Məhkəmə qərarları › İş №e-2(004)-4287/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4287/2024

11.10.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4287/2024 11.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayonu M.İ.Cuvarlinski adına 52 nömrəli tam orta məktəbə qarşı (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: əmək müqaviləsi, işə bərpa, əmək haqqı) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi Kamranlı Mahsun Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayonu M.İ.Cuvarlinski adına 52 nömrəli tam orta məktəbə qarşı (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayonu M.İ.Cuvarlinski adına 52 nömrəli tam orta məktəbə qarşı (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu M.İ.Cuvarlinski adına 52 nömrəli tam orta məktəbin direktoru tərəfindən 27 iyun 2024-cü il tarixdə verilmiş 105 nömrəli əmrin ləğv edilməsi, onun həmin məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsinə işə bərpa edilməsi və cavabdeh məktəbdən 27 iyun 2024-cü il tarixdən başlayaraq, işə bərpa edildiyi tarixə kimi məcburi iş buraxmaya görə iddiaçıya əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 25 sentyabr 2008-ci il tarixdə cavabdeh Bakı şəhəri Yasamal rayonu M.İ.Cuvarlinski adına 52 nömrəli tam orta məktəbin fizika kabinetinə laborant (0,5 stavka) vəzifəsinə təyin edilmiş, 05 yanvar 2012-ci il tarixdə isə həmin vəzifədən azad edilərək, sözügedən tarixdən məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi təyin edilmiş, lakin 27 iyun 2024-cü il tarixdə bu vəzifədən azad edilmişdir. Belə ki, 27 iyun 2024-cü il tarixli, 105 nömrəli əmrdə İddiaçı ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "C" bəndinə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) əsasən xitam verilmiş, habelə iddiaçının 08 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikasiyada iştirak etmədiyi qeyd olunmaqla, bu sertifikasiyadan keçməmə hesab edilmişdir. Hesab edirik ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi tamamilə qanunsuz və əsassız olmuşdur. Çünki, iddiaçının 30 may 2024-cü il tarixdə 60 yaşı tamam olduğu üçün "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununda və Əmək Məcəlləsində edilmiş dəyişikliyə əsasən onun sertifikatlaşdırmada iştirakı könüllü olmuşdur.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Cavabdeh iddianı qəbul etməyərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

5. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh 52 nömrəli məktəbə Azərbaycan dili və Ədəbiyyat müəllimi vəzifəsinə işə qəbul olunmuşdur.

6. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 105 №-li əmrə əsasən Bakı şəhəri 52 nömrəli tam orta məktəb bölməsində Azərbaycan dili və Ədəbiyyat müəllimi vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “c” – peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir.

7. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə ərizə ünvanlayaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə keçirilən təkrar sertifikasiyada iştirak etməmişdir. Həmin gün təzyiq və şəkəri qalxdığına görə təcili yardıma müraciət etdi. Bu barədə ona arayış verdilər, ancaq bülletenə çıxmamışdır. xx.xx.2024-cü il tarixdə 60 yaşı tamam olub. Təhsil qanununda 60 yaşında olanların sertifikasiyadan keçməsi könüllüdür. 2023-cü ildə sertifikasiyada keçid balı toplamamışdır. İndi isə 60 yaşı tamam olduğuna görə sertifikasiyadan azad olunmalıydı. Bunu nəzərə almayıblar. Ona öz ərizəsi ilə işdən azad olunma təklifini qəbul etmir. xx.xx.2024-cü il tarixdə məzuniyyətdən geri çağırılmağına etiraz etmir. Qanun necə tələb edirsə, həmin qaydada əmək müqaviləsinə xitam verə bilərlər. Onun şikayət etmək hüququ var.

8. 52 №-li tam orta məktəbin direktoru tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli akta əsasən müəyyən edilir ki, Azərbaycan dili və ədəbiyyat müəllimləri İddiaçı, X1, X2 ilə direktorun otağında 8 iyun 2024-cü il tarixində keçiriləcək sertikifasiya imtahanı ilə bağlı maarifləndirici söhbətlər apardılar. İddiaçı və Bikəxanım Məmmədovaya izah olundu ki, 2023-cü ildə keçirilən serifikasiya imtanında müxtəlif səbəblərdən keçid balı toplamadıqlarına görə onlara qanuna müvafiq olaraq bir il vaxt verilmişdir. Hər üç müəllimə izah olundu ki, 2024-cü ilin iyun ayının 8-də keçirilən təkrar serifikasiya imtahanında mütləq keçid balı toplamalıdırlar. Əgər bu dəfə də keçid balı toplaya bilməsələr, qanunamüvafiq olaraq onlarla bağlanmış əmək müqaviləsinə xitam veriləcəkdir. Hər üç müəllim qanun tələblərini bildiklərini söylədilər və sertifikasiyadan müvəffəqiyyətlə keçəcəklərinə inandıqlarını söylədilər.

9. Bakı şəhəri M.İ.Cuvarlinski adına 52 №-li tam orta məktəb üzrə 27 iyun 2024-cü il tarixli 105№-li əmrdən çıxarışa əsasən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə 8 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Bakı şəhəri M.İ.Cuvarlinski adına 52 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi AR ƏM-nin 70-ci maddəsinin “c” bəndinə əsasən 27 iyun 2024-cü il tarixdən ləğv edilmişdir.

10. Bakı şəhəri M.İ.Cuvarlinski adına 52 №-li tam orta məktəb üzrə 27 iyun 2024-cü il tarixli 106 №-li əmrə əlavə və dəyişikliklər edilməsi barədə çıxarışa əsasən məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı AR ƏM-nin 70-ci maddəsinin “c” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məktəb üzrə verilmiş 27 iyun 2024-cü il tarixli 105 nömrəli əmrə aşağıdakı əlavə və dəyişikliklər edilmişdir: Əmrdə “keçid balını toplaya bilməyən” ifadəsi “təkrar sertifikatlaşdırmada iştirak etmədiyi üçün” ifadəsi ilə əvəz edilmişdir.

11. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 3-29-69/3-2-13F/2024 nömrəli, xx.xx.2024-cü il tarixli təkrar serifitaklaşdırmadan keçməyənlər barədə əmrinə əsasən Bakı şəhəri üzrə Təhsil İdarəsi (Nərminə Hüseynova), Abşeron-Xızı Regional Təhsil İdarəsi (İlhamə Abdullayeva), X6 Təhsil İdarəsi (Rövşən Əliyev), Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi (Anar Qədiməliyev), Qazax-Tovuz Regional Təhsil İdarəsi (Arslan Hacıyev), Qarabağ Regional Təhsil İdarəsi (Anar Məcidov), Quba-Xaçmaz Regional Təhsil İdarəsi (Coşqun Əliyev), Lənkəran-Astara Regional Təhsil İdarəsi (Bəhruz Mehdiyev), X7 Təhsil İdarəsi (Elçin Kərimov), Mil-Muğan Regional Təhsil İdarəsi (Rəşad Musayev), Şəki- Zaqatala Regional Təhsil İdarəsi (Gunay Mahmudova), X5 Təhsil İdarəsi (Fuad Bədəlov) və Şirvan-Salyan Regional Təhsil İdarəsinə (Sənan Mənsimli) tapşırılmışdır ki, 08 iyun 2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçəyən təhsilverənlərin əmək müqavilələri 2024-cü ilin 27-28 iyun tarixlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsini və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsini təmin etsinlər.

12. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

13. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

14. Həmin maddənin 2–ci hissəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları sadalanmışdır.

15. Həmin maddənin 2–ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə, “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarmasına, “c” bəndinə əsasən əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə, “ç” bəndinə əsasən müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar olaraq (bu Məcəllənin 63–cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), “d” bəndinə əsasən tərəflərin iradəsindən asılı olmayan hallara, “e” bəndinə əsasən tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallara görə əmək müqaviləsinə xitam verilə bilər.

16. Həmin Məcəllənin 69–cu maddəsində işçi tərəfindən, 70–ci maddəsində isə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları sadalanmışdır.

17. Həmin Məcəllənin 70–ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72–ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

18. Məhkəmə işin müəyyən edilmiş hallarına və sadalanan hüquq normalarına əsasən hesab edir ki, işəgötürən qismində çıxış edən M.İ.Cuvarlinski adına 52 nömrəli tam orta məktəbin direktoru tərəfindən iddiaçının işdən azad edilməsinə, yəni əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə istinad etdiyi əsas, Əmək Məcəlləsinin 70–ci maddəsinin “c” bəndində nəzərdə tutulmuşdur.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020–ci il tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.1-ci bəndinə əsasən Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.2-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) (bundan sonra – təhsil müəssisələri) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir

20. Həmin Qaydaalrın 5.1-ci bəndinə əsasən sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınır.

21. Həmin Qaydaların 5.2–ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

22. Həmin Qaydaların 5.3–cü bəndinə əsasən təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

23. Həmin Qaydaların 5.4–cü bənidə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70–ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli və “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 30 aprel tarixli 155 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 may 2024-cü il tarixli 268 nömrəli Qərarına əsasən Qaydalara "60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür” bəndi əlavə edilmişdir.

25. İşin müəyyən olunmuş hallarından da görünür ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020–ci il tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən 2023-cü ildə Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikatlaşdırma imtahanında iştirak etmiş, lakin keçid balı olan 30 balı yığa bilməmişdir. Bundan sonra iddiaçıya 1 il vaxt verilmiş və o, işinə davam etmişdir. 08 iyun 2024–cü il tarixdə təkrar sertifikatlaşdırma imtahanı təyin edilmiş, lakin iddiaçı həmin imtahanda işitrak etməmişdir. Ona görə də təkrar sertifikatlaşdırmada iştirak etməyən İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi işəgötürən tərəfindən xx.xx.2024– cü il tarixdən ləğv edilmişdir

26. Göründüyü kimi iddiaçı 2023–cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanından keçə bilmədiyi üçün ona 1 il vaxt verilmiş və təkrar sertifikatlaşdırmada iştirak etmək şansı tanınmışdır. Buna baxmayaraq, iddiaçı təkrar sertifikatlaşdırmada iştirak etməmişdir.

27. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh M.İ.Cuvarlinski adına 52 nömrəli tam orta məktəbin direktoru tərəfindən Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslara uyğun olaraq və müəyyən edilmiş qaydaların tələblərinə əməl edərək iddiaçının əmək müqaviləsinə xitam vermişdir.

28. Göstərilənlərə əsasən məhkəmə, həmçinin hesab edir ki, iddia tələbi əsassızdır və işəgötürən tərəfindən iddiaçı ilə əmək münasibətlərinin ləğv edilməsi Əmək Məcəlləsinin 70–ci maddəsinin «c» bəndinə uyğundur, iddiaçı işdən çıxarılarkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 71, 79, 80, 84, 187 və 189–cu maddələrinin tələblərinə əməl edilmişdir.

29. İddiaçı 30 may 2024–cü ildə 60 yaşı tamam olduğundan təkrar sertifikatlaşdırma imtahanında iştirakının könüllü olmasını qeyd etsə də, nəzərə alınmalıdır ki, iddiaçı xx.xx.1964–cü il təvəllüdlü olmaqla, 2023–cü ildə keçirilmiş imtahan zamanı 59 yaşı olmuşdur. Bundan sonra ona ikinci şans verilsə də, iddiaçı imtahanda iştirak etməmiş, nəticə etibarı ilə keçid balını toplaya bilməmiş və sertifikatlaşdırmadan keçməmiş hesab edilmişdir.

30. Məhkəmə həmçinin iddiaçının 60 yaşı tamam olduğu üçün sertifikatlaşdırmada iştirakının könüllü olması arqumenti ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020–ci il tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasından da görünür ki, sertifikatlaşdırmanın əsas məqsədi pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılmasıdır. İddiaçı ilk sertifikatlaşdırmada iştirak etmiş və müvafiq keçid balını toplaya bilməmişdir. Məhkəmə qeyd edir ki, o, ilk sertifikatlaşdırmada iştirak etməklə artıq sertifaktlaşdırmaya cəlb olunmuşdur. Belə olan halda İddiaçı təkrar sertifikatlaşdırmada da 60 yaşı tamam olmasına baxmayaraq iştirak etməli idi. Sertifikatlaşdırma ilə bağlı qaydalardan da göründüyü kimi sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınır.

31. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinə dair cavabdeh Bakı şəhəri Yasamal rayonu M.İ.Cuvarlinski adına 52 nömrəli tam orta məktəbin direktorunun 27 iyun 2024-cü il tarixli 105 nömrəli əmri qanuni və əsaslıdır.

32. Məhkəmə işin müəyyən olunmum hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tutduğu vəzifədən azad olunması barədə Bakı şəhəri Yasamal rayonu M.İ.Cuvarlinski adına 52 nömrəli tam orta məktəbin direktorunun 27 iyun 2024-cü il tarixli 105 nömrəli əmri qanuni və əsaslıdır. Ona görə də iddia əsassız olduğundan təmin edilməməlidir.

V. Nəticə:

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar