Məhkəmə qərarları › İş №e-2(004)-447/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-447/2024

31.01.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-447/2024 31.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin etibarsız hesab edilməklə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin icrasının müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əmək müqaviləsi bağlayaraq işəgötürən Aziz Heidarinin xx.xx.2020-ci il tarixli əmri ilə sürücü vəzifəsinə qəbul olunmuşdur. Bir müddət həmin vəzifə üzrə əmək fəaliyyəti ilə məşğul olaraq əmək funksiyalarını icra etmişdir. Cəmiyyətin hüquqi və faktiki fəaliyyət ünvanı Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 Təxminən 2-3 ay müddət işlədikdən sonra işəgörürən ilə əmək müqaviləsini ləğv etmək qərarını verdi. İşəgötürənə ərizə təqdim etmək istədikdə ofisdə işçilərin olmadığını gördü. Dəfələrlə gəlib getsə də ofisdə heç kimin olmadığını görüb zənn etdi ki, cəmiyyət fəaliyyətini dayandırıb və onunla bağlanan əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi barədə məlumat mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilib. Pandemiya qadağaları aradan qalxdıqdan sonra yeni işəgötürənlə əmək müqaviləsi bağlamaq istədiyi zaman ona bildirdilər ki, mərkəzləşdirilmiş elektron informasiya sistemində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü vəzifəsində işləməyi barədə məlumat mövcuddur. İşə qəbul edilən zaman ona əmək kitabçası açılmayıb. Mövcud vəziyyət onun əmək hüquqlarını pozur və yeni işəgötürən ilə əmək müqaviləsi bağlamağını mümkünsüz edir. xx.xx.2023-cü il tarixdə cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizədə göstərilənləri müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehin nümayəmdəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemindən xx.xx.2023-cü il tarixli iş yerinə dair arayışdan görünür ki, İddiaçı "xxxx" MMC-də xx.xx.2020-ci il tarixdən sürücü vəzifəsində işə başlamışdır. Məhkəmə verilmiş tələblə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında əmək müqaviləsi bağlanılmışdır və iddiaçı həmin cəmiyyətdə əmək müqaviləsi üzrə işə qəbul edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, İddiaçı uzun müddətdir ki, "xxxx" MMC-də çalışmır. Lakin hazırki vaxtadək tərəflər arasında bağlanmış əmək müqaviləsi qüvvədədir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, mübahisə üzrə xx.xx.2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdehin nümayəndəsi iştirak etməmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən hüquq münasibətlərini tənzim etdiyindən məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün əmək qanunvericiliyinin normaları tətbiq olunmalıdır. Məhkəmə verilmiş iddia ilə bağlı aşağıdakıları qeyd edir. AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən əmək . əsmə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir. Həmin Məcəllənin 69-cu maddəsinin 1, 2 və 3-cü bəndlərin əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa İşəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, işçi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə günü ərizəsində konkret göstərdiyi halda, işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Əmək müqaviləsinə həmin gün xitam verilmədiyi halda, işəgötürən bunu ən geci bir təqvim ayı ərzində etməlidir. Məhkəmə qeyd edir ki, işəgötürən əmək müqaviləsinə xitam verməli olduğu halda bunu etmədiyi üçün, o, Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinin tələblərini pozmuşdur. Məhkəmə həmçinin hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə tələb əsaslı olduğu üçün, həmin müqaviləyə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi barədə tələb də əsaslıdır və təmin edilməlidir. Belə ki, AR Əmək Məcəlləsinin 5-1-ci madəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Qanunvericiliyin göstərilən tələbinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi barədə məlumatlar elektron informasiya sistemində qeydiyyata alınmalıdır və həmin qeydiyyat müvafiq icra hakimiyyəti orqanı olan X1 Xidməti tərəfindən aparılır. Belə olan halda məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin qeydiyyata alınması X1 Xidmətinin üzərinə qoyulmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-14.2, 77.1, 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilsin. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətində qeydə alınsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar