Məhkəmə qərarları › İş №e-2(004)-445/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-445/2023

13.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-445/2023 13.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh doğma bacı olmaqla yanaşı mərhum X6 vərəsələridirlər. Ataları vəfat etdikdən sonra Bakı şəhəri, Yasamal rayonu, X15 küçəsi, ev 3, mənzil 28 ünvanında yerləşən mənzil qanun üzrə vərəsəlik qaydasında iddiaçı, cavabdeh və eyni zamanda iddiaçı ilə cavabdehin qardaşı olan ilə X8 miras qalmışdır. Vərəsəlik işi zamanı qardaş- X12 öz payından Cavabdeh xeyrinə imtina etmişdir. Cavabdeh miras kütləsi olan həmin mənzildən bacısı Qurbanovaya qanun üzrə vərəsəlik qaydasında payın düşməməsi üçün bütün vasitələrə əl atsa da, o, öz niyyətinə nail ola bilməmiş və uzun sürən məhkəmə çəkişmələri nəticəsində hazırda öz qanuni qüvvəsini alan məhkəmə qətnamələri ilə İddiaçı mərhum Elmar Qurbanovun birinci dərəcəli vərəsəsi kimi tanınaraq sözügedən miras əmlakından öz payını ala bilmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14462/2019 saylı 18 dekabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5432/2018 saylı iş üzrə 11 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, yəni, Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, 3 nömrəli evin 28 nömrəli mənzilinə dair Bakı şəhəri 31 saylı notariat kontoru tərəfindən Cavabdeh verilmiş xx.xx.2018-ci il tarixli, reyestrdə 2 v-15 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi, onun əsasında daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2018-ci il tarixli, reyestrdə 4Ə-152 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsi, habelə həmin mənzil barəsində daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh və X1 adına aparılmış qeydiyyatların etibarsız hesab edilməsi və reyestr qeydi ilə əvvəlki vəziyyətə qaytarılması, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi 3 nömrəli evin 28 saylı mənzili üzərində 1/3 (üçdə bir) payına dair vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin Bakı şəhəri 31 saylı notariat kontorunun üzərinə qoyulması, Cavabdeh, X12, X2 və Bakı şəhəri 31 saylı notariat kontorundan hüquqi xidmət xərcinə görə 1300 manat dövlət rüsumu olmaq, cəmi 1325 manat məbləğində pulun müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli 2(102)-3673/2020 saylı qərarı ilə isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmışdır. Bundan sonra İddiaçı 08 oktyabr 2020-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Bu isə o deməkdir ki, İddiaçı artıq həmin mənzilə mülkiyyət hüququnu əldə edən şəxsdir. Çünki, məhkəmənin yuxarıda qeyd edilən məhkəmə qətnaməsi ilə qət edilən bir hal da ondan ibarət olmuşdur ki, reyestr qeydi əvvəlki vəziyyətinə qaytarılsın, yəni mərhum X6 adına ilkin vəziyyətə gətirilmişdir. Məlumat üçün məhkəmənin nəzərinə çatdırmışdır ki, İddiaçı 1963-cü ildə həmin mənzildə doğulmuşdur. 1985-ci il tarixində ailə həyatı qurmuş və ilk övladı X7 da 1986-cı il tarixində həmin mənzildə doğulmuşdur. Beləliklə, iddiaçı 1963-cü ildən 1991-ci ilədək bu mənzildə yaşamışdır. 1991-ci ildə ikinci övladının - X3 doğulması ilə Cavabdeh ona və uşaqlarına mütəmadi yaradılan əziyyətlərə dözməmiş və uşaqlarına daha yaxşı şərait yaradılması üçün məcbur qalaraq atası mənzilindən çıxmışdır. Çünki, Əliyeva tərəfindən mütəmadi olaraq ailədə gərgin psixoloji şəraitə gətirib çıxaran hərəkətlərə yol verilir, iddiaçının qazı, suyu, işğına müdaxilələr edilirdi. İddiaçı bu dönəmdə mərhum 3 illik analıq məzuniyyətdə olmasından istifadə edərək həyat yoldaşı X4 işlədiyi Latviya Respublikasının Riqa şəhərinə getmişdir. Bu zamanlarda da o mütəmadi olaraq Bakıya həmin mənzilə gəlib getsə də 3 ilin tamamında Tibb Universitetində işləməsi ilə əlaqədar artıq analıq məzuniyyəti bitdikdən sonra işə çıxmaq məcburiyyətində olduğu üçün Bakı şəhərində Xalqlar Dostluğu ərazisində həyat yoldaşı ilə birgə əldə etdiyi mənzilə köçmüşdür. 1994-cü ildən 2005-ci ilədək o bu mənzildə sonradan isə hazırda qeydiyyatda olduğu ünvan 2a köçərək həyat yoldaşı və övladları ilə birlikdə bu ünvanda yaşamışdır. 2017-ci ilin avqust ayında iddiaçının həyat yoldaşı X9 vəfat etmiş, 2018-ci ilin 8 yanvar tarixində isə iddiaçının atası olan X13 vəfat etmişdir. İddiaçı öz oğlu və qızı ilə mərhum X6 nəşini birlikdə son mənzilə yola saldılar. İddiaçı öz atasının yas mərasimdə iştirak etmiş, mərhumun 4-cü cümə axşamı mərasimində iştirak üçün gəldikdə isə cavabdeh tərəfindən mənzildən qovulmuşdur. İlk başda iddiaçı cavabdehin bu hərəkətini anlamasa da yuxarıda qeyd edilən məhkəmə işlərinin gedişatını təhlil edərkən anlamışdır ki, Cavabdeh məhz həmin cümə axşamı günü artıq qeyri-qanuni yolla hazırda ləğv edilən vərəsəlik şəhadətnaməsini əlinə keçirmişdir. Bu saxta sənədə arxayın olaraq artıq o, Qurbanovanı mənzilə buraxmamışdır. Bundan sonra iddiaçı yuxarıda qeyd edilən məhkəmə prosesləri ilə məşğul olmuşdur. Hazırda iddiaçı öz oğlunu evləndirmişdir, artıq nəvəsi də doğulmuşdur və o, oğlu və gəlini ilə bir evdə qalaraq onların yerini dar etmək istəmir və ona görə atasından ona miras qalmış və qanuni əsaslarla ona məxsus olan mənzilə - Yasamal rayonu, X15 küçəsi, ev 3 mənzil 28 ünvanında yerləşən mənzilə köçürülməsini tələb edir. Hazırki köçürülmə tələbinin məhkəmə zərurəti ondan irəli gəlir ki, iddiaçı cavabdeh kimi eynilə həmin mənzilə hüquq gözləntisi olduğu halda cavabdeh tərəfindən mənzilə buraxılmır. Ona görə sivil və qanunun tələblərinə uyğun şəkildə sözügedən mənzilə daxil olmaq, öz halal mülkündən istifadə etməyə nail olmaq üçün hazırki mübahisənin məhkəmə zərurəti qaçınılmazdır. Qeyd edilən hərəkətlər İddiaçı mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarır. Halbuki, İddiaçı, sözügedən mənzilə qanun üzrə vərəsə olaraq, mülkiyyət hüquqları qanunvericilik və dövlət tərəfindən tanınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, mübahisəli mənzil ona atasında qalan miras əmlakdır. Mərhum atası X6 üç vərəsəsi var: o, Cavabdeh və X12. Qardaşı öz payından Cavabdeh xeyrinə imtina etmişdir. Qeyd olunan mənzilə iddiaçı çıxarış almışdır. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı ona qarşı mənzilə köçürmə tələbinə dair iddia ərizəsi verib. Mərhum atası X5 qalmış mirasın 2/3 hissəsi onun payıdır. Ev M.F.Axundov küçəsi, ev 3, mənzil 28 ünvanında yerləşir. İddiaçı ünvan 2da daimi yaşayır və bu mənzildə qeydiyyatı var. 2018-ci il tarixdən bu günə kimi onlar arzu olunmaz münasibətdədirlər və dəfələrlə iddiaçı onun ev telefonuna zəng vurur və hədələyir. Bir çox məsələlərə görə onunla birgə yaşamaqları təhlükəlidir. O, və qardaşı X12 onunla bu mənzildə qeydiyyatdadırlar və bu mənzildə daimi yaşayır və başqa yaşayış yerləri yoxdur. Mənzillərin otaqları iç-içədir, mənzilin bir girişi var və bu mənzilin bölünməsi mümkün deyil. O, atası ilə son günlərinə qədər bir yaşayıb və onun qayğısına o qalıb. Evin 2/3 hissəsi onun payı olduğu üçün onun üstünlük hüququ var. AR Mülki Məcəllənin 1305-ci maddəsinə əsasən üstünlük hüququnu həyata keçirən vərəsələrin tələbi ilə məhkəmə kompensasiyanın həcmini nəzərə almaqla, ona 10 ildən çox olmayan müddətə möhlət verə bilər. O, dövlət işində işləyir və maaşına uyğun iddiaçının 1/3 payına düşən pul kompensasiyasını 10 il ərzində ödəmək üçün ona möhlət verilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14462/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5432/2018 saylı iş üzrə 11 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin olunmuş, Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi 3 nömrəli evin 28 nömrəli mənzilinə dair Bakı şəhəri 31 saylı notariat kontoru tərəfindən Cavabdeh verilmiş xx.xx.2018-ci il tarixli, reyestrdə 2v-15 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2018-ci il tarixli çıxarış, Cavabdeh ilə X2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, reyestrdə 4Ə-152 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsi, habelə həmin mənzil barəsində daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh və X1 adına aparılmış qeydiyyatlar etibarsız hesab edilmiş və reyestr qeydi əvvəlki vəziyyətinə qaytarılmış, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi 3 nömrəli evin 28 nömrəli mənzili üzərində 1/3 (üçdə bir) payına dair vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsi Bakı şəhəri 31 saylı notariat kontorunun üzərinə qoyulmuş, Cavabdeh, X12, X2 və Bakı şəhəri 31 saylı notariat kontorundan hüquqi xidmət xərcinə görə 1.300 manat, iddianın qaldırılması və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 25,40 manat dövlət rüsumu olmaqla, cəmi 1.325,40 (bir min üç yüz iyirmi beş manat, qırx qəpik) manat məbləğində pulun müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi - İddiaçı miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Yasamal rayonu, X15 küçəsi, ev 3 mənzil 28 ünvanında yerləşən ümumi sahəsi 71 kv.m., yaşayış sahəsi 61 kv.m. olan mənzildən ibarətdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X15 küçəsi, ev 3 mənzil 28 paylı mülkiyyət hüququ üzrə 1/3 hissə üzrə İddiaçı adına ********** saylı qeydiyyat nömrəsi ilə, 2/3 hissə üzrə Cavabdeh adına ********** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri, Yasamal rayonu, X15 küçəsi, ev 3 mənzil 28 ünvanında yerləşən mənzilin 1/3 hissə üzrə mülkiyyətçisi İddiaçıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2018-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi - İddiaçı miras əmlakdan 1/3 hissədə pay almışdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Yasamal rayonu, X15 küçəsi, ev 3 mənzil 28 ünvanında yerləşən ümumi sahəsi 71 kv.m., yaşayış sahəsi 61 kv.m. olan mənzildən ibarətdir. Eyni zamanda işin halları ilə iddiaçının köçürülməsini xahiş etdiyi mənzil, məhz mərhum X10 məxsus olmuş və vərəsəlik üzrə 1/3 hissə üzrə İddiaçı, 1/3 hissə üzrə Cavabdeh və 1/3 hissə üzrə X8 məxsus hissələr olması müəyyən edilmişdir. Vərəsəlik işi zamanı qardaşı - X12 öz payından Cavabdeh xeyrinə imtina etmişdir. Buna görə də, mənzilin 2/3 hissəsi üzrə Cavabdeh məxsus olması müəyyən edilmişdir. Hal-hazırda Bakı şəhəri, Yasamal rayonu, X15 küçəsi, ev 3, mənzil 28 saylı ünvanın mülkiyyətçiləri 1/3 hissə üzrə İddiaçı və 2/3 hissə üzrə Cavabdehdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X15 küçəsi, ev 3, mənzil 28 ünvanında yerləşən mənzilə köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ünvan 5 ünvanında yerləşən mənzilə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar