Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4580/2023 27.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti cəlb edilməklə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “əmək müqaviləsinin etibarsız hesab edilməklə xitam verilmiş hesab edilməsi, bu barədə bildirişin elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin X2 Xidmətinin üzərinə qoyulması və ödənilmiş məhkəmə xərclərinin cavabdehlərdən tutulması” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti cəlb edilməklə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “əmək müqaviləsinin etibarsız hesab edilməklə xitam verilmiş hesab edilməsi, bu barədə bildirişin elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin X2 Xidmətinin üzərinə qoyulması və ödənilmiş məhkəmə xərclərinin cavabdehlərdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı heç vaxt tanımadığı və görmədiyi Cavabdeh2 təsisçisi və direktoru olduğu Cavabdeh1 MMC-də (dövlət qeydiyyatına alınma tarixi xx.xx.2019) iddiaçının şəxsiyyət vəsiqəsi məlumatları ilə xx.xx.2020-ci il tarixdə, aylıq 300 manat olmaqla aviakassir vəzifəsinə rəsmiləşdirmiş və əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil etmişdir. Lakin iddiaçı həmin vaxt ümumiyyətlə ölkə daxilində olmamış, təhsil alması ilə əlaqədar 2019-cu ildən 2021-ci ilədək Gürcüstan Respublikasında olmuşdur (pasportun viza möhürləri vurulan hissələri əlavə edilmişdir). Təhsilini başa vurduqdan sonra isə həqiqi hərbi xidmətə getmiş, 2022-ci il tarixədək də həqiqi hərbi xidmətdə olmuşdur. Bu günə kimi həmin işlə nə məşğul olmuş, nə də hər hansı məvacib almışdır. Belə ki, iddiaçının adına aktiv əmək müqaviləsi bildirişi olduğundan başqa işəgötürənlər tərəfindən işə götürülməsindən imtina edilir. Cavabdehlərlə əlaqə saxlamağa çalışılsa da, müsbət nəticə əldə edilməmişdir. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan my.gov.az elektron informasiya sistemindən əldə olunmuş xx.xx.2023-cü il tarixli çıxarışa əsasən müəyyən olunur ki, İddiaçı Cavabdeh1 MMC ilə xx.xx.2020-ci il tarixdən etibarən əmək münasibətlərindədir, vəzifəsi aviakassir kimi qeyd olunmuşdur, aylıq əmək haqqı 300 manat təşkil edir. İş materiallarına əsasən müəyyən edilir ki, iddia tələbi üzrə mediasiya prosedurasına əməl edilmişdir. Cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmişlər. İş materiallarına (pasportdaki və hərbi biletindəki qeydlər) əsasən müəyyən edilir ki, İddiaçı təhsil alması ilə əlaqədar 2019-cu ildən 2021-ci ilədək Gürcüstan Respublikasında olmuşdur. Təhsilini başa vurduqdan sonra isə həqiqi hərbi xidmətə getmiş, 2022-ci il tarixədək də həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan çıxarışa əsasən müəyyən edilir ki, Cavabdeh1 MMC xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır və qanuni təmsilçisi Cavabdeh2dir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin maddənin 2-ci bəndinə əsasən, əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 5-1-ci madəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində müqavilə azadlığı və mülki hüquq münasibətlərinin subyektlərinin iradə sərbəstliyi prinsipləri müəyyən edilmişdir. Prinsip “rəhbər, başlanğıc müddəa” mənasını verir. Hüquq sahəsinin prinsiplərinə zidd olan hüquq normaları etibarsızdır, hüquqi əhəmiyyət kəsb etmir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Etibarsızlığın əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmaqla aydın və hüquqi müəyyəndir. Aydın, anlaşılan hüquq normalarının hüquq tətbiq edən məhkəmələr tərəfindən geniş formada təfsir olunması yolverilməzdir. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Araşdırma zamanı müəyyən edilir ki, İddiaçı Cavabdeh1 MMC ilə xx.xx.2020-ci il tarixdən etibarən hal-hazıradək formal olaraq əmək münasibətlərindədir. Lakin, İddiaçı təhsil alması ilə əlaqədar 2019-cu ildən 2021-ci ilədək Gürcüstan Respublikasında olmuşdur. Təhsilini başa vurduqdan sonra isə həqiqi hərbi xidmətə getmiş, 2022-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Etibarsızlığın iradə qüsurluluğu ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh1 MMC ilə xx.xx.2020-ci il tarixdən etibarən hal-hazıradək formal olaraq sənəd üzərində əmək münasibətlərində olsa da, bu münasibət İddiaçı iradəsini əks etdirmir, tərəflər arasında hər hansı əmək münasibətləri mövcud olmamışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinin yaranması hüquqi və praktiki olaraq mümkün deyildir. Lakin, hazırda iddiaçı digər işəgötürən(lər)lə əmək münasibətlərinə hüquqi cəhətdən daxil ola bilməməklə konstitusion əmək hüquqları pozulur. Subyekt dedikdə, mülki hüquq münasibətlərinə sərbəst şəkildə daxil olan fiziki şəxslər, hüquqi şəxslər, dövlət və ya bələdiyyələr başa düşülür. Məhkəmə qeyd edir ki, iddia tələbi Cavabdeh1 MMC-yə qarşı əsaslı olsa da, digər Cavabdeh2 münasibətdə əsassızdır. Yuxarıda qeyd olunan hüquqi mövqelər nəzərə alınmaqla, əmək münasibətlərini üzrə İşəgötürən qismində Cavabdeh1 MMC çıxış edir. Cavabdeh2 isə Cavabdeh1 MMC-nin qanuni təmsilçisidir, əmək münasibətləri üzrə müqavilə tərəfi üzrə çıxış etmir. Bu səbəbdən, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilə bilməz. Çünki, iddiaçı ilə Cavabdeh2 arasında sənəd üzərində də olsa formal olaraq hər hansı birbaşa əmək hüquq münasibəti mövcud deyildir. Həmçinin, qanunvericiliyin göstərilən tələbinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi barədə məlumatlar elektron informasiya sistemində qeydiyyata alınmalıdır və həmin qeydiyyat müvafiq icra hakimiyyəti orqanı olan X2 Xidməti tərəfindən aparılır. Lakin, məhkəmə qeyd edir ki, mülki prosessual icraat çərçivəsində X2 Xidmətinin publik (inzibati, hakimiyyət xarakterli) funksiyaları ilə bağlı sonuncunun üzərinə hər hansı öhdəlik qoyulması yolverilməzdir. Sözügedən tələb yalnız inzibati məhkəmə icraatı çərçivəsində həyata keçirilə bilər. Çünki sözügedən orqan inzibati orqan olmaqla iddia tələbinin predmeti sırf həmin orqanın inzibati funksiyaları ilə bağlı münasibətlərə aiddir. Həmçinin, nəzərə almaq lazımdır ki, X2 Xidməti iddia tələbi üzrə cavabdeh qismində yox, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qoyulmuşdur. İddia tələbi yalnız cavabdehə ünvanlandığından cavabdeh olmayan digər subyektlərin üzərinə hər hansı vəzifə, öhdəlik qoyulması yolverilməzdir. Buna baxmayaraq məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi X2 Xidmətinə münasibətdə əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin qeydiyyata alınması üçün hüquqi əsas kimi çıxış etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Hazırki iddia tələbi üzrə sübutetmə yükünün cavabdeh işəgötürənin üzərində olmasına baxmayaraq cavabdeh tərəfindən aktiv sübutetmə fəaliyyəti təmin-təşkil edilməmiş, müvafiq əmrin əsaslı olmasını təsdiq edən sübut, sənəd və ya materiallar məhkəməyə təqdim edilməmiş, bu barədə şifahi formada da olsa hər hansı mülahizə bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinin tələblərinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər məhkəmə məsrəflərinə daxildir. İddia tələbində hüquqi yardıma görə ödənilmiş pulun əvəzi olaraq pul tələb edilsə də, bu barədə sübut (qəbz, müqavilə və s.) məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən, sözügedən xərc cavabdehə aid edilə bilməz, iddia həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləlikdə, ödənilmiş 60 (əlli) manat mediasiya xərci Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi etibarsız hesab edilməli, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Cavabdeh1 MMC-nin üzərinə qoyulmalı, məhkəmə qətnaməsi İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin elektron informasiya sisteminə daxil edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında X2 Xidmətinə münasibətdə hüquqi əsas təşkil etməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 14.2, 77.1, 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti cəlb edilməklə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “əmək müqaviləsinin etibarsız hesab edilməklə xitam verilmiş hesab edilməsi, bu barədə bildirişin elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin X2 Xidmətinin üzərinə qoyulması və ödənilmiş məhkəmə xərclərinin cavabdehlərdən tutulması” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış əmək müqaviləsi etibarsız hesab edilsin. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Cavabdeh1 MMC-nin üzərinə qoyulsun. Qətnamə İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin elektron informasiya sisteminə daxil edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında X2 Xidmətinə münasibətdə hüquqi əsas təşkil etsin. İddia tələbi üzrə ödənilmiş 60 (əlli) manat mediasiya xərci Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-4580/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4580/2023
27.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver