Məhkəmə qərarları › İş №e-2(004)-4554/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4554/2024

22.10.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4554/2024 22.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin mərkəzləşdirilmiş X1 daxil edilməsinin X2 Xidmətinə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı "əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin mərkəzləşdirilmiş X1 daxil edilməsinin X2 Xidmətinə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərfindən qanunsuz olaraq bağlanmış əmək müqaviləsinin və qanunsuz olaraq qeydə alınmış əmək müqavilə bildirişinin ləğv edilməsi, bu vəzifənin X2 Xidmətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş X1 daxil edilməsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, hazırda işə düzəlmək məqsədi ilə bir neçə şirkətə özü barədə məlumatlar göndərmişdir. Təsadüfən ona məlum olmuşdur ki, xx.xx.2012-ci il tarixindən onu Cavabdehndə katibə vəzifəsinə rəsmləşdiriblər və ƏMAS alt sistemində qeydiyyata aldırıblar. O, Cavabdeh kimi bir şirkət tanımır və orada heç bir zaman işləməmiş və ya hər hansı əmək münasibətlərində olmamışdır. Hesab edir ki, həmin şirkət hər hansı bir qanunsuz yolla şəxsiyyət vəsiqəsini əldə edərək onu "AKİN PROJECT” Məhdud Məsuliyyətli Cəmiyyətində katibə vəzifəsinə rəsimləşdiriblər. Hazırda "AKİN PROJECT” Məhdud Məsuliyyətli Cəmiyyətini tapa bilmir. Elə bu səbəbdən də hər hansı işəgötürənlə əmək müqaviləsi bağlaya bilmir. Bu isə onun həm əmək, həm də konstitutsion hüquqlarını pozur. Sözügedən əmək müqaviləsinin ləğv edilməsi barədə X2 Xidmətinə müraciət etsə də heç bir nəticəsi olmamşdır. Belə ki, "AKİN PROJECT” Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda faktiki olaraq fəaliyyət göstərmədiyindən hesab edir ki, əmək müqaviləsinin ləğv edilməsi vəzifəsi X2 Xidmətinin üzərinə qoyulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC-nin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, Cavabdeh MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh MMC-nin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən İddiaçı barəsində əldə edilmiş məlumatlardan görünür ki, onun adına Cavabdeh MMC-də katibəmakinaçı kimi işləməsi ilə bağlı əmək müqaviləsi qüvvədədir. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı adına Cavabdeh MMC-də katibə-makinaçı kimi işləməsi ilə bağlı xx.xx.2012-ci il tarixli müddətsiz əmək müqaviləsi qeydə alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 5-ci hissəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Mediasiya Şurası tərəfindən tərtib olunmuş 06 avqust 2024-cü il tarixli, MŞB/18/2024- 00754 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh MMC-nin əmək mübahisəsi üzrə xx.xx.2024-cü il tarixində, 10:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün İddiaçı arayış verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 9-cu maddəsinin b) bəndinə əsasən əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək işçinin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı X1 gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini X1 gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 68-ci maddəsinin tələbinə görə:

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 iyun 2014-cü tarixli № 183 qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun X1 daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin X1 daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2012-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Daha sonra, iddiaçı Cavabdeh MMC-ni axtarsa da, tapa bilməmiş, ona görə də cavabdehə aralarındakı əmək müqaviləsinə xitam verilməsi üçün müraciət edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə iddiaçının hüququnu müdafiə etmək məqsədi ilə iddia tələbi təmin edilməli, iddiaçının pozulmuş hüquqları bərpa edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş X1 daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş X1 daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar