Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4247/2022 15.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı və cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti cəlb edilməklə) əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və mənəvi ziyan tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilməsinə dair xx.xx.2022-ci il tarixli 22-0353 saylı əmrin ləğv edilməsi, onun Cavabdeh QSC-nin Kiçik və Orta Biznes Kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin Baş Hüquqşünası vəzifəsinə işə bərpa edilməyi, işdən azad olunduğu xx.xx.2022-ci il tarixdən işə bərpa olunan günə qədər məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsi, işə bərpa olunarkən ləğv edilmiş əmək müqavilənin şərtləri ilə eyni şərtlər daxilində yeni əmək müqaviləsinin bağlanması, cavabdehdən 10000 (on min) manat məbləğində mənəvi ziyanın və mediasiya prosesilə bağlı ödənilmiş 50(əlli) manat xərcin alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişdir. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni onunla əsaslandırılmışdır ki, elektron iddia ərizəsində qeyd edildiyi kimi onunla Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında 15 yanvar 2016-cı il tarixdə 2016/0008 saylı əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsinə əsasən o, həmin bankda Hüquqşünas vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi 18 yanvar 2016-cı il tarixdən qüvvəyə minmişdir. O zaman əmək müqaviləsi bir tərəfdən o, işəgötürən tərəfdən isə Cavabdeh QSC-nin X14i Michael Hoffmann tərəfindən verilmiş etibarnaməyə əsasən bankın İnsan Resusları Departamentinin rəhbəri Aynur Süleymanlı imzalamışdır. Əmək müqaviləsinə bir neçə dəfə dəyişikliklər və əlavələr edilmiş, sonuncu dəfə 30 noyabr 2020-ci il tarixdə edilmiş əmək müqaviləsinə edilmiş əlavəyə görə o, Cavabdeh QSC-nin Kiçik və Orta Biznes Kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin Baş Hüquqşünası vəzifəsinə təyin edilmişdir. Bu əlavə 01 dekabr 2020-ci il tarixdən qüvvəyə minmişdir. O zaman həmin əlavəni bir tərəfdən o, işəgötürən tərəfdən isə Cavabdeh QSC-nin X14i Anar Həsənov imzalamışdır.25 may 2022-ci il tarixdə ona əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, tutduğu vəzifə üzrə ştat vahidinin ixtisarı ilə əlaqədar ləğv ediləcəyi barədə 24 may 2022-ci il tarixli 134 saylı bildiriş təqdim edilmişdir. Həmin bildirişi Cavabdeh QSC-nin X14i Davit Tsiklauri imzalamışdır. 27 may 2022-ci il tarixdə 22-0353 saylı əmrə əsasən onunla bağlanmış əmək müqaviləsinə 31 may 2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi barədə əmr qəbul edilmişdir. Həmin əmr bankın İdarə Heyətinin üzvü, X14 Müavini, Maliyyə üzrə Baş X1 tərəfindən imzalanmışdır. Əmrin surəti və əmək kitabçası iddiaçıya 31 may 2022-ci il tarixdə təqdim edilmişdir. Sözügedən əmrlə iddiaçı işdən azad olunmağı ilə razı deyildir. Qeyd edilən normalara, hallara, faktlara, sübutlara görə həmin əmr qanunsuz və əsassızdır. 27 may 2022ci il tarixli mübahisələndirilən əmr qəbul edilərkən Cavabdeh QSC-də boş vəzifələrin heç biri ləğv edilməmiş, əksinə bank öz rəsmi internet səhifəsində 15 müxtəlif vəzifə üzrə vakansiya yerləşdirilmişdir. Hətta bugündə bankın internet səhifəsində və iş axtaranlar üçün nəzərdə tutulmuş digər internet səhifələrində Cavabdeh QSC cari vakansiyalar yerləşdirmişdir. Mübahisləndirilən əmr qəbul edilərkən Cavabdeh QSC-də hər hansı bir ixtisarlar olmamış, yalnız onun tutduğu ştat ixtisar olunmuş, bu ştatdan başqa heç bir ştat və ondan başqa heç kim ixtisar olunmamışdır. Bankda həqiqətən də ixtisarlar olmamışdır. Əksinə Cavabdeh QSCdə müxtəlif vəzifə üzrə vakansiya elanları olmuş, hər ay təxminən 10-15 nəfər yeni işçi işə qəbul edilmiş və ya daha yüksək vəzifəyə keçirilmişdir. Bu gündə Cavabdeh QSC cari vakansiyalar mövcuddur. Bankda ondan daha az müddət iş stajına malik olan işçilərin olmasına, hətta müddəli əmək müqavilələri ilə işləyən başqa işçilərin olmasına baxmayaraq yalnız onun işdən azad olunmağı üçün hazırki ixtisar barədə əmr qəbul edilmişdir. Bu zaman işəgötürən onun işgüzar keyfiyyətlərini (peşəkarlığını, ixtisasını) nəzərə almamışdır. Əmək məcəlləsinin 70-ci maddəsinə əsasən əmək müqaviləsinə işəgötürən tərəfindən ləğv edilərkən əməl edilməli qanunvericilik normaları, prosedurlar çox və çətindir. Lakin ona nisbətdə 3-4 aylıq və ya başqa bir müddətli əmək müqaviləsinə xitam verilmənin proseduru daha asan və azdır. Məhkəmənin nəzərinə çatdırılmalıdır ki, işəgötürənin onun başqa işə (vəzifəyə) keçirilməyi üçün hər hansı bir tədbir görməmiş, hər hansı bir vəzifə təklif etməmiş, heç buna cəhd də etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 1 və 3-cü bəndlərinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Yəni, əmək müqaviləsinin ləğv edilməsi üçün əsaslar rəsmiləşdirilməli və bu, işəgötürən tərəfindən tərtib edilən rəsmi sənədlərdə öz əksini tapmalıdır. Bank onunla bağlanmış əmək müqaviləsini ləğv edərkən bunun zəruriliyi, eləcədə ştatın ixtisarının zəruriliyi əmrdə əsaslandırmamışdır və həmin əmrin qəbul edilməsinə əsası kimi ona təqdim edilmiş xx.xx.2022-ci il tarixli bildirişin olduğu qeyd edilmişdir. Bu isə əmrin heç bir əsaslandırma olmadan qəbul edilməsini özü-özlüyündə ehtiva edir. Qeyd edir ki, bankda işə qəbul var, bankın vəziyyəti illik və dövrü hesabatlardan da göründüyü kimi yaxşıdır və bank zərərlə işləmir. Həmin hesabatlar ilə bankın öz saytında https://www.accessbank.az/az/our-bank/in-figures/ linkinə daxil olmaqla tanış olmaq olar. Bank ödənilmiş əmək haqqları və digər kompensasiyalara görə 2021-ci il tarixdə 30760000 manat, 2022-ci ilin 1-ci rübündə isə ******* manat pul xərcləmişdir. Bankın vəziyyətinin yaxşı olduğu dövrdə, ixtisarların olmadığı bir dövrdə yalnız onun ixtisar edilməyi isə qanunsuz olmaqla yanaşı, həmdə məntiqsizlik və ədalətsizlikdir. Çünki onun aldığı əmək haqqının məbləği bankın xərclərinin əsaslı azalmasına və ya maliyyə nəticələrinin əsaslı şəkildə dəyişməsinə (yüksəlməsinə) səbəb olmayacaq qədər azdır. Həmçinin onu da qeyd etmək zəruridir ki, 25 may 2022-ci il tarixdə ona təqdim edilmiş 24 may 2022-ci il tarixli 134 saylı bildirişi vergi orqanın da qeydiyyatdan keçmiş Cavabdeh QSC-nin qanuni təmsilçisi - X14i Davit Tsiklauri imzalasa da mübahisləndirilən əmr bankın İdarə Heyətinin üzvü, X14 Müavini, Maliyyə üzrə Baş X1 tərəfindən imzalanmışdır. X3 belə bir əmr qəbul edib-etməmək səlahiyyətinin olubolmaması barədə əmrə hər hansı bir sənəd (və ya etibarnamə), eləcədə onun həqiqətən də İdarə Heyətinin üzvü, X14 Müavini, Maliyyə üzrə Baş Direktoru vəzifəsində işləməsini təsdiq edən sənəd və onun bankın nizamnaməsində belə bir səlahiyyətinin olub-olmaması barədə sənəd əlavə edilməmişdir. Onun idarə heyətinin üzvü olması barədə xəbər bankın rəsmi internet səhfəsində xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir. Həmin xəbərlə bağlı məlumatı https://www.accessbank.az/az/private/news/103298 linkinə daxil olmaqla əldə etmək olar. Dünyaya gəldiyi və hazırda da qeydiyyatda olduğu Füzuli şəhəri 23 avqust 1993-cü il tarixdə işğal olduqdan sonra ailəsi ilə birlikdə məcburi köçkün olmuşdur. Hazırki vaxtda da məcburi köçkün statusuna malikdir. İşçinin peşəkarlıq səviyyəsi qiymətləndirilərkən işəgötürən onların əmək fəaliyyətini xarakterizə edən müxtəlif məlumatları (məsələn, təhsil haqqında sənədlər, işin ödənilməsi, ixtisas üzrə iş stajı, xidməti tapşırıqların yerinə yetirilmə keyfiyyəti, bu və ya digər ixtisas qrupuna mənsub olma haqqında məlumatları, həvəsləndirmələr, peşə üzrə ixtisasını artırması və s.) nəzərə alır. Bank onu ixtisar edərkən ixtisasını (peşəsini), iş stajını, əmək funksiyaları yerinə yetirilmə keyfiyyətini, həvəsləndirmələri və peşəkarlıq səviyyəsini nəzərə almamaqla yanaşı həm də məcburi köçkün statusu olan şəxs olmağına belə əhəmiyyət verməmişdir. Halbuki qanunvericiliyin yuxarıda qeyd edilən normalarından aydın olduğu kimi idarə, müəssisə və təşkilatlarda ştatların və işçilərin sayının ixtisarı zamanı məcburi köçkünlər işdə saxlanmaq üçün üstünlük hüququna malikdirlər. Bundan əlavə, işəgötürən tərəfindən verilən əmrdə (sərəncamda, qərarda) əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il dəqiq göstərilməlidir. Əmək müqaviləsinin ləğv edilməsi üçün əsas hesab olunan rəsmi sənədlər əmrin məzmununa mütləq qaydada daxil edilməlidir. Bank onunla bağlanmış əmək müqaviləsini ləğv edərkən mübahisələndirilən əmrin qəbul edilməsinə əsas kimi ona təqdim edilmiş xx.xx.2022-ci il tarixli bildirişi göstərmişdir. Bu qeyd edilən əmrin qəbul edilməsi üçün əsas sayıla bilməz. Əmək müqaviləsinin ləğv edilməsi üçün əsaslar rəsmiləşdirilməli və bu, Bank tərəfindən tərtib edilən rəsmi sənədlərdə öz əksini tapmalıdır. İşçilərin sayının və ya ştatlarının ixtisarının həqiqətən olmasını təsdiq edilməsi üçün Bank tərəfindən konkret olaraq müvafiq ştatların, İşçilərin ixtisar olunmasını, bu ixtisara gətirib çıxaran səbəbləri, bankda boş vəzifələrin ləğv edilməsini və s. özündə əks etdirən əsaslandırmış müvafiq əmrlər (sərəncamlar, qərarlar) qəbul edilməli, bu qərarlarda əmək haqqı fondunun ixtisarı haqqında məlumatlar da əks etdirilməli, bu rəsmi sənədlər əmrin qəbul edilmə əsasına əlavə edilməlidir. Bank isə bunların heç birini etməmişdir. Ona görə də mübahisələndirilən əmrin əsasına bu rəsmi sənədlərin heç biri daxil edilməmişdir. Başqa sözlə hazırki mübahisələndirilən əmrin qəbul edilməsi üçün heç bir əsas da mövcud olmamışdır. İxtisarın həqiqətən olmasını təsdiq edən rəsmi sənədlərin əmrin əsasına daxil edilməməsi əsasın olmaması deməkdir və elə tək bu belə bu əmrin qanunsuz olmasına dəlalət edir. Yuxarıda qeyd edilənləri ümumiləşdirdikdə aydın olur ki, bank tərəfindən işçilərin sayının və ya ştatınn ixtisarı haqqında müvafiq qərar qəbul edilməmiş, bankda boş vəzifələr ləğv olunmamış, mübahisləndirilən əmrdə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi, ştatın ixtisarının özüdə yalnız bir ştatın ixtisarının zəruriliyi əsaslandırmamış, əmr qəbul edilərkən bankda həqiqətən işçilərin sayının və ya ştatların ixtisar olunmamış, bunun əksini təsdiq edilən rəsmi sənədlər (müvafiq ştatların, işçilərin ixtisar olunmasını, bu ixtisara gətirib çıxaran səbəbləri, bankda boş vəzifələrin ləğv edilməsini, əmək haqqı fondunun ixtisarı haqqında məlumatlar və s. özündə əks etdirən əsaslandırmış müvafiq əmrlər (sərəncamlar, qərarlar)) mübahİsləndirilən əmrin əsasına əlavə edilməmiş, mübahisələndirilən əmr qəbul edilərkən onun işgüzar keyfiyyətləri, ixtisası (peşəsi), iş stajı, əmək funksiyalarını yerinə yetirmə keyfiyyəti, həvəsləndirmələri və peşəkarlıq səviyyəsi, işdə saxlanmaq üçün üstünlük hüququ olan şəxs olmağı nəzərə alınmamış, başqa işə (vəzifəyə) keçirilməyi üçün də tədbirlər görülməmişdir. Bu halları və şərh edilən qanunvericilik normalarını nəzərə alındıqda belə nəticəyə gəlmək olur ki, bank tərəfindən qəbul edilmiş 27 may 2022-ci il tarixli də 22-0353 sayh əmr qanunsuz və əsassızdır. Belə ki, sözügedən əmr qəbul edilməmişdən qabaq onunla Cavabdeh QSC arasında bağlanmış 15 yanvar 2016-cı il tarixli 2016/0008 saylı əmək müqavilənin şərtlərinin dəyişdirilməsi və onlara yeni əlavələrin edilməsi barədə ona xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əlavə təqdim edilmişdir. Həmin əlavədə olan şərtlərin bir qismi onu qane etməmiş, hətta onun fikrincə etibarsız şərtlər və işçinin vəziyyətini ağırlaşdıran, qanunda işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsini azaldan şərtlər olduğundan tərəfimdən imzalanmamışdır. Bu şərtlərin bəzilərinin əlavədən çıxarılması məqsədilə tərəfindən Cavabdeh QSC-nin İnsan Resusları Departamentinin məsul şəxsləri ilə bu ilin aprel ayında aparılmış danışıqların hər hansı bir müsbət nəticəsi olmamış, ona bildirilmişdir ki, artıq bu əlavə də olan şərtlər rəhbərlik tərəfindən bəyənilmiş, təsdiq edilmişdir, əlavədə olan şərtlərin dəyişdirilməsi, çıxarılması mümkün deyildir, bankın bütün işləri tərəfindən imzalanacaqdır, bu əlavəni imzalamağa məcbur deyilsiniz, lakın bu əlavəni imzalamayacağınız təqdirdə, gələcəkdə bankın işçisi olaraq saxlanmaya bilərsiniz, əlavəni imzalayıb-imzalamayacağı barədə yenidən fikirləşin və sizə əlavəni imzalamağınız tövsiyyə olunur. Bundan bir ay bir neçə gün müddət keçmiş, ona əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən, tutduğu vəzifə üzrə ştat vahidinin ixtisarı ilə əlaqədar ləğv ediləcəyi barədə bildiriş təqdim edilmiş, daha sonra hazırki mübahisləndirilən əmr qəbul edilmişdir. Göründüyü kimi işçilərin sayının və ya ştatların azaldılması zərurəti olmamış, hazırki əmr heç də İxtisarın zərurliyi ilə əlaqədar qəbul edilməmiş, yalnız onun ştat vahidi ixtisar edilmiş və o, bank tərəfindən işdən azad olunmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində dost-tanış, qohumlar arasında malik olduğu nüfuz azalmış, onda müxtəlif psixoloji problemlər yaranmış, yuxusuzluq, depressiya, yorğunluq, əsəbilik kimi psixoloji problemlərdən əziyyət çəkməyə başlamışdır, mütəmadi olaraq narahatçılıq hissləri keçirmiş, əhval-ruhiyəsi indiyə kimi düzəlməmişdir. Bankda hər hansı bir ixtisarın zəruri olmamasına baxmayaraq yalnız onun ixtisar ilə işdən azad olunduğu ətrafdakılardan gizlətməyə çalışmış, bu barədə ona verilən suallardan hələ də yayınmağa çalışır. Özünə güvən və inam hissi azalmışdır, bankda hər hansı bir ixitisarın aparılmadığı bir dövrdə yalnız onun ixtisar ilə işdən azad olunmağı işə düzəlmək üçün müraciət etdiyi idarə və təşkilatlarda ona qarşı inamsızlıq yaratmış, onlar işdən bu qaydada azad olunmağında başqa səbəblər axtarmağa başlamışlar və ümumiyyətlə müraciətlərinə cavab belə verilməmişdir. Bütün bu hadisələrə görə iztirab çəkdiyindən psixoloji vəziyyəti daha da pisləşmişdir. Bütün diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri əsasında ona 10000 manat və daha çox həcmdə mənəvi zərər dəymişdir. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən iddia ərizəsinə etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, bankda müxtəlif sahələr, üzrə elan olunmuş iddiaçının ştat vahidinə dair vakansiyalar olmamışdır və bunun Əmrin qanuniliyinə hər hansı təsiri ola bilməz. İddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, mübahisələndirilən əmr qəbul edilərkən "xxxx" QSC-cə hər hansı ixtisarlar olmamış, yalnız onun tutduğu ştat ixtisar olunmuşdur, bu ştatdan başqa heç bir ştat və ondan başqa heç kim ixtisar olunmamışdır. Əksinə "xxxx" QSCdə' müxtəlif vəzifə üzrə vakansiya elanları olmuş, hər ay təxminən 10-15 nəfər yeni işçi işə qəbul edilmişdir. İlk öncə bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11.1-ci maddəsinin "ə" bəndi, bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququnu işəgötürənin əsas hüquqlarından biri kimi təsbit etmişdir. Bu hüquq özlüyündə işəgötürənə ştatların bir və ya bir neçəsini ixtisar etməyi müstəqil müəyyənləşdirmək imkanı verir və ştat vahidlərinin yalnız çoxluq halda ixtisarının mümkün ola biləcəyi barədə qanunvericilikdə hər hansı qadağa yer almamışdır. İddiaçının isə ərizəsində bunun əksini iddia etməsi, ştat vahidlərindən yalnız birinin ixtisar edilməsinin bu ixtisarın qanuniliyinə xələl gətirdiyi barədə iddiası isə hər hansı qanunvericilik norması ilə təsbit olunmamışdır və əsassızdır. Bundan başqa, Bankın elan etdiyi vakansiyalarla əlaqədar qeyd edilir ki, "AccessBAnk QSC "Banklar haqqında" Qanuna uyğun olaraq, bank fəaliyyəti həyata keçirən və bu fəaliyyəti təmin olunması məqsədilə qurulmuş müxtəlif struktur bölmələrdən ibarət hüquqi şəxsdir. Müxtəlif struktur bölmələr üzrə fəaliyyət ehtiyaclarının təmini baxımından kadr ehtiyacı yarandıqda isə Bank tərəfindən qanunvericiliyə müvafiq surətdə vakansiyalar elan olunur bu, təbii olaraq, işəgötürəni onun Əmək Məcəlləsi 11.1-ci maddəsinin "ə" bəndində göstərilmiş hüququndan məhrum etmir. Belə ki, ayrı-ayrı dövrlərdə bankın fəaliyyət prinsiplərinə uyğun olaraq, zərurət olmayan struktur vahidlər ixtisar oluna bilər. Bunu da əlavə edir ki, iddiaçının işlədiyi ştat vahidi ixtisar olunduqdan sonra, həmin ştat vahidinin aid olduğu şöbəyə ümumiyyətlə vakansiya elan olunmamış, hər hansı işçi işə qəbul edilməmişdir. İddiaçı isə ərizəsində Bankda vakansiyaların olmasına istinad edərək, əmrin qanunsuzluğuna iddia etmişdir, lakin bu, hüquqi cəhətdən əsaslandırılmamışdır. İddiaçının iddia etdiyi məcburi köçkün kimi üstünlük hüququ yalnız o işçilərə tətbiq olunur ki, onların ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olsun. İddiaçı öz ərizəsində bildirmişdir ki, o, məcburi köçkündür və buna görə də onun Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi ilə işdən çıxarılması qanunsuzdur, iddiaçı bunu Məcəllənin 78-ci maddəsinin 2-ci bəndinə istinad edərək iddia etmişdir. Qeyd edirik ki, sözügedən norma işəgötürən tərəfindən işçilər ixtisar edilərkən işəgötürənin riayət etməli olduğu vəzifəni nəzərdə tutur və bir neçə işçi sırasından məhdud sayda işçini saxlamaq imkanı olduğu təqdirdə İşəgötürənin nəzərə almalı olduğu subyektlər dairəsini təsbit edir. Lakin hazırkı halda söhbət bütövlükdə ştat vahidinin ixtisarından gedir və İşəgötürənin ümumiyyətlə ştat vahidini ləğv etmək hüququ qanunvericilikdə nəzərdə tutulduğundan, habelə Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndində göstərilən halın formalaşması üçün zəruri olan "müqayisə edib seçmək" imkanının olmadığı (çünki ştat vahidi tamamilə ləğv olunurdu) nəzərə alınarsa, aydın olur ki, işəgötürənin Əmri qanunvericilik tələblərindən kənara çıxmamışdır. Bank tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin müvafiq tələblərinə riayət olunmuş, o cümlədən Əmr qanuna müvafiq surətdə qəbul edilmişdir. Əmrin əsaslandırılmadığına dair iddiaçının iddiasına cavab olaraq bildiririk ki, ilk növbədə, həm Əmrin mətnində, həm də Əmrin istinad etdiyi 24 may 2022-ci il tarixli bildirişdə Əmrin qəbul olunmasının məqsədləri yer almışdır. Belə ki, Əmrin qəbul olunmasının məqsədi İşəgötürən tərəfindən maliyyə nəticələrinin təkmilləşdirilməsi, iqtisadi səmərəliliyin daha da artırılması və xərclərin optimallaşdırılmasından ibarət olmuşdur. Əmrin əsasları ilə əlaqədar isə bildirir ki, Əmrin Qoşma hissəsində onun əsasları kimi 24 may 2022-ci il tarixli bildiriş və 25 may 2022-ci il tarixli razılaşma göstərilmişdir. Əmrin surəti qanunvericiliyə müvafiq olaraq iddiaçıya təqdim edilmiş və iddiaçı bunu öz imzasıyla təsdiq etmişdir. İddiaçı öz iddia ərizəsinin bir sıra abzaslarında, ştatların ixtisarı zamanı əvvəlcə boş vəzifələrin ləğv olunmalı olduğunu, işçinin başqa işə keçirilməsi üçün işəgötürən tərəfindən tədbirlərin görülməli olduğunu, bunlara dair ayrıca əmrlərin tərtib edilməsi zəruriliyini, yuxarıdakılara riayət olunmadığı təqdirdə ixtisarın qanunsuzluğunu ümumiyyətlə hər hansı qanunvericilik normasına istinad etmədən iddia etmiş, bunu qanunvericiliyin tələbləri kimi qələmə verməyə çalışmışdır. Bildirir ki, respublika daxilində əmək münasibətləri Əmək Məcəlləsi və əlaqəli normativ aktlarla tənzimlənir və iddiaçı yuxarıda qeyd olunanlara qanunvericilik tələbi kimi istinad etməklə sadəcə məhkəməni yayındırmağa və öz iddia ərizəsini qanunvericilik normalarıyla əhatə etmiş kimi göstərməyə cəhd etmişdir. Həmçinin iddiaçı mənəvi zərərlə bağlı iddialarını hər hansı sübutlarla öz təsdiq etməmiş, sadəcə qanunvericilikdəki mənəvi zərərlə bağlı normaları sadalamaqla kifayətlənmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X10 iddia tələbini qəbul etməyərək etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara və işin araşdırılmış halları ilə müəyyən edilmiş hallara qiymət verərək hesab edir ki, müvafiq iddia tələbinə dair iddiaçı tərəfin irəli sürdüyü dəlillər tam əsassızdır və buna görə də iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı məxsus 016443 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 18 yanvar 2016-cı il tarixdə “Accessbank" Qapalı Səhmdar Cəmiyyətinə hüquqşünas vəzifəsinə qəbul edilmiş, xx.xx.2017-ci il tarixdə Kiçik və Orta Biznes kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin hüquqşünası vəzifəsinə, xx.xx.2018-ci il tarixdə Kiçik və Orta Biznes kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin aparıcı hüquqşünası vəzifəsinə, xx.xx.2020-ci il tarixdə Kiçik və Orta Biznes kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin Baş hüquqşünası vəzifəsinə keçirilmiş, 31 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifəsindən azad edilmişdir. - “Accessbank" Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 2016/0008 saylı, 15 yanvar 2016-cı il tarixli əmək müqaviləsinin surətindən görünür ki, hüquqşünas vəzifəsinə işə götürür, müvafiq müqavilə xx.xx.2016-cı il müddətinədək bağlanmışdır, işin birinci üç ayı sınaq müddəti hesab edilmişdir. Aylıq tarif (vəzifə) maaşı əsasında işçiyə hər ay 1.164 (bir min yüz altmış dörd) manat məbləğdə əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. İş vaxtı saat 09:00-da başlanır, 18:00-da qurtarır, nahar vaxtı 1 saat olmaqla işçiyə verirlir. İstirahət günləri hər həftənin şənbə və bazar günləridir. Əmək məzuniyyətinin ümumi müddəti 30 (otuz) təqvim günüdür. - xx.xx.2016-cı il tarixli 2016/0371 saylı Əmək müqaviləsinə əlavədən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən Kiçik və Orta Biznes kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin Baş hüquqşünası vəzifəsinə əsas iş yeri olmaqla təyin olunmuş, əmək haqqı 2.600 (iki min altı yüz) manat təyin edilmişdir. - 27 may 2022-ci il tarixli, 22-0353 saylı əmrin surətindən müəyyən olunur ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin maliyyə nəticələrinin təkmilləşdirilməsi, iqtisadi səmərəliliyinin daha da artırılması və xərclərinin optimallaşdırılması məqsədilə Kiçik və Orta Biznes kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin Baş hüquqşünası üzrə ştat vahidi xx.xx.2022-ci il tarixdən ixtisar edilmiş, İddiaçı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış əmək müqaviləsinə 31 may 2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Həmin əmr bankın İdarə Heyətinin üzvü, X14 Müavini, Maliyyə üzrə Baş X1 tərəfindən imzalanmışdır. - "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 134 nömrəli rəsmi bildirişinin məzmunundan görünür ki, İddiaçı 6 həftə sonra onun 2016/0008 saylı, xx.xx.2016-cı il tarixli əmək müqaviləsi Azərbaycan Rspublikası Əmək Məcəlləsinin 70 (b) maddəsinə əsasən tutduğu vəzifə üzrə ştat vahidinin ixtisarı ilə əlaqədar hazırki bildiriş ona təqdim edildiyi vaxtdan sonra ləğv ediləcəkdir. Həmin bildirişin aşağı hissəsində İddiaçı tərəfindən əl yazısı ilə ilə aparılmış qeyddən məlum olur ki, iddiaçı özü xəbərdərlıq müddəti əvəzinə 1.4 misli miqdarında orta aylıq əmək haqqının birdəfəlik ödənilməsi və xx.xx.2022-ci il tarixin onun axırıncı iş günü kimi nəzərə alınmasını xahiş etmişdir. -Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin AA 371080 seriyalı məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı Füzuli rayonundan məcburi köçkündür. xx.xx.2022-ci il tarixli “Əmək Müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron sistemdən çıxarışından görünür ki, X7 AccesBank QSC-də idarə heyətinin üzvüdür və X14 müavini, maliyyə üzrə baş direktor vəzifəsini tutur. - "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 22-0347 saylı vəzifə artırılması barədə kadr əmrinin surətindən görünür ki, maliyyə üzrə Baş Direktor olan X7 xx.xx.2022-ci il tarixdən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin idarə heyətinin üzvü, X14 müavini, maliyyə üzrə baş direktor vəzifəsinə keçirilmiş və bununla əlaqədar əmək müqaviləsinə dəyişikliklər edilmişdir. - "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunur ki, hal-hazırda "xxxx" Qapalı Səhmdar Cəmiyyətində Maliyyə Restrukturizasiyası və Kreditlərin Bərpası Departamentində Kiçik və Orta Biznes Kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin Baş Hüquqşünası ştatı mövcud deyildir. -"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 22-0199/1 nömrəli 14 mart 2022-ci il tarixli əmrindən görünür ki, Maliyyə Restrukturizasiyası və Kreditlərin Bərpası Departamentində Kiçik və Orta Biznes Kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin işçilərinin fəaliyyətinin dövri sürətdə effektivliyinin məqsədəuyğunluğu nəzərə alınaraq qiymətləndirilmə meyarları məyyən edilmişdir. -"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 22-0817/2 saylı qiymətləndirmə hesabatından görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 22-0199/1 saylı əmrə əsasən işçinin icraatında olan işlərin sayı, işçinin iştirak etdiyi məhkəmə iclaslarının sayı və icraatında olan işlər üzrə müsbət nəticənin əldə olunmasını əks etdirən yekun məhkəmə aktlarının sayı əsas meyarlar kimi götürülərək, qiymətləndirmənin nəticəsi cədvəldə müvafiq olaraq X8 41, 112, 43, İddiaçı 17, 72, 7, X13 23, 58, 17 qeyd edilmişdir. -"xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş təşəkkürnamədən görünür ki, Maliyyə Restrukturizasiyası və Kreditlərin Bərpası Departamentinin əməkdaşı İddiaçı 2019-cu ildə nümunəvi fəaliyyətinə görə təltif edilmişdir. - "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X2 üzvü olmamışdır. Beləliklə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı İddiaçı 18 yanvar 2016cı il tarixdə “Accessbank" Qapalı Səhmdar Cəmiyyətinə hüquqşünas vəzifəsinə qəbul edilmiş, xx.xx.2017-ci il tarixdə Kiçik və Orta Biznes kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin hüquqşünası vəzifəsinə, xx.xx.2018-ci il tarixdə Kiçik və Orta Biznes kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin aparıcı hüquqşünası vəzifəsinə, xx.xx.2020-ci il tarixdə Kiçik və Orta Biznes kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin Baş hüquqşünası vəzifəsinə keçirilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin maliyyə nəticələrinin təkmilləşdirilməsi, iqtisadi səmərəliliyinin daha da artırılması və xərclərinin optimallaşdırılması məqsədilə bankda Kiçik və Orta Biznes kreditlərinin Restrukturizasiyası və bərpası şöbəsinin baş hüquqşünası üzrə ştat vahidinin ixtisar olunması qərara alınmış, İddiaçı işlədiyi vəzifənin ixtisara düşməsi ilə əlaqədar qanunla nəzərdə tutulmuş qaydada 24 may 2022-ci il tarixdə xəbərdarlıq bildirişi verilmiş, iddiaçı xəbərdarlıq müddəti əvəzinə 1.4 misli miqdarında orta aylıq əmək haqqının birdəfəlik qaydada ödənilməsi və xx.xx.2022-ci il tarixinin sonuncu iş günü kimi nəzərə alınmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrə əsasən, iddiaçı ilə olan əmək müqaviləsinə 31 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin (b) bəndinə istinadən ştatların ixtisarı əsası ilə xitam verilmiş və iddiaçı ilə son haqq-hesab edilmişdir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququ işəgötürənin əsas hüquqlarından biridir. Həmin Məcəllənin 70-ci maddəsinin «b» bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.1-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 77.1-77.3-cü maddələrinin tələblərinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Həmin Məcəllənin 78.1 və 78.2-ci maddəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Həmin Məcəllənin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; X2 və ya hər hansı siyası partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin Məcəllənin 80.1-ci və 80.2-ci maddələrinin tələblərinə görə bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X2 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli şəkildə təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək münasibətlərinə xitam verilə bilməz. Beləliklə, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə ştatın ixtisar edilməsi əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh-təşkilat tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, iddiaçı cavabdeh tərəfindən ştatın ixtisar edilməsi səbəbi ilə əmək münasibətlərinə xitam veriləcəyi barədə xəbərdarlıq edilmiş, iddiaçı xəbərdarlıq müddəti əvəzinə 1.4 misli miqdarında orta aylıq əmək haqqının birdəfəlik qaydada ödənilməsini xahiş etmişdir. İddiaçının eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78, 79-cu maddələrində qeyd olunan işçinin işdə saxlanmaq üçün üstünlük hüququna malik olub-olmaması yoxlanılmışdır. İddiaçı Füzuli rayonundan məcburi köçkündür. Bu baxımdan cavabdeh tərəfindən həmin Məcəllənin 78.1 və 78.2-ci maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirilmə hesabatı tərtib edilmiş, həmin qiymətləndirilmə hesabatı nəzərə alınmaqla, iş yeri üzrə ştatın ixtisar edilməsi artıq həmin ştatda işləyən iddiaçı ilə əmək münasibətlərinin eyni ştat üzrə davam etdirilməsi mümkünsüz olduğundan tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsi “Accessbank" Qapalı Səhmdar Cəmiyyətin xx.xx.2022-ci il tarixli əmrinə əsasən ləğv edilmiş, əmək müqaviləsinin ləğv edilməsi barədə məlumat verilməklə onunla son haqqhesab aparılmışdır. Həmçinin iddiaçının xx.xx.2022-ci il tarixli əmrin imzalanması səlahiyyətini nəzərdə tutan xx.xx.2022-ci il tarixli etibarnamənin rəsmi blankında “/” işarəsi olduğundan həmin etibarnamənin sonradan tərtib edilməsinə dair dəlillərlə bağlı məhkəmə qeyd edir ki, müəssisənin daxilində sənədlərin hansı qaydada tərtibatı hüquqi şəxsin öz müvafiq daxili qaydalarına əsasən müəyyən edilir və rəsmi blankda “/” işarəsinin olması onun etibarsız olmasına dəlalət etmir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının işdən çıxarılmasının yeni əmək müqaviləsini bağlamaqdan imtina etməsi ilə səbəbli əlaqənin olması, bundan sonra ona qarşı göstərilən qərəzli münasibətin nəticəsi olması mülahizə xarakterlidir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə ediməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının aid aid olduğu ştat vahidi artıq mövcud olmadığından, beləliklə də onunla əmək münasibətlərinin davam etdirilməsi mümkün olmadığından, iddiaçının tərəf olduğu əmək müqaviləsi cavabdehişəgötürən tərəfindən ləğv edilmiş, əmək müqaviləsinin ləğv edilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə əməl edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün onunla bağlı digər, yəni, işə bərpa edilmə, məcburi işburaxma müddətinə görə əmək haqqın tutulması, işə bərpa olunarkən ləğv edilmiş əmək müqavilənin şərtləri ilə eyni şərtlər daxilində yeni əmək müqaviləsinin bağlanması tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Məhkəmə eyni zamanda qeyd edir ki, 10000 (on min) manat məbləğində mənəvi zərərin ödənilməsinə dair tələbi əsassız olduğundan iddiaçı tərəfindən kifayət qədər əsaslandırılmadığından və iddiaçı tərəfindən tələbi təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarından görünür ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli Qərarının 10-cu bəndində izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü,peşə və sənəti,cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək, iddiaçının tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyi və onun tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən iddiasının rədd edilməsi nəticəsinə gəlir. Göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti cəlb edilməklə) əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və dəymiş mənəvi ziyan barədə iddia tələbi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-4247/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4247/2022
15.09.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver