Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4225/2024 19.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Cavabdehin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-cı il tarixdə Cavabdeh1 Ağsu X4 İdarəsinə İsmayıllı rayonu üzrə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər yanında yardımçı fəhlə vəzifəsinə təyin edilmişdir. Cavabdeh2 MMC yaradıldıqdan sonra onunla bağlanmış müqavilə əsasında eyni idarədə eyni vəzifədə işləmişdir. Belə ki, iş yeri və vəzifəsi eyni olmuş, lakin əmək müqaviləsi bağladığı subyekt dəyişmişdir. İddiaçı həmin iş yerində 8 il çilingər yanında yardımçı fəhlə vəzifəsində çalışmışdır. Lakin, Cavabdeh2 MMC-nin xx.xx.2024-cü il tarixli əmrinə əsasən qanunsuz olaraq müqavilənin müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə qanunsuz xitam verilmişdir. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2, digər Cavabdeh1 məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və məhkəmə iclasında iştirak edilməməsi ilə bağlı məhkəməyə məlumat verməmişlər. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına İşçi İddiaçı ilə İşəgötürən Cavabdeh2 MMC arasında bağlanmış əmək müqaviləsi əlavə edilmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, İddiaçılə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanılaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh1 Ağsu X4 İdarəsinə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsinə təhkim edilmişdir. Həmin müqavilənin 2.1 -ci maddəsinə əsasən müqavilə 1 (bir) ay müddətinə bağlanmışdır. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən 2.1 -ci bəndində müəyyən edilmiş müddəti başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, onun qüvvədə olma müddəti avtomatik olaraq eyni şərtlərlə xx.xx.2021-ci il tarixinədək uzadıla bilər. İş materiallarında olan əmək müqaviləsi bildirişinə əsasən müəyyən olunur kiişçinin aylıq əmək haqqı 345 manat təşkil etmişdir. İş materiallarında olan İşəgötürən Cavabdeh2 MMC-nin xx.xx.2024-cü il tarixli 3-17- 7/3-4-697/2024 nömrəli əmrinə əsasən müəyyən olunur ki, əmrə 1 nömrəli əlavə göstərilən bir sıra işçilərlə, həmçinin İşçi İddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xitam verilmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, mübahisə üzrə mediasiya prosedurasına əməl olunmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsasının aşağıdakı hüquq normaları təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biridir. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 47-ci maddəsinin “e” bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmin Məcəllənin 68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 73-cü maddəsinin birinci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 84 nömrəli Qərarı ilə təsdiqlənmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydalarının 1.2-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydalan”nın 2.6-cı bəndinə əsasən isə ictimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Cavabdeh2 MMC tərəfindən icra olunan "İşsizin DOSTu” proqramına əsasən işəgötürən Cavabdeh2 MMC ilə işçi İddiaçı arasında xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsi ölkə miqyasında icra olunan, əhalinin sosial rifahının yüksəldilməsi və dayanıqlı məşğulluğunun təmin edilməsini nəzərdə tutan müddətli layihənin həyata keçirilməsindən irəli gəlmiş, vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək və bir çox vətəndaşın həmin layihədən yaralanması layihənin əsas prioritetlərindən hesab edilmişdir. Əmək müqaviləsinə əsasən iddiaçı haqqı ödənilən ictimai işlərə cəlb edilmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh1 Ağsu X4 İdarəsinə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsinə təhkim edilmişdir. Sözügedən əmək müqaviləsi müddətli əmək müqaviləsi olmuşdur. Qanunvericiliyin tələbinə əsasən bu hal, yəni şəxsin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi əmək müqaviləsinin müddətli bağlanılmasına yol verilən hallar siyahısına daxil edilmişdir. Əmək müqaviləsi 1 ay müddətə nəzərdə tutulmuş, 1 aylıq müddət başa çatdıqdan sonra tərəflər əmək müqaviləsinə xitam verilməsini tələb etmədikləri halda müqavilənin eyni şərtlərlə il sonunadək uzadılması şərti qeyd edilmişdir. Beləliklə, həmin müqavilə əsasında tərəflər müqavilə münasibətlərini işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qəbul edildiyi 2024-cü ilin iyun ayınadək davam etdirmişlər. Lahiyənin mahiyyətindən irəli gələn xüsusatlar nəzərə alınmaqla və müqavilənin müddətinin bitməsinə əsaslanmaqla işçinin əmək müqaviləsinə işəgötürənin əmri ilə xitam verilmişdir. Əmək müqaviləsinin müddəti bitdiyi halda əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əsas hüquqlarından biridir. Məhkəmə nəzərə alır ki, hazırki mübahisə üzrə işəgötürən MMC olsa da, həmin MMC-nin fəaliyyət sosial yönümlü olmaqla dövlət layihəsidir (MMC-nin idarəretməsi dövlətə məxsusdur) və işçilərin təminatı vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi məqsədilə məhz dövlət tərəfindən həyata keçirilir. Məhkəmə hazırki hüquq münasibətlərinə formal olaraq deyil, mahiyyəti üzrə baxmaqla qiymətləndirməyi zəruri hesab edir. Məhkəmə nəzərə alır ki, dövlətin müvafiq sosial layihəsi üzrə işçi uzun müddət işləmiş və məşğulluğunu, maddi təminatını qarşılamışdır. Lakin, müvafiq sosial layihədən təkcə eyni vətəndaşlar deyil, müxtəlif digər vətəndaşlar da faydalanmalı, dövlət məhdudiyyətsiz formada qeyri-müəyyən müddətə əmək münasibətlərini davam etdirməkdə yüklənməməlidir. Nəzərə alınır ki, sözügedən sosial layihələr müvafiq dövrə tətbiq edilməklə məhdud (müvəqqəti) xarakterlidir və vətəndaşları işləməyə, əməyə təşviq edir, maddi təminatlarına dəstək verir. Dövləti daimi əsaslarla əmək müqaviləsi bağlamaqla mükəlləf etmək həmin layihənin sosial mahiyyətinə və işçilərin pozulmuş əmək hüquqlarının müdafiəsinin fəlsəfəsinə uyğun gəlmir. Nəzərə alınır ki, müddətli, xüsusən 1, 2, 3 aylıq qısa müddətli əmək müqavilələrinə məhkəmələrin yanaşması təcrübi olaraq fərqlidir və bu münasibətlərdən işçilərin müdafiəsinin maksimal təminatı qorunur. Yəni, məlumdur ki, heç kim 1-2-3 aylıq müqavilə bağlamaqda maraqlı deyil, hər kəs istəyər ki, (istisnalar xaric) əmək müqavilələri təminatlı, daimi və uzun müddətli olsun. Bununla da, işəgötürənlərin işçilər üzərindəki hüquqlarından sui-istifadə etmək imkanları qanunla və məhkəmə vasitəsilə məhdudlaşdırılır. Lakin, hazırki mübahisədə yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, bir tərəfdə (işəgötürən) dövlət və dövlətin sosial layihəsi dayanır. Dövlətin sosial siyasətinə uyğun olaraq büdcəsinin sosial yönümlə xərcləri müvafiq məbləğlərlə məhdudlaşır, xərclərin həddləri büdcə imkanları həddində dəyərləndirilir. Nəzərə alınır ki, hazırda həmin layihənin getdikcə məhdudlaşdırılması, anoloji digər layihələrin tətbiq edilməsi, özünü məşğulluğun təmin edilməsi müvafiq dövlət orqanları tərəfindən planlaşdırılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xitam verilməsində məhkəmə tərəfindən qanunsuzluq halı aşkar edilmir, iddia tələbi əsassızdır, əmr qanunidir, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-4225/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4225/2024
19.09.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver