Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4234/2024 05.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" X1 Cavabdeh qarşı “kommunal xidmət haqqı borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X3 Cavabdeh qarşı “kommunal xidmət haqqı borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixinə kommunal xidmət haqqı olaraq 6072,24 (altı min yetmiş iki manat iyirmi dörd qəpik) manatın, həmin borc məbləğinə hesablanmış 607,24 (altı yüz yeddi manat iyirmi dörd qəpik) manat məbləğində dəbbə pulunun, dövlət rüsumu üçün ödənilmiş 87,0 (səksən yeddi) manat məbləğin, ümumilikdə 6766,48 (altı min yeddi yüz altmış altı manat qırx səkkiz qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq "xxxx" MMM-ə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən yaşayış binasına "xxxx" MMM tərəfindən kommunal xidmətlər göstərilir. Xidmətlərin göstərilməsinə dair yaşayış və qeyri-yaşayış sahələrinin sahibləri ilə "xxxx" MMM arasında xidmət müqavilələri mövcuddur və həmin müqavilələrə əsasən ödənişlər aparılır. Cavabdeh və "xxxx" MMM arasında xx.xx.2017-ci il tarixli “Mənzil Kommunal xidməti haqqında” müqavilə bağlanılmışdır. xx.xx.2017-ci il tarixli “Mənzil Kommunal xidməti haqqında” müqavilənin 2.2-ci maddəsinin bəndinə əsasən, “Sifarişçi” yerinə yetirilmiş iş və xidmət haqlarını vaxtında ödəməlidir. Həmin müqavilənin 3.2 bəndinə uyğun olaraq, “Sifarişçi” hər ayın 05-i tarixindən gec olmayaraq, 192,8 kv.m. mənzil sahəsi üçün, hər kv.m. üçün 0,90 manat olmaqla, cəmi 173,60 (bir yüz yetmiş üç manat altmış qəpik) manat məbləği “İcraçı”ya ödəyir (ödəniş nəğd və ya köçürmə yolu ilə aparılır). Eləcə də, müqavilənin 3.4-cü bəndinə əsasən, ödəmənin hər gecikdirilən günü üçün borcun məbləğinin 0.1% miqdarında, ümumi məbləğin 10%-dən çox olmamaqla dəbbə pulu hesablana bilər (dəbbə pulunun məbləği “İcraçı” tərəfindən müəyyən edilir). Lakin, cavabdeh kommunal xidmət haqlarını tam və vaxtında ödəmədiyi üçün, onun xx.xx.2023cü il tarixinə 6832,48 (altı min səkkiz yüz otuz iki manat qırx səkkiz qəpik) manat borcu qeydə alınıb. Həmin borc məbləği fevral 2020 – may 2023 dövrünü əhatə edir. Bununla əlaqədar olaraq cavabdehə məxsus Bakı şəhəri, ünvan 1 6-cı mərtəbədə yerləşən , 10 saylı, ümumi sahəsi 192.8 kv.m təşkil edən mənzil sahəsinə görə kommunal xidmət haqqının ödənilməsinə dair yazılı bildirişin surəti xx.xx.2023-cü ildə votsap vasitəsilə göndərilmişdir. Bundan əlavə, dəfələrlə telefon əlaqəsi saxlanılmasına baxmayaraq, ödəniş təmin edilməmişdir. Cavabdeh aprel 2017-ci il tarixindən 24 may 2023-cü il tarixə qədər olan müddət ərzində kommunal xidmət haqlarını vaxtında və tam ödəməmiş, nəticədə "xxxx" MMM ilə bağlanmış kommunal xidmətlərə dair müqavilənin şərtlərinə uyğun olaraq, xx.xx.2023-cü il tarixinə 6832,48 (altı min səkkiz yüz otuz iki manat qırx səkkiz qəpik) manat borcu yaranmışdır. Həmin borc məbləğinə tərəflər arasındaki müqaviləyə əsasən 683,24 (6832,48 * 10 %) manat məbləğində dəbbə pulu hesablanmış və Yasamal rayon məhkəməsinə müraciət edilmişdir. Müraciətdən sonra cavabdeh "xxxx" MMM-ə müraciət edərək, borcu hissə-hissə ödəməyə razılığını bildirmişdir. Bu zaman tərəflər arasında 08 iyun 2023-cü il tarixli razılaşma imzalanmışdır. Həmin razılaşmaya əsasən cavabdeh 1832,48 manat məbləği müəssisəyə ödəmiş, yerdə qalan 5000 (beş min) manat borc məbləğinin hər ay 500 (beş yüz) manat ödənilməsinə dair üzərinə öhdəlik götürmüşdür. Daha sonra cavabdeh həmin razılaşmaya da tam əməl etməmiş, ümumi borcdan 3 (üç) dəfəyə cəmi 1357,04 (bir min üç yüz əlli yeddi manat dörd qəpik) manat vəsaiti müəssisəyə ödəmiş, 3642,96 (üç min altı yüz qırx iki manat doxsan altı qəpik) manat borcu qalmışdır. Nəzərə alınsa ki, cavabdehə kommunal xidmətlərin ödənilməsi müqavilə ilə davam edir və onun aylıq 173,52 (bir yüz yetmiş üç manat 52 qəpik) manat borcu yaranır, o hesab ilə onun ümumi borcu xx.xx.2024-cü ilə 6072,24 (altı min yetmiş iki manat iyirmi dörd qəpik) manat (14 ay (iyun 2023 daxil – iyul 2024 daxil) x 173,52 = 2429,28 + 3642,96 = 6072,24 manat) təşkil edir. Həmin borc məbləği və ona hesablanan dəbbə pulu kimi 607,24 (altı yüz yeddi manat iyirmi dörd qəpik) manat məhkəmə qaydasında ondan tələb edilir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 elektron kabinet vasitəsilə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddianın tam rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixinə kommunal xidmət haqqı olaraq 6072,24 (altı min yetmiş iki manat iyirmi dörd qəpik) manatın, həmin borc məbləğinə hesablanmış 607,24 (altı yüz yeddi manat iyirmi dörd qəpik) manat məbləğində dəbbə pulunun, dövlət rüsumu üçün ödənilmiş 87 (səksən yeddi) manat məbləğin, ümumilikdə 6766,48 (altı min yeddi yüz altmış altı manat qırx səkkiz qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq Xəzər Mənzil Servis MMM-ə ödənilməsinə dair iddia tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət olunmuşdur. İddiaçı Xəzər Mənzil X5 Müəsssisənin reyestr sənədlərini iddia ərizəsinə əlavə etmişdir. Həmin hüquqi şəxs 1997ci ildə qeydiyyata alınmışdır. Hal-hazırda Xəzər Mənzil Servis X4 adı altında və Mülki Məcəlləyə əsasən X4 ad altında təşkilati hüquqi formaya malik olan hüquqi şəxs mövcud deyildir. Bu hüquqi şəxsin təşkilati hüquq forması Mülki Məcəllə və Mənzil Məcəlləsinə ziddir. Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə əsasən 109.5. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Mənzil Məcəllənin 141.3-cü maddəsinin tələblərinə əsasən çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Həmin məcəllənin 141.5-ci maddəsinə əsasən bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir. Bu prosedurların heç birinə riayət olunmayıb, Xəzər Mənzil Servis MMM qanuni əsas olmadan kommunal haqları yığır və qanunvericiliyə zidd olaraq bina sakinlərinə bu tələbləri irəli sürür. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Mənzil Məcəlləsinin 137.5-ci maddəsində qeyd edilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil - tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. Burdan belə nəticəyə gəlmək olar ki, Xəzər Mənzil Servis MMM nə Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti, nə Mənzil Tikinti Kooperativi, nə də ixtisaslaşmış istehlak kooperatividir. Qanunvericilik bu subyektlərin dairəsini müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 15 dekabr 2015-ci il və 22 sentyabr 2020-ci il tarixli qərarlarında Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsinə əsasən, müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifəsi olması qeyd olunur. Nəzərə almaq lazımdır ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır, cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququna malikdir (Mənzil Məcəlləsinin 125.1 və 125.4-cü maddələri). Həmin Məcəllənin 125.2.4-cü maddəsinə müvafiq olaraq isə cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətidir. Yuxarıda göstərilən halları nəzərə alaraq iddiaçının subyektiv hüqunun olmaması, qanuni əsası olmadan sakinlərdən kommunal haqlarının yığılması öz sübutunu tapır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan 1 avqust 2006-cı il tarixli "xxxx" Mənzil-Tikinti Korperativinin İdarə Heyətinin sədrinin təşəbbüsü ilə növbədənkənar çağırılmış ümumi yığıncağın protokoluna əsasən "xxxx" MTK-nın idarəçiliyində olan ünvan 3 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının idarə edilməsi və istismarı "xxxx" MMM-ə tapşırılması və bu məqsədlə zəruri işlərin yerinə yetirilməsi, müqavilənin imzalanması, həmçinin "xxxx" MTK ilə sakinlər arasında imzalanan müqavilələrdəkı kommunal xidmətlə bağlı müddəalar barədə "xxxx" MMM məlumatlandırılması qərara alınmışdır. İş materiallarında olan icraçı İddiaçı MMM ilə sifarişçi "xxxx" MTK arasında bağlanmış 01 avqust 2006-cı il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən Bakı Şəhər İHnin 543 saylı, xx.xx.2002-ci il tarixli sərəncama əsasən «Hüseyn» firmasına tərəfindən ünvan 4 ünvanda çoxmərtəbəli yaşayış binasının layihələşdirilməsinə və tikintisinə icazə verilmişdir. Həmin tikinti «Hüseyn» firması nəzdində yaradılmış "xxxx" MTK üzvlərinin vəsaiti hesabına həyata keçirilir. "xxxx" MTK ünvan 4 ünvanda çoxmərtəbəli yaşayış binasının inşa edir və sakinlərə xidmət göstərilməsini təşkil edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilənin «1.1.» bəndində göstərilənə əsaslanaraq «Sifarişçi» kommunal xidmət göstərilməsini bu müqavilə ilə «İcraçı»ya həvalə edir. «İcraçı» tərəfindən göstərilən bütün kommunal və digər xidmətlər (işlər) üzrə yaranan münasibətlər «İcraçı» ilə sakinlər arasında imzalanan fərdi müqavilələl ilə tənzimlənir. İş materiallarında olan icraçı İddiaçı” MMM ilə sifarişçi Cavabdeh arasında bağlanmış 01 aprel 2017-ci il tarixli “Mənzil-kommunal xidməti haqqında” müqaviləyə əsasən “Sifarişçi”nin tapşırığı ilə “İcraçı” öz üzərinə ünvan 5 ünvanda yerləşən 6-cı mərtəbədə 192.8 kv.m olan 10 saylı mənzil sahəsinə sahə-kommunal xidmətlərinin həyata keçirilməsi, həyətyanı sahənin yaşıllaşdırılması, abad saxlanması və s. öhdəliyi üzərinə götürür. Həmin müqavilənin 3.2.-ci bəndinə əsasən “Sifarişçi” hər ay 05-i tarixdən gec olmayaraq 173,60 (yüz yetmiş üç tam onda altı) manat məbləği (192.8 kv.m. x 0.9 azn = 173,60) “İcraçı”ya ödəyir (ödəniş nəğd və ya köçürmə yolu ilə aparılır).Həmin müqavilənin 3.4.-cü bəndinə əsasən ödəmənin hər gecikdirilən günü üçün borcun məbləğinin 0.1 % miqdarında, ümumi məbləğin 10 %-dən çox olmamaqla dəbbə pulu hesablana bilər (dəbbə pulunun məbləği “İcraçı” tərəfindən müəyyən edilir). Həmin müqavilənin 4.4.-cü bəndinə əsasən müqavilənin müddəti bitdikdə, əgər tərəflərdən heç biri bu müqavilənin ləğv edilməsini bildirməsə, müqavilə əvvəlki şərtlərlə həmin müddətə uzadılmış hesab edilir. İş materiallarında olan "xxxx" MMM ilə X2 arasında bağlanılmış 08 iyun 2023-cü il tarixli Razılaşmaya (xx.xx.2017-ci il tarixli müqaviləyə Əlavə) əsasən “Mülkiyyətçi” X2 Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi ev 10 (Balababa Məcidov küçəsi ev 75), mənzil 10-in sahibi olmaqla, binaya kommunal xidmət göstərən “Müəssisə" "xxxx" MMM ilə qarşılıqlı müqavilə münasibətlərindədir və ona kommunal xidmətlər göstərilir. Bu barədə onun üçün müqavilə tərtib edilib və şərtlərindən məlumatlı olaraq, hazırda kommunal xidmətlərdən istifadə edir. xx.xx.2023-cü il tarixə kimi qarşılıqlı razılıq, əlavə hesablamalar və dəqiqləşmələr ilə "Mülkiyyətçi" “Müəssisəyə” 6832.48 (altı min səkkiz yüz otuz iki manat 48 qəpik) manat borcu olduğunu qəbul edir, (cədvəl əlavə olunur) “Mülkiyyətçi” bu protokol imzalanan tarixdə 1832,48 (bir min səkkiz yüz otuz iki manat 48), qalan 5000 (beş min) manat borcu bərabər hissələrə bölünmək şərti ilə, 10 ay müddətinə, hər ayın 5-i tarixindən gec olmayaraq, aylıq ödəniş 500 (beş yüz manat) olmaqla “Müəssisə"yə ödəməlidir. “Mülkiyyətçi” bu razılaşma protokolu ilə kommunal xidmət müqaviləsinin (və ya mövcud müqaviləyə əlavəni) imzalanmağı öhdəsinə götürür. İş materiallarında olan 05 may 2023-cü il tarixli kommunal xidmət haqqı borcunun ödənilməməsinə dair bildirişə əsasən X2 tərəfindən kommunal xidmət haqqı ödənişləri vaxtında və tam ödənilmədiyi səbəbindən, mart 2020-ci il tarixindən xx.xx.2023-cü ilə qədər kommunal xidmət haqqı qismində "xxxx" MMM-nə 6658,96 (altı min altı yüz əlli səkkiz manat doxsan altı qəpik) manat məbləğində borcun yarandığı bildirilmişdir. İş materiallarında olan İddiaçı MMM-nin 14 iyun 2023-cü il tarixli mənzil kommunal xidməti üçün mədaxil qəbzinin kötüyünün surətinə əsasən Cavabdeh 1833 (bir min səkkiz yüz otuz üç) manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan İddiaçı MMM-nin 29 avqust 2023-cü il tarixli mənzil kommunal xidməti üçün mədaxil qəbzinin kötüyünün surətinə əsasən Cavabdeh 347,04 (üç yüz qırx yeddi manat dörd qəpik) manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan İddiaçı MMM-nin 30 oktyabr 2023-cü il tarixli mənzil kommunal xidməti üçün mədaxil qəbzinin kötüyünün surətinə əsasən Cavabdeh 510 (beş yüz on) manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan İddiaçı MMM-nin 11 yanvar 2024-cü il tarixli mənzil kommunal xidməti üçün mədaxil qəbzinin kötüyünün surətinə əsasən Cavabdeh 500 (beş yüz) manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan İddiaçı MMM-nin idarəçiliyində olan Bakı şəhəri,Yasamal rayonu,B.Məcidov 75 (köhnə ünvan Z.Əhmədbəyov 10) ünvanda yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasının “Mənzil mülkiyyətçilərinin ümumi yığıncağının” xx.xx.2024-cü il tarixli protokola əsasən ünvan 7 ünvan Zivərbəy Əhmədbəyov küçəsi 10) ünvanda yerləşən yaşayış binasında mənzillərə görə tətbiq edilən və hər kvadrat metr sahə üçun 0.90 manat təşkil edən mövcud kommunal xidmət haqqının təsdiq edilməsi qərara alınmış və 18 mənzil mülkiyyətçisi tərəfindən imzalanaraq təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı MMM-nin Şəxsi Vergilər üzrə vərəqəsinə əsasən xx.xx.2023-xx.xx.2023-cü il dövrü üçün işsizlikdən sığorta və İTS-ə görə dövlət büdcəsinə 87209.21 AZN, vergilər üzrə 77368.02 AZN ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə tərəflərin təqdim etdikləri sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 6.0.10-cu maddəsinə əsasən mənzil qanunvericiliyi kommunal xidmətlərin göstərilməsi ilə bağlı münasibətləri tənzimləyir. 6.0.11-ci maddəsinə əsasən mənzil qanunvericiliyi yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi ilə bağlı münasibətləri tənzimləyir. 29.3-cü maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. 45.5-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. 137.6-cı maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. 137.7-ci maddəsinə əsasən bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. 137.8-ci maddəsinə əsasən yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər. 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. 137.10-ci maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. 139.2-ci maddəsinə əsasən yaşayış sahəsinə mülkiyyət formasının, yaşayış sahəsindən istifadə əsaslarının dəyişməsi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənziltikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılması və ləğv edilməsi kommunal xidmətlərə görə haqqın miqdarının dəyişdirilməsinə əsas deyildir. 140.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. 141.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. 141.3-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 sentyabr 2020-ci il tarixli qərarına əsasən mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “V.Ələsgərovanm şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 29 dekabr 2015-ci il tarixli qərarına əsasən çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. İcrası məcburi olan qərarlar, yalnız çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. Binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə araşdırma zamanı müəyyən olundu ki, "xxxx" MTK ilə "xxxx" MMM arasında 01 avqust 2006-cı il tarixdə bağlanmış müqaviləyə əsasən "xxxx" MTK ünvan 9 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasına kommunal xidmət göstərilməsini "xxxx" MMM-ə həvalə etmiş və "xxxx" MMM tərəfindən göstərilən bütün kommunal və digər xidmətlər (işlər) üzrə yaranan münasibətlərin "xxxx" MMM ilə sakinlər arasında imzalanan fərdi müqavilələr ilə tənzimlənəcəyi göstərilmişdir. İddiaçı "xxxx" MMM ilə Cavabdeh arasında 01 aprel 2017-ci il tarixdə bağlanmış “Mənzil-kommunal xidməti haqqında” müqaviləyə əsasən "xxxx" MMM öz üzərinə ünvan 5 ünvanda yerləşən 6-cı mərtəbədə 192.8 kv.m olan 10 saylı mənzil sahəsinə sahə-kommunal xidmətlərinin həyata keçirilməsi, həyətyanı sahənin yaşıllaşdırılması, abad saxlanması və s., Cavabdeh isə hər ay 05-i tarixdən gec olmayaraq 173,60 manat məbləği (192.8 kv.m. x 0.9 azn = 173,60) ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMM ilə Cavabdeh arasında 08 iyun 2023-cü il tarixli Razılaşmaya (xx.xx.2017-ci il tarixli müqaviləyə Əlavə) əsasən Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi ev 10 (Balababa Məcidov küçəsi ev 75), mənzil 10-in sahibi olmaqla, binaya kommunal xidmət göstərən "xxxx" MMM ilə qarşılıqlı razılığa gəlmişlər, Cavabdeh xx.xx.2023-cü il tarixə kimi "xxxx" MMM-ə 6832.48 manat borcunun olduğunu qəbul etmiş, həmin tarixdə 1832,48 manat, qalan 5000 manat borcu bərabər hissələrə bölünmək şərti ilə, 10 ay müddətinə, hər ayın 5-i tarixindən gec olmayaraq, aylıq ödəniş 500 manat olmaqla "xxxx" MMM-ə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı "xxxx" MMM müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, lakin Cavabdeh müqavilənin şərtlərinə əsasən müəyyən olunmuş müddətdə və qaydada ödənişi ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş, müqavilə üzrə ödənişləri tam həyata keçirməmişdir. Belə ki, Cavabdeh aprel 2017-ci il tarixindən 24 may 2023-cü il tarixə qədər olan müddət ərzində kommunal xidmət haqlarını vaxtında və tam ödəməmiş, nəticədə "xxxx" MMM ilə bağlanmış kommunal xidmətlərə dair müqavilənin şərtlərinə uyğun olaraq xx.xx.2023-cü il tarixinə 6832,48 manat borcu yaranmışdır. Cavabdeh "xxxx" MMM-ə müraciət edərək, borcu hissə-hissə ödəməyə razılığını bildirmiş, bu zaman tərəflər arasında 08 iyun 2023-cü il tarixdə 01 aprel 2017-ci il tarixli müqaviləyə Əlavə Razılaşma imzalanmışdır. Həmin razılaşmaya əsasən cavabdeh xx.xx.2023-cü il tarixdə 1833 manat ödəniş etmiş, yerdə qalan 5000 manat borc məbləğinin hər ay 500 manat ödənilməsinə dair üzərinə öhdəlik götürsə də, həmin razılaşmaya da tam əməl etməmiş, ümumi borcdan 3 dəfəyə cəmi (347.04+510+500)=1357,04 manat məbləğində ödəniş etmiş, nəticədə 3642,96 manat borcu qalmışdır. Tərəflər arasında bağlanmış mənzil-kommunal xidməti haqqında müqaviləyə əsasən hər ay 192.8 kv.m x 0.90=173.52 manat hesablandığından, onun ümumi borcu xx.xx.2024-cü il tarixə 6072,24 manat (14 ay (iyun 2023 daxil – iyul 2024 daxil) x 173,52 = 2429,28 + 3642,96 (qalıq borc) = 6072,24 manat) təşkil edir. Hazırda iddiaçı xx.xx.2024-cü il tarixinə kommunal xidmət haqqı olaraq hesablanmış 6072,24 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.Məhkəmə təqdim edilmiş sübutlara və yuxarıda sadalanan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddiaçının gecikdirilmiş ödənişlərə görə 607,24 manat məbləğində dəbbə pulu ödənilməsi tələbinə münasibətdə, tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu (cərimə) azadılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 6072,24 manat əsas borc, 303,76 manat dəbbə pulu olmaqla, cəmi 6376 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMM-ə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 87 manat məbləğində dövlət rüsumunun 83,76 manat məbləği cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6072,24 (altı min yetmiş iki manat iyirmi dörd qəpik) manat əsas borc, 303,76 (üç yüz üç manat yetmiş altı qəpik) manat dəbbə pulu olmaqla, cəmi 6376 (altı min üç yüz yetmiş altı) manat və dövlət rüsumu olaraq ödənilmiş 83,76 (səksən üç manat yetmiş altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMM-ə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-4234/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4234/2024
05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver