Məhkəmə qərarları › İş №e-2(004)-4512/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4512/2025

24.09.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4512/2025 24.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Əli oğlunun Cavabdehnə qarşı əmək müqaviləsinə xitam verilməsi əsasının dəyişdirilməsi tələbinə dair iş üzrə (açar sözlər: əmək müqaviləsinə xitam verilməsi əsasının dəyişdirilməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı Əli oğlu, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Əli oğlunun Cavabdehnə qarşı əmək müqaviləsinə xitam verilməsi əsasının dəyişdirilməsi tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Əli oğlu xx.xx.2014-cü il tarixdə Cavabdeh MMC-də anbardar vəzifəsi üzrə müddətli əmək müqaviləsi ilə işə başlamışdır.

2. İddiaçı xx.xx.2015-ci il tarixindən xx.xx.2016-ci il tarixinədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi Xidmətdə olmuşdur.

3. İddaçı ilə Cavabdeh MMC arasındakı əmək müqaviləsinə xx.xx.2016-cı il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsasının dəyişdirilməsi və əmək müqaviləsinə xitam verilməsi əsasının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinə dəyişdirilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddianın əsaslarına görə, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Bu səbəbdən iddiaçının əmək münasibətlərindən yaranan hüquqları cavabdeh tərəfindən pozulmuşdur.

b) iddiaya qarşı etiraz

6. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

7. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə iclası barədə məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir; Maddə 9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: a) sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq; b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək; Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları: Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ... ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 74. Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir: a) işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda; ...

Maddə 77.

9. Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Məhkəmə baxışının hədləri

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

12. Məhkəmə araşdırması zamanı mübahisəsiz olaraq müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2014-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır.

13. İddiaçı tərəfindən iş materillarına əlavə edilmiş hərbi biletin sürətindən görünür ki, İddiaçı Əli oğlu xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı ilədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur.

14. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə porsesində iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir.

15. Əmək Məcəlləsinin 74-ci maddəsində tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları göstərilmişdir. Həmin əsaslardan biri işçinin hərbi xidmətə və ya alternativ xidmətə çağırılmasıdır.

16. İddiaçı əmək müqaviləsinin yanlış əsasla – Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edildiyini bildirir, ona görə ki, o həmin müddət hərbi xidmətdə olmuşdur.

17. Lakin, iddiaçının əmək müqaviləsi ləğv edilərkən – xx.xx.2016-cı il tarixdə o hərbi xidmətdə olmamışdır.

18. Ümumiyyətlə, iddiaçının hərbi xidmətə getməsi, xidmətdən qayıtması barədə işəgötürəni məlumatlandırması iş materialları ilə öz təsdiqini tapmır.

19. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2016-ci il tarixində xitam verilmiş, iddiaçı isə xx.xx.2016-ci il tarixində hərbi xidməti başa vurmuşdur. İddiaçı hərbi xidmətə çağırılarkən və hərbi xidməti başa vurduqdan sonra işəgötürənə heç bir yazılı məlumat verməmişdir, bu halda əmək müqaviləsinin ləğv edilməsi əsasının dəyişdirilməsi mümkünsüzdür.

21. Beləliklə, məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən iddia təmin edilməməlidir.

22. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı Əli oğlunun Cavabdehnə qarşı əmək müqaviləsinə xitam verilməsi əsasının dəyişdirilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar