Məhkəmə qərarları › İş №e-2(004)-425/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-425/2023

24.02.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-425/2023 24.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdeh şirkətinin Azərbaycandakı nümayəndəliyinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa tələbi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh şirkətinin Azərbaycandakı nümayəndəliyinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilat tərəfindən qəbul edilmiş iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi baradə 07 aprel 2022-ci il tarixli, 432/001/Ç saylı əmrin ləğv edilməsini, iddiaçının əvvəlki işinə (cavabdeh təşkilatda qrup rəhbəri vəzifəsinə) bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqı (işdən azad olunduğu gündən bərpa olunan günə kimi) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra iddiaçı) əmək müaviləsinə xitam verilməsi haqqında 06 aprel 2022-ci il tarixli bildiriş və əmək müqaviləsinə xitam verilməsi barəsində 07 aprel 2022-ci il tarixli əmr (N° 432/001/Ç) cavabdeh təşkilat (VOEN: **********) tərəfindən poçt vasitəsi ilə təqdim edilmişdir. İddiaçının nümayəndəsi X1 tərəfindən (etibarnamə 7E-338) 25 aprel 2022-ci il tarixdə Əmək müqaviləsinə xitam verilməsi barəsində əmrin ləğv edilməsinə dair ərizə ilə cavabdeh təşkilata müraciət edilmişdir. İddiaçı 26 aprel 2022-ci il tarixdə cavabdeh təşkilatın əmək müqaviləsinin qanunsuz olaraq ləğv edilməsi barəsində AR ƏƏSMN yanında X2 Xidmətinə ərizə ilə şikayət edilmişdir. AR ƏƏSMN yanında X2 Xidməti Bakı şəhər idarəsi tərəfindən **********6 nömrəli, 03 iyun 2022-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, cavabdeh təşkilat tərəfindən hər hansı qanun pozuntusu aşkar edilməmişdir. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə cavabdeh təşkilata mediasiya prosesinin tətbiqi barəsində təklif edilmişdir. Cavabdeh təşkilat tərəfindən 04 may 2022-ci il tarixdə, 25 aprel 2022-ci il tarixli ərizəyə cavab verilərək bildirilmişdir ki, cavabdeh təşkilat ləğvetmə prosesindədir. İddiaçı 20 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinə sorğu ilə müraciət edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinə ünvanlanmış müraciətlə bağlı AR ƏƏSMN yanında X2 Xidməti Bakı şəhər idarəsi tərəfindən **********4 N°-li, 20 sentyabr 2022-ci il tarixli cavab məktubu ilə cavablandırılmışdır. Qeyd olunanlarla bağlı iddiaçı tərəfindən 28 sentyabr 2022-ci il tarixdə Mediasiya Şurasına təkrar müraciət olunmuşdur. Mediasiya təşkilatı tərəfindən xx.xx.2022-ci ildə mediasiya sessiyası keçirilmiş və müvafiq arayış verilmişdir. Cavabdeh təşkilat iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən istinad etmişdir ki, təşkilat ləğv prosesindədir. Lakin nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Qeyd olunanlara əsasən belə qənaətə gəlmək olur ki, cavabdeh təşkilat nümayəndəlik olduğundan ayrıca hüquqi şəxs deyil. Buna görə də hüquqi şəxs kimi ləğv prosesində olması nəzərdə tutulmur. AR Konstitusiya məhkəməsinin 13 iyun 2017-ci il tarixli qərarında hüquqi mövqeyinə görə Mülki Məcəllənin 60.2-ci maddəsinə uyğun olaraq, hüquqi şəxsin mövcudluğuna son qoyulma anına qədər hüquqi şəxs hüquq qabiliyyətini saxlayır, onun hüquq qabiliyyətini dayandırmır, yəni ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. Bu isə onu ehtiva edir ki, iddiaçının cavabdeh təşkilatla əmək münasibətləri cavabdeh təşkilatın mövcudluğuna son qoyulma anına qədər davam etdirilməli idi. İddiaçı qüsursuz olaraq 25 ilə yaxın müddət cavabdeh təşkilatın “Hyatt” otelində qrup rəhbəri vəzifəsində çalışmışdır. Buna baxmayaraq cavabdeh təşkilat iddiaçı ilə bağlanmış əmək müqailəsinə xitam vermişdir. Halbuki cavabdeh təşkilat iddiaçı ilə bərabər çalışmış əksər işçilərlə yenidən əmək müqaviləsi bağlamış və həmin təşkilatın fəaliyyətdə olduğu “Hyatt” otelində, yəni eyni ünvanda və eyni əmlakla fəaliyyətini davam etdirir. Odur ki, hesab edilir ki, cavabdeh təşkilat ləğv edilmir, sadəcə olaraq yenidən təşkil edilir. Belə olan təqdirdə isə əmək qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçı ilə əvvəlki əmək müqaviləsində nəzərdə tutulan vəzifəyə və şərtlərlə müqavilə bağlanmalı idi. Lakin iddiaçı ilə müqavilə bağlanmamış və buna səbəb bugünə qədər məlum deyil. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli bildiriş və xx.xx.2022-ci il tarixli əmr qəbul edilən zaman Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən cavabdeh təşkilatın (VÖEN: **********) ləğv olunması və hüquqi varisliyi barədə məlumat mövcud olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 yazılı vəsatət verərək AR MPM-nin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” qanunun müvafiq tələbləri pozulduğundan mülki işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatəti onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Bakı 6 saylı Mediasiya təşkilatında keçirilmiş prosesdən hüquqlarını müdafiə etdiyi Cavabdeh şirkətinin ümumiyyətlə məlumatı olmamış, şirkətə ümumiyyətlə mediator tərəfindən bildiriş göndərilməmiş, mediasiya prosesində iştirakları təmin edilməmiş, hüquqları pozulmuş və “Mediasiya haqqında” Qanunun tələbləri pozulmaqla xx.xx.2022-ci il tarixli, MŞB/6-6459 nömrəli saxta arayış tərtib olunmuşdur. Bakı 6 saylı Mediasiya təşkilatına sorğu veriləcəyi təqdirdə Cavabdeh şirkətinə hər hansı ilkin mediasiya keçiriləcəyinə dair bildirişin göndərilmədiyi məhkəməyə aydın olacaqdır. Əgər mediasiya təşkilatı və ya mediator ilkin mediasiya sessiyasının keçirilməsinə dair bildirişi Cavabdeh şirkətinə göndərmiş olsaydı biz həmin mediasiya prosesində iştirak edəcəkdik və bəlkə də aramızda hər hansı şəkildə barışıq sazişi bağlanmış olacaqdı. Bakı 6 saylı Mediasiya təşkilatının mediatoru Elçin Məmmədov xx.xx.2022-ci il tarixli, MŞB/6-6459 nömrəli məktubunundan da göründüyü kimi mediator tərəflərdən iddiaçı kimi İddiaçı, cavabdeh kimi isə “De Nova X4” şirkəti göstərilmişdir. Halbuki “De Nova X4” şirkəti ilə hüquqlarını müdafiə etdiyi şirkətin heç bir əlaqəsi yoxdur. Onu da qeyd edir ki, Mülki Prosessual Məcəllənin 259-cu maddəsinə əsasən Mediasiya haqqında qanunun 21.9cu maddəsində göstərilən hallar olduqda ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə iclasında iştirak edən idddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 vəsatətə münasibət bildirərək qeyd etmişdir ki, vəsatət tamamilə əsassızdır və məhkəmə prosesinin əsassız uzadılması üçündür. “De Nova X4” şirkəti Cavabdeh şirkətinin ləğvetmə prosesində olan təsviyəçisidir. Hazırda da “De Nova X4” şirkətinin rəhbəri Fəxrəddin İsgəndərzadədir və şikayətlər, suallar və bildirişlər ona ünvanlanmışdır. Bununla bağlı onlarda kifayət qədər sənədlər də mövcuddur. Odur ki, vəsatətin təmin olunmamasını məhkəmədən xahiş edir. Məhkəmə verilmiş vəsatət ilə bağlı tərəflərin fikirlərini dinləyərək, vəsatəti, ona əlavə olunmuş sənədləri və iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mükli-Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9cu maddəsində göstərilən hallarda məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanununun 21.9-cu maddəsinə əsasən aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: 21.9.1. bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə; 21.9.2. tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə; 21.9.3. tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə; 21.9.4. bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 21.6-cı maddəsinə əsasən tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. 21.7-ci maddəsinə əsasən bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə mediasiya prosesinə bu Qanunun 32.1.4-cü maddəsinə əsasən, həmin təklif 10 gün ərzində hər hansı formada rədd edildikdə isə mediasiya prosesinə bu Qanunun 32.1.3-cü maddəsinə əsasən avtomatik xitam verilir. 29.2-ci maddəsinə əsasən tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər.” İş materiallarında olan Bakı 6 saylı Mediasiya təşkilatının “mediasiya sessiyası barədə” xx.xx.2022-ci il tarixli, MŞB/6-6459 saylı bildirişindən müəyyən olunur ki, bildiriş göndərilən tərəfin adı “De Nova X4” şirkəti, ünvanları: ünvan 2 102A, 5-ci mərtəbə, X5 Biznes Mərkəzi qeyd edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, cavabdeh ləğv prosesində olan Cavabdeh şirkətinin Azərbaycandakı nümayəndəliyin hüquqi ünvanı ünvan 3ir ki, əmək münasibətilə bağlı hüquq mübahisəsi İddiaçı ilə Cavabdeh şirkətinin Azərbaycandakı nümayəndəliyi arasında yaranmışdır. Lakin Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən mediasiya sessiyası barədə bildiriş cavabdeh "X4” şirkətinin Azərbaycandakı nümayəndəliyinə deyil, digər şirkətə göndərilmiş, bununla da cavabdehin mediasiya prosesindən məlumatı olmadığından ilkin mediasiya sessiyasında iştirak edə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsi və vəkilinin vəsatəti əsaslı olduğundan təmin olunmalı və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mükli-Prosessual Məcəlləsinin: 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.13, 263-264 və 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 vəsatəti təmin edilsin. İddiaçı Cavabdeh şirkətinin Azərbaycandakı nümayəndəliyinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində “Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar