Məhkəmə qərarları › İş №e-2(004)-4274/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4274/2022

29.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4274/2022 29.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Dimitri Kapanadzeyə qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdeh Dimitri Kapanadzeyə qarşı “pul tələbi”nə dair iddia ərizəsi və iddia ərizəsinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Dimitri Kapanadzedən 455,75 AZN borc məbləği, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə cavabdeh Dimitri Kapanadze arasında xx.xx.2021-ci il tarixində BPM**********54 saylı “kart hesabının açılması və ödəniş kartından istifadə haqqında” müqavilə imzalanmış və bu əsasla, cavabdehə müvafiq ödəniş kartı təqdim edilmişdir. İddia ərizəsinə əlavə edilmiş BPM**********54 saylı müqavilə üzrə kart hesabından çıxarışdan göründüyü kimi, 29 iyun 2021-ci il tarixindən başlayaraq hesab üzrə qalıq balansdan artıq məbləğdə əməliyyatlar aparılmış, beləliklə texniki overdraft halı yaranmış (müştəriyə overdraftın təqdim edilməsi barədə tərəflər arasında razılaşma olmadığı halda, Ödəniş kartı/Əlavə kart vasitəsilə kart hesabının qalığından artıq məbləğdə əməliyytın aparılması- müqavilənin 1.1.5-ci bəndi) və son nəticədə, hesablanmış faizlərlə birlikdə qeyd olunan hesab üzrə banka olan cari borc 516,71 AZN təşkil etmişdir. Qeyd olunan müqavilələrin hər birinin 3.3.6-cı maddəsinə əsasən texniki overdraft baş verdiyi halda, müştəri yaranmış borcu və bankın tariflərində və ya müvafiq idarəetmə orqanının qərarında nəzərdə tutulduğu halda cərimə faizlərini 22 iş günü ərzində banka ödəməlidir. Məsələ ilə bağlı cavabdehlə dəfələrlə əlaqə saxlanılmış, müştəriyə məxsus olmayan pulun geri qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu artıq ödənilən pulun geri qaytarılmasını təmin etməmiş, özünə aid olmayan pul vəsaitindən artıq istifadə etmiş və onu qaytarmaqdan qərəzli boyun qaçırmışdır. Hazırda cavabdeh Dimitri Kapanadzenin banka olan borcu 455,75 AZN təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəfin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445, 468 və 739-cu maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh Dimitri Kapanadze arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BMP**********38 saylı “kart hesabının açılması və ödəniş kartından istifadə haqqında” müqaviləyə əsasən onun adına plastik kart hesabı açılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq hesab sahibi olan Dimitri Kapanadzeyə açılmış plastik kart hesabına daxil olan pul vəsaitlərini qəbul etməyi və hesaba salmağı, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair imkan yaradılır. Bu müqavilənin şərtlərinə əsasən hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsaitin həcmindən artıq məbləğ istifadə edildikdə texniki overdraft (overdraft - kart hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılması) halı yaranmış olur və hesab sahibi bankın tələbi ilə müvafiq vəsaiti banka dərhal qaytarılmalıdır. Lakin cavabdeh Dimitri Kapanadze tərəfindən plastik kart hesabında olan vəsaitin həcmindən artıq məbləğdə vəsait istifadə edilmiş və vaxtında banka ödəniş edilməmiş, yəni öhdəlik yarandığı tarixdən bugünədək öhdəliyi icra etməyərək müqavilənin tələblərini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. xx.xx.2022-ci il tarixli Maliyyə Arayışına əsasən borclunun “kart hesabının açılması və ödəniş kartından istifadə haqqında” müqaviləyə əsasən yaranmış overdraft üzrə 455.75 manat məbləğində borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdeh Dimitri Kapanadzedən 455,75 (dörd yüz əlli beş manat yetmiş beş qəpik) manat məbləğində borc, 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119.1, 216-220-ci, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia ərizəsi təmin edilsin. Cavabdeh Dimitri Kapanadzedən 455,75 (dörd yüz əlli beş manat yetmiş beş qəpik) manat məbləğində borc, 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar