Məhkəmə qərarları › İş №e-2(004)-4525/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4525/2023

03.11.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4525/2023 03.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Nemət qızının, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası "xxxx" ASC Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası "xxxx" ASC Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci ildə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikaslınm Əmək Məcəlləsinin “a” bəndinə əsasən xitam verilmişdir. İddiaçı xx.xx.2020-ci ildən Cavabdeh Mexaniki Emal xidmətinin istilik izolyasiya sahəsinə 4-cü dərəcəli çilingər vəzifəsində çalışmışdır. xx.xx.2023-cü ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı bu sahədə 2000-ci ildən işləyir və iddiaçının xəbəri olmadan 2020-ci ildə onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Halbuki sadəcə onun iş yerinin adı dəyişmişdir. Belə olan halda iddiaçı ilə müddətli əmək müqaviləsi bağlana bilməzdi. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Nemət qızı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası "xxxx" ASC Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil yazılı ərizə təqdim edərək iddia müddətinin tətbiq edilməsi əsası ilə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına İşçi İddiaçı ilə İşəgötürən Azərbaycan Respublikası "xxxx" ASC Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsi və xx.xx.2020-ci il tarixli 61/k nömrəli işə qəbul barədə əmri əlavə edilmişdir. İş materiallarında olan İşəgötürən Azərbaycan Respublikası "xxxx" ASC Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 34/K nömrəli əmrinə əsasən müəyyən olunur ki, İşçi İddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MŞB/16-00802 nömrəli Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən müəyyən edilir ki, İddiaçı ilə Azərbaycan Respublikası "xxxx" ASC Cavabdeh MMC arasındakı mediasiya prosedurası xx.xx.2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilməklə başlamış və proses xx.xx.2023-cü il tarixdə bitmişdir. Məhkəmə hesab edir ki, iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbi təmin edilməməlidir. Mübahisənin qanuni əsasının aşağıdakı hüquq normaları təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 6-cı hissəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. "Mediasiya" haqqında Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Beləliklə, müəyyən edilir ki, İşəgötürən Azərbaycan Respublikası "xxxx" ASC Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 34/K nömrəli əmrinə əsasən İşçi İddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xitam verilmişdir. İddiaçı ilə Azərbaycan Respublikası "xxxx" ASC Cavabdeh MMC arasındakı mediasiya prosedurası xx.xx.2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilməklə başlamış və proses xx.xx.2023-cü il tarixdə bitmişdir. Deməli, İddiaçı ən geci xx.xx.2023-cü il tarixdə mübahisələndirilən əmrdən məlumatlı olmuş, iddia müddətinin axımı ən geci xx.xx.2023-cü il tarixdən başlanmışdır. xx.xx.2023-cü il tarixə qədər olan müddət ərzində mediasiya prosedurası ilə bağlı iddia müddətinin axımı dayanmış, xx.xx.2023-cü il tarixdən isə iddia müddətinin axımı ümumi qaydada davam etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə hazırki mülki iş üzrə iddia tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Beləliklə, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş 1 (bir) aylıq iddia müddəti üzrlü səbəb(lər) olmadan həddən artıq uzun müddətə ötürülmüş, 85 gündən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət edilmişdir. Nəticədə, cavabdehin iddia müddətinin tətbiq olunması barədə ərizəsi tətbiq olunmalı, iddia müddəti ötürülmüş hesab edilməlidir. Beləliklə, məhkəmə iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi üzrə iddiaçı tərəfindən 1 (bir) aylıq iddia müddəti ötürüldüyündən iddia təmin edilməməlidir. Məhkəmə “prosessual qənaət” prinsipinin tələblərini nəzərə alaraq yekun məhkəmə aktına hər hansı hüquqi təsirinin olmaması (tələbin iddia müddətinin tətbiq edilməsi əsası ilə təmin edilməməsi) xüsusatı rəhbər götürülməklə iddiaçı tərəfindən 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsində imzanın ona məxsus olmaması əsası ilə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatətin təmin edilməsini məqsədə müvafiq hesab etməmişdir. Həmçinin, iddiaçı məhkəmə baxış iclasında özü də etiraf etmişdir ki, mübahisə predmeti olan əmək müqaviləsini özü imzalamışdır. Məhkəmə tərəfindən daxili inamın formalaşması məqsədilə iddiaçının imza nümunələri götürülməklə eyniləşdirilmə aparılmış və müqavilədəki imzanın saxta olmasına ciddi vizual əsaslar müəyyən edilməmişdir. Cavabdeh tərəfindən də məhkəmə baxış iclasında iddiaçının kadr sənədlərindən müvafiq nümunələr (ərizə, anket sənədi) təqdim edilmiş, iddiaçının imzaları ilə əmək müqaviləsindəki imzanın fərqli olmasına dair əsaslı vizual fərqlər müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, hüquq normaları konkret və müəyyən olmaqla bütün subyektlərə eyni qaydada tətbiq olunmalı, məhkəmənin əsassız mülahizəsi ilə geniş mənada və ya səhv təfsir edilməməlidir. Hüquqi müəyyənlik prinsipi rəhbər tutulmaqla aydın, anlaşılan, müəyyən olan hüquq norması hüquq tətbiq edən məhkəmələr tərəfindən şərtsiz tətbiq edilməlidir. Yalnız hüquq normaları arasında ziddiyyət (kolliziya) olduqda və ya tənzimləyici norma olmadıqda məhkəmə tərəfindən müvafiq anologiya (hüququn və ya qanunun anologiyası) üzrə təfsir tətbiq edilə bilər. Qanunu (hüququ) bilməmək məsuliyyətdən azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası "xxxx" ASC Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar