Məhkəmə qərarları › İş №e-2(004)-4184/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4184/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4184/2025 16.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Oruclu Aydan Adəm qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni qüvvəsini almış məhkəmə qərarının icrası gecikdirilərək icra olunduğunu nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən, hesablanan 624,99 manat məbləğində (5%) faiz borc, bildiriş (pretenziyanı) göndərilməsi üçün ödənilmiş 1,80 manat məbləğində pul və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqı olmaqla cəmi 657,19 manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı (Sunny Electronics mağazasına) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) İddiaçı (Sunny Electronics mağazası) (bundan sonra iddiaçı) Cavabdeh1 (bundan sonra borclu) arasında bağlanmış 29 iyun 2013-cü il tarixli, 9444 saylı alqı-satqı müqaviləsinə əsasən borclu 2945 manat dəyərində olan aldığı malın dəyərinin 18 ay müddətinə hissə-hissə ödənilməsi ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Həmin müqavilənin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır (bundan sonra zamin). İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etsə də, cavabdehlər müqavilənin şərtlərini pozaraq kreditin ödənilməsinə ayrılmış aylıq qrafik üzrə ödənişlərdən yayınmışdılar. Daha sonra gecikdirilmiş borcun ödənilməsi üçün məhkəməyə müraciət olunmuş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8579/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə qərarına əsasən, borclular Cavabdeh1, Cavabdeh2 cəmi 2000 manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır. Qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almış və 06 il, 03 ay, yəni (75 ay) müddətində xx.xx.2021-ci il tarixdə icra olunmuşdur (ödənilmişdir). Cavabdehlər qəbul olunmuş məhkəmə qərarı üzrə məbləği zamanında ödəyərək icra etsəydilər, iddiaçı başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, cavabdehlərin məhkəmə qərarı üzrə öhdəliyini icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə iddiaçı, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, iddiaçı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Buna görə də, məhkəmə qərarı üzrə kreditora ödənilən 2000 manat borca görə məhkəmə qərarı qanuni qüvvəsini aldığı müddətdən icra olunanadək illik (5%) faiz hesablanmaqla məhkəmə qərarı üzrə ümumi məbləğdən əlavə faiz ödənilməlidir. Bu da, (2000 azn x 0,05 % = 100 azn / 12 ay = 8.33 azn x 75 ay = 624.99 azn) təşkil edir. Bununla bağlı qanunvericilikdə nəzərə tutulmuş qaydada, işin məhkəmədən kənar həll olunması üçün cavabdehlərə rəsmi qaydada bildiriş (pretenziya) göndərilmiş və 5 (beş) gün müddətində icra olunması (ödənilməsi) xahiş olunmasına baxmayaraq, cavabdehlər icra etməmişlər. Daha sonra İddiaçı elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin üçüncü abzasında qeyd olunan “xx.xx.2021-ci il tarixdə icra olunmuşdur” sözünü xx.xx.2021-ci il tarixdə icra olunmuşdur (ödənilmişdir) kimi nəzərə alaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Qanunvericiliklə müəyyən olunmuş müddətdə müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(004)-8579/2014 nömrəli əmrinə əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə 1555 manat əsas, 424 manat cərimə və 21 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 2000 manat məbləğində pulun tutulması əmr edilmişdir. İş materiallarında olan İddiaçı Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərdiyi xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8579/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə borc tam şəkildə ödənilmiş və həmin icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən cavabdehlərə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı məhkəmə qərarının icrasının 06 il, 03 ay, yəni (75 ay) gecikdirilərək icra olunduğuna görə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Plenum qərarına əsasən, 624.99 manat məbləğində hesablanmış faiz borcunu bildiriş alındığı gündən 5 gün müddətində ödəməyi tələb etmiş, əks halda, hesablanmış faiz borcu və eyni zamanda məhkəmə xərclərinin ödənilməsi üçün məhkəməyə müraciət edəcəyini bildirmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3-ci maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Təqdim edilmiş sənədlər əsasında müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(004)-8579/2014 nömrəli əmrinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə 1555 manat əsas, 424 manat cərimə və 21 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 2000 manat məbləğində pul tutulmuşdur. Cavabdehlər məhkəmə əmri ilə tutulan pul məbləğinin ödənilməsini gecikdirdiklərindən hazırda iddiaçı (kreditor) məhkəməyə müraciət edərək, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edir. Göründüyü kimi, cavabdehlər qanuni qüvvəsini almış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 sentyabr 2014-cü il tarixli məhkəmə əmrini 2014-cü ilin oktyabr ayından 2021-ci ilin yanvar ayınadək olan 6 il 3 ay, yəni 75 ay ərzində icra etməmiş, bununla da, iddiaçının dəymiş zərərin əvəzini (2000 azn x 0,05 % = 100 azn / 12 ay = 8.33 azn x 75 ay = 624.99 azn), gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini cavabdehlərdən tələb etmək hüququ yaranmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz kreditorun əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış borcun tutulması tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı və bildiriş (pretenziya) göndərilməsi üçün ödənilmiş 1.80 manat cavabdehlərə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin pul məbləğinin ödənilməsini gecikdirdiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 624.99 manat gecikdirilmiş vaxt üçün faiz borcu, bildiriş (pretenziya) göndərilməsi üçün ödənilmiş 1.80 manat, dövlət rüsumu və bank xidmət haqqı olaraq ödənilmiş 30.40 manat olmaqla, cəmi 657,19 (altı yüz əlli yeddi manat on doqquz qəpik) məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 624.99 (altı yüz iyirmi dörd manat doxsan doqquz qəpik) manat gecikdirilmiş vaxt üçün faiz borcu, bildiriş (pretenziya) göndərilməsi üçün ödənilmiş 1.80 (bir manat səksən qəpik) manat, dövlət rüsumu və bank xidmət haqqı olaraq ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat olmaqla, cəmi 657,19 (altı yüz əlli yeddi manat on doqquz qəpik) məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar