Məhkəmə qərarları › İş №e-2(004)-4221/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4221/2025

08.07.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4221/2025 08.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı ödənilməmiş sığorta ödənişlərinin həyata keçirilməsi tələbinə dair iş üzrə (açar sözlər: geri qaytarma, bir-birilə əlaqəsi olmayan tələblər) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı ödənilməmiş sığorta ödənişlərinin həyata keçirilməsi tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi

1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixə qədər Cavabdeh1 MMC-də iş icraçısı vəzifəsində çalışdığı dövrlər üzrə ödənilməmiş məcburi dövlət sosial sığorta ödənişlərinin həyata keçirilməsi vəzifəsinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması və xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixə qədər isə Cavabdeh2 MMC-də iş icraçısı vəzifəsində çalışdığı dövrlər üzrə ödənilməmiş məcburi dövlət sosial sığorta ödənişlərinin həyata keçirilməsi vəzifəsinin Cavabdeh2 MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: Maddə 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə; Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır.

Məhkəmənin mövqeyi

3. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.

4. Qanunun qeyd edilən tələblərindən görünür ki, iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır.

5. Hazırkı halda isə iddiaçı iddia ərizəsində ayrı ünvanlarda qeydiyyatda olan iki fərqli cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirmişdir.

6. Belə ki, iddiaçı müxtəlif tarix aralıqlarında, fərqli şirkətlərdə işlədiyi zaman sosial sığorta ödənişlərinin həyata keçirilmədiyini – hüquqlarının fərqli cavabdehlər tərəfindən fərqli vaxtlarda pozulduğunu iddia edir. Belə olan halda isə predmetin – iddiaçının barəsində qərar qəbul edilməsini istədiyi subyektiv hüququnun eyni xarakterli olması bu tələblərin bir icraatda birləşdirilməsinə əsas vermir.

7. Odur ki, iddia ərizəsi MPM-in tələblərinə uyğun tərtib edilmədiyindən iddia ərizəsi və əlavə olunmuş sənədləri geri qaytarılmalıdır.

8. Göstərilənləri və MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı ödənilməmiş sığorta ödənişlərinin həyata keçirilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar