Məhkəmə qərarları › İş №e-2(004)-4239/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4239/2025

04.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4239/2025 04.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iş üzrə (açar sözlər: istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, dalan 1, ev 7 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir.

2. Daşınmaz əmlakın texniki pasportundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, dalan 1, ev 7 ünvanında 16-ı yaşayış otağı olmaqla, cəmi 33 otaq mövcuddur.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2015-ci il tarixli, **********21 nömrəli məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, dalan 1, ev 7 və 8 nömrəli fərdi yaşayış evi konstruktiv cəhətdən vahid tikili olduğundan mülkə “ünvan 1 ünvanı verilmişdir.

4. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 61 saylı Mənzil Kommunal İstismar Sahəsinin 61 nömrəli arayışından görünür ki, Cavabdeh ünvan 3 ünvanında pasport qeydiyyatındadır.

5. Məhkəmə tərəfindən mübahisəli əraziyə yerli baxış zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, dalan 1, ev 7 ünvanı üzrə giriş hissədən sağ, sol və üzbəüz istiqamətlərdə yaşayış sahələri mövcuddur. Tikili konstruktiv cəhətdən ikimərtəbəlidir. Girişdən sağ hissədə, ikinci mərtəbədə otaqların qapısı bağlıdır. İddiaçı tərəfin dediyinə görə həmin hissə cavabdehin faktiki sahibliyindədir. İddiaçının göstərdiyi otaqlar iş yerləşmə baxımından iş materiallarında olan texniki pasporta əlavə edilmiş situasiya planındakı 25, 26, 27 nömrəli otaqlara uyğun gəlir.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının adına verilmiş xx.xx.2010-cu il tarixli, **********11-10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportun yaşayış evlərinin texniki göstəriciləri, mərtəbələr üzrə otaqların təsnifatına əsasən Bakı şəhəri, Yasamal rayonu, C.Qaryağdıoğlu küçəsi, dalan 1, ev 7 nömrəli mənzilin 2 mərtəbəli A tikilisi 12,9 kv.m olan 25 nömrəli yaşayış otağı, 7,2 kv.m olan 26 nömrəli mətbəx və 1,3 kv.m olan 27 nömrəli sanitar qovşağından Cavabdeh çıxarılması və həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddianın əsaslarına görə, Bakı şəhər, Yasamal rayonu, C.Qaryağdıoğlu küçəsi, dalan 1, ev 7 fərdi yaşayış evi xx.xx.2010-cü il tarixində ərinin vəfatından sonra qanun üzrə vərəsə qismində İddiaçı mülkiyyətinə keçmişdir. Cavabdeh onun xəbərm olmadan evin qeydiyyatına düşmüşdür. Onun mülkiyyət hüquqlarını pozaraq Bakışəhər,Yasamal rayonu, C.Qaryağdıoğlu küçəsi, dalan 1,ev 7 fərdi yaşayış evindən çıxmaqdan imtina edir.

b) iddiaya qarşı etiraz

8. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

9. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin məzmununa uğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi iddiaya etiraz edərək, göstərdi ki, cavabdehin yaşadığı sahə X1 məxsus olmuş, ona isə sağlığında cavabdeh baxmış, qulluq etmişdir. Nina Ananyeva vəfat etdikdən sonra mənzili cavabdehə vəsiyyət etmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.4. mülkiyyətin toxunulmazlığı; Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Məhkəmə baxışının hədləri

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

14. İşdəki sübutlarla müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, dalan 1, ev 7 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim edilmişdir. Fərdi yaşayış evi üzrə 16 yaşayış otağı mövcuddur. Cavabdeh həmin yaşayış sahəsi üzrə “ev 8c” ünvanında pasport qeydiyyatında olsa da Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2015-ci il tarixli məktubundan məlum olur ki, Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, dalan 1, ev 7 və 8 nömrəli fərdi yaşayış evi konstruktiv cəhətdən vahid tikili olduğundan mülkə “ünvan 1 ünvanı verilmişdir.

15. Cavabdehin faktiki istifadə etdiyi sahə iş materiallarında olan texniki pasporta əlavə edilmiş situasiya planındakı 25, 26, 27 nömrəli otaqlardır ki, bunlardan biri yaşayış otağı, biri mətbəx, biri isə sanitar qovşaq təyinatlıdır.

16. Göründüyü kimi, mübahisənin obyekti fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olması mübahisəsizdir. Cavabdehin isə həmin mənzilə dair mülkiyyət hüququ mövcud deyil, hər hansı digər hüququnun (istifadə və s.) olması isə iş materialları ilə müəyyən edilmir.

17. Cavabdeh mübahisəli sahənin mərhum X2 tərəfindən ona vəsiyyət edildiyini bildirsə də, sonuncunun özünün də həmin sahəyə dair mülkiyyət hüquqlarının olması sübut olunmur, bu barədə hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir.

18. İstifadə hüququ isə şəxsə bağlı hüquq olmaqla vərəsəlik qaydasında keçmir. Bu baxımdan cavabdehin mərhum Nina Pavlovna ilə arasında olan sənədləşmələrin, iş materiallarına əlavə edilmiş mərhumun ərizələrinin araşdırılması lüzumsuzdur.

19. Odur ki, hazırda cavabdehin iddiaçının mülkiyyətində olan sahəyə istifadə hüququnun olması müəyyən edilmir. Olmayan hüquqa xitam verilməsi isə yolverilməzdir. Lakin, iddiaçının hüquqi marağı, cavabdehin həmin ünvana pasport qeydiyyatana düşməklə faktiki yaşamasının iddiaçının mülkiyyət hüquqlarına müdaxilə olduğu nəzərə alınmaqla onun yaşayış sahəsi üzrə istifadə hüququnun olmaması müəyyən edilməli, o zəbt etdiyi sahələrdən çıxarılmalıdır.

20. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin Bakı şəhəri, Yasamal rayonu, C.Qaryağdıoğlu küçəsi, dalan 1, ev 7 nömrəli evə istifadə hüquqlarının olmaması müəyyən edilməli, o həmin evdə 2 mərtəbəli A tikilisi 12,9 kv.m olan 25 nömrəli yaşayış otağından (7,2 kv.m olan 26 nömrəli mətbəx və 1,3 kv.m olan 27 nömrəli sanitar qovşağı daxil olmaqla) çıxarılmalıdır.

21. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, C.Qaryağdıoğlu küçəsi, dalan 1, 7 nömrəli evə istifadə hüquqlarının olmaması müəyyən edilsin. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, C.Qaryağdıoğlu küçəsi, dalan 1, ev 7, 2 mərtəbəli A tikilisi 12,9 kv.m olan 25 nömrəli yaşayış otağından (7,2 kv.m olan 26 nömrəli mətbəx və 1,3 kv.m olan 27 nömrəli sanitar qovşağı daxil olmaqla) çıxarılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar