Məhkəmə qərarları › İş №e-2(004)-4196/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4196/2024

13.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4196/2024 13.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 75A saylı evin 42 nömrəli mənzilindən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılması, həmin qətnamədə “bu qətnamə xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 75A saylı evin 42 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması üçün əsasdır” kimi qeyd yazılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 75A saylı evin 42 nömrəli mənzilindən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılması, həmin qətnamədə “bu qətnamə xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 75A saylı evin 42 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması üçün əsasdır” kimi qeyd yazılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 42 saylı mənzil isə İddiaçı xüsusi mülkiyyətindədir. Həmin mənzil iddiaçıya xx.xx.2004-cü il tarixdə atası X1 tərəfindən bağışlanılmışdır. Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 42 saylı mənzildə formal olaraq pasport qeydiyyatında olsa da, heç vaxt orada yaşamamışdır. ünvan 1 ünvanında yerləşən 42 saylı mənzildən pasport qeydiyyatından çıxmalı olan şəxs Cavabdehdır və iddiaçı həmin şəxsə özünə məxsus yaşayış sahəsindən pasport qeydiyyatından çıxması barədə müraciət etsə də, o, iddiaçının bu xahişini təmin etməkdən imtina edir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarına İddiaçı ilə Cavabdeh arasında bağlanmış daşınmaz əmlaklara dair xx.xx.2023-cü il tarixli Saziş əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə qərarlarına əsasən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2002-ci il tarixdə nikaha daxil olmuşlar, 2021-ci il tarixdə isə nikahlarına məhkəmə qaydasında xitam verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2004-cü il tarixli bağışlanma müqaviləsinə əsasən müəyyən edilir ki, mübahisə predmeti olan mənzil iddiaçıya atası X1 tərəfindən bağışlanılmışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, ünvan 2 ünvanı Cavabdeh xüsusi mülkiyyətindədir, həmin əmlak 2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında əldə edilmişdir (sözügedən xüsusat “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən öz təsdiqini tapır). “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, Cavabdeh sözügedən mənzildə qeydiyyatdadır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi əsas götürülməklə, münasibətlərin yarandığı tarix xx.xx.2008-ci ildir. Bu səbəbdən, mübahisəyə münasibətlərin yarandığı tarixdə qüvvədə olmuş maddi hüquq norması qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələbləri tətbiq edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında göstərilən hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmə araşdırması zamanı cavabdehin sözügedən mənzildə əvvəllər və ya hazırda faktiki yaşamasına və ya başqa yaşayış yerinin olmamasına dair sübutlar təqdim edilməmişdir. Əksinə, iş materialları əsas götürülməklə məhkəmə prezumpsiya olaraq qəbul edir ki, cavabdeh həqiqətən də xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən evdə yaşayır, faktiki yaşayış sahəsi vardır. Məhkəmə nəzərə alır ki, cavabdeh uzun müddətdir ki, faktiki olaraq mübahisə predmeti olan mənzildə yaşamır, əvvəllər də heç vaxt yaşamamışdır, sadəcə mənzildə formal qeydiyyatdadır. Odur ki, sözügedən mənzilə istifadə hüquqlarının olmaması hüquqi faktının müəyyən edilməklə tanınması yolveriləndir. Mənzilə formal qeydiyyat isə özü-özlüyündə istifadə hüquqlarının mövcud olmasına əsas deyildir. Bundan əlavə, cavabdehin iradəsinə zidd şəkildə mənzildən istifadə hüquqlarının məhdudlaşdırılması xüsusatları müəyyən edilmir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh məhkəmə iclaslarının heç birində iştirak etməmiş, iddia tələbində qeyd olunan xüsusatların təkzib edilməsi ilə bağlı sənəd, sübut və ya material (mülahizə) məhkəməyə təqdim etməmiş, üzərinə düşən aktiv sübutetmə fəaliyyətini təmin etməmişdir. Nəticə etibarilə, mülkiyyətçi olan iddiaçının iddia tələbi əsaslıdır. Məhkəmə qərarı qanuni və əsaslı olmalıdır. Hüquqi müəyyən, aydın, anlaşılan hüquq norması digər formada təfsir edilə bilməz. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 75A saylı evin 42 nömrəli mənzilindən istifadə hüquqlarının olmaması müəyyən edilməli, qətnamə xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 75A saylı evin 42 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması üçün hüquqi əsas təşkil etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 75A saylı evin 42 nömrəli mənzilindən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılması, həmin qətnamədə “bu qətnamə xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 75A saylı evin 42 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması üçün əsasdır” kimi qeyd yazılması” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 75A saylı evin 42 nömrəli mənzilindən istifadə hüquqlarının olmaması müəyyən edilsin. Qətnamə xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 75A saylı evin 42 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması üçün hüquqi əsas təşkil etsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar