Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4444/2021 06.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 125 kv.m, yaşayış sahəsi 65 kv.m olan 391 saylı mənzilin cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2012-ci il tarixdə cavabdehdən mənzil almışdır. Sonradan məlum olmuşdur ki, mənzil digər şəxslərə də satılıb. Problemin həlli kimi iddiaçıya hazırki mübahisənin predmeti olan mənzil təklif edilmişdir. İddiaçı təkliflə razılaşmışdır. 07.03.2012-ci il tarixli 391 saylı müqaviləyə əsasən cavabdeh qeyd olunan mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı mənzilin dəyəri olan 50 000 manatı ödəmişdir. Hazırda borcu yoxdur. Lakin MTK müxtəlif bəhanələrlə evi təhvil verməkdən boyun qaçırır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək izahatında göstərmişdir ki, MTK-nın sədri ilə iddiaçının həyat yoldaşının yaxşı münasibətləri olmuş və bu səbəbdən MTK-nın sədri iddiaçı ilə güzəştli şərtlərlə müqavilə bağlamışdır. Lakin iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və mənzilin dəyərini ödəməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışı formal olaraq verilmiş, bu hal iddiaçı tərəfindən maliyyə arayışında göstərilən məbləğin ödənilməsini təsdiq edən qəbzlərin təqdim edə bilməməsi ilə də təsdiq olunur. Hazırda mənzil başqa şəxsin mülkiyyətindədir. Odur ki, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12.03.2020-ci il tarixli ********** saylı çıxarışına əsasən ünvan 1 , mənzil 391 giriş 2 X1 xüsusi mülkiyyətindədir. “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2). Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər (2.3) Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir (2.4) Göründüyü kimi təqdim olunmuş sübutlarla mübahisəli mənzilin MTK-nın mülkiyyətində deyil, başqa şəxsin mülkiyyətində olması müəyyən edilmiş, iddiaçı həmin şəxsin hüquqlarının dövlət qeydiyyatını mübahisələndirməmişdir. Odur ki, iddia təmin edilə bilməz və rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın rədd edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstrilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia rədd edilsin. İddia üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-4444/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4444/2021
06.12.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver