Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4452/2025 21.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı mülkiyyətin qanunsuz sahiblikdən geri qaytarılması və daşınar əşyaların götürülməsi, sahənin boşaldılması tələbinə dair iş üzrə (açar sözlər: icraatın birləşdirilməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh qızının iştirakları ilə, İddiaçı Cavabdeh və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı mülkiyyətin qanunsuz sahiblikdən geri qaytarılması və daşınar əşyaların götürülməsi, sahənin boşaldılması tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya mülkiyyət hüquqları ilə məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 100 kv.m sahənin cavabdeh tərəfindən zəbt edilməsinə son qoyulması, cavabdehə məxsus daşınar əşyaların ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 100 kv.m sahədən çıxarılması və sahənin boşaldılması vəzifəsinin onun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Məhkəmə icraat iştirakçılarının izahatları
2. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verib, hazırda məhkəmənin icraatında eyni tərəflərin tərəf olduğu başqa iş olduğunu, bu işlərin əlaqəli olduğunu bildirib, hazırkı işin həmin işə birləşdirilməsini xahiş etdi.
3. Məhkəmə iclasında iştirak edən cavabdeh mülki iş üzrə icraatın birləşdirilməsinə etiraz etməmişdir.
Tətbiq edilən hüquq
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 43.1. Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Maddə 43.2. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər; Maddə 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır.
5. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı: “Beləliklə, bir-biri ilə əlaqəli olan işlərə, iddia tələbinin daşınar və ya daşınmaz əşya ilə bağlı olmasından asılı olmayaraq, bir icraatda baxılmalıdır. Bu qayda ədalət mühakiməsinin bərabərlik, çəkişmə və dispozitivlik prinsipləri əsasında həyata keçirilməsini təmin edir, tərəflərdən hər hansı birinə imtiyazların və ya üstünlüklərin verilməsini istisna edir. Bununla yanaşı, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir.”
Məhkəmənin mövqeyi
6. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməlidir.
7. Belə ki, məhkəmənin hakimi Aytəkin Əsədzadənin icraatında olan 2(004)- 4402/2025 nömrəli mülki iş üzrə iddiaçı X1 cavabdeh İddiaçı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi olmaqla saahənin ayrılaraq təhvil verilməsi və çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. Göründüyü kimi, tərəflər arasında mübahisə obyekti olan eyni daşınmaz əmlakla bağlı artıq məhkəmənin icraatında olan digər işdə baxılır.
9. Belə olan halda, eyni tərəflər arasında eyni əmlaka dair mübahisəyə ayrıca icraatda yenidən baxılmağa başlanması prosessual qənaət prinsipinə uyğun olmamaqla, ədalət mühakiməsinin səmərəliliyinə də xələl gətirir.
10. Məhkəmə qeyd edir ki, mülki işlərin bir icraatda birləşdirilməsinin məqsədi birbiri ilə əlaqəsi olan oxşar mahiyyətli mülki mübahisələrin daha tez, obyektiv və hərtərəfli həllini təmin etməkdir. Mülki işlərin bir-biri ilə əlaqəsi, baxılan iş üzrə tərəflərin eyni olmasında, mübahisə predmetinin eyniliyində, mübahisə doğuran hüquq münasibətlərinin subyektlərinin və ya obyektin eyniliyində ifadə olunmalıdır. Hazırkı və məhkəmənin icraatında olan 2(004)-4402/2025 nömrəli mülki işlər üzrə tərəflər eyni olmaqla (həmin iş üzrə iddiaçı hazırkı iş üzrə cavabdehin anasıdır) hər iki mülki iş bir-biri ilə əlaqədardır. Belə olan halda məhkəmə qeyd edir ki, hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqə mövcuddur.
11. Beləliklə, məhkəmə hesab edir ki, icraatda olan 2(004)-4402/2025 nömrəli mülki işin ilkin olaraq icraata qəbul edilməsini nəzərə alaraq 2(004)-4452/2025 nömrəli mülki iş ilkin olaraq icraata götürülmüş 2(004)-4402/2025 nömrəli mülki işlə birləşdirilməlidir.
12. Göstərilənləri və MPM-nin 52, 191, 261, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı mülkiyyətin qanunsuz sahiblikdən geri qaytarılması və daşınar əşyaların götürülməsi, sahənin boşaldılması tələbinə dair 2(004)- 4452/2025 nömrəli mülki iş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı X1 cavabdeh İddiaçı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi olmaqla saahənin ayrılaraq təhvil verilməsi və çıxarışın ləğvi tələbinə dair 2(004)-4402/2025 nömrəli mülki işlə bir icraatda baxılması üçün birləşdirilsin və mülki işə 2(004)-4402/2025 nömrə ilə baxılsın. Qərardaddan şikayət verilə bilməz.
HAKİM Aytəkin Əsədzadə