Məhkəmə qərarları › İş №e-2(004)-441/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-441/2024

24.04.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-441/2024 24.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 01-14/23A nömrəli əmrinin ləğv edilməsi, onun "xxxx" MMC-də sürücü vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakim Ayaz Məmmədov xx.xx.2024-cü il tarixdə Şabran rayon Məhkəməsinin hakimi və sədri təyin edildiyinə görə hazırkı mülki iş baxılması üçün xx.xx.2024-cü il tarixdə hakim Vahid Hacıyevin icraatına verilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MMC-də sürücü vəzifəsində işləmişdir. İddiaçı təhkim edilmiş **-PU-*** qeydiyyat nişanlı “FİAT DOBLO” markalı minik avtomobili ilə əmək funksiyanı icra edərkən avtomobildə qəfil yaranmış nasazlıq səbəbindən xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə avtomobilə zərər dəymişdir. Hadisədən sonra İddiaçı rəhbərliyə müraciət edərək, öz hesabına avtomobili təmir etmək məqsədilə avtomobilin ona təqdim edilməsini xahiş etsə də, rəhbərlik buna etiraz edərək zərərin əvəzi kimi ondan əsassız yerə 7000 manat pul tələb etmişdir. İddiaçı məbləğlə razı olmadığını bildirməklə yanaşı, avtomobilə baxış keçirilməsi üçün dəvət etdiyi mütəxəsislərin də zərərin həcminin təxminən 1500-2000 manat aralığında olduğunu dediyini bildirmişdir. Lakin buna baxmayaraq rəhbərlik İddiaçı xəbərsiz avtomobilin təmirinə başlayaraq avtomobildə olan, yol nəqliyyat hadisəsi ilə əlaqəsi olmayan əvvəlcədən zədələnmiş hissələri də təmir etdirib, sonradan həmin hissələrin də pulunu ondan almaq istəmişdir. İddiaçı isə razılaşmamışdır. Buna görə də İddiaçı mübahisiyə baxılıb qurtaranadək avtomobilin təmirinin cavabdehə qadağan edilməsi və avtomobilin dövlət yol polis idarəsinin müvəqqəti saxlama meydançasına yerləşdirilməsi barədə müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə ərizə təmin edilməmişdir. Eyni zamanda qanunvericiliyin tələbinə uyğun xx.xx.2023-cü il tarixdə cavabdehə mübahisə ilə bağlı mediasiya təklifi də göndərmişdir. İş 10 saylı mediasiya təşkilatının icraatında olmuşdur. Cavabdeh ilkin mediasiya sesiyasından yayınmaqla yanaşı xx.xx.2023-cü il tarixli əmrlə İddiaçı vəzifədən azad etmişdir. İşdən azad edilməsi barədə əmri qanunsuz və əsassız sayır. Belə ki, əmrlə tanış olduqda İddiaçı məlum olmuşdur ki, əmək müqaviləsinə xitam verilmə səbəbi kimi əmək funksiyasını və əmək müqaviləsində göstərilən öhdəliklərini yerinə yetriməməsi göstərilmişdir. Bu tam yalandır və bu barədə heç bir subut mövcud deyildir. Bu səbəbdən də həmin əmr qanunsuz və əsassız hesab edilməklə ləğv edilməli, əvvəlki işinə bərpa edilməklə yanaşı məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Bundan başqa əmrdə işçi ilə işəgötürən arasında əmək münasibətlərini nizama salan qanunvericilik aktlarına, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin normasına düzgün istinad edilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X2 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, onkoloji xəstəlikdən əziyyət çəkən anasının cərahiyyə əməliyyatı ilə bağlı üzürlü səbəbdən təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının qısa müddətə təxirə salınmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə verərək, iddiaçının, onun nümayəndəsi və vəkilinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsi işə mahiyyəti üzrə baxılmasını tələb etməsini nəzərə alaraq, iddiaçının, onun nümayəndəsi və vəkilinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddiaçının cəmiyyətə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o həmin tarixdən işdən azad olunmasını xahiş edir. xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, işçinin işə gəlməməyinin araşdırılması, onun işə gəlməməsinin rəsmiləşdirilməsi üçün komissiya yaradılmışdır. Komissiyanın xx.xx.2023-cü il tarixli aktına əsasən işçi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işdə olmamışdır. Komissiyanın xx.xx.2023cü il tarixli aktına əsasən işçi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işdə olmamışdır. xx.xx.2023-cü il tarixli komissiyanın iclas protokolundan görünür ki, işçinin işə gəlməməsi halı və cəmiyyətə ünvanladığı ərizəsi araşdırılmış və nəticəyə gəlinmişdir ki, işçi hər hansı üzürlü səbəb olmadan işə gəlməmişdir. xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, cəmiyyətin direktoru tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş komissiya iclasının protokolunu, işçinin ərizəsini gözdən keçirilmiş və qanunvercilikdə nəzərdə tutulmuş müddət ərzində işçi İddiaçı işdə saxlanılması, ona bu barədə xəbərdarlıq məktubu göndərilməsi və onun yerinə yeni işçinin qəbulu üçün müvafiq hərəkətlər edilməsi barədə əmr verilmişdir. Poçt qaimələrindən görünür ki, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixdə ona xəbərdarlıq məktubları göndərilmişdir, lakin iddiaçının ünvanda olmaması səbəbindən məktubların çatdırılması mümkün olmamışdır. Elektron əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2023-cü il tarixdə yeni işçi Paşa Əhmədov “sürücü” vəzifəsinə işə alınmışdır. X1 xx.xx.2023-cü il tarixli əlavə edilən iddiaçının ərizəsindən görünür ki, İddiaçı məktubunda işə gəlmədiyini etiraf edir. iddiaçı xx.xx.2023-cü il tarixdə cəmiyyətə məxsus olmaqla istifadəsində olan “X4” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını təqsirli olaraq pozmuş və yaranmış avtomobil qəzası ilə cəmiyyətin avtomobilinə 6301 manat dəyərində ziyan dəymişdir. Əlavə olaraq avtomobilin təmiri xidmətinə görə 1380 manat, əlavə dəyər vergisi kimi isə 1382,58 manat cəmiyyət tərəfindən müvafiq servisə ödənilmiş, ümumilikdə cəmiyyətə 9063,58 manat maddi ziyan dəymişdir. Göstərilən, habelə işçinin cəmiyyətə olan münasibəti, həmçinin qəsdən və etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi nəzərə alınaraq, onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi rəhbər tutulmaqla, 72-ci maddənin “a” bəndinin tələblərinə uyğun işçinin işdən azad edilməsi qərara alınmışdır. Göründüyü kimi, işçinin iddia ərizəsində göstərdikləri tamamilə əsassızdır. Onun işdən azad edilməsi üzürlü səbəb olmadan işə gəlməməsidir ki, bu mövcud qanunverciliyin tələblərinə uyğundur. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan rəsmi sənədlərlə təsdiq edilir ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi "xxxx" MMC-də sürücü vəzifəsində işləmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 01-05/22K saylı əmrindən müəyyən edilir ki, "xxxx" MMC-də sürücü vəzifəsində işləyən İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək iş vaxtında bütün gün işdə olmaması məsələsinin araşdırılması məqsədilə komissiyanın sədri Nigar Mehdizadə (direktor müşaviri), komissiyanın üzvləri Rabiyyə İsmayılova (aparıcı mütəxəssismühasib), Nigar Mustafayeva (aparıcı mütəxəssis-ofis meneceri və İdris Cəfərzadə (anbardar) tərkibdə komissiya yardılmış, İddiaçı əsassız şəkildə işə gəlməməsi qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş və komissiyanın sədri Nigar Mehdizadə (direktor müşaviri), komissiyanın üzvləri Rabiyyə İsmayılova (aparıcı mütəxəssis-mühasib), Nigar Mustafayeva (aparıcı mütəxəssis-ofis meneceri və İdris Cəfərzadə (anbardar) tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli 06/23 saylı aktından müəyyən edilir ki, müəssisənin sürücüsü İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək iş saatlarında işdə olmamışdır. "xxxx" MMC-nin sürücüsü İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə "xxxx" MMC-yə müraciət edərək, onun xx.xx.2023-cü il tarixdən öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 01-05/02P nömrəli protokolundan müəyyən edilir ki, İddiaçı işə gəlməməsinin araşdırılması məqsədilə komissiyanın sədri Nigar Mehdizadə (direktor müşaviri), komissiyanın üzvləri (katib) Rabiyyə İsmayılova (aparıcı mütəxəssis-mühasib), Nigar Mustafayeva (aparıcı mütəxəssis-ofis meneceri və İdris Cəfərzadə (anbardar) tərkibdə həmin tarixdə 15.30-da keçirilmiş iclasda katib çıxış edərək bildirmişdir ki, işçi xx.xx.2023-cü il tarixdən hər hansı səbəb göstərmədən işə gəlməmiş və bu aktlaşdırılmışdır. Bununla bərabər işçi cəmiyyətə ərizə ünvanlayaraq xx.xx.2023-cü il tarixdən, yəni ərizə verdiyi gündən işdən azad olunmasını xahiş etmişdir. Lakin faktiki halda işçinin yoxluğu cəmiyyətin fəaliyyət istiqamətlərinə uyğun göstərdiyi xidmətlərdə axsamalar yarada, işin normal ahəngini poza və nəticədə cəmiyyətə ziyan vurulmasına səbəb ola bilər. Buna görə də təklif etmişdir ki, qanunvercilikdə nəzərdə tutulmuş müddətdə o işdə saxlanılsın. Komissiya işini yekunlaşdıraraq o qənaətə gəlmişdir ki, işçi hər hansı üzürlü səbəb göstərmədən işə gəlməmiş və gəlməməsinin səbəbini cəmiyyətə bildirməmişdir. Protokol iclasda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 01-05/23Q saylı əmrindən müəyyən edilir ki, qanunverilikdə nəzərdə tutulmuş müddət ərzində işçi İddiaçı işdə saxlanılması, ona bu barədə xəbərdarlıq məktubu göndərilməsi və onun yerinə yeni işçinin qəbulu üçün müvafiq hərəkətlər edilməsi əmr edilmişdir. SPEKTR MED” MMC tərəfindən tərtib edilmiş və komissiyanın sədri Nigar Mehdizadə ,komissiyanın üzvləri Rabiyyə İsmayılova, Nigar Mustafayeva və İdris Cəfərzadə tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli 07/23 saylı aktından müəyyən edilir ki, müəssisənin sürücüsü İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək iş saatlarında işdə olmamışdır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 01-14/23A saylı əmri ilə "xxxx" MMC-də sürücü vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda xitam verilmişdir. Poçt qaimələrindən görünür ki, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixdə iddiaçıya xəbərdarlıq məktubları göndərilmişdir, lakin iddiaçının ünvan 1 ünvanda olmaması səbəbindən məktubların çatdırılması mümkün olmamışdır. Elektron əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2023-cü il tarixdə yeni işçi Paşa Əhmədov “sürücü” vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək iş saatlarında heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməklə, əmək vəzifələrinin kobud şəkildə pozulmuş, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Bu səbəbdən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq işəgötürən tərəfindən xitam verilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək intizam tənbehini verə bilər. Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi halı işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək Məcəllənin 310-cu maddəsinə əsasən istər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Məhkəmə qeyd edir ki, işəgötürən işçini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad edilərkən və onunla bağlanmış əmək müqaviləsinə xitam verərkən əmək qanunvericiliyinin tələblərinə əməl etmişdir. İşəgötürənin əmri qanuna uyğun verildiyinə görə, işçinin işə bərpa edilməsinə qanuni əsaslar mövcud deyildir. İşin qeyd olunan halları tərəflərin məhkəməyə təqdim etdikləri rəsmi sənədlərlə sübuta yetirilir. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “"xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 01-14/23A nömrəli əmrinin ləğv edilməsi, İddiaçı "xxxx" MMC-də sürücü vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar