Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4480/2025 17.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar qarşı əmrin ləğv edilməsi, işə bərpa, əmrin ləğv edildiyi tarixdən işə bərpa olan günə kimi orta aylıq əmək haqqının ödənilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iş üzrə (açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsi, kobud pozuntu) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, X17 oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar qarşı əmrin ləğv edilməsi, işə bərpa, əmrin ləğv edildiyi tarixdən işə bərpa olan günə kimi orta aylıq əmək haqqının ödənilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (iddiaçı) ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filiali arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən iddiaçı Bankın Şəmkir filialının təhlükəsizlik inspektoru vəzifəsinə təyin edilmişdir.
2. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialının xx.xx.2025-ci il tarixli K1-XM- 19.6.2025-001 nömrəli xidməti məktubdan görünür ki, filialın təhlükəsizlik inspektoru İddiaçı Filialın Müştəri xidməti şöbəsinin kiçik kassiri X1 ilə əlaqədar işdə olmadığı müddətdə, tək işləyən xanım əməkdaş Filialın müştəri xidməti şöbəsinin böyük kassiri X3 qiymətlilər və pulların, aşağı mərtəbədə yerləşən pul saxlanc yerindən kassa otağına çamadanla daşınmasında köməklik etməsi barədə göstəriş verilmiş, məsələ ilə bağlı İddiaçı Bankın təhlükəsizlik idarəsinə məlumat verərək bildirmişdir ki, bu işin icrasının ona aid deyil, yerinə yetirməməlidir. Məsələ ilə bağlı Bankın təhlükəsizlik idarəsi ilə də əlaqə saxlanmış, etibarlı şəxs kimi onun bu işi icra etməli olduğu bildirilmişdir. Filialın təhlükəsizlik inspektoru İddiaçı vəzifə təlimatında filial direktorunun ona tapşırdığı işləri yerinə yetirməsi nəzərdə tutulmuşdur. Əməkdaşlıq və iş prosesinin səmərəli aparılması üçün filialda xüsusi mühafizə olunmalı olan qiymətlilər və pulların daşınmasına dəstək olunması əməkdaşa tapşırılmışdır.
3. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin təhlükəsizlik idarəsinin rəisi tərəfindən idarə Heyətinin sədrinə göndərilmiş xx.xx.2025-ci il tarixli K1-XM-20.6.2025-002 nömrəli məktubdan görünür ki, Bankın "Şəmkir" filialının (bundan sonra - Filial) direktoru X4 məktubunda qeyd edildiyi kimi tərəfindən Filialın təhlükəsizlik inspektoru İddiaçı nağd vəsaitlərin və digər qiymətlilərin təhlükəsiz hərəkəti ilə bağlı göstərişinə etiraz edilmişdir. Halbuki təhlükəsizlik inspektoru Filialm daxilində nağd vəsaitlərin və digər qiymətlilərin həm saxlanması həm də hərəkətinin təhlükəsizliyini təmin etməlidir. Bankın Təhlükəsizlik İdarəsinin rəis müavini X7 tərəfindən İddiaçı Filialın direktoru X4 filialın mühafizə olunan obyektlərinə dair göstərişini icra etməli olduğu izah edilmişdir. Lakin İddiaçı qeyri-etik formada, rəhbərliyin verdiyi tapşırıqlara isə kobud şəkildə etiraz etmişdir. xx.xx.2025-ci il tarixdə funksional nəzarət edici struktur olaraq, Bankın Təhlükəsizlik İdarəsinin rəis müavini F.İ.Məmmədovun və eyni adlı filialın Mühafizə və rejim şöbəsinin rəisi X6 iştirakı ilə Filialda təhlükəsizlik işinin aparılması yoxlanılmışdır. Yoxlama zamanı İddiaçı bilik səviyyəsinin aşağı olması, təhlükəsizlik sistemində istifadə qaydalarını lazımi səviyyədə bilməməsi və buraxılış qaydalarını bilməməsi müəyyən edilmiş, qaydaların tələbləri iş saatlarında həyata keçirilməmişdir. Filialda 2025-ci il üçün Mülki Müdafiə tədbirlər planı tərtib olunmayıb. Mülki Müdafiə işinin təşkili yoxdur, heç bir sənədləşdirmə aparılmır, bu istiqamətdə maarifləndirmə və praktiki işlər həyata keçirilməmişdir. Bundan əlavə, buraxılış rejimi üzrə işçilər arasında maarifləndirmə işləri və ehtimal oluna biləcək xoşagəlməz işlərin baş verə biləcəyi, hadisələrin əvvəlcədən qabağının alınması barədə mütəmadi xəbərdarlıq yoxlama işləri aparılmır. Son vaxtlarda müşahidə olunan və yerində yoxlama zamanı aşkar olunanlara əsasən qeyd etmək istərdim ki, İddiaçı əmək müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmir, bu isə Filialm təhlükəsizliyi və mühafizəsinin ahəngini pozur. xx.xx.2025-ci il tarixində baş vermiş hadisənin araşdırmasından belə nəticəyə gəlmək olur ki, İddiaçı işinə qarşı qeyri-adekvat münasibət göstərmiş, rəhbərliyin verdiyi sadə tapşırıqları icra etməkdən imtina etmiş və ümumi iş mühitində gərginlik yaratmışdır.
4. xx.xx.2025-ci il tarixli akt ilə müəyyən olunur ki, Bankın “Şəmkir” filialının 1 - ci dərəcəli sürücüsü X12, Bankın “Şəmkir” filialında Regional mühafizə Polis şöbəsinin polis serjantı X5 və Bankın “Şəmkir” filialının direktoru X8 öz imzaları ilə təsdiq edir ki, Bankın "Şəmkir" filialının təhlükəsizlik inspektoru İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı izahat vermək təklif edilmiş, lakin İddiaçı izahat verməkdən imtina etmişdir.
5. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, XB-K1-20.6.25-002 nömrəli əmrinə əsasən İddiaçı – “Şəmkir” filialının təhlükəsizlik inspektoru ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2025-ci il tarixdən ləğv edilmişdir.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxarılması barədə xx.xx.2025-ci il tarixli, XB-K1-20.6.25-002 nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunması və işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi və mənəvi zərərə görə 8000 manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddianın əsaslarına görə, iddiaçı xx.xx.2023-cü il tarixli müddətsiz əmək müqaviləsi ilə ASC “Xalq” Bankında “Şəmkir” filialının təhlükəsizlik inspektoru vəzifəsinə işə düzəlmişdir. Əmək fəaliyyəti dövründə daimi nizam-intizamlı, əmək funksiyalarını dəqiqliklə, vicdanla və peşəkarlıqla yerinə yetirən işçilərdən olmuşdur. Əvvəllər zabit kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində fəaliyyət göstərməsi onun nizam intizamlı və peşəkar olmasına heç bir şübhə yaranmamasına dəlildir. Lakin iddiaçı ASC “Xalq” Bankın Şəmkir rayon fialialının rəhbəri tərəfindən qəsdən, qərəzli olaraq işdən çıxarılması üçün ərizə yazmağa təkid etmiş, lakin iddiaçı heç bir əsas olmadığından qəbul etməmişdir. Bundan sonra iddiaçı Baş Ofisə dəvət olunmuş və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarıldığı bildirilmişdir. Həmin anda da ona heç bir tutarlı əsas bildirilməmiş və işdən çıxarılma səbəbi bugün də qaranlıq qalmışdır. İddiaçı ASC “Xalq” Bankın xx.xx.2025-ci il tarixli XB-K1-20.6.25-002 nömrəli əmri ilə işdən azad edilmişdir. İddiaçının elektron hökümət portalından əldə etdiyi əmrdən də görünür ki, o əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi əsası ilə işdən çıxarılmışdır. Lakin əmrin məzmunundan da şəxsin hansı qanun pozuntusu, əmək funksiyası pozuntusu törətməsi, əmək müqaviləsindən irəli gələn hansı öhdəliyini yerinə yetirməməsi əsaslandırılmamışdır. Əmrə baxanda belə çıxır ki, istənilən işəgötürən istənilən anda istənilən işçini heç bir səbəb və əsas göstərmədən, formal olaraq əmr tərtib etməklə işdən azad edilə bilər.
b) iddiaya qarşı etiraz
8. Cavabdeh iddiaya etirazla müraciət edərək iddianın təmin olunmamasını xahiş etmişdir.
9. Etirazın əsaslarına görə, iddiaçının əvvəllər zabit kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində fəaliyyət göstərməsinin onun işçi kimi əmək funksiyalarını icra etmə tərzinə heç bir aidiyyatı yoxdur. Belə ki, iddiaçı ilə cavabdeh arasında olmuş münasibət işçi ilə işəgötürən arasında olan əmək münasibətləridir və bu münasibətlər hərbi vəzifə və hərbi xidmət haqqmda qanunvericilik ilə deyil, əmək qanunvericiliyi ilə tənzimlənir. Təhlükəsizlik inspektorunun funksional nəzarət edici strukturu olan Bankın Təhlükəsizlik İdarəsinin vəzifəli şəxsləri tərəfindən aparılmış yerində yoxlama zamanı iddiaçı əmək müqaviləsinə əsasən üzərinə qoyulmuş Bankın “Şəmkir” filialının təhlükəsizlik işinin aparılması və yerinə yetirilməsinə dair vəzifə öhdəliklərini icra etməməsi, lazımi qaydada icra etməməsi aşkar edilmiş, lakin qısa müddətdə vəzifələrini icra etməsinə dair möhlət verilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixində funksional nəzarət edici struktur olaraq, Bankın Təhlükəsizlik İdarəsinin rəis müavini və eyni adlı filialın Mühafizə və rejim şöbəsinin rəisinin iştirakı ilə Filialda təhlükəsizlik işinin aparılması yoxlanılmışdır. Yoxlama zamanı iddiaçının bilik səviyyəsinin aşağı olması, təhlükəsizlik sistemində istifadə qaydalarını lazımi səviyyədə bilməməsi, buraxılış qaydalarını bilməməsi, qaydaların tələblərinin iş saatlarında həyata keçirilməməsi, Filialda 2025-ci il üçün Mülki Müdafiə tədbirlər planının tərtib olunmaması, Mülki Müdafiə işinin təşkilinin olması, heç bir sənədləşdirmə aparılmaması, bu istiqamətdə maarifləndirmə və praktiki işlər həyata keçirilməməsi, buraxılış rejimi üzrə işçilər arasında maarifləndirmə işləri və ehtimal oluna biləcək xoşagəlməz işlərin baş verə biləcəyi, hadisələrin əvvəlcədən qabağının alınması barədə mütəmadi xəbərdarlıq yoxlama işlərinin aparılmaması müəyyən edilmişdir. Bankın “Şəmkir” filialının daxilində nağd vəsaitlərin və digər qiymətlilərin hərəkətinin təhlükəsizliyini təmin edilməsi ilə bağlı iddiaçı insident yaratmışdır. Belə ki, iddiaçı Filialın Müştəri xidməti şöbəsinin böyük kassiri X9 qiymətlilər və pulların, aşağı mərtəbədə yerləşən pul saxlanc yerindən kassa otağma çamadanla təhlükəsiz daşınmasında köməklik etməsinə dair vəzifə təlimatında da vəzifə öhdəliyi kimi qeyd edilmiş Filial direktorunun ona tapşırdığı işləri yerinə yetirməsi barədə göstərişini icra etməmiş və buna qeyri - etik formada, kobud şəkildə etiraz etmişdir. Göründüyü kimi, Filial direktoru tərəfindən əməkdaşlıq və iş prosesinin səmərəli aparılması üçün Filialda xüsusi mühafizə olunmalı olan qiymətlilər və pullar m daşınmasına dəstək olunması əməkdaşa (iddiaçıya) tapşırılmışdır. İddiaçının əmək müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməsi nəticəsində iddiaçı Filialın təhlükəsizliyi və mühafizəsinin təmin edilməsi üzrə prosesin ahəngini pozmuşdur. Bununla əlaqədar olaraq, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir.
c) məhkəmə icraat iştiakçılarının izahatları
10. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdilər.
11. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazı müdafiə etmiş və iddianın təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; Maddə 68.1. Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ... ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir; Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83.2 Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; Maddə 186.1 İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər; Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək; Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir; Maddə 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir; Maddə 187.3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz; Maddə 300.
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
15. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı cavabdehin xx.xx.2025-ci il tarixli, XB-K1-20.6.25-002 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci bəndinin “ç” bəndinə əsasən işdən azad edilmişdir.
16. İşin mübahisəsiz faktiki hallarını iddianın maddi hüquqi əsasları baxımından yolxayan məhkəmə hesab edir ki, iddia ümumən əsaslıdır.
17. Əmək müqaviləsinin ləğv edilməsi barədə mübahisələndirilən xx.xx.2025-ci il tarixli əmrin əsası olaraq Bankın təhlükəsizlik idarəsinin rəisinin və filial direktorunun xidməti məktubları göstərilmişdir.
18. Xidməti məlumatından görünən odur ki, iddiaçının barəsində xidməti tədbir görülməsinə əsas olan hadisə onun bankın digər əməkdaşı – kassirə pulların daşınması ilə bağlı köməklik göstərməsi barədə göstərişə əməl etməməsi, bundan əlavə təhlükəsizlik işlərinin yoxlanılması zamanı iddiaçının bilik səviyyəsinin yetərli olmamasının, əmək müqaviləsi üzrə üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsinin aşkara çıxarılması olmuşdur.
19. Hazırkı işin halları baxımından göstəriləndən hansına görə iddiaçının əmək müqaviləsinin ləğv edildiyi, iddiaçının Məcəllənin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsaslardan hansını nə vaxt hansı hərəkətlə törətdiyi müəyyən edilmir.
20. Halbu ki, Əmək Məcəlləsinin 71.3-cü maddəsinin tələbləri baxımından işəgötürən həmin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalı olduğu halda əmrdə ümumi olaraq “70-ci maddənin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilsin” göstərilmiş, lakin həmin maddə üzrə hansı dizpozitiv şərtin mövcud olduğu əsaslandırılmamış, işçinin konkret olaraq hansı öhdəliyi və funksiyanı yerinə yetirmədiyi, yaxud 72-ci maddədə sadalalan hallardan hansının mövcud olduğu qeyd olunmamış, yəni, əmr qeyd olunan normanın tələbləri baxımından əsaslandırılmamışdır.
21. Məhkəmə prosesləri zamanı cavabdeh tərəfin izahatlarından məlum olur ki, əmək müqaviləsinin ləğv edilməsi əsası olaraq iddiaçının bankın əməkdaşına kömək göstərməməsi, dolayısı ilə əmək funksiyasının icra etməməsi olmuşdur. Lakin əmrin faktiki əsası olaraq bu fakt qəbul edilsə belə, işçinin əmək funksiyasını icra etməməsi heç də həmişə Məccəllənin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğvinə əsas olmur.
22. Çünki, Məcəllənin 71.2-ci maddəsinin tələbinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Hazırkı halda isə əmək funksiyasının yerinə yetirilməməsinin işəgötürənə hansı formada ziyan vurduğu, işin ahənginin necə pozulduğu bəlli deyil.
23. Bundan əlavə, 20. Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona Məcəllədə sadalanmış intizam tənbehlərindən birini verə bilər. Həmin intizam tənbehləri sırasında isə ən ağırı - ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etməkdir.
24. Hazırkı halda, işçinin əvvəllər hər hansı intizam tədbirinə tabe tutulması müəyyən edilmir. Belə olan halda işçiyə ilk intizam tənbehi olaraq ən ağır tənbeh tədbirinin tətbiq edilməsi aydın deyil, bunun səbəbləri nə əmrdə, nə də məhkəmə iclaslarında şərh edilməmişdir.
25. Bundan əlavə, Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən isə Məcəllənin 70ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
26. İş üzrə iddiaçının əmək müqaviləsi Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilsə də Həmkarlar ittifaqı təşkilatına bu barədə hər hansı müraciət, təşkilatın əmək müqaviləsinin ləğv edilməsinə razılıq verməsi barədə yazılı qərar təqdim edilməmişdir.
27. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsi ləğv edilərkən pozuntulara yol verilmişdir ki, bu da əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğvinə əsas verir.
28. Bu tələblər əsaslı olduğundan qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan əmək haqqının ödənilməsi ilə bağlı tələb də təmin edilməlidir.
29. Mənəvi zərərinin əvəzinin tutulması hissəsində isə məhkəmə iddia tələbinin təmin olunmaması qənaətinə gəlir.
30. Ali Məhkəmə Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən mənəvi zərərin tutulması barədə iddiaların təmin olunması üçün şəxsin mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olmalıdır.
31. Hazırkı işin halları baxımından cavabdehin iddiaçıya münasibətdə qanunsuz hərəkətləri öz təsdiqini tapsa da, mənəvi zərərinin əvəzinin tutulması üçün zəruri olan digər faktiki hallarının heç biri iddiaçı tərəfindən sübuta yetirilməmişdir.
32. Beləliklə, iddia qismən təmin edilməli, "xxxx" ASC-nin əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2025-ci il tarixli, XB-K1-20.6.25-002 nömrəli əmri ləğv edilməli, İddiaçı "xxxx" ASC-nin Şəmkir filialının “təhlükəsizlik inspektoru” vəzifəsinə işə bərpa edilmli və xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqı İddiaçı ödənilməlidir.
33. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əmək müqaviləsinin ləğv edilməsi haqqında 20 iyun 2025-ci il tarixli, XB-K1-20.6.25-002 nömrəli əmri ləğv edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialının “təhlükəsizlik inspektoru” vəzifəsinə işə bərpa edilsin. 20 iyun 2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqı İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə