Məhkəmə qərarları › İş №e-2(004)-4266/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4266/2023

22.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4266/2023 22.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X1 qarşı “müqavilənin ləğvi, depozit seyfinin açılaraq əmlakın saxlanca verilməsi və icarə haqqının ödənilməsi” kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında Bakı şəhərində məhkəmənin binasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehə qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli “Depozit seyfinin icarəyə verilməsi haqqında müqavilə”nin ləğv edilməsi, 66 saylı depozit seyfinin açılaraq orada olan əmlakın "xxxx" ASC-nin saxlancına verilməsi, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 360 manat depozit seyfinin icarə haqqının, 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, "xxxx" ASC və Cavabdeh arasında xx.xx.2020-ci il tarixli “Depozit seyfinin icarəyə verilməsi haqqında müqavilə” bağlanmışdır. Müqaviləyə əsasən Bank 66 saylı depozit seyfini müqavilə imzalandığı tarixdən etibarən 1 ay müddətinə Cavabdeh icarəyə vermişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən seyfin icarə müddətinin bitməsinin sonuncu gününədək tərəflərin qarşılıqlı razılığı əsasında seyfin icarəsi ilə bağlı yeni müqavilə imzalanmadıqda və ya müştəri tərəfindən seyf boşaldılaraq (açarları ilə birlikdə) Banka təhvil verilmədikdə müqavilə üzrə seyfin icarə müddəti hər 1 ay müddətinə uzadılır. Müqaviləyə əsasən depozit seyfinin açılması üçün zəruri olan hər 2 açar da Bank tərəfindən Cavabdeh təqdim edilmişdir. Cavabdeh müqaviləyə əsasən depozit seyfinin icarəsi üzrə xx.xx.2021-ci il tarixə qədər olan müddət üçün 150 manat məbləğində komisyon haqqını Banka tam həcmdə ödəmişdir. xx.xx.2021-ci il tarixdən sonrakı müddət üçün isə Cavabdeh tərəfindən Banka heç bir ödəniş olunmamışdır. xx.xx.2021-ci il tarixindən sonra Cavabdeh tərəfindən müqaviləyə xitam verilmədiyi və müvəqqəti istifadəyə götürülən depozit seyfi Banka təhvil verilmədiyindən müqavilə Cavabdeh depozit seyfindən istifadə hüququ ilə birlikdə avtomatik olaraq uzadılmışdır. xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə olan müddət üçün Cavabdeh depozit seyfinin icarəsi üzrə Banka 360 manat borcu yaranmışdır. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, hesab edir ki, iş üzrə icraata qismən xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntusu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o , müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Konstitusiya Məhkəməsinin Qərarına əsasən müqavilə tərəfi müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduqda müqavilənin ləğv edilməsi birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Yuxarıda qeyd olunduğu kimi cavabdeh tərəfindən “Depozit seyfinin icarəyə verilməsi haqqında müqavilə”nin şərtləri əhəmiyyətli dərəcədə pozulduğundan iddiaçı tərəfindən ona təklif məktubu (müqavilənin ləğvi barədə) göndərilməklə tərəflər arasında müqavilə məhkəmədən kənar ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. İşə məhkəmədə baxılmalı deyilsə. Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə hesab edir ki, müqavilənin şərtləri əhəmiyyətli dərəcədə pozulduqda müqavilənin ləğv edilməsi birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verdiyindən Cavabdeh ilə "xxxx" ASC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli “Depozit seyfinin icarəyə verilməsi haqqında müqavilə”nin ləğv edilməsi hissəsinə dair iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.4, 262-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİM: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X1 qarşı “müqavilənin ləğvi, depozit seyfinin açılaraq əmlakın saxlanca verilməsi və icarə haqqının ödənilməsi” kiçik iddiasına dair mülki iş icraata Cavabdeh ilə "xxxx" ASC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli “Depozit seyfinin icarəyə verilməsi haqqında müqavilə”nin ləğv edilməsi tələbi hissəsində xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar