qəyyum təyin edilmişdir. Bundan başqa İddiaçı öhdəsində sağlamlıq imkanları məhdud xx.xx.2008-ci il təvəllüdlü Səlimova Fidan Fariz qızı vardır. Məhkəmə yuxarıda qeyd edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilən hüquqi mövqeyi əsas götürməklə hesab edir ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilərkən həmin Məcəllənin 79-cu maddəsi ilə müəyyənləşdirilmiş məhdudiyyətlər nəzərə alınmadığından iddia təmin edilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-29-69/3-2-13F/2024 nömrəli əmri İddiaçı hissəsində və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Cavabdeh1 Ağdam rayon 71 nömrəli tam orta məktəbin xx.xx.2024-cü il tarixli, 37 nömrəli əmri ləğv edilməli, İddiaçı əvvəlki vəzifəsinə, yəni Ağdam rayon 71 nömrəli tam orta məktəbin sinif müəllimi vəzifəsinə bərpa edilməli, məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-29-69/3-2-13F/2024 nömrəli əmri İddiaçı hissəsində və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Cavabdeh1 Ağdam rayon 71 nömrəli tam orta məktəbin xx.xx.2024-cü il tarixli, 37 nömrəli əmri ləğv edilsin. İddiaçı əvvəlki vəzifəsinə, yəni Ağdam rayon 71 nömrəli tam orta məktəbin sinif müəllimi vəzifəsinə bərpa edilsin. Məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-4171/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4171/2024
29.11.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver