Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4466/2024 20.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə, Cavabdeh1, Cavabdeh Hacıyeva (Ələkbərova) Naibə Sabir qızının iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh1 və Hacıyeva (Ələkbərova) Naibə Sabir qızına qarşı “müqavilənin ləğv edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdehlər Cavabdeh1 və Hacıyeva (Ələkbərova) Naibə Sabir qızına qarşı “müqavilənin ləğv edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi polkovnik Q.B.Ağayev ilə Cavabdeh1 arasında N iyul 2015-ci il tarixli 40 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, Cavabdeh1, ailə üzvləri (həyat yoldaşı Cavabdeh2, qızı – X3 və oğlu X4) ilə birlikdə Bakı şəhəri, ünvan 1, mənzil 91 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m olan yaşayış sahəsindən başqa yaşayış sahəsi verilmədən cavabdehlərin həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 91 nömrəli mənzil “xüsusi təyinatlı yaşayış sahəsi” olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən hərbi qulluqçu xidmət yerinə gəlməsindən ən gec 3 ay keçənədək ona onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalarına uyğun gələn xidməti mənzil verilir. Cavabdeh1 xidmət etdiyi müddətdə yuxarı komandanlığa raportla müraciət edərək ona xidməti mənzilin verilməsini xahiş etmişdir. Cavabdeh1 qeydiyyata alınmış raportu baxılmış və 19 may 2015-ci il tarixli 4 nömrəli protokolu ilə Müdafiə Nazirliyinin mənzil fonduna aid olan Bakı şəhəri, ünvan 1, mənzil 91 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m olan xidməti yaşayış sahəsinin ayrılması barədə qərar qəbul edilmişdir. Həmin protokol əsasında Cavabdeh1lə Mənzil İstismar İdarəsinin rəisi polkovnik Q.B.Ağayev arasında N iyul 2015-ci il tarixli 40 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” bağlanmışdır. Mənzil komissiyasının həmin protokolu ilə xüsusi təyinatlı yaşayış sahəsinin N iyul 2015-ci il tarixli 40 nömrəli kirayə müqaviləsi əsasında ehtiyatda olan polkovnik Cavabdeh1, ailə üzvləri (həyat yoldaşı Cavabdeh2, qızı – X3 və oğlu- X4) ilə birlikdə Bakı şəhəri, ünvan 1, mənzil 91 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m olan yaşayış sahəsi verilmiş və sonuncu ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayırlar. Cavabdeh1, N iyul 2015-ci il tarixdə iltizam verərək xidmət yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, iş yerindən azad olunduqda və s. digər hallarda yuxarıda qeyd edilən ünvandakı xüsusi təyinatlı yaşayış sahəsini (xidməti mənzili) şərtsiz və yararlı vəziyyətdə təhvil verəcəyini bildirmişdir. xx.xx.1986-cı il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Ordusunda xidmət etmiş, ehtiyatda olan polkovnik Cavabdeh1 Azərbaycan Respublikasının Müdafiə nazirinin 25 dekabr 2021-ci il tarixli müvafiq əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) ehtiyata buraxılmışdır. E.O. polkovnik Cavabdeh1 20 il qüsursuz xidmətini nəzərə alaraq sonuncu 2000-ci il tarixdə güzəştli şərtlərlə mənzillə təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyətinin 032703 nömrəli qeydiyyat vərəqəsi əsasında ünvan 2 ünvanında 2 otaqlı 28.5 kv.m olan yaşayış sahəsi verilmiş və 04 mart 2000-ci il tarixdə qeydiyyatdan keçirilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin 141758 nömrəli qeydiyyat vərəqəsindən görünür ki, Cavabdeh1 adına olan ünvan 2 ünvanında 2 otaqlı 28.5 kv.m olan yaşayış sahəsi X2 adına keçirilmiş 25 yanvar 2003-cü il tarixdə qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** nömrəli çıxarışından görünür ki, ünvan 2 ünvanında 2 otaqlı 28.5 kv.m olan yaşayış sahəsi X1 adına özgəninkiləşdirilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Bakı Qarnizonu Mənzil- İstismar Hissəsinin 2 saylı Mənzil İstismar Hissəsi tərəfindən müxtəlif xx.xx.2023-cü il tarixdə Cavabdeh1 ünvanına xəbərdarlıq göndərilərək ona və ailə üzvlərinə verilmiş Bakı şəhəri, ünvan 1, mənzil 91 ünvanındakı xüsusi təyinatlı yaşayış sahəsini xx.xx.2023-cü il tarixədək boşaldaraq təhvil verilməsi bildirilmiş, lakin hazırkı tarixədək sonuncu tərəfindən həmin mənzil təhvil verməmiş və təqdim edilən xəbərdarlığa heç bir səbəb göstərilmədən tanış olaraq imza etməkdən imtina edilmişdir. Beləliklə, Müdafiə Nazirliyi belə qənaətə gəlir ki, işin araşdırılmış halları ilə hazırda iddiaçının yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçular kateqoriyasına aid edilə bilməməsi səbəbindən iddia əsaslıdır. Cavabdeh1 Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçulara verilən güzəşt və imtiyazlardan kifayət qədər istifadə etdiyindən müqavilə əsasında kirayəyə verilmiş Bakı şəhəri, ünvan 1, mənzil 91 ünvanında yerləşən 3 otaqlı xüsusi təyinatlı yaşayış sahəsini şərtsiz olaraq boşaltmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qətnamə çıxaırlmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, onun indiki yoldaşı da hərbçidir, ona da ev verilməsi üçün raportla müraciət etmişlər, lakin hazıra qədər ona ev verilməmişdir. Mənzildən çıxarılmaya etiraz etmir, lakin Müdafiə Nazirliyi tərəfindən onun həyat yoldaşına ev veriləcəyi vaxtadək hazırki evdə yaşamasına icazə verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Hacıyeva (Ələkbərova) Naibə Sabir qızı Cavabdeh1lə oxşar məzmunlu izahat verərək iddianın hazırki vaxtda təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. İş materiallarında olan kirayəverən MN Mənzil-İstismar İdarəsi ilə kirayəçi Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin 40 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, kirayəverən Bakı Qarnizonu üzrə mənzil komissiyanın 19 may 2015-ci il tarixli 4 nömrəli əsasında Müdafiə Nazirliyinin mənzil fonduna aid olan Bakı şəhəri, ünvan 5, mənzil 91 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m xidməti yaşayış sahəsini AR Mənzil Məcəlləsi və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş Cavabdeh1 N nömrəli hərbi hissəyə verdiyi N iyul 2015-ci il tarixli yazılı iltizamda ona ayrılmış yuxarıda sözügedən xidməti təyinatlı yaşayış sahəsi fonduna aid olan Bakı şəhəri Yasamal rayonu Qırmızı-Şərq -1 hərbi şəhərciyi Şəfayət Mehdiyev küçəsi 136A saylı evin 91 saylı mənzili xidməti yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, eləcə də iş yerindən (vəzifəsindən) azad edildiyi təqdirdə şərtsiz olaraq MN Mənzil İstismar Xidmətinə yararlı vəziyyətdə təhvil verəcəyini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 04 oktyabr 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh1 Müdafiə Nazirliyi ilə xidməti münasibətlərinə xitam verildiyindən yaşadığı mənzili xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixə kimi boşaldılaraq Müdafiə Nazirliyi Mənzil-istismar İdarəsinə təhvil vermələri tələb olunuşdur. İş materiallarında olan ÖM seriyalı, 032703 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 4i rayonu Ə.Vəliyev küçəsi ev 9, 96 saylı mənzil Cavabdeh1 məxsus olmuşdur və bu barədə 04 mart 2000-ci il tarixdə 30/162829 nömrəli qeydiyyat aparılmışdır. İş materiallarında olan ÖM seriyalı, 032703 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 4i rayonu Ə.Vəliyev küçəsi ev 9, 96 saylı mənzil X5 məxsus olmuşdur və bu barədə 25 yanvar 2003-ci il tarixdə 30/1315 nömrəli qeydiyyat aparılmışdır. İş materiallarında olan 2 nömrəli MİS-nin 02 fevral 2023-cü il tarixli arayışdan görünür ki, ünvan 4i rayonu Ə.Vəliyev küçəsi ev 9, 96 saylı mənzil ünvanında Cavabdeh1, həyat yoldaşı Hacıyeva (Ələkbərova) Naibə Sabir qızı, qızı – X3 və oğlu X4 qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə nazirinin 25 dekabr 2021-ci il tarixli müvafiq əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci maddəsinə əsasən Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsaəsn xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin məcəllənin 99.1-99.2-ci maddələrinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Həmin Məcəllənin 101.1-ci maddəsinə görə, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir.101.2-ci maddəsinə əsasən xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci bəndinə əsasən, Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin qanunun 3-cü bəndinə əsasən, Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası “Hərbi qulluqçuların statusu" haqqında qanunun 12-ci maddəsinə əsasən Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, həqiqi hərbi xidmətdə olan generallar, admirallar, zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (mülki işçilər) və onlarla birlikdə yaşayan ailə üzvləri (əri və ya arvadı, uşaqları, valideynləri, eyni zamanda hərbi qulluqçuların (mülki işçilərin) himayəsində olan digər şəxslər) bu əsasnamənin 1.6-cı bəndinə əsasən, göstərilmiş hallardan başqa Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fondu hesabına xidmət yeri üzrə xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunurlar. Həmin əsasnamənin 1.13-cü bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə xidməti münasibəti olmayan şəxslərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fondu hesabına yaşayış sahəsinin verilməsi qadağandır. Həmin əsasnamənin 5.2-ci bəndinə əsasən, bir qarnizonda yerləşən tabeli hərbi hissələr arasında yaşayış sahələrinin bölüşdürülməsi planı qarnizon mənzil komissiyası tərəfindən tərtib edilir, müvafiq rayon, MİH, HDQ-nin Dəniz Mühəndis Xidməti, Müdafiə Nazirliyinin MİŞ rəisi ilə razılaşdırılır, qarnizon mənzil komissiyası sədri tərəfindən imzalanır və həmin qarnizonun rəisi tərəfindən təstiq edilir. Həmin əsasnamənin 5.7- 5.11-ci bəndlərinə əsasən, yaşayış sahəsinin bölüşdürülməsi üçün hərbi hissənin mənzil komissiyasının iclası keçirilir və protokol tərtib olunur. Hərbi hissənin mənzil komissiyasının tərtib etdiyi hərbi hissə üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısını komissiyanın sədri və üzvləri imzaladıqdan sonra hərbi hissə komandiri təstiq edir. Yaşayış sahəsinin bölüşdürülməsi siyahısı və hərbi hissənin mənzil komissiyasının protokolundan çıxarış ryonun MİH rəisinə təqdim olunmalı, digər sənədlər isə hərbi hissənin mənzil komissiyasında saxlanılmalıdır. Təqdim olunan sənədlər əsasında tərtib olunan qarnizon üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısı rayon MİH-nin rəisi ilə razılaşdırılır, qarnizon üzrə mənzil komissiyasında baxılır, protokollaşdırılırvə təstiq edilməsi üçün qarnizon rəisinə təqdim olunur. Qarnizon rəisi tərəfindən təstiq edilmiş siyahı xüsusi təyinatlı yaşayış sahəsinə kirayə müqaviləsi bağlanması üçün hüquqi əsasdır. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və onlarla birlikdə yaşayan ailə üzvlərinin xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunması, yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınması qaydalarını müəyyən edir. Cavabdeh1 isə xx.xx.2021-ci il tarixli əmrlə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən Cavabdeh1 Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən 91 saylı mənzil ilə təmin olunmuşdur. İddiaçı cavabdehin hərbi xidmətdən tərxis olunması qanunvericiliyin tələbini rəhbər tutaraq, cavabdehlərin mənzildən çıxarılmasına dair iddia tələbini irəli sürmüş və iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Müdafiə nazirinin 25 dekabr 2021-ci il tarixdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) ehtiyata buraxılmışdır. Həmçinin, məhkəmə iclasında tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, cavabdeh 2000-ci ildə güzəştli şərtlərlə mənzillə - ünvan 4i rayonu Ə.Vəliyev küçəsi ev 9, 96 saylı mənzillə təmin edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin mənzil Cavabdeh1 tərəfindən özgəninkiləşdirilmişdir. Cavabdeh1 ilə Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisi arasında bağlanmış N iyul 2015-ci il tarixli 40 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə” xitam verilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edilə bilər. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən, 82.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi tərəflərin razılığı ilə istənilən vaxt ləğv edilə bilər. 82.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsinin kirayəçisi onunla birlikdə yaşayan ailə üzvlərinin yazılı razılığı ilə istənilən vaxt sosial kirayə müqaviləsini ləğv etmək hüququna malikdir. 82.3. Kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. 82.4. Kirayəyə verənin tələbi ilə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə məhkəmə qaydasında xitam verilməsinə aşağıdakı hallarda yol verilir: 82.4.1. kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə; 82.4.2. kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 82.4.3. kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 82.4.4. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. 82.5. Sosial kirayə müqaviləsinə yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 may 2010-cu il tarixli 866 nömrəli qərarı ilə təsdiq edilmiş "Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası"nın 3.5-ci bəndinə əsasən, aşağıdakılar kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır: 3.5.1. bu Qaydanın 1.5-ci bəndində göstərilən əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı; 3.5.2. xidməti yaşayış sahəsinin məhv olması; 3.5.3. xidməti yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi (bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xidməti yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir). 3.6. Xidməti mənzil sahəsindən çıxarılma halları və qaydası Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə tənzimlənir. Göründüyü kimi Cavabdeh1 ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasındakı xidməti kirayə müqaviləsinə AR Mənzil Məcəlləsinin 103.3-cü maddəsinə əsasən, xitam verilmişdir, məhkəmə qaydasında sözügedən müqavilənin ləğv edilməsinə bir zərurət qalmamışdır. Belə ki, müqaviləyə inzibati orqan tərəfindən artıq xitam verilmiş, həmin protokol-qərar mübahisələndirilməmişdir. Eyni zamanda, məhkəmə qeyd edir ki, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və xitam verilməsi əsasları bir-birindən fərqləndirilmiş və Mənzil Məcəlləsində dairəsi dəqiq müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi qanunvericilikdə müəyyən edilmiş əsaslardan hər hansı birinə aid edilmir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh1 vaxtilə, yəni 2000-ci ildə dövlət tərəfindən hərbi qulluqçulara verilən güzəştdən istifadə edərək mənzillə təmin olunmasını, sonradan həmin mənzili özgəninkiləşdirməsini, onunla olan qulluq münasibətlərinə və bu əsasla da, “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nə xitam verilməsini nəzərə alaraq hesab edir ki, Cavabdeh1 və Hacıyeva (Ələkbərova) Naibə Sabir qızı, qızı – X3 və oğlu X4 ilə birlikdə Bakı şəhəri, ünvan 1, mənzil 91 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m olan yaşayış sahəsindən çıxarılmalıdır. Mənzil Məcəlləsinin 102.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1-ci maddəsinə görə hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2-ci maddəsinə görə yaşa görə pensiyaçılar; 102.2.-ci maddəsinə görə. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4-ci maddəsinə görə işəgötürənin təqsiri üzündən baş vermiş əmək xəsarəti nəticəsində əlilliyi müəyyən edilmiş İ və ya İİ dərəcə əlilliyi olan şəxslər, əmək vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar peşə xəstəliyinə tutulma nəticəsində əlilliyi müəyyən edilmiş İ və ya İİ dərəcə əlilliyi olan şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində İ və ya İİ dərəcə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. Həmin məcəllənin 103.3-cü maddəsinə əsasən Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Hacıyeva (Ələkbərova) Naibə Sabir qızı, qızı – X3 və oğlu X4 ilə birlikdə Bakı şəhəri, ünvan 1, mənzil 91 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m olan yaşayış sahəsindən başqa yaşayış sahəsi verilmədən çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-4466/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4466/2024
20.09.2024 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver