Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4241/2024 12.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş (açar sözlər: kredit müqaviləsi, overdraft) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xəlil Ülkər Abdurahman qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh qarşı (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanması nəticəsində yaranmış 100.83 manat borcun, həmçinin ərizəyə görə ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh ilə arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” dair 28 sentyabr 2021-ci il tarixli, ******************** saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Bank, ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, Müştəri isə Müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən Bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. xx.xx.2021-ci il tarixində RRN **********41, RRN **********16 nömrəli kredit əməliyyatlarının müvafiq bank tərəfindən təsdiqinə (“presentment”) dair Banka məlumat təqdim olunmadığından, qeyd olunan əməliyyatlar blokdan çıxarılaraq vəsait geri çəkilmişdir. Bununla əlaqədar olaraq Banka 100.83 ( bir yüz manat, səksən üç qəpik) manat həcmində ziyan dəymişdir. Yuxarıda qeyd edilən əsasdan Cavabdeh Bankın hesabına 100.83 ( bir yüz manat, səksən üç qəpik) manat məbləğində əsassız varlanmışdır.Borcun yaranmasına səbəb olan hadisə zamanı cavabdehin əldə etdiyi vəsait onun müqaviləyə əsasən əldə etməli olduğu əmlak (vəsait) deyildir və cavabdehin əsassız varlanması kimi şərh edilməlidir. Bоrcun ödənilməsi tələbi ilə borcluya dəfələrlə müraciət оlunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh onun istifadəsində olan ödəniş kartına bağlı olan hesabına köçürülən vəsaitin qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Borcluya göndərilmiş 26 aprel 2024-cü il tarixli, 6-3/07/05- 3828 saylı pretenziya (хəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Hаl-hаzırdа borclunun iddiaçıya оlаn bоrcu 100.83 manat təşkil еdir ki, bu bоrcun dа cavabdeh tərəfindən ödənilməsi təmin еdilməlidir.
II. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. İddiaçı ilə cavabdeh arasında bağlanmış kart hesabının açılması və ödəniş kartından istifadə haqqında xx.xx.2021-ci müqaviləyə əsasən bank müştəriyə kart hesabının açılması, ödəniş kartının təöqdim edilməsi və ödəniş kartının dövriyyəyə buraxılmasını, müştəri isə plastik kartdan istifadə ilə bağlı yaranan borcu və xidmət haqlarını ödəməyi öhdəsinə götürmüşdür.
5. Müqavilənin 2.1-ci maddəsinə əsasən tərəflər arasında münasibətlər bu müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan Fiziki şəxslərə ödəniş kartinin (debet, kredit) verilməsi üzrə Xidmətlərin göstərilməsi müqaviləsinin standart şərtləri ilə tənzimlənir.
6. Fiziki şəxslərə ödəniş kartinin (debet, kredit) verilməsi üzrə Xidmətlərin göstərilməsi müqaviləsinin standart şərtlərinin aşağıdakı bəndlərinə əsasən, - 3.1.8. Kart hesabına artıq səhvən mədaxil olunmuş vəsait (və ya texniki overdraft) barədə dərhal bankı məlumatlandırmaq, əlavə mədaxil olunmuş vəsaitdən istifadə etməmək,vəsaitin geri qaytarılmasını təmin etmək, əlavə mədaxil olunmuş vəsaitin bank tərəfindən silinməsinə etiraz etməmək; - -3.1.9. Əməliyyatın aparıldığı tarixdən vəsaitin silinməsi həyata keçirilən tarixədək olan dövr ərzində baş verən valyuta kursu dəyişikliyi nəticəsində və yaxud “offline” terminallardan aparılan əməliyyatlar nəticəsində kart hesabındakı vəsaitdən artıq istifadə halı qeydə alındığı təqdirdə bu vəsaiti qeyd-şərtsiz geri qaytarmaq müştərinin vəzifəsidir.
7. İddiaçı tərəfindən verilmiş xx.xx.2021-xx.xx.2024-cü il dövrü üçün hesabdan çıxarışdan görünür ki, günün sonun qalıq borc 100,83 manat təşkil etmişdir.
8. İddiaçı tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, cavabdeh hüquqi əsası olmadan hesabdan 106,83 manat məxaric etmiş və nəticədə banka 106,83 manat borcu - overdraft yaranmışdır.
9. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubuna əsasən xx.xx.2021-ci il tarixində RRN **********41, RRN **********16 nömrəli kredit əməliyyatlarının müvafiq bank tərəfindən təsdiqinə (“presentment”) dair Banka məlumat təqdim olunmadığından, qeyd olunan əməliyyatlar blokdan çıxarılaraq vəsait geri çəkilmişdir.Bununla əlaqədar olaraq banka 106.83 manat həcmində ziyan dəymiş və cavabdeh həmin məbləğdə əsassız olaraq varlanmışdır.Yuxarıda göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehə ona məxsus olmayan 106.83 manat vəsaiti 5 iş günü ərzində banka geri ödəməyi tələb etmiş və əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir.
10. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
12. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 954.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. - Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
13. Beləliklə, işin hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh bank tərəfindən təqdim edilmiş plastik kartdan hüquqi əsası olmadan müəyyən məbləği məxaric etmiş və yaranmış borcu (overdraft) ödəməyərək öhdəliyini lazımınca icra etməmişdir.
14. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 100,83 manat məbləğində borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən göstərilən borc tutularaq iddiaçıya ödənilməlidir.
15. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 100,83 manat tutularaq iddiaçıya ödənilməlidir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
IV. Nəticə:
18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 100.83 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 130,83 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Xəlil