Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4212/2023 10.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı əmək müqaviləsinin xitam olunmuş hesab edilməsi, son haqq-hesabın aparılması, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron informasiya sistemində müvafiq qeydin aparılması vəzifəsinin qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında olan əmək münasibətlərinin bitmiş, əmək müqaviləsinin xitam olunmuş hesab edilməsi, iddiaçının əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin iddiaçıya verilməsi və işəgötürənin son haqq-hesabının (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, tərəflər arasında əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron informasiya sistemində müvafiq qeydin aparılması vəzifəsinin X1 Xidmətinin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 03 aprel 2015-ci il tarixdə əmək müqaviləsi bağlanmış, iddiaçı həmin tarixdən 2015-ci ilin avqust ayınadək Cavabdeh MMC-də direktor müavini vəzifəsində çalışmışdır. İddiaçı 2015-ci ilin avqust ayında işəgötürənə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə müraciət etmiş və ölkəni tərk etmişdir. 05 aprel 2023-cü il tarixində iddiaçı əlavə iş yeri olaraq "xxxx" MMC-də idarə heyəti sədrinin müavini kimi rəsmiləşdirilib. O, hal-hazırda "xxxx" MMC ilə əsas iş yeri kimi əmək müqaviləsi bağlamaq niyyətindədir. Lakin məlum olmuşdur ki, iddiaçının cavabdeh ilə olan əmək müqaviləsi hələ də qüvvədədir. Odur ki, iddiaçının "xxxx" MMC-də əsas iş yeri kimi qeydiyyata alınması üçün ilk növbədə cavabdeh ilə bağlanan əmək müqaviləsinə xitam verilməlidir. İddiaçı "xxxx" MMC ilə əmək münasibətlərinə girdiyi üçün 22 iyun 2023-cü il tarixdə cavabdehə ərizə göndərərk 7 gün ərzində, yəni 29 iyun 2023-cü il tarixindən işdən azad olunmasını xahiş etmişdir. Lakin cavabdeh şirkət faktiki olaraq fəaliyyət göstərmədiyi üçün göndərilən ərizəyə münasibətdə cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Bu səbəbdən də hazırda iddiaçının əsas iş yeri hələ də Cavabdeh MMC olaraq qeydiyyatdadır. Cavabdeh faktiki olaraq fəaliyyət göstərmədiyi üçün nə iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilə bilir, nə də iddiaçı ilə son-haqq hesab aparıla bilir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh MMC-nin ünvanına göndərilmiş məhkəmə bildirişi poçt tərəfindən “qapı bağlıdır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Yasamal Rayon Məhkəməsinin mülki iş üzrə 10 oktyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabın aparılması tələbinə dair mülki iş üzrə icraata “tərəflər arasında əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron informasiya sistemində müvafiq qeydin aparılmasının X1 Xidmətinin üzərinə vəzifə qoyulması” tələbinə dair hissədə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2.-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən həmin tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması səbəbindən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş: “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən, İddiaçı Cavabdehndə direktor müavini, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində idarə heyəti sədrinin müavini vəzifələrində çalışır. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış İDM -213 saylı 05 aprel 2023-cü il tarixli əmək müqaviləsinə əsasən iddiaçı həmin cəmiyyətə idarə heyəti sədrinin müavini vəzifəsinə qəbul edilmişdir. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2023-cü il tarixli, 1616-34/23 nömrəli vəkil sorğusuna cavab məktubundan görünür ki, Nümayəndə1 Cavabdeh (VÖEN **********) təsisçisi və rəhbəridir. xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə ünvanlanmış ərizədən görünür ki, İddiaçı başqa işəgötürənlə əmək müqaviləsi bağlaması səbəbindən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 7 gün ərzində xitam verilməsini xahiş etmişdir. “Royal” Express sürətli poçt daşıma xidmətinin 04 iyul 2023-cü il tarixli aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş ərizə cavabdehin qeydiyyatda olduğu ünvanda yerləşməməsi səbəbindən geri qaytarılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosuna 1616-32/23 saylı, 14 sentyabr 2023-cü il tarixli vəkil sorğusu göndərilərək, Cavabdeh direktoru Nümayəndə1 hazırda axtarışda olub-olmaması, əgər axtarışda deyilsə, sərbəst buraxılması və ya barəsində hər hansı qətimkan tədbirinin tətbiq edilməsi barədə məlumatların təqdim olunması xahiş olunmuşdur. Həmin sorğuya cavab olaraq, İNTERPOL-un Milli Mərkəzi Bürosu tərəfindən verilmiş 3-13-25/2-10436/23 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Nümayəndə1 2016-cı ildə beynəlxalq axtarışa elan edilmiş, lakin Təşkilatın Baş Katibliyi tərəfindən 2018-ci ildə onun barəsində məlumatların İNTERPOL-un müvafiq bazalarından silinməsinə dair qərar qəbul olunmuşdur. Nümayəndə1 barəsində axtarış işi hazırda Bakı şəhəri Səbail rayon Polis İdarəsinin icraatıında olduğundan, sorğuda qeyd olunanlarla bağlı aidiyyəti üzrə müraciət edilməsi izah edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 3-13-12/2-133867/202 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü Nümayəndə1 barəsində Səbail rayon Polis İdarəsi tərəfindən CM-in 179.3.2, 308.2.1 və 313-cü maddələri ilə aparılan cinayət təqibi üzrə seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə xx.xx.2015-ci il tarixdə 1342 N°-li axtarış işi açılmış və hazırda axtarışdadır. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: ...b) əmək müqaviləsinin müddətinin qurtarması... Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası
1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Beləliklə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı başqa işəgötürənlə əmək müqaviləsi bağlayaraq öz təşəbbüsü ilə cavabdeh ilə aralarında olan əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdehin faktiki olaraq fəaliyyət göstərməməsi səbəbindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməmiş və son haqq-hesab aparılmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının onunla cavabdeh arasında olan əmək münasibətlərinin bitmiş, əmək müqaviləsinin xitam olunmuş hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin iddiaçıya verilməsi, iddiaçının əmək kitabçasının və işəgötürənin son haqq-hesabının (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbləri əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyi və iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ :
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında olan əmək münasibətləri bitmiş, əmək müqaviləsi xitam olunmuş hesab edilsin. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin, əmək kitabçasının verilməsi və son haqq-hesabının (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) aparılması Cavabdeh üzərinə vəzifə qoyulsun. Cavabdehndən 100 (yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Təhminə Xəlilova