Məhkəmə qərarları › İş №e-2(004)-4301/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4301/2023

25.10.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4301/2023 25.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-yə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-yə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlə aralarında olan əmək fəaliyyəti dövründə qüsursuz fəaliyyət göstərmiş, heç vaxt intizam tənbehi almamış, işlədiyi dövrdə hər hansı nöqsana yol verməmiş, əmək kollektivinin və rəhbərliyin etimadını qazanmışdır. Buna baxmayaraq, cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli əmri ilə qanunsuz olaraq işdən azad olunmuşdur. Sözügedən iş yeri yeganə qazanc mənbəyi olmuşdur. Bu səbəbdən, iddianın təmin olunması xahiş olunur. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 yazılı ərizə təqdim edərək tələb üzrə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin təmin olunmaması xahiş etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 1027 nömrəli əmək müqqaviləsinə əsasən müəyyən olunur ki, İddiaçı ilə "xxxx" ASC-nin "xxxx" MMC rəsmi əmək münasibətlərinə daxil olmuşdur. İş materiallarında olan reyestrə (işçilərin işə gəlməsinə nəzarət jurnalı) əsasən müəyyən olunur ki, işçi İddiaçı 2023-cü ilin aprel-may aylarında müvafiq günlərdə və 01 iyun 2023-cü il tarixdən 12 iyun 2023-cü il tarixədək olan müddət ərzində işə getməmişdir. İş materiallarında olan reyestrlərə əsasən müəyyən olunur ki, işçi İddiaçı 13 və 14 iyun 2023-cü il tarixlərdə işə gedərək müvafiq imzalar etmiş və 01 iyun 2023-cü il tarixdən 12 iyun 2023-cü il tarixədək olan müddət ərzində işə getmədiyi vaxtlarda və aprel-may ayları üzrə müvafiq günlər üzrə müvafiq qeydlərə qaralamalar, düzəlişlər edərək həmin günləri də imzalamışdır. İş materiallarında olan müvafiq tibb müəssisələri tərəfindən "xxxx" ASC-nin sorğularına cavab olaraq ünvanlanmış məktublara əsasən müəyyən edilir ki, işçi İddiaçı müvafiq müəssisələrə müraciət etməmiş və hər hansı müalicə almamışdır. İş materiallarına işçi İddiaçı 01 iyun 2023-cü il tarixdən 12 iyun 2023-cü il tarixədək olan müddət ərzində üzrsüz səbəbdən işə getməməsini təsdiq edən müvafiq aktlar, arayışlar, xidməti məlumatlar, digər işçilərin təsdiq xarakterli izahatları və hüquqi əhəmiyyət kəsb edən digər sənədlər (İşəgötürən tərəfindən İddiaçı yaşadığı ünvana gedilməsi, İddiaçı rəsmi məktubla müraciət edilməsi və s.) əlavə edilmişdir. İş materiallarına Həmkarlar İttifaqı Komitəsinin işçi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinə dair müvafiq razılıq rəyi əlavə edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 17-K nömrəli əmrinə əsasən müəyyən olunur ki, işçi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddəsinin “a” bəndi çıxış edir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud pozuntusu hesab edilir. Müvafiq əmrin verilməsinə hüquqi əsas təşkil edən həmkarlar ittifaqı təşkilatının rəyi ilə bağlı iddiaçının həmkarlar ittifaqının iclası barədə qanunla müəyyən edilən qaydada və müddətdə xəbərdar edilməməsi, iclasda iştirakının təmin olunmaması və iclasın yekun qərarının iddiaçıya təqdim edilməməsi məsələnin prosessual tərəfləri olmaqla müvafiq əmrin qanunsuz hesab olunmasına dəlalət etmir. Nəzərə almaq lazımdır ki, iddiaçının qeyd etdiyi xüsusatlar (işçinin izahatının alınması xüsusatı) qanunvericiliyin imperativ tələbi deyil, ayrı-ayrı hüquqşünas alimlərin hüquqi fikirləridir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə boşluq və ya kolliziya olduqda hüquqşünas alimlərin hüquqi fikirləri konkret situasiyaya uyğun hüquqi mənbə kimi istisna hallarda qiymətləndirilə bilər. Hazırki iddia tələbi üzrə mübahisə qanunvericiliklə aydın, müəyyən və əsaslı formada tənzimlənmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin forma və məzmununa dair məhkəmə qeyd edir ki, əmr kifayət qədər aydın və anlaşılan formada tərtib edilmişdir. Əmrin giriş, təsviri, əsaslandırıcı və nəticə hissələri ayrı-ayrılıqda başlıq kimi xüsusi qeyd olunmasa da, sözügedən hissələr əmrdə hüquqi baxımdan mövcuddur. Belə ki, əmrin istər vizual tədqiqi, istərsə də mahiyyəti etibarilə tərtibatı və əsaslandırılması ilə bağlı formaməzmun tələblərinə əməl olunmuşdur. Məhkəmə qeyd edir ki, tərtibatdakı dizayn xüsusatları əmrin qanunsuzluğuna və əsassızlığını dəlalət etmir. Əsas məsələ odur ki, müvafiq akt (əmr) anlaşılan, aydın, ətraflı və əsaslandırılmış formada əmək qanunvericiliyinin tələblərinə uyğun formada və məzmunda tərtib olunmuş olsun. Hazırki iddia tələbi üzrə müvafiq əmrin verilməsinə əsas kimi iddiaçı işçi İddiaçı 2023cü ilin aprel-may aylarında müvafiq günlərdə, 01 iyun 2023-cü il tarixdən 12 iyun 2023-cü il tarixədək olan müddət ərzində işə üzrsüz səbəblərdən getməməsi və getməməsi barədə işəgötürənə hər hansı məlumat verməməsidir. İşçi İddiaçı 13 və 14 iyun 2023-cü il tarixlərdə işə gedərək müvafiq imzalar etmiş və 01 iyun 2023-cü il tarixdən 12 iyun 2023cü il tarixədək olan müddət ərzində işə getmədiyi vaxtlarda və aprel-may ayları üzrə müvafiq günlər üzrə müvafiq qeydlərə qanunsuz qaralamalar, düzəlişlər edərək həmin günləri də imzalamış, bununla da hüquqi və etik baxımdan intizamsızlıq, saymazyanalıq, hörmətsizlik nümayiş etdirmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, İşəgötürən üzərinə düşən öhdəlikləri vicdanla yerinə yetirmiş, iddiaçının xəstələnməsi ehtimalını nəzərə alaraq müvafiq sorğularla tibb müəssisələrinə yazılı müraciətlər etmiş, iddiaçının evinə əməkdaşlarını göndərmiş, iddiaçıya yazılı müraciət etmiş, qeyd olunan prosesləri rəsmi şəkildə sənədləşdirməklə hüquqi intizam nümayiş etdirmişdir. Mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddəsinin “a” bəndinin dispozitiv şərtləri ilə iddia tələbinin hüquqi və faktiki xüsusatları eynilik təşkil edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Mülki iş üzrə sübutetmə yükü güclü tərəf olan cavabdeh qismində işəgötürənin üzərində olsa da, əmrin əsaslılığı və qanuniliyi barədə cavabdehin təqdim etdiyi sübutların təkzib edilməsi funksiyası İddiaçı tərəfindən həyata keçirilməmiş, iddiaçı tərəfindən prosessual aktivlik nümayiş etdirilməmişdir. İddiaçı iş yerinin rəhbərliyi tərəfindən qərəzli formada, əvvəllər aralarında olmuş ədavət üzrə işdən çıxarıldığını bildirsə də, bu, sadəcə mülahizə xarakteri daşımış, bu barədə şifahi formada da olsa ağlabatan əsaslar məhkəməyə bildirilməmişdir. Lakin, məhkəmə cavabdehin ərizəsi üzrə iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini əsaslı hesab etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. "Mediasiya" haqqında Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Məhkəmə detallara (müvafiq müddətlərin hesablanması) toxunmadan qeyd edir ki, iş materiallarına əsasən iddia tələbi üzrə mediasiya prosedurası ərzində iddia müddətinin dayanması əsası nəzərə alınmaqla, iddiaçı əmrin qəbul edildiyi vaxtdan etibarən 29-cu gündə məhkəməyə müraciət edərək 1 aylıq iddia müddətini ötürməmişdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara və proses iştirakçılarının izahatlarına əsasən yuxarıda qeyd olunan hüquqi əsaslar nəzərə alınmaqla hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-yə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-yə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar